Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9650/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 6 saylı Vəkil Bürosunda işləyir),cavabdehin nümayəndəsi X1 (Ağdam rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya pensiya hüququ yaranan vaxtdan əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüququ yaranan vaxtdan əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Naxçıvan MRnın Culfa rayonunda anadan olmuşdur. xx.xx.1987-ci ildən xx.xx.2005-ci il tarixədək işləmişdir. Əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, lakin ona pensiyanın təyin olunmasından imtina olundu. İmtina məktubu iddiaçıya xx.xx.2022-ci il tarixdə rəsmi təhvil verildi. İddiaçı imtinanı qanunsuz hesab edir. Belə ki, tələb olunan 25 il əmək stajını toplamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. xx.xx.1958-ci il təvəllüdlü iddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 62 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azırbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. İddiaçının mübahisələndirilən sığorta stajı onun təqdim etdiyi ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyini iddia etdiyi 27 il 1 ay 29 gün təşkil edir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının Monitorinq və araşdırma şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində aparılmış xidməti araşdırmaya əsasən, "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək və həmin müddətin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli **********596800 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC (VÖEN: **********) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 774 nömrəli sərəncamına əsasən “X3” İcarə Müəssisəsinin bazasında yaradılmışdır və onu hüquqi varisidir. Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə D-2763 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət səhmdarlarının xx.xx.2015-ci il tarixli protokoluna əsasən təşkilatı hüquqi formasını dəyişdirərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan sorğuya xx.xx.2022-ci tarixli **********62 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdiriliməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Komitəsinin xx.xx.1998-ci il tarixli, 774 nömrəli sərəncamı ilə kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş X3 İcarə Müəssisəsinin bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi özəlləşdirilmişdir. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli 4/1505 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin arxiv sənədləri AR Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı işlədiyini iddia etdiyi müəssisə onun işlədiyini dövrdən sonra dövlət qeydiyyatından keçmişdir. Müəssisənin qeydiyyat məsələlərində aşkar olunan ziddiyətlər vətəndaşın həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz. İddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1958-ci ildə Culfa rayonunda anadan olmuşdur. Əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı Zeytun emalı üzrə Bakı Konserv Zavodunda xx.xx.1978-ci ildən fəhlə, xx.xx.1987-ci ildən operator işləmiş, xx.xx.1988-ci il tarixli əmri ilə Zeytun emalı üzrə Bakı Konserv Zavodu "xxxx" aqrofirma adlandırılmış, xx.xx.1988-ci il tarixdən iddiaçı 4-cü dərəcəli bişirici vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə iddiaçı öz xahişi ilə işdən azad edilmişdir;xx.xx.1990-cı il tarixli əmri ilə Aqrofirma "xxxx" Zeytun Emalı üzrə Bakı Zavodu adlandırılmış, X4 ləğv edilib "xxxx" ATSC yaradılmış, İddiaçıya verilmiş "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, arxiv məlumatlarına əsasən 1978-ci il tarixdən 2005-ci il tarixə kimi Zeytun emalı üzrə Bakı Konserv zavodunda və onun hüquqi varisi "xxxx" ASC-də operator vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı tərəfindən təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli monitorinqinin nəticəsinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, qanunla nəzərdə tutulan sığorta stajı (25 il) olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********62 nömrəli DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış məktubuna əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Komitəsinin xx.xx.1998-ci il tarixli, 774 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş X3 İcarə Müəssisəsinin bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 10 avqust 2022-ci il tarixli, 4/1505 nömrəli DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış məktubuna əsasən "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********495200 nömrəli Bakı İnzibati Məhkəməsinə ünvanlanmış məktubunda göstərilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" ATSC Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 774 nömrəli sərəncamına əsasən “X3” İcarə Müəssisəsinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1998-c il tarixdə D-2763 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət səhmdarlarının xx.xx.2015-ci il tarixli protokoluna əsasən təşkilati-hüquqi forması dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. Vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən "xxxx" ASC-nin fəaliyyəti xx.xx.2010cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Məhkəmənin sorğusuna əsasən, cavabdeh tərəfindən İddiaçı inzibati iş materialları təqdim edilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 62 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının Zeytun Emalı üzrə Bakı Konserv Zavodunda, "xxxx" aqrofirmada, Zeytun emalı üzrə Bakı Zavodunda və "xxxx" ATSC-də xx.xx.1978-xx.xx.2005-ci illərdə işlədiyini iddiaçıya məxsus əmək kitabçası və müəssisə tərəfindən verilmiş arayış ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən əmək kitabçasında və müəssisə tərəfindən verilmiş arayışda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1978xx.xx.2005-ci ilədək müddətdə işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının oxşar hüquq münasibətlərindən irəli gələn mübahisəyə dair 2-1(102)-1602/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, həm iddiaçının sığorta stajını əhatə edən dövrdə qüvvədə olan, həm də hazırki qanunvericiliyə əsasən iş stajını müəyyən edən əsas sənəd əmək kitabçası hesab olunur. İddiaçının əmək kitabçasındakı qeydlər xx.xx.1974-xx.xx.2005-ci il tarixlərdə Bakı X4nda işləməsini təsdiq etdiyindən, qeyd edilən illər nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Bu səbədlərdən cavabdeh şöbənin imtinası iddiaçının qanunla qorunan pensiya hüququnun pozulmasına gətirib çıxarmış və ona görə də, qanunsuz və əsassızdır. Oxşar hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1748/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1527/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarlarından da görünür ki, iddiaçıların əmək kitabçasında qeyd olunan Bakı X4nda işlədiyi dövrlər onların iş stajı kimi nəzərə alınmışdır. İddiaçının iş stajı əmək kitabçasında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 42-ci bəndində qeyd edilmişdir ki, inzibati orqan icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinin müddəalarına istinad etməklə aydın şəkildə əsaslandırmağa borcludur. Bu zaman sadəcə müvafiq maddələrə istinad olunması yetərli sayıla bilməz. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarının niyə məhz o cür təfsir edildiyini qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Şəxsin müraciəti üzrə icraatı həyata keçirməli olan inzibati orqan, o cümlədən cavabdeh də işin hallarını tam və hərtərəfli araşdırdıqdan sonra qərar qəbul etməyə borcludur. Həmin qərarın 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, ona pensiya hüququ yaranan vaxtdan əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı pensiya hüququ yaranan vaxtdan əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-9650/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9650/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver