Məhkəmə qərarları › İş №e-2-1(112)-9586/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9586/2024

05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9586/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə 5 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür. НЗ ******* №-li hərbi biletə əsasən iddiaçı xx.xx.1979-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur (2 il, 1 ay 9 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı Şin zavodunun İxtisaslaşdırılmış Təmir-Tikinti sexində fəhlə işləmişdir (3 il 5 ay 17 gün). xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Təmir-Tikinti sexində betonçu işləmişdir (12 il 3 ay 15 gün). xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək “Azneft” İstehsalat Birliyi “Bibiheybət” Neft və Qazçıxarma İdarəsinin TəmirTikinti sexində dülgər işləmişdir (xx.xx.2006-cı il tarixədək- 1 il 27 gün). xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində dülgər işləmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “Neftqaztikinti” tresti 4 saylı Tikinti Quraşdırma İdarəsində dülgər işləmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək SOCAR-ın “Neftqaztikinti” tresti 7 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində dülgər işləmişdir. xx.xx.2017-ci il tarixdən 7 saylı Tikinti Quraşdırma Bölümünün 5 saylı tikinti quraşdırma sahəsində dülgər işləyir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin sizə dair 15 fevral 2024-cü il tarixli 01/18 nömrəli arayışında xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Təmir-tikinti sexində betonçu vəzifəsində işlədiyiniz qeyd olunub. Göründüyü kimi işlədiyiniz Təmir-tikinti sexinin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı sovet ordu sıralarında xidməti və müxtəlif vəzifələrdə çalışaraq 25 il ümumi sığorta stajı və 15 il 08 ay 29 gün güzəştli iş stajını tamamlayaraq yaşa görə güzəştli şərtlərlə pensiya hüququnu qazanmışdır. Hesab edir ki, qanunvericiliyin tələb etdiyi güzəştli iş stajı mövcud olduğundan ona 60 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh inzibati orqanın imtina məktubu ilə razılaşmayaraq, qeyd etməy izəruri hesab edir ki, X1 Təmir-tikinti sexində zərərli sahədə betonçu kimi tam 8 saat işləmiş və həmin Təmir-tikinti sexinin fəhlə-betonçuları da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş yuxarıda göstərilən və cavabdehin məktubunda istinad olunan Siyahının 29cu bölməsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” vəzifə koduna uyğundur. Bu kateqoriyaya aid işlər, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli, ağır olan işlərdə çalışanlara, yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahı”sının “XXVİİ” bölməsində nəzərdə tutulmuş, 22900000 və 2290000a-11140 kodlarına uyğundur. Bu səbəbdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. İşəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında göstərilmişdir ki, X7 şirkətdə xx.xx.1982-ci il tarixindən xx.xx.1985-ci il tarixədək Bakı Şin zavodunun İxtisaslandırılmış Təmir-tikinti sexində İ dərəcəli fəhlə, xx.xx.1985-cil tarixdən xx.xx.1998-ci il tarixədək isə Təmir-tikinti sexində İİ dərəcəli betonçu vəzifələrini icra etmiş, Göstərilən işlər üzrə X5 əmək stajı 15 il, 8 ay, 29 gün təşkil etmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, lakin həmin məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair sübut olomadığından və iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddətinə əməl edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 5.08.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element birlikdə mövcud olmalıdır: a) İddiaçının 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; d) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması İddiaçının pensiya yaşına çatması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli “Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işə qəbul xx.xx.1982-ci il (Əmr-21k, xx.xx.1982) tarixindən xx.xx.1985-ci il tarixinədək Bakı Şin zavodunun İxtisaslaşdırılmış Təmir-tikinti sexində 1 dərəcəli fəhlə, xx.xx.1985-ci il (əmr 43-k, xx.xx.1985) ildən xx.xx.1998-ci il (əmr 02-k, xx.xx.1998) tarixinədək Təmir-tikinti sexində 2 dərəcəli betonçu işləmişdir. X7 işlədiyi vəzifə üzrə social sığorta (əmək) stajı 15 il, 8 ay, 29 gün təşkil edir. İxtisaslaşdırılmış Təmir-tikinti sexinin fəhlə-betonçuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahının 29 bölməsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli, ağır olan işlərdə çalışanlara, yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısında nəzərdə tutulan “XXVİİ” bölmə, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” 22900000 və 2290000a-11140 kodların uyğundur. X2 Təmir-tikinti sexində zərərli sahədə tam 8 saat işləmiş və başqa işlərlə məşğul olmamışdır. Bu isə ona zərərli sexdə işlədiyinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Təqdim edilən arayışa əsasən iddiaçının 15 il 08 ay 29 gün güzəştli stajının olması müəyyən edilir. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2041/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19- cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-90/2024 nömrəli, 2-1(102)- 1844/2023 nömrəli, 2-1(102)-945/2023 nömrəli, 2-1(102)- 954/2023 nömrəli və 2-1(102)- 1551/2023 nömrəli qərarları). Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 5.08.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 5.08.2021-ci il tarixdən hazırkı dövrə qədər yaranmış fərqin hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar