Məhkəmə qərarları › İş №e-2-1(112)-962/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-962/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-962/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “elmi stajı nəzərə alınmaqla prezident təqaüdünün təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X6 və Layihə İnstitutunun (“AZNQŞDETLİ”M) mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında əvəzçilik qaydasında böyük elmi işçi kimi işlədiyi, həmçinin xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər həmin institutun aspiranturasında oxuduğu illərin elmi staj kimi hesab edib sosial sığorta stajına daxil edilərək onun əmək pensiyasının yenidən hesablanıb təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X6 və Layihə İnstitutunun (“AZNQŞDETLİ”) mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında əvəzçilik qaydasında böyük elmi işçi kimi işlədiyi, həmçinin xx.xx.1974cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər həmin institutun aspiranturasında oxuduğu (və elmi iş üzrə namizədlik dissertasiyanı hazırladığı) illərin sosial sığorta stajına daxil edilərək ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda əmək kitabçasında yazılan elmi stajı 22 il 11 ay 2 gündür. 10 il 8 ay 18 günlük elmi stajı ümumi staja əlavə edilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya prezident təqaüdünün təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli müraciəti əsasında təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1966-cı il tarixdən xx.xx.1971-ci il tarixədək təhsil aldığı müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək, xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 01.01,2006-cı il tarixinədək sığorta stajı 39 il 2 ay 9 gün təşkil edir. İddiaçının 2006-cı il tarixədək 39 il 2 ay 9 gün sığorta stajına əsasən fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (39+(9/30+2/12))x170=6662,58 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2019-cu il tarixə indeksləşdirilmiş məbləği 15731,57 manat təşkil edir. Qeyd olunan pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi 15731,57:144=109,34 manat hesablanmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsisteminə əsasən iddiaçının 01.01,2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 22878,72 manat müəyyən edilmişdir. Eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissənində qeydə alınmış pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 46285,92 manat müəyyən edilmişdir (Pensiyanın sığorta hissəsi: 46.285,92:72=642.86). Qeyd olunanlara əsasən pensiyanın ümumi məbləği aşağıdakı kimi hesablanmışdır: xx.xx.2019: 119,76 (baza hissə)+158,88+109,34+642,86=1030,84; xx.xx.2020: 1030,84+1030,84x16,6%=1201,96; xx.xx.2021: 1201,96+1201,96x11,4=1338,98; xx.xx.2021: 1338,98+458,23=1797,21 (Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar 01 12.2017-ci il tarixdən 01,04.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 32992,56 manat pensiya kapitalına əsasən yenidən hesablanmışdır: 32992,56:72=458,23); xx.xx.2022: 1797,21+1797,21x3,4%=1858,31. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə 19 il 8 ay 10 gün mübahisələndirilməyən elmi stajı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasının surətində qeyd olunan xx.xx.1969-cu il tarixdən xx.xx.1969-cu il tarixədək “Qazıma” kontorundakı, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək operator vəzifəsində çalışdığı “Salyanneft” müəssisəsindəki, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək rəis müavini vəzifəsində çalışdığı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda neft və qaz çıxarma istehsalat birliyindəki, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək sədr vəzifəsində çalışdığı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda neft və qaz çıxarma istehsalat birliyin işçilərinin X3 Komitəsindəki, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək baş məsləhətçi vəzifəsində çalışdığı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyindəki, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sədr vəzifəsində çalışdığı Azərbaycan Müdafiə Sənayesi İşçiləri Həmkarlar ittifaqındakı əmək fəaliyyəti dövrləri elmi müəssisə və təşkilatlar və ya təhsil müəssisələri hesab edilmədiyindən elmi kimi nəzərə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunda işə daxil olmuş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1994xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində həmin institutda əmək fəaliyyəti barədə əmək kitabçasında hər hansı qeyd mövcud deyildir. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunun xx.xx.2014-cü il tarixli arxiv arayışında onun xx.xx.1990-cı il tarixdə işə daxil olması xx.xx.2001-ci il tarixdə böyük elmi işçi (əvəzçi) vəzifəsindən azad edilməsi göstərilmişdir. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda neft və qaz çıxarma istehsalat birliyində, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək birliyin Həmkarlar İttifaqı Komitəsində işləmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və arxiv arayışındakı dövrlər üst-üstə düşür. Belə olan halda arxiv arayışından aydın olur ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi “Neftqazelmitədqiqatlayihə” İnstitutu əvəzçilik qaydasında əlavə iş yeri hesab olunur. “Neftqazelmitədqiqatlayihə” İnstitutunun cavabdeh tərəfindən ünvanlanmış sorğuya cavab məktubuna əlavə edilmiş əmrdən çıxarışlardan da aydın olur ki, iddiaçı xx.xx.1994-cü il tarixdən mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasına böyük elmi işçi yarım ştat əvəzçi kimi işə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdən böyük elmi işçi əvəzçi vəzifəsindən azad edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək institutun aspiranturasında oxuduğu illərin elmi staj kimi nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, sözügedən Fərmanda şəxsin təhsil aldığı illərin elmi staj hesab edilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajının qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğundan ona elmi dərəcəyə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında təmsil edilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun çıxış edərək, iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1948-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Э seriyalı, 217898 nömrəli diplomun surətinə əsasən İddiaçı 1966-cı ildə M.Əzizbəyov adına X7 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1971ci ildə Neft və qaz yataqları işlənməsinin texnologiyası və kompleksli mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçının əmək kitabçalarının surətlərinə əsasən o, xx.xx.1969-cu ildən xx.xx.1969cu ilədək “Azmornefterazvedka” trestinin 3 saylı idarəsində neft və qaz quyularının qazmaçısı köməkçisi vəzifəsində işləmişdir. xx.xx.1971-ci il tarixdə “Salyanneft”-in 2 nömrəli neft-qazçıxarma şöbəsində beşinci kateqoriya neft və qaz hasilatı operatoru kimi işə qəbul edilmiş, xx.xx.1971-ci il tarixdə Tədqiqat və istehsalat emalatxanasına mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1971-ci il tarixdə “Azneft” birliyindən gələn məktub əsasında əvvəlki vəzifəsindən azad edilərək Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunun sərəncamına verilmişdir. xx.xx.1971-ci il tarixdə “Salyanneft” NQDU-dan köçürmə yolu ilə Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunun fəsadlar laboratoriyasına mühəndis kimi qəbul olunmuşdur. xx.xx.1974-cü il tarixdə aspiranturaya keçidi ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. xx.xx.1974-cü il tarixdə AzNİPİ neft aspiranturasına hasilatda fasilə ilə daxil olmuşdur. xx.xx.1976-cı il tarixdə dissertasiya işini başa vurması ilə əlaqədar institutun aspiranturasından xaric edilmişdir. xx.xx.1977-ci il tarixdə Azərbaycan Neft Elmi- Tədqiqat Layihə İnstitutunun Fəsadlar laboratoriyasına kiçik elmi işçi kimi qəbul olunmuşdur. xx.xx.1978-ci tarixdə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. xx.xx.1980-ci il tarixdə eyni vəzifə üçün qama alətləri və mürəkkəb iş avadanlıqlarının tədqiqat sektoruna köçürülmüşdür. xx.xx.1984-cü il tarixdə tutduğu vəzifədə rəqabəti nəzərdən keçirilmişdir. xx.xx.1985-ci il tarixli BAK diplomu TH 083518 ilə, həmin tarixdə Texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün BAK tərəfindən təsdiq edilmişdir. xx.xx.1986-cı il tarixdə institutun strukturunda dəyişiklik edilməsi ilə əlaqədar attestasiyanın nəticələrinə əsasən kompleks quyuların mühəndisliyi və texnologiyası sektorunda baş elmi işçi vəzifəsi baxılmışdır. xx.xx.1989-cu il tarixdə VNİİT neft-in Bakı şöbəsinə məktubla köçürmə yolu ilə müsabiqə yolu ilə seçdiyi üçün işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə Bakı İnteqrasiya Elmi-İstehsalat Sektoruna “müsabiqədən keçərək” sektor müdiri vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1990-cı il tarixdə Sov.İKP Mərkəzi Adminstirasiyasının 22 dekabr 1987-ci il tarixli qərarına əsasən müavinətlərin verilməsi ilə RSFSR K30T-nin 29-cu maddəsinin 5-ci bəndinin AzNİPneft-ə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə VNİİT Neft İnstitutunun Bakı şöbəsindən köçürmə yolu ilə mühəndislik və texnologiya sektorunun müdiri vəzifəsinə qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdə Mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasının müdiri vəzifəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Quruda Neft və qazçıxarma istehsalat birliyinə 18-k nömrəli əmrə əsasən köçürmə yolu ilə xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə Texniki şöbənin rəis müavini vəzifəsinə Azərbaycan Neft Sənayesi elmi tədqiqat layihə institutundan köçürmə yolu ilə təyin edilmişdir. xx.xx.1997-ci il tarixdə quruda neft və qazçıxarma istehsalat birliyi işçilərin Həmkarlar İttifaqının sədri seçilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən işdən azad edilmişdir. İdarə Heyətinin xx.xx.1997-ci il tarixli iclasının qərarı (1 saylı protokol) əsasında, xx.xx.1997-ci il tarixdə Quruda NQÇ İB işçilərinin X4 Komitəsinin sədri seçilmişdir. Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin xx.xx.2003-cü il tarixli qərarı əsasında xx.xx.2003-cü il tarixdə Quruda NQÇ İB işçilərinin X3 Komitəsinin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq səlahiyyət müddəti bitmiş hesab edilmiş və tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2003-cü il tarixdə “Azneft” İB işçiləri X4 Komitəsinin sədri seçilmişdir. xx.xx.2006-cı ildə səlahiyyət müddəti bitmiş hesab edilmiş və tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2006-cı il tarixdə AzNQSDETKİ-yə direktorun qazma sahəsində elmi işlər üzrə müavini vəzifəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2007-ci tarixdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi İşlər İdarəsinə baş məsləhətçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Dövlət Qulluğu haqqında Qanunun 33.6-cı maddəsinə əsasən xitam verilmişdir. AMSİHİ-nin xx.xx.2007-ci il tarixli İV Konfransının qərarı (protokol) əsasında həmin tarixdə Azərbaycan Müdafiə Sənayesi X1 sədri seçilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunun xx.xx.2014-cü il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1990-cı il tarixdə “AzNİPİ Neft” Neft İnstitutunun Bakı şöbəsindən köçürmə yolu ilə mühəndislik və texnologiya sektorunun müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə Mürəkkəb quyu işləri texnika və texnologiyası laboratoriyasının böyük elmi işçisi (əvəzçi) “AzNSETLİ” institutundan xx.xx.2001-ci il tarixdən işdən azad edilmişdir. M.Əzizbəyov adına Azərbaycan neft və kimya institutunun elmi şurasının 06 mart 1985-ci il tarixli qərarı ilə iddiaçıya texnika elmləri namizədi elmi dərəcəsi verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində elmi stajının nəzərə alınmaqla ona prezident təqaüdünün təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş və cavabdehin imtinasını almışdır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1. ). Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (1.0.2.). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır (7). Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (10.2.). Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi şəxsi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (10.3.). Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir (10.4. ). Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1. İddiaçının nəzərə alınmayan sığorta stajının nəzərə alınaraq onun əmək pensiyasının yenidən hesablanması. 2. İddiaçıya elmi staja görə Prezident təqaüdünün təyin edilməsi. Bu səbəbdən hər tələbə ayrıca münasibət bildirilməlidir. İddiaçı onun xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X6 və Layihə İnstitutunun (“AZNQŞDETLİ”) mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında əvəzçilik qaydasında böyük elmi işçi kimi işlədiyi, həmçinin xx.xx.1974cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər həmin institutun aspiranturasında oxuduğu (və elmi iş üzrə namizədlik dissertasiyanı hazırladığı) illərin sosial sığorta stajına daxil edilmədiyini bildirərək, həmin dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Cavabdeh iddiaya etirazında iddiaçının əmək kitabçasında əks olunmuş bütün dövrlərin, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər həmin institutun aspiranturasında oxuduğu dövrün ona əmək pensiyası təyin edilərkən nəzərə alındığını bildirir. İddiaçının xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X6 və Layihə İnstitutunun (“AZNQŞDETLİ”) mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında əvəzçilik qaydasında böyük elmi işçi kimi işlədiyi dövr isə iddiaçının əmək kitabçasında qeyd olunmadığı üçün cavabdeh həmin dövrü əmək stajı kimi nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin, iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1966-cı il tarixdən xx.xx.1971-ci il tarixədək təhsil aldığı müddət, xx.xx.1971-ci il tarixdən xx.xx.1971ci il tarixədək, xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınaraq onun xx.xx.2006-cı il tarixinədək sığorta stajının 39 il 2 ay 9 gün təşkil etdiyi bildirilmişdir. Yəni, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd edilən bütün əmək stajı nəzərə alınmışdır. İddiaçının xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X6 və Layihə İnstitutunda işlədiyi dövrlərin pensiya təyin edilməsi zamanı nəzərə alınmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir (22.1.). Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır (22.2.). Göründüyü kimi iddiaçının xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X6 və Layihə İnstitutunda işlədiyi dövrlər onun əmək kitabçasında qeyd edilməmişdir. İddiaçı yalnız həmin əmək stajı ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunun xx.xx.2014-cü il tarixli arxiv arayışına əsaslanmışdır. Lakin, həmin arxiv arayışında iddiaçının qeyd edilən dövrdə əvəzçilik qaydasında fəaliyyət göstərdiyi qeyd edilmişdir. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda neft və qaz çıxarma istehsalat birliyində, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək birliyin Həmkarlar İttifaqı Komitəsində işləmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və arxiv arayışındakı dövrlər üst-üstə düşür. Bu səbəbdən iddiaçının qeyd edilən əmək stajı dövrü əmək pensiyasının hesablanması zamanı ayrıca dövr kimi nəzərə alına bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 58-ci maddəsinə əsasən

1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır.

2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin edərkən onun nəzərə alınmalı olan bütün sosial sığorta stajını nəzərə almışdır. Bu səbəbdən iddiaçının əmək pensiyasının yendiən hesablanmasına hər hansı əsas yoxdur. İddiaçıya Prezident təqaüdünün təyin edilməsi ilə bağlı tələbə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanında göstərilmişdir ki,

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. Göründüyü kimi iddiaçıya Prezident təqaüdünün təyin edilməsi üçün əsas iş yeri üzrə 25 il elmi stajı olmalı və bu staj onun əmək kitabçasında qeyd edilməlidir. İddiaçının əmək kitabçasından görünür ki, xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü ilədək Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunda çalışdığı və xx.xx.1974-cü xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi aspiranturada oxuduğu müddət, xx.xx.1977-ci il tarixdən xx.xx.1990-cı ilədək i Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutununda işlədiyi müddət, həmçinin xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixiədək VNİTT Neft İnstitutununda və xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti elmi tədqiqat layihə İnstitutunda çalışdığı dövrlər elmi staj dövrünə aiddir. Həmin dövrlər üzrə iddiaçının ümumi stajı 26 il 01 ay 06 gün tşkil edir ki, bu da iddiaçıya elmi staja görə Prezident təqaüdünün təyin edilməsi üçün kifayət edir. Cavabdeh iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi aspiranturada oxuduğu müddətin onun elmi stajı kimi nəzərə almamışdır. Məhkəmə cavabdehin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.5-ci maddəsinin xx.xx.2019-cu il tarixinədək qüvvədə olmuş redaksiyasında işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddətin onun sığorta stajına daxil edilməsi öz əksini tapmışdır. İddiaçı məhz Qanunun həmin müddəalarının qüvvədə olduğu dövrdə aspiranturada təhsil almışdır. Belə olan halda onun aspiranturada təhsil aldığı müddətin sığorta stajına daxil edilməsinə baxmayaraq elmi staj kimi nəzərə alınmaması ilə bağlı cavabdehin mövqeyi əsassızdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək aspiranturada təhsil aldığı müddətin elmi staj kimi nəzərə alınaraq ona Prezident təqaüdünün təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər aspiranturada oxuduğu dövrün elmi staj kimi nəzərə alınaraq ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar