Məhkəmə qərarları › İş №e-2-1(112)-9587/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9587/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9587/2025 18.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxslər: X39 və X14) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Cavabdehə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin xx.xx.1993-cü il tarixli, 111 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X39 (bundan sonra – üçüncü şəxs) iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə iş üzrə X14 (bundan sonra – üçüncü şəxs) iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 59 saylı mənzili 06 noyabr 1990-cı ildə alqı-satqı müqaviləsi əsasında almış və mənzilin dəyərini tam şəkildə ödəmişdir. O, həmin mənzilə əşyalarını yerləşdirmişdir. Lakin, birinci Qarabağ müharibəsi zamanı dəyərini tam şəkildə ödədiyi mənzilə məcburi köçkünlərin girməsi nəticəsində həmin mənzildə yaşaya bilməmişdir. Hazırda da həmin mənzildə kimlərin yaşaması ona məlum deyil. Lakin, mənzilə dair alqı-satqı müqaviləsi əsasında hüququ olduğundan həmin mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin ona ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilir ki, mənzil digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında özü adına qeydə alınması və həmin mənzilə dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin inzibati işə Bakı İnzibati Məhkəməsində baxılmışdır. İşə baxıldığı müddətdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğular göndərilmişdir. Sorğulara verilən cavablar əsasında ona aydın olmuşdur ki: 1) X3 Rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Nərimanov küçəsiev 7 ünvanında yerləşən 59 saylı mənzildə 6 nəfər ailə üzvü ilə yaşamasını nəzərə alaraq həmin mənzilin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.1993-cü il tarixli 111 nömrəli sərəncamı əsasında sözügedən mənzil əvəzsiz olaraq şəxsi mülkiyyət kimi X9 verilmişdir. 16 sentyabr 1993-cü ildə X14 ilə müqavilə bağlanmışdır. xx.xx.1993-cü ildə X14 həmin mənzili digər şəxsə - X1. xx.xx.2003-cü ildə X17 həmin mənzili X6. xx.xx.2016-ci ildə həmin mənzil vərəsəlik qaydasında Veyisov X5 mülkiyyətinə keçmişdir. xx.xx.2016-cı ildə X22 həmin mənzili X2. X18 xx.xx.2016-cı ildə həmin mənzili X4. X25 isə xx.xx.2023-cü ildə həmin mənzili X7 və hazırda mənzil həmin şəxsin xüsusi mülkiyyətindədir. Göründüyü ki, Cavabdehin xx.xx.1993-cü il tarixli, 111 nömrəli sərəncamı əsassız qəbul edilmiş, bu sərəncamdan qaynaqlanaraq sonrakı özəlləşdirilmələr həyata keçirilmişdir. Halbuki, sözügedən mənzil X24 məxsus olmuşdur və iddiaçı həmin mənzili sonuncudan 06 noyabr 1990-cı ildə alqı-satqı müqaviləsi əsasında almış və mənzilin dəyərini tam şəkildə ödəmişdir. Həmin müqavilə qüvvədə olduğu halda, mənzil başqa şəxsin əvəzsiz mülkiyyətinə verilə bilməzdi. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 32 il ərzində mübahisə predmeti olan inzibati aktın mövcudluğundan xəbərsiz olması ağlabatan deyildir. İlk öncə qeyd edilir ki, sərəncamın etibarsızlığı ilə bağlı iddiaçının cavabdehə müraciəti olmamışdır. Digər tərəfdən, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, mübahisə edilən inzibati akt qəbul edilənədək qüvvədə olan MPM-də ümumi hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Yəni iddiaçı tərəfindən əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək artıq ötürülmüşdürsə, bu aktlar yeni qanuna istinadən mübahisələndirilə bilməz. Odur ki, iddianın mümkün hesab edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Nərimanov rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli 111 saylı sərəncamı məhkəməyə təqdim edilmişdir. Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 111 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 59 saylı mənzil X9 verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə ünvan 1 ünvanında yerləşən 59 saylı mənzilə dair arxiv qovluğu məhkəməyə təqdim edilmişdir. xx.xx.1993-cü il tarixli müqaviləyə əsasən X14 ünvan 1 ünvanında yerləşən 59 saylı mənzili X1. xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən X17 ünvan 1 ünvanında yerləşən 59 saylı mənzili X6. xx.xx.2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 59 saylı mənzil X26 X19 miras qalmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 59 saylı mənzil X16 xüsusi mülkiyyətində olmuşdur. AN –İ ******* nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X23 ünvan 1 ünvanında yerləşən 59 saylı mənzili X2. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 59 saylı mənzil X10 xüsusi mülkiyyətində olmuşdur. AN –İ ******* nömrəli, xx.xx.2016-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X18 ünvan 1 ünvanında yerləşən 59 saylı mənzili X4. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 59 saylı mənzil X20 xüsusi mülkiyyətində olmuşdur. 39647 nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X25 ünvan 4 ünvanında yerləşən 59 saylı mənzili X8. Daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 59 saylı mənzil X29 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.1990-cı il tarixdə, 1/17-5690 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti məhkəməyə təqdim edilmişdir. xx.xx.1990-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X33 ünvan 1 ünvanında yerləşən 59 saylı mənzili iddiaçıya satmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.1993-cü il tarixli 111 nömrəli sərəncamın etibarsız hesab edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə müəyyən etmə və tanınma haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdeh iddiaçının həmin sərəncamın etibarsızlığı tələbi ilə bağlı müraciətinin olmaması, həmçinin iddia müddətinin ötməsi səbəbindən iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Lakin, göründüyü kimi iddiaçı sərəncamın ləğvini deyil, etibarsız hesab edilməsini xahiş etmişdir. Müəyyən etmə və tanınma haqqında iddianın qaldırılması üçün isə mübahisələndirmə haqqında iddiadan fərqli olaraq qanunda iddia müddəti müəyyən edilməmişdir. Bu səbədən məhkəmə vəsatəti təmin etməyərək iddianı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (bundan sonra - İPM) göstərilmişdir ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (36.2). Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (36.3). Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır (36.4). İşdən görünür ki, iddiaçı hazırda cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.1993-cü il tarixli 111 nömrəli sərəncamın etibarsız hesab edilməsini xahiş edir. O, iddiasının əsası kimi ünvan 1 ünvanında yerləşən 59 saylı mənzilin tərəfindən 06 noyabr 1990-cı ildə alqısatqı müqaviləsi əsasında başqa şəxsdən alındığına əsaslanır. İddiaçı hesab edir ki, həmin mənzilə dair onunla alqı-satqı müqaviləsi bağlandığı üçün cavabdeh belə bir sərəncam vermək səlahiyyətinə malik olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur ( 568.1.). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (646.1.). Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646.2.). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1.). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.1990-cı il tarixdə, 1/17-5690 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti məhkəməyə təqdim edilmişdir. Həmin notariat işindən görünür ki, ünvan 4, 59 saylı mənzil xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən X28 məxsus olmuş və o, həmin mənzili eyni tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. Göründüyü kimi ünvan 4, 59 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınacağı ilə bağlı real hüquqi gözləntisi olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən həmin mənzilin digər şəxsə verilməsi ilə bağlı sərəncam verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt (65.1.1); müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt (65.1.2); qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt (65.1.3); maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt (65.1.4); faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt (65.1.5); kimə ünvanlandığı aydın olmayan inzibati akt (65.1.6). Həmin Qanunda həmçinin göstərilmişdir ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır (65.2). İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (65.3). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Nərimanov küçəsi ev 7, mənzil 59 iddiaçı tərəfindən xx.xx.1990-cı il tarixli notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qanuni olaraq əldə edilmiş və həmin müqavilə qüvvədə olmaqda davam etmişdir. İş materiallarında həmin müqavilənin ləğv edilməsi və ya etibarsız sayılması ilə bağlı hər hansı sübut mövcud deyildir. Cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı etirazına münasibətdə məhkəmə qeyd edir ki, İPM-də iddia müddəti mübahisələndirmə və məcburetmə haqqında iddialarla bağlı müəyyən edilmişdir. Müəyyənetmə və tanınma haqqında iddia növü isə digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır və iddia müddəti həmin iddia növünə münasibətdə tətbiq edilə bilməz. Göründüyü kimi cavabdeh ona məxsus olmayan və başqasının üzərində real hüquqi gözləntisi olan yaşayış sahəsinin digər şəxsə verilməsi ilə bağlı sərəncam vermişdir. Yəni, cavabdehin belə bir sərəncamı verməkdə hüququ olmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 111 nömrəli sərəncamı etibarsız hesab edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar