Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9568/2025 22.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bələdiyyə qərarı əsasında ona ümumilikdə əmlak və torpaq vergisi hesablanmışdır. Həmin qərar əsasında da icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, həmin qərar maddi və prosessual baxımından qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddiaçı mübahisələndirilən qərardan icra mərhələsində xəbər tutduğunu bildirmiş, cavadeh isə bu halın əksini təsdiq edən sənədləri, yəni mübahisələndirilən qərarın hansı tarixdə iddiaçıya təqdim edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 747 ünvanında yerləşən 211 kv.m olan bağ evi və sahəsi 0,12 ha olan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Xəbərdarlıqdan görünür ki, hesablanmış əmlak və torpaq vergisinin qısa zamanda ödənilməsi zəruriliyi iddiaçının diqqətinə çatdırılmışdır. Tədiyə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən ödənilməli məbləğ xx.xx.2024-cü il tarixədək 241,07 manat, xx.xx.2024-cü il tarixə isə 247,78 manat təşkil edir. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli qərarına (inzibati akt) əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 735 №-li bağ evi ünvanında yerləşən yaşayış sahəsinə görə ümumilikdə 316,55 manat torpaq və əmlak vergisi hesablanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Bələdiyyələtin statusu haqqında” Qanunun: 8-1. Yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun: 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin: 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: -3.1.1.yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; -3.1.2.yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; -3.1.3.yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. 5.3.bələdiyyə tərəfindən inzibati icraat başlanılmadan, vergi yoxlamasına dair reyestrdə heç bir qeydiyyat aparılmadan (buna dair iş materialında heç bir məlumat yoxdur) bələdiyyə əməkdaşları sadəcə olaraq MMC-nin ərazisində maşınları kamera ilə qeydə alaraq və ərazidən çıxan maşınları sayaraq bu barədə aktlar tərtib etmişdir. Həmin aktlardan başqa hesablamaya dair iş materialında heç bir sənəd yoxdur. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə orqanlarının səlahiyyətidir, onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparmaqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir, yoxlama nəticəsində isə vergi xidməti orqanı akt tərtib etməli və bələdiyyə vergi xidməti orqanının aktına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər və həmin qərar əsasında ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; ...
196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 197.1. Aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; ... 200.4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq elektron qaydada verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, əmlak vergisi-siyahısı vergi qanunvericiliyi ilə müəyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Torpaq vergisi isə birbaşa (vasitəsiz) vergi növü olub maddi nemətlərin əldə edilməsi və toplanması prosesində alınır. Əmlak və torpaq vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar VM-də cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyə bildirişin anlayışı VM-nin 5-ci maddəsində qeyd olunmuşdur ki, həmin sənəd vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi üçün bildiriş formasıdır. Məhkəmə diqqətə çatdırır ki, hazırkı iş üzrə mübahisələndirilən qərar yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən halların sübut edilməsi cavabdehin vəzifəsidir. Cavabdeh isə iddianın təminini istisna edən hər hansı halı sübut edə bilməmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, iddiaçı barəsində torpaq və əmlak vergisi üzrə borcun ödənilməsinə dair qərar (akt) akt qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində vergi hesablanarkən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 yaşayış massivində yerləşən 735 nömrəli bağ sahəsi və həmin ərazidəki yaşayış evi vergi obyekti kimi nəzərə alınmışdır. Lakin iş materiallarında olan çıxarışdan aydın olur ki, iddiaçının mülkiyyətində 735 nömrəli deyil, 747 nömrəli bağ evi və torpaq sahəsi olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı özü də izah edir ki, ona bağ sahəsi vaxtilə bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmış, ilkin mərhələdə 735 nömrəli bağ sahəsi kimi qeyd edilsə də, sonradan faktiki yerləşmə yerinə əsasən mülkiyyət hüquqları 747 nömrəli bağ sahəsi üzərində rəsmiləşdirilmişdir. Beləliklə, cavabdeh tərəfindən hesablanan vergi məbləği faktiki olaraq iddiaçının mülkiyyətində olmayan 735 nömrəli bağ sahəsinə aid edilmişdir ki, cavabdeh iddiaçının həmin əmlaka mülkiyyət hüququnu sübut edən heç bir sənəd təqdim edə bilməmişdir. Digər tərəfdən qeyd olunur ki, həmin qərar üzrə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə riayət edilməməsi, eləcə də, iddiaçıya tədiyə bildirişinin rəsmi qaydada təqdim edilməməsi müəyyən olunmaqdadır. Bununla bağlı Məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 84-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir: 84.0.1. vergi ödəyicisinin adı və ya obyektin adı; 84.0.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 84.0.3. bildirişin tarixi; 84.0.4. bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri; 84.0.5. verginin növü, hesablanmış verginin və faizlərin məbləği; 84.0.6. verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri; 84.0.7. verginin ödənildiyi yer və üsul; 84.0.8. verginin hesablanmasına əsas olmuş hallar; 84.0.9. şikayət etmə qaydası İnzibati aktın forması və inzibati akta dair tələblər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qəti olaraq müəyyən edilmişdir Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Hazırki iş üzrə qanuniliyi mübahisələndirilən qərarında isə qanunvericiliyin tələb etdiyi məlumatlar, o cümlədən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, daha dəqiq desək hüquqi müdafiə vasitələrindən istifadə müddəti, həmçinin maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmişdir. Bundan əlavə, cavabdeh zəruri olaraq əmlak vergisinin hesablanması üzrə xüsusatları əks etdirən tədiyə bildirişini iddiaçıya təqdim edilməsini təmin etməkdə borclu olsa da, tədiyə bildirişlərin iddiaçıya təqdim olunduğunu təsdiq edən hər hansı sənəd aşkar olunmamışdır. Eyni zamanda mübahisələndirilən inzibati aktın (qərarın) icra şöbəsinin icraatında olan icra işindən əvvəl, qərar qəbul olunarkən ona rəsmi qaydada təqdim olunmasını təsdiq edən sənəd aşkar olunmamışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı mübahisələndirilən qərardan yalnız icra mərhələsində məlum olduğunu, bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə xüsusi ilə onu da qeyd etməyi zəruri hesab edir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin 6-cı bəndində qeyd olunmuşdur ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Cavabdeh tərəfindən isə ümumiyyətlə, iddiaçının bələdiyyə iclasının vaxtı və yeri barədə məlumatlandırılması, habelə həmin iclasa dəvət olunması ilə bağlı hər hansı əsaslandırılmış və obyektiv sübutlar təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən inzibati aktın qəbulu ilə əlaqədar inzibati icraat düzgün aparılmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1451/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, cavabdeh hər hansı inzibati icraat aparmadan yalnız nəticəni, yəni hesablanmış vergi məbləğini müəyyən etmişdir. Bələdiyyə tərəfindən inzibati icraat başlanılmadan, vergi yoxlamasına dair reyestrdə heç bir qeydiyyat aparılmadan (buna dair iş materialında heç bir məlumat yoxdur) bələdiyyə əməkdaşları sadəcə olaraq MMC-nin ərazisində maşınları kamera ilə qeydə alaraq və ərazidən çıxan maşınları sayaraq bu barədə aktlar tərtib etmişdir. Həmin aktlardan başqa hesablamaya dair iş materialında heç bir sənəd yoxdur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin tələbləri əsasında iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun, həmçinin Vergi Məcəlləsinin normalarına görə əsassız sayılır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı (inzibati aktı) ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov