Məhkəmə qərarları › İş №e-2-1(112)-9630/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9630/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9630/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 Həbi qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin ölçülərində olan yalnışlıqların düzəldilməsi və torpaq sahəsinə mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı1, İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin ölçülərində olan yalnışlıqların düzəldilməsi və torpaq sahəsinə mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 11 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1972-ci il tarixdə, həmin tarixə olan Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, dalan 12, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki vəziyyətinə uyğun texniki pasport tərtib olunmuşdur. Texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü 45.54 kv.m, evin mərtəbəliliyi 2, ümumi ölçüsü isə 88.78 kv.m qeyd edilmişdir. Həmin ev Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli 76 saylı Sərəncamının icrası çərivəsində sökülmüşdür. Evə dair xx.xx.2013-cü il tarixli, Seriya RX ******* nömrəli, **********, **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışa əsasən hər birinin payı ¼ hissə olmaqla İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 (bundan sonra – iddiaçılar) birgə paylı mülkiyyətində olmuşdur. Çıxarışa əsasən 0.004554 ha ölçüdə torpaq sahəsi dövlət mülkiyyətində, evin ümumi sahəsi isə 53.2 kv.m qeyd edilmişdir. İddiaçılar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, dalan 12, ev 2 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişlər. Cavabdeh iddiaçıların tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, dalan 12 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi üzərində qeydiyyat alınmış hüququn ləğvinə dair notariat qaydasında təsdiq edilmiş ərizələr və qeyd olunan ünvanda yerləşən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanına uyğun hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. ”. İddia tələbi, iddiaçıların əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, dalan 12, ev 2 ünvanında yerləşən 147 kv.m torpaq sahəsinə dair birgə iddiaçıların mülkiyyət hüquqlarının və Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, dalan 12, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin ölçülərində olan yalnışlıqların düzəldilərək 86 kv.m ölçüdə birgə iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, dalan 12, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləridirlər. Mülkiyyətçilərin mülkiyyət hüququnun təsdiq edən Çıxarışın Seriyası RX No ******* olmaqla reyestr nömrəsi **********32-10301- dir. Hazırda iddiaçıların 2 tələbi vardır. 1) Fərdi yaşayış sahəsinin üzərində yerləşdiyi torpaq sahəsinə dair düzgün ölçülərlə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması; Belə ki, torpağın faktiki sahəsi 147 kv.m təşkil etmişdir. Bunu təsdiq edən 2 sübut mövcuddur. Birincisi, Azərbaycan Sosialist Sovet Respublikası Azərbaycan İctimaizura Səmnuriyyəti Evlər şöbəsi Kommunal Təsərrüfatlarının Məlumat sənədində qeyd edilmişdir ki, 147.0 ha torpaq sahəsi X1 məxsusdur. İkinci sübut isə xx.xx.2013-cü il tarixli A-1 saylı arxiv arayışıdır ki, bu arayışda qeyd edilmişdir ki, “Bakı şəhəri Oktyabr rayon Sovetinin İcraiyyə Komitəsinin maliyyə şöbəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1935-ci ilə dair başdan başa vergi uçotu kartoçkasında qeyd olunur ki, Osv.tyurçanki, 222 (Çadrovaya küç, dalan 12 ev 1) ünvanında yerləşən ümumi torpaq sahəsi - 147 kv.m (yaşayış evləri və onlara xidmət edən binalar altında -86 kv.m., həyətlər və sairələri - 61 kv.m) olan 2 mərtəbəli daş evin sahibi X2 olmuşdur. (AR Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivi A-1 saylı xx.xx.2013- cü il tarixli Arxiv arayışı ilə sübut edilir. (Əsas: f.1793, siy.1, sax.vah.217, vər.189)) Nəsimi Rayon Məhkəməsinin 2(006)-5092/2012 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən isə müəyyənə edilmişdir ki, Məşədi Yaqub birgə iddiaçılardan İddiaçı1 atası olmaqla digər birgə iddiaçların babası olmuşdur. 2) Fərdi yaşayış evinin ölçülərinin düzgün qeyd edilməsi; Belə ki, birgə iddiaçılara məxsus fərdi yaşayış evi faktiki olaraq 86 kv.m təşkil etdiyi halda evin ölçüsü 53.2 kv.m qeyd edilmişdir. Həmçinin sözügedən çıxarışa əsasən fərdi yaşayış sahəsi 53.2 kv.m olduğu halda necə olur ki, həmin o 53.2 kv. 1 mərtəbəli evin üzərində yerləşdiyi torpağın sahəsi 0.004554 ha yəni 45.54 kv.m olur?! Qeyd edilən hal tamamilə - istər torpağın hüquqi statusuna, istərsə onun ölçülərinə, istərsə də faktiki sahəsi ilə uyğunluq təşkil etməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011—ci il tarixli 76 saylı Sərəncamına əsasən birgə iddiaçılara məxsus yaşayış sahələrinin sökülməsinin məqsədi həmin sahələrin yerində park-bağ kompleksinin tikilməsi qərara alınmışdır. Sərəncamda qeyd edilmişdir ki, “Bakı Şəhərinin Baş Planının icrasının təmin edilməsi, yuxarıda göstərilən ərazidə park-bağ kompleksinin salınması və Möhtərəm Prezidentimizin Bakının sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq müvafiq göstərişinə əsasən şəhərin abadlaşdırılması ilə əlaqədar Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X11, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən əhalinin köçürülməsi işlərinin həyata keçirilməsi yenidən Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır”. Birgə iddiaçların mülkiyyətində və istifadəsində olan torpaq sahəsi faktiki olaraq 147 kv.m təşkil etmişdir. Üzərində hər mərtəbəsinin sahəsi 86 kv.m olmaqla 2 mərtəbəli fərdi yaşayış evi olmuşdur. Yardımçı sahələri isə 61 kv.m təşkil etmişdir. Beləliklə, faktiki olaraq birgə iddiaçların əlindən 147 kv.m torpaq sahəsi və 86x2 =172 kv.m təşkil edən fərdi yaşayış evi (2 mərtəbəli) və 61 kv.m yarıdımçı tikili sahə qanunsuz olaraq qeyd edilən Sərəncamın icrası çərçivəsində sökülmüşdür. Söküntü ünvanındakı sözügedən fərdi yaşayış evi şəhərin mərkəz hissəsində yerləşməklə alternativ istifadə imkanları qeyri-məhdud olan və müxtəlif təyinat üzrə istifadə oluna bilən tikili olmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onun əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi sökülmüşdür habelə İdarənin arxivində olan texniki pasport X4 adınadır. Qeydiyyat alınmış hüququn ləğvinə dair notariat qaydasında təsdiq edilmiş ərizələr, X7 və iddiaçılar arasında əlaqəli sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2909/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia mümkün sayılmaması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli daşınmaz əmlakın söküldüyünü, həmin ərazidə yerləşən yaşayış və qeyri yaşayış sahələrindən əhalinin köçürüldüyünü, iddiaçılar və Bakı Şəhər İcra Hakimiyyəti arasında hazırda həmin daşınmaz əmlakın sökülməsi ilə əlaqədar kompensasiya məbləğinin ödənilməsi ilə bağlı məhkəmə mübahisəsinin olmasını və iddiaçıların hazırki iddia tələbini qaldırmaqda hüquqi marağının daşınmaz əmlakın ölçülərinin dəqiqləşdirilərək daha artıq miqdarda kompensasiya məbləğinin alınmasına nail olmaqdan ibarət olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçılar arzuladıqları məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etməklə, artıq sökülmüş və mövcud olmayan daşınmaz əmlakın ölçülərinin dəqiqləşdirilərək yeni çıxarışın alınması barədə iddia tələbi ilə deyil, sökülmüş daşınmaz əmlaka görə hazırki iddiada xahiş etdikləri ölçülərə müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı digər inzibati məhkəmə icraatında dəqiqləşmiş ərizə ilə müraciət edərək arzuladıqları kompensasiya məbləğini mübahisələndirə bilərlər. İddiaçılar qərardaddan birgə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1638/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadı ilə, iddiaçıların apellyasiya şikayəti təmin edilməsi və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2909/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinə dair İdarənin arxivində olan Bakı Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1972-ci il tarixdə, həmin tarixə olan texniki vəziyyətinə uyğun Texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü 45.54 kv.m, evin mərtəbəliliyi 2, ümumi ölçüsü isə 88.78 kv.m qeyd edildiyi halda 6.02.2013-cü il tarixli qeydiyyat nömrəli çıxarışlarda fərdi yaşayış evinin ümumi sahəsi hansı səbəbdən 53.2 kv.metr göstərilməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmamışdır. İnzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı1 və iddiaçıların vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, Bakı şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1972-ci il tarixdə, həmin tarixə olan Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, dalan 12, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki vəziyyətinə uyğun texniki pasport tərtib olunmuşdur. Texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü 45.54 kv.m, evin mərtəbəliliyi 2, ümumi ölçüsü isə 88.78 kv.m qeyd edilmişdir. Həmin ev Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli 76 saylı Sərəncamının icrası çərivəsində sökülmüşdür. Ev söküldükdən sonra evə dair xx.xx.2013-cü il tarixli, Seriya RX ******* nömrəli, **********, **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışa əsasən hər birinin payı ¼ hissə olmaqla İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 (bundan sonra – iddiaçılar) birgə paylı mülkiyyətində olmuşdur. Çıxarışa əsasən 0.004554 ha ölçüdə torpaq sahəsi dövlət mülkiyyətində, evin ümumi sahəsi isə 53.2 kv.m qeyd edilmişdir. İddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi marağı həmin evin yerləşdiyi 147 kvadrat metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, həmçinin evin ümumi sahəsində dəyişiklik edilərək 86 kvadrat metr ölçüdə iddiaçılara yeni çıxarışın verilməsinə yönəlmişdir. Cavabdeh isə bildirir ki, fərdi yaşayış evi sökülmüş, habelə İdarənin arxivində olan texniki pasport X4 adınadır. Qeydiyyat alınmış hüququn ləğvinə dair notariat qaydasında təsdiq edilmiş ərizələr, X7 və iddiaçılar arasında əlaqəli sənədlər təqdim edilməmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. İddia ərizəsindən görünür ki, iddia tələbi iki hissədən ibarətdir. 1) Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması 2) Fərdi yaşayış evinin ölçülərində dəyişiklik edilərək 86 kvadrat metr qeyd edilməklə yeni çıxarışn verilməsi. Məhkəmə iddia tələbinin birinci hissə ilə bağlı qeyd edir ki, iddiaçılar fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Bakı Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş xx.xx.1972-ci il tarixli texniki pasportun surətini, Bakı Şurasının İcraiyyə Komitəsini Bakı Sovet Komitəsinin məlumat arayışını və Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən ünvanlanmış məktubun surətini təqdim etmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən həmin Bakı Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1972-ci il tarixli texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Lakin həmin texniki pasportdan görünür ki, texniki pasport X3 adına qeydə alınmışdır. İddiaçılar tərəfindən X5 ilə aralarında olan hər-hansı vərəsəlik işi və yaxud qohumluq əlaqəsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçılar ilə X5 arasında hər hansı vərəsəlik işinin olması və yaxud iddiaçılar ilə X5 arasında hər hansı qohumluq əlaqəsinin olması müəyyən edilməmişdir. İddiaçılar bu halla bağlı Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-5092/2012 nömrəli qətnaməsinə istinad edirlər. Lakin həmin qətnamədə X5 ilə iddiaçılar arasında hər hansı qohumluq faktı müəyyən edilmir. İddiaçıların hüquqmüəyyənedici sənəd kimi məhkəməyə təqdim etdiyi Bakı Şurasının İcraiyyə Komitəsini Bakı Sovet Komitəsinin sənədi isə, oxunaqlı olmaqla həmin sənəd torpaq sahəsinə hüquqların qeydə alınması üçün Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmış sənədlər siyahısına aid olmaqla, həmin sənədə torpaq sahəsinə və fərdi yaşayış evinin sahəsinə dair hər hansı məlumat qeyd edilməmişdir. İddiaçının hüquqmüəyyəedici sənəd kimi məhkəmə təqdim etdiyi Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən iddiaçılardan İddiaçı1 Yaqun qızına ünvanlanmış xx.xx.2013-cü il tarixli, A-1 nömrəli məktud barədə qeyd edilir ki, həmin məktub “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmış sənədlər arasında olmamasından, həmin məktub hüquümüəyyənedici sənəd hesab edilmir. Göründüyü kimi, iddiaçılar iddia etdikləri torpaq sahəsinə dair hər hansı mötəbər hüquqmüəyyənedici sənədlərə malik deyillər. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. Həmin sənədlər aşağıdakılardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş sənədlərlə bağlı digər bir normativ sənəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısıdır ki, iddiaçılar həmin Siyahıda sadalanan sənədlərdən hər hansı birini də təqdim edə bilməmişlər. İddiaçı yuxarıda sadanan hüquqmüəyyənedici sənədlərə malik olmadığından məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; Məhkəmə iddia tələbinin ikinci hissəsi barədə isə qeyd edir ki, iddiaçıların paylı mülkiyyətində olmuş fərdi yaşayış evi, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli 76 saylı Sərəncamını ilə söküldüyündün məhkəmə tərəfindən faktiki mövcud olmayan fərdi yaşayış evinin sahəsini müəyyən etmək (məhkəmə tikinti-texniki ekspertiza təyin etmək, evə yerində baxış keçirmək, mütəxəssis rəyi əldə etmək və s.) mümkün olmamışdır. İddiaçılar evin çıxarışda gstərilən ölçüsünün faktiki vəziyyətə uyğun olmaması ilə bağlı Bakı Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1972-ci il tarixdə tərtib edilmiş Texniki pasporta istinad edirlər. Yuxarıda qeyd edildiyi kimi, həmin texniki pasportda qeyd edilən hüquq sahibi ilə iddiaçılar arasında hər hansı əlaqəli sənəd təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, evə dair texniki pasport xx.xx.1972-ci il tarixli olmaqla, məhkəmə evin faktiki vəziyyətini cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş çıxarışa uyğun olması qənaətinə gəlir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar