Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9613/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Tibbi Sosial Ekspertiza və Reabilitasuya Agentliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli əlverişsiz inzibati aktın ləğv edilməsi və həmin tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunu "Maliyyə" ixtisası üzrə bitirmişdir. Sonrakı fəaliyyətini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində "maliyyə" sahəsində davam etdirmişdir. xx.xx.2015-xx.xx.2023cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 920, 191, 049, N №-li hərbi hissələrində "maliyyə xidmətinin rəisi" vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 oktyabr 2009-cu il tarixli, 0469 №-li əmri ilə "leytenant", 26 iyun 2013cü il tarixli müvafiq əmri ilə "baş leytenant", 07 avqust 2017-ci il tarixli, 082r №-li əmri ilə "kapitan", 20 avqust 2021-ci il tarixli, 08r №-li əmri ilə "mayor" hərbi rütbəsinə təltif olunmuşdur. 44 günlük Vətən Müharibəsi dövründə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam - Laçın istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 yanvar 2023-cü il tarixli, 042 №-li əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin "b" bəndinə (xəstəliyə görə hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda) əsasən, hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 349 nömrəli göndərişi ilə 12 fevral 2021-ci il tarixində Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdır. Lakin cavabdeh qurum tərəfindən xx.xx.2024-cü il tarixində aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Üzvi (İİ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Yüngül koqnitiv pozuntu" diaqnozu qoyulmuş və əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur. Cavabdehin imtinasının əsası kimi göstərdiyi hal – şəxsin əlavə müalicəyə ehtiyacının olması barədə mülahizə qanunsuz və əsassızdır, heç bir sübuta əsaslanmır. Cavabdeh qurum hesab etmişdir ki, iddiaçının cari vəziyyətində müsbət dəyişikliklər əldə etmək üçün əlavə müalicə tədbirləri mümkündür, dolayısı ilə, reabilitasiya potensialının tükənməmişdir. Lakin cavabdeh tərəfindən diqqətdən kənarda qalmışdır ki, yuxarıda istinad edilən normativ-hüquqi aktın tələblərinə müvafiq olaraq, iddiaçının eyni xəstəliklə əlaqədar uzunmüddətli ambulator və ya stasionar müalicə almağına baxmayaraq, həyata keçirilən tibbi tədbirlərin nəticəsi olaraq orqanizminin pozulmuş funksiyaları bərpa edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X2 İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə. Əhvalın üzvi mənşəli (affektiv) pоzuntusu. Yüngül koqnitiv pоzuntu. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması- Səbəb: "Müalicənin davam etdirilməsi" səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir.Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: Müayinə barədə məlumatdan və xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçının “Üzvi (İİ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Yüngül koqnitiv pozuntu” diaqnozu üzrə əlavə müalicəyə ehtiyac olduğu bildirilmiş və əlilliyin təyinindən imtina edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2025-ci il tarixindən 2 il müddətinə orqanizmin funksiyalarının 35 % pozulması əsası ilə əlillik təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması,mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin İcmal məktubunun 16-cı bəndində qeyd olunmuşdur ki, “Göstərilən xüsusata münasibətdə qeyd edilməlidir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır.” Əvvəla iddianın növünə münasibətdə qeyd edilməlidir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia yox, məcburetmə növündə iddiadır. Bu zaman əlilliyin təyin edilməsindən imtina barədə qəbul edilmiş qərar, iddiaçının müraciətindən imtina xarakteri daşımaqla, hazırkı növ iddianın mübahisələndirmə növündə olmasını istisna edir. Qeyd olunmalıdır ki, sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). İş materiallardan görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 nömrəli X1 xx.xx.2024cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə xx.xx.2024-cü il tarixdə ona əlilliyin təyin olunmasından imtina edilmişdir. İddiaçı isə prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Əslində, iddiaçının həmin qərardan xəbərdar olduğu və faktiki olaraq, ona yenidən göndərişin verilməsi ilə əlaqədar olaraq əlilliyin təyini məqsədilə yeni müraciət etdiyi hərəkətlərindən də açıq şəkildə görünür ki, o, qərarın hüquqi qüvvəsi barədə məlumatlıdır. Eyni zamanda, iddiaçı tərəfindən iddianın vaxtında qaldırılmasını və ya müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli imtina qərarından məlumatlı olmasına və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli cavabdeh tərəfindən qəbul edilmiş qərarla bağlı iddiaçı tərəfindən şikayət vermə müddəti ötürüldüyündən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə eyni zamanda, qeyd edir ki, cavabdeh tərəfindən 07 dekabr 2025-ci il tarixli qərarla əlillik təyin edilmişdir ki, həmin qərarda iddia müddətinin 30 sentyabr 2024-cü il tarix kimi müəyyən edilməsi 30 sentyabr 2024-cü il tarixli imtina qərarının ləğvi ilə bağlı ola bilər. Belə ki, əlilliyin təyinatından imtina barədə qüvvədə olan qərar mövcuddur ki, həmin qərar mübahisələndirilmədən 6 aylıq müddət keçdikdən sonra yeni icraat nəticəsində qəbul edilmiş əlilliyin əvvəlki tarixdən təyinatı mümkün deyildir. Bu səbəbdən də 07 dekabr 2025-ci il tarixli qərarda əvvəlki imtina qüvvədə olduğu halda 30 sentyabr 2024-cü il tarixdən əlillik təyinatı mümkün hesab edilə bilməz. Odur ki, qaldırılmalı olan iddia məhz 30 sentyabr 2024-cü il tarixli qərarın ləğvi ilə bağlı ola bilər ki, həmin tələb də mümkünlük şərtini ödəməməkdədir. Beləliklə hüquqi nəticə gəlinməsi baxımından iddia mümkünlük şərtini ödəsə də, müddət baxımından iddia mümkünlük şərtini ödəməməkdədir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-9613/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9613/2025
12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver