Məhkəmə qərarları › İş №e-2-1(112)-9617/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9617/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9617/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (“çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, mülkiyyət hüquqları həmin sahəyə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində 2-ci fərdi yaşayış evinin tikilməsi məqsədi ilə sənədlər əldə edilmiş, hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciət edilmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evi yaxınlığından qaz xətti keçir və şosse yolunun kənarında yerləşir. Fərdi yaşayış evinin ümumi sahəsinin 277,1 kv.m olduğu müəyyən edilmişdir. Bu səbəbdən də müraciətin təmin edilməsi mümkün olmamışdır. Tərəflər izahatları: İddiaçının vəkili və nümayəndəsi və iddiaçı iddianın təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Texniki pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 0,07062 ha torpaq sahəsi üzərində yerləşməkdədir. Plan və ölçü sənədindən görünür ki, DTXK tərəfindən 17 sentyabr 1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən 816,2 kv.m torpaq sahəsinə plan və ölçü sənədi verilmişdir. Fərdi yaşayış evinin layihəsindən görünür ki, layihə yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0,07062 kv. ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı mülkiyyətində olmuş 0,8162 ha torpaq sahəsindən 0,01 ha hissəsini X1. 26 iyul 1996-cı il tarixli sərəncamndan görünür ki, ümumilikdə iddiaçıya 816,4 kv.m torpaq sahəsi və 83,2 kv.m ölçüdə tikinti sahəsi ayrılmışdır. 21 avqust 2019-cu il tarixli müraciətə dair imtina məktubunda qeyd edilmişdir ki, B tikilisi tamamilə A tikilisinin isə bir hissəsi yaxınlığından keçən qaz xəttinin və şosse yolunun mühafizə zolağında yerləşmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktublarında qeyd edilmişdir ki, fərdi yaşayış evinin A və B tikilisinin yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı müəyyən edilmir. "xxxx" ASC-nin 14 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan ərazidən yeraltı orta təzyiqli qaz xəttləri keçir. 28 iyun 2024-cü il tarixli Bakı şəhəri BPİ DYPİ-nin aktında qeyd edilmişdir ki, A və B tikilisinin yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilindədir. Cavabdehin 06 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evi Zığ şossesinin hərəkət zolağının ortasından 6,6 kv.m məsafədə yerləşir. Yolun mühafizə zolağı barədə bazada məlumat yoxdur. Ərazi və tikililərin əksər hissəsi yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşir. 29 aprel 2024-cü il tarixli müayinə aktından görünür ki, 2 mərtəbəli yaşayış evi 5 otaqdan ibarətdir, hüquqmüəyyənedici sənəd üzrə 283,41 kv.m göstərilsə də faktiki 277.1 kv.m təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmış torpaq sahəsində tikilmiş ikinci fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmalı olub-olmaması ilə bağlıdır. Belə ki, iş materiallarından da göründüyü kimi ilkin hüquqmüəyyənedici sənədlər üzrə iddiaçının fərdi yaşayış evi ilə yanaşı 816,4 kv.m torpaq sahəsinə mülkiyyət hüququ tanınmış, iddiaçı həmin torpaq sahəsinin bir hisəssini satmış, son olaraq fərdi yaşayış evi və 0,07062 kv. ha torpaq sahəsinə mülkiyyət hüquqlarına dair çıxarış əldə etmişdir. 83,2 kv.m olan fərdi yaşayış evi ilə yanaşı iddiaçı digər bir fərdi yaşayış evi inşa etmiş buna dair torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış, təsdiq edilmiş layihə və digər zəruri sənədlər təqdim edilmiş, lakin cavabdeh müraciətin təminindən etiraz və imtina məktubundan da göründüyü kimi fərdi yaşayış evinin yaxınlığından qaz xətti keçməsi və şosse yolunun kənarında olması və ümumi sahənin 277.1 kv.m olması səbəbindən imtina etmişdir. Məhkəmə, qaz xətti və şosse yolunun kənarında olmaya dair imtina əsasları ilə bağlı qeyd edir ki, həmin imtina qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh nəzərə almamışdır ki, qaz xətti və şosse yolunun kənarında olduğu iddia edilən sahə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınan sahədir. Çıxarışdan da göründüyü kimi yaşayış məntəqərinin torpaq kateqoriyasına aid olan 0,7062 sahəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına almış, digər 83,2 kv.m fərdi yaşayış evinin də qeydiyyatını aparmışdır ki, hazırda iddia olunan fərdi yaşayış evinə adıçəkilən imtina cavabdehin özünün aparmış olduğu mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə təkzib edilir. Belə ki, cavabdeh hüquqi qüvvəsini itirilməmiş ilkin hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıya ayrılmış torpaq sahəsinə də hüquqlarını dövlət qeydiyyatına almışdır ki, hazırkı iddia olunan əmlak da məhz həmin torpaq sahəsindədir. Göründüyü kimi iddiaçının əmlakına mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina cavabdehin əvvəl aparmış olduğu qeydiyyatla uyğunluq təşkil etməməkdədir. Adıçəkilən torpaq sahəsi və digər tikilinin dövlət qeydiyyatı zamanı imtinanın göstərilən dəlilləri mövcud olmadığı halda, həmin torpaq sahəsində digər tikiliyə münasibətdə imtina verilməsini məhkəmə mülkiyyət hüquqlarının pozuntusu kimi qiymətləndirir. Odur ki, cavabdehin tikilinin yerləşdiyi torpaq sahəsinə dair imtina dəlilləri qanuni və əsaslı hesab edilə bilməz. Digər tərəfdən isə aidiyyəti səlahiyyətli qurumların məktublarından da göründüyü kimi ərazi yaşayıq məntəqəsi hüdudları daxilindədir və yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı müəyyən edilmir. Qaz xəttinə münasibətdə də məhkəmə araşdırma aparmış və müəyyən etmişdir ki, sahədən cavabdehin qeyd etdiyi kimi yüksək təzyiqli yox, orta təzyiqli qaz xəttləri keçməkdədir. Lakin, bu hal hər bir halda mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etmir. Qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. 2-1(102)-2016/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında da qeyd edildiyi kimi təqdim edilmiş sənəd üzrə torpaq sahəsinin ölçüsünün 500 kv.m. olsa da, faktiki olaraq 495.0 kv.m təşkil etməsi və torpaq sahəsinin 80 kv.m. hissəsinin qaz xəttinin mühafizə zolağına düşməsi barədə kassasiya şikayətinin dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla cavabdehə həmin halları təsdiq edən sübutlar təqdim etməmişdir. Digər tərəfdən, qeyd edilən halların mövcudluğu iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneə təşkil edə bilməz. Məhkəmə hesab edir ki, torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydiyyatına maneə təşkil edilməməyə dair həmin hal tikiliyə münasibətdə də fərqli qiymətləndirməyə səbəb olmur. Odur ki, torpaq sahəsində formalaşmış mövqedə olduğu kimi qaz xəttinin keçməsi fərdi yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatına əsas yaratmaqdadır. Göründüyü kimi istər, cavabdehin həmin torpaq sahəsinə və orda digər fərdi yaşayış evinə əvvəllər qeydiyyatın aparılması baxımından, istərsə də, cavabdehin imtina dəlillərinin qanunsuzluğu təsdiq edən işin faktiki və hüquqi hallarının qiymətləndirilməsi baxımından iddianın təmini əsaslı hesab edilməlidir. Bundan əlavə, cavabdehin ölçünün 277.1 kv.m olması barədə etirazda dəlil irəli sürmüşdür ki, məhkəmə hesab edir ki, həmin hal da hüquqların dövlət qeydiyyatından imtina əsası qimində çıxış etməməkdədir. Belə ki, iddia tələbindən də göründüyü kimi iddiada hər hansı ölçü göstərilməmiş, məhz mövcud tikilinin daşınmaz əmlakın dövlət qeydiyyatı ilə əlaqədar olmuşdur ki, məhkəmə hesab edir ki, nə qədər ki, ölçü üzrə hər hansı mübahisə yoxdur və iddiaçının dediyi kimi olsa belə, faktiki ölçü müayinə aktında qeyd edilən sənəd üzrə 283.41 hüdudları daxilindədir, həmin hüquqların dövlət qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanda torpaq sahəsində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar