Məhkəmə qərarları › İş №e-2-1(112)-9615/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9615/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9615/2025 19.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın ləğvi, əvvəlki pensiya ödənişinin bərpa edilməsi və 2024-cü il iyul ayından etibarən qanunsuz tutulmuş vəsaitin İddiaçı geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "əmək pensiyasının yenidən hesablanması" haqqında 18 iyul 2024-ci il tarixli, 3- 17-1/3-3-9964/2024 nömrəli qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 10 fevral 2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məlum olduğu kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 10 fevral 2016-cı il tarixində təyin edilmişdir. İddiaçı 17 mart 2017-ci il tarixindən cari tarixədək rəsmi olaraq əmək fəaliyyəti ilə məşğuldur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdıqdan sonra əmək fəaliyyətinə davam etmiş, (xx.xx.2017-xx.xx.2023) 6 (altı) il tamam olduğundan pensiya məbləği yenidən hesablanmış və həmin il üçün alacağı pensiya məbləği aylıq 1245,79 manat müəyyən edilmişdir. İddiaçı yenidən hesablanmanın aparıldığı il və eləcə də 2024-cü il tarixində (1385,32 manat) müvafiq artımlar da əlavə edilməklə 2024-cü il iyul ayına qədər güzəştli şərtlərlə pensiyasını qanunla müəyyən edilmiş qaydada almışdır. Lakin 2024-cü il iyul ayından başlayaraq iddiaçının alacağı məbləğ cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq azaldılaraq 1023,04 manat müəyyən edilmişdir. İddiaçı hal-hazırda cari il üzrə (2025-ci il) müəyyən edilmiş müvafiq artımla birlikdə ümumilikdə 1105,91 manat güzəştli şərtlərlə pensiya almaqdadır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi (xx.xx.2016-cı il) və yenidən hesablanma (xx.xx.2023-cü il) cavabdeh inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə, iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. İddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm "Əmək pensiyaları haqqında" Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də "İnzibati icraat haqqında" Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı "İnzibati icraat haqqında" Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli şərtlərlə almalı olduğu pensiya məbləği 2024-cü ilin iyul ayından etibarən qanunsuz və əsassız olaraq azaldılmışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 7 yanvar 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 1245,79 manat məbləğində müəyyən edilmişdir. Həmçinin əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar hazırda əmək pensiyasının aylıq məbləği 1385,32 manat təşkil edir. İddiaçı barəsində inzibati icraat başlanıb. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən 27 mart 2023-cü il tarixindən əmək pensiyası yenidən hesablanaraq 920,00 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 1023,04 manat) məbləğində müəyyən edilməli olduğu halda, 7 yanvar 2023-cü il tarixindən yenidən hesablanmaqla 1245,79 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn əliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsini qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yuxarıda qeyd olunan dəyişikliyə əsasən 27 mart 2023-cü il tarixindən yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 143 aya (49127,65:143 ay (65 il-59 il 1 ay=71 ay+(144 ay-72 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünməli olduğu halda, 7 yanvar 2023-cü il tarixindən 72 aya bölünmüşdür. Göstərilənlərlə əlaqədar, əmək pensiyasının cari aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1023,04 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. İş materiallrından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-12810/2023 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işləməsi nəzərə alınaraq, yenidən hesablanmış, pensiya məbləği 569,27 manatdan 1245,79 manata artırılmışdır. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli aktında göstərilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş Saday Qoçi oğluna (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-17-1/2-Z-164640/2024 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunmuş, araşdırma zamanı, ona xx.xx.2022-ci il tarixindən əvvəl xx.xx.2016-cu il tarixində pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyasının xx.xx.2023-cü il tarixindən yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 143 aya (49127,65:143 ay (65 il- 59 iİ 1 ay=71 ay+(144 ay-72 ay) bölünməli olduğu halda, 72 aya bölünmüş, daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-9964/2024 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 45-ci maddəsi tətbiq edilməklə yenidən hesablanmış, pensiyanın məbləği 1385,32 manatdan 1023,04 manata azaldılmış, xx.xx.2023-dən artıq vermə müəyyən edilərək, 3-17-1/3-3- 12810/2023 və **********0 nömrəli sərəncamlar etibarsız edilmişdir. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirərək, azaldılmış pensiya ödənişinin əvvəlki məbləğinin bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında Qanunun (bundan sonra ƏPQ): - maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının 6 il işləməsi ilə bağlı əmək pensiyasını xx.xx.2023-cü tarixdə yenidən hesablamış, bu zaman ƏPQ-nin 45-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayını, yəni 144 ayı 72 ay azaltmaqla, 72 ay müəyyən etmişdir. Lakin sonradan xx.xx.2024-cü il tarixli qərarla əvvəlki qərarını etibarsız saymış və xx.xx.2017-xx.xx.2022-ci illərdə qüvvədə olmuş 45-ci maddənin 2-ci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırmışdır. Cavabdeh bu zaman xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli X1 istinad edir. Belə ki, həmin 2.2-ci maddəyə əsasən Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə cavabdehin bu istinadı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, ƏPQ-nin 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Belə ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi). “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin digər şəxslərə münasibətdə daha tez əmək pensiyası təyin edilmək hüququ müəyyən edilmişdir. Qanunvericinin bu zaman əsas məqsədi sağlamlıq riski daşıyan, nəticədə orqanizmi daha tez qocalan və əmək qabiliyyəti daha tez azalan şəxslərin xüsusi sosial təminat mexanizmləri müəyyən etməklə sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlıdır. Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təminatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini ƏPQ-dən çıxarmışdır. Keçid müddəaya gəldikdə isə, həmin norma xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur. Nə qədər ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 9964/2024 saylı qərarı ləğv edilsin və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin qərara qədər olan məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar