Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9567/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planı və ölçüsünün verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli. №260 saylı sərəncamı ilə Z.Yusifov küçəsi ilə R.Bağırov küçəsinin kəsişdiyi ərazidə cizgidə göstərilən sahədə İddiaçı məxsus 100 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkilinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 260 saylı sərəncamı ilə Z.Yusifov küçəsi ilə R.Bağırov küçəsinin kəsişdiyi ərazidə cizgidə göstərilən sahədə İddiaçı məxsus 78,5 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, №260 saylı sərəncamı ilə qərara alınmışdır ki, “X1 R.Bağırov küçəsi ilə Z.Yusifov küçəsinin kəsişdiyi ərazidə boş sahədə uzun illər öncə yaşıllaşdıraraq hasara alıb qulluq etdiyi 100 kv. m torpaq sahəsi onun adına sənədləşirilərək, yaşayış evi tikintisinə icazə verilsin.” AZ T №054428 nömrəli nikah haqqında şəhadətnamədən göründüyü kimi, X2 rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra X3ma “Səfərova” soyadı verilmişdir. Həmin ərazidə İddiaçı tərəfindən fərdi yaşayış evi tikilmişdir. Qeyd olunan torpaq sahəsi sərəncam verildiyi tarixdən iddiaçının istifadəsindədir.Tərəfindən xx.xx.2024-cü il tarixli, №1858/1 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət olunaraq, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, №260 saylı sərəncamından çıxarışın və yerləşmə cizgisinin təsdiq edilmiş surətinin təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3- 48-2F/2-2146/2024 saylı cavab məktubu ilə Xətai Rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli 260 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı göndərilmiş, lakin X3ma məxsus yerləşmə cizgisi əlavə edilməmişdir. Daha sonra tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunaraq Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi İlə Z.Yusifov küçəsinin kəsişdiyi ərazidə 100 kv.m torpaq sahəsi üzərində Səfərova (Şahmuradova) Nailə Mirələm qızının mülkiyyət hüququnun qeydiyyata alınması, müvafiq çıxarışın və plan sənədinin verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-8- 00078/2025 nömrəli, **********39 qeydiyyat nömrəli cavab məktubu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “Təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya və istinad məsafələrində ciddi uyğunsuzluqlar mövcuddur. Eyni zamanda torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin müraciəti ilə üstüstə düşür. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 100 kv.m qeyd edilsə də, faktiki 78.5 kv.m təşkil edir.” Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsasları qanunvericiliklə konkret şəkildə tənzimlənmişdir. Cavabdehin imtina məktubunda qeyd edilmiş cizgi ilə faktiki sahə arasında ciddi perimetrik ölçü konfiqurasiya fərqinin mövcudluğu isə həmin konkret əsaslardan heç birinə aid olmamaqla, imtina üçün əsas hesab edilə bilməz. Torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxsin müraciəti ilə üst-üstə düşməsi məsələsinə gəldikdə isə bu hələ müraciətin əsaslı olması və həmin şəxsin hüququnun mövcud olması anlamına gəlmir. Belə ki, hüququn tanınması yalnız müvafiq sənədlərlə və hüquqi prosedurlar çərçivəsində müəyyən edilə bilər. Sadəcə müraciətin olması isə hüquqi baxımdan dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün kifayət etmir. Həmçinin, 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilən zaman cavab məktubunda qeyd olunanların əksinə qoşmaya sərəncam və yerləşmə cizgisinin notarial qaydada təsdiq olunmuş surətləri əlavə edilmişdir. Bu da bir daha təsdiq edir ki, müraciət edən şəxs tərəfindən hüquqi və texniki baxımdan tələb olunan sənədlər tam və düzgün şəkildə təqdim olunmuşdur. Eyni zamanda bildirmək istəyirik ki, sözügedən 100 kv m. torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir.
4. Cavabdehin iddiaçının müraciətinə imtinası onunla əsaslanıdırılmışdır ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya və istinad məsafələrində ciddi uyğunsuzluqlar mövcuddur. Eyni zamanda, torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin müraciəti ilə üst-üstə düşür. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 100 kv.m qeyd edilsə də, faktiki 78.5 kv.m təşkil edir.
5. Cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilərək bildirilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya və istinad məsafələrində ciddi uyğunsuzluqlar mövcuddur. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 100 kv.m qeyd edilsə də, faktiki 78.5 kv.m təşkil edir.
6. Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 260 nömrəli sərəncamından görünür ki, X1 R.Bağırov küçəsi ilə Z.Yusifov küçəsinin kəsişdiyi ərazidə boş sahədə uzun illər öncə yaşıllaşdıraraq hasara alıb qulluq etdiyi 100 kv. m torpaq sahəsi onun adına sənədləşirilərək, yaşayış evi tikintisinə icazə verilməsinə dair sərəncam verilmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki sahəsi 78.5 kv.metr təşkil edir. Torpaq sahəsi mişar daşı hasar daxilindədir. Ərazidə 1 mərtəbəli fərdi yaşayış evi mövcuddur.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
14. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Azərbaycan SSR-in 1971-ci il Torpaq Məcəlləsinin: Maddə 10. Azərbaycan SSR-də torpaq istifadə üçün aşağıdakılara verilir: ... - SSRİ vətəndaşlarına ... Maddə 13. Torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları Sovet icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır.
17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
18. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir.
23. Məhkəmə tərəfindən müəyyən edildi ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının “260” nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı) X1 R.Bağırov küçəsi ilə Z.Yusifov küçəsinin kəsişdiyi ərazidə boş sahədə torpaq sahəsi ayrılmışdır. Əlavə edilmiş sxematik planın cizgiləri ilə iddia olunan torpaq sahəsinin konfiqurasiyasının üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı isə məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsindən istifadə olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Eyni zamanda, sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
24. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri, yəni təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya və istinad məsafələrində ciddi uyğunsuzluqlar mövcud olması, eyni zamanda, torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin müraciəti ilə üst-üstə düşməsi, həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 100 kv.m qeyd edilsə də, faktiki 78.5 kv.m təşkil etməsi halını məhkəmə əsassız hesab edir.
25. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən bildirilən dəlil torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz.
26. Belə ki, cavabdeh tərəfindən təqdim edilən torpaq sahəsinə dair ortofoto görüntüsündən müəyyən edilir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin cizgisi ilə eynilik təşkil edir.
27. Cavabdehin digər dəlili – torpaq sahəsinin faktiki sahəsinin 78.5 kv.m təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi də faktiki istifadəsində olan 78.5 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır.
28. Məhkəmə qeyd edir ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.
29. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
31. Cavabdehin digər dəlili - torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxsin müraciəti ilə üstüstə düşməsi iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas deyil. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının “260” nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.
32. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 260 saylı sərəncamı ilə Z.Yusifov küçəsi ilə R.Bağırov küçəsinin kəsişdiyi ərazidə cizgidə göstərilən sahədə İddiaçı məxsus 78,5 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva