Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9652/2025 04.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X10) “torpaq sahəsinin vəfat etmiş şəxsə məxsusluğu barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3584 saylı torpaq sahəsinin mərhum X5 məxsusluğu barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3584 saylı, 0,2217 hektar sahəsi olan torpaq sahəsinin olan mərhum X5 məxsusluğu barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli qərardadı ilə X10 3-cü şəxs qismində zəruri cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3584 saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X5 məxsus olması barədə arayışın verilməsi ilə bağlı hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmişdir. Cavabdeh orqan əsassız olaraq formal mülahizələrə istinad edərək, heç bir sənəd sübut təqdim etmədən iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2025-ci il tarixli, **********42 xaric olma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmamışdır, həmçinin qərb tərəfi şərti göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, müvafiq torpaq sahəsi “3583” saylı sahə və “3584” saylı bağ sahələri və onlardan bölünən sahələrin ərazisinə uyğun gəlir. Bundan başqa, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin sənəd üzrə 0,25 hektar olmasına baxmayaraq, faktiki 0,2217 ha təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin təqdim edilmiş və idarənin arxiv əsaslarında olan sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquq sahibinin adı notariat ofisinin məktubunda “Məmməd Ağa”, xx.xx.1993-cü il tarixli, 16597 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanılmış müqavilədə “Məmmədağa” kimi qeyd edilmişdir. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinə dair digər şəxsin-X6 müraciəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında 2-1(103)-2248/2025 saylı inzibati iş mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. X8 inkişafı və istismarı birliyi ilə X9 arasında bağlanmış 10 iyun 1993-cü il tarixli müqavilədən görünür ki, Ləhiş qəsəbəsində 0,25 ha torpaq sahəsi olan 3584 nömrəli bağ sahəsi X4 istifadəsinə verilmişdir. ünvan ünvanlanmış 01 iyul 2024-cü il tarixli, 380 nömrəli məktubdan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə vəfat etmiş atası X2 qalmış miras (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 3584 saylı sahədə yerləşən 0,25 ha torpaq sahəsinə) əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X4 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş forma 37 arayışını, forma 1 arayışının və ya yeni çıxarışın və bu barədə müvafiq məlumatın X5 və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən Ləhiş bağ massivi ünvanda yerləşən 3584 saylı bağın ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,25 hektar, faktiki 0,2217 hektar təşkil etmişdir. Bağ sahəsinin sərhədləri şimal və cənub tərəfdən qonşu hasarla ayrılmış, qərb tərəfdən şərtidir, şərq tərəfdən isə 4-5 sıra mişar daşı ilə hörülmüşdür. Tikili yoxdur. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Sahənin koordinatları əlavə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-785/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs hazırkı iş üzrə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum atası X1 Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhəri İH) xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən ayrılmış Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsinə dair onun adına arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6854/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən iş üzrə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-785/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6854/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 3444 saylı bağ sahəsinin mərhum atası X3 məxsus olması barədə arayışın iddiaçı X7 verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (qərar qanuni qüvvəsini almamışdır). Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. iddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı X8 inkişafı və istismarı birliyi ilə X9 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya ayrılmış torpaq sahəsinin ölmüş şəxsə, yəni X5 məxsus olması barədə arayış verilməsini istəyir. İdddiaçı öz tələbinin əsası kimi 10 iyun 1993-cü il tarixli müqaviləyə əsaslanmışdır ki, həmin müqavilənin həqiqiliyi mübahisə mövzusu deyildir. Belə ki, həmin müqavilə cavabdehin arxiv sənədləri arasında da mövcuddur. Cavabdehin imtinasının əsasları ilə bağlı qeyd edilməlidir ki, həmin torpaq sahəsinə dair əvvəllər hazırkı iş üzrə üçüncü şəxs müraciət etmiş və cavabdeh tərəfindən müraciətinə imtina cavabı verilmişdir. Üçüncü şəxs bununla bağlı məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6854/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-785/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6854/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bundan sonra üçüncü şəxs digər bir bağ sahəsi ilə bağlı məhkəmədə idia qaldırmış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 3444 saylı bağ sahəsinin mərhum atası X3 məxsus olması barədə arayışın iddiaçı X7 verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Ümumiyyətlə, iş materiallarına əlavə edilmiş üçüncü şəxsin digər məhkəmə mübahisələri üzrə qərarları ilə tanış olandan sonra məhkəmə belə bir nəticəyə gəlir ki, üçüncü şəxsin atasına bağ sahəsi ayrılsa da, o, həmin bağ sahəsinin dəqiq yerləşdiyi yeri tanımır. Bunun əksi olaraq, iddiaçı iddia etdiyi torpaq sahəsinin yerini bilir, göstərir və sahəyə dair qanunla müəyyən edilmiş hüquqmüəyynedici sənədi təqdim edir. Belə olan halda, torpaq sahəsinin hasarlanmaması, və ya naturada yerləşməsinin sxematik xəritəyə uyğun gəlməməsi iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya əsas ola bilməz. Belə ki, iddiaçı torpaq sahəsini hasara almaq məcburiyyətində deyil, sxematik xəritə isə torpaqayırmanı həyata keçirən orqan tərəfindən illər öncə həyata keçirilmiş və faktiki vəziyyətə uyğun olmaması iddiaçının məsuliyyəti kimi qəbul edilə bilməz. Hüquq sahibinin adının notariat ofisinin məktubunda “Məmməd Ağa”, xx.xx.1993-cü il tarixli, 16597 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanılmış müqavilədə “Məmmədağa” kimi qeyd edilməsi barədə cavabdehin dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, notariat ofisinin məktubundan gəlinən əsas nəticə odur ki, iddiaçı X4 vərəsəsidir. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş torpaq sahəsinə aid arxiv sənədlərinin bəzilərində hüquq sahibinin adı həmçinin “Məmməd Ağa” kimi qeyd edilmiş, iddiaçının şəxsiyyət vəsiqəsində isə ata adı “Məmmədağa” kimi göstərilmişdir. Yəni, görünür ki, yazılışından asılı olmayaraq söhbət eyni şəxsdən gedir. Cavabdeh isə bunun əksini sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 2280 kv.m olan, 948 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun X5 məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3584 saylı, sahəsi 0,2217 hektar olan torpaq sahəsinin mərhum X5 məxsusluğu barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-9652/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9652/2025
04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver