Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9668/2025 23.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi ilə, iddiaçının nümayəndə-vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 23 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında yuxarıda qeyd olunan qərarı qanunsuz olduğundan ləğv edilərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunması, təyin edilmiş pensiya məbləğinin bərpa edilməsi, yəni işləməyinə baxmayaraq, qazandığı əmək pensiyasının ona tam həcmdə (100%) ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin sonuncu ərizəsinə əsasən iddia tələbi “cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 14 mart 2025-ci il tarixli, 3-17-1/3-3- 5675/2025 nömrəli qərarının ləğv edilməsi və bununla bağlı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 9.5, 9.8, 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunaraq pensiyaya çxdıqdan sonra xx.xx.2019-cu il tarixdən 3 aprel 2025-ci il tarixədək olan dövr ərzində mülki şəxs kimi Respublika Hərbi Prokurorluğunun Maddi texniki təminat şöbəsinin mütəxəssisi (ixtisas dərəcəsi olan fəhlə) vəzifəsində işlədiyi müddətdə qulluq stajına görə əmək pensiyasına əlavələrin həmin dövr üçün tam ödənilməsi, pensiya məbləğinin 1263,15 manat olduğu halda, 2025-ci ilin mart və aprel aylarında qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 % həcmində ödənilməsi nəticəsində həmin aylar üzrə iddiaçıya ödənilməmiş cəmi 825,66 manatın, habelə həmin ilin aprel ayında ona ödənilməli olan, lakin razılığı olmadan əvəzləşdirilmiş 406,22 manatın, yəni ümumilikdə 1231,88 manatın ona ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuş və xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Komendantlığının komendant köməkçisi vəzifəsindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş və həmin tarixdən ona pensiya təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdən isə mülki şəxs kimi Respublika Hərbi Prokurorluğunun Maddi texniki təminat şöbəsinin mütəxəssisi (ixtisas dərəcəsi olan fəhlə) vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 5 mart 2025-ci il tarixli 3-17-1/2-A-54231/2025 №-li məktubu əsasında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala dəvət olunaraq “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququma yenidən baxılması haqqında inzibati icraatın başlandığı bildirilərək şifahi olaraq dinlənildi və 3- 17-1/2-A-54231/2025 №-li məktubda qeyd olunanlar, yəni indiyə kimi alınan pensiya məbləğinin azaldılacağı, qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faiz həcmində, onun sığorta hissəsinin tam ödəniləcəyini və son üç ildə artıq ödənilmiş məbləğin hər ay 10% olmaqla yeni pensiyamdan tutulacağı bildirilmişdir. Bundan başqa, elə həmin gün, yəni 14 mart 2025-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoruna təkrar ərizə ilə müraciət edərək iddiaçı barəsində inzibati araşdırma aparan əməkdaşlar tərəfindən bu məsələ ilə bağlı ona münasibətdə Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələblərinin kobud şəkildə pozulduğu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan 39.1-ci maddəsinin tələblərinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı olmadıqda məhkəmə qaydasında tutulduğunu bildirərək pensiyadan hər hansı məbləğin tutulması və pensiya məbləğinin azaldılması məsələsinin dayandırılması, müvafiq məhkəmə qərarından sonra zəruri tədbirlərin görülməsi xahiş olunsa da, bundan sonra, yəni 18 mart 2025-ci ildə ödənilən pensiya əsassız və qanunsuz olaraq azaldılmışdır. Bu hal isə, inzibati araşdırmanın formal olaraq aparıldığını, qəbul olunacaq qərarın əvvəldən hazır olduğunu, 14 mart 2025-ci il tarixdə olunan etirazın və təqdim olunan ərizələrdə qeyd olunanların araşdırılmadığı və onlara əhəmiyyət verilmədiyini göstərir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya verilməli olan pensiya məbləğinin yenidən hesablanma qaydası və ödənilməsi əsasları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələb və mahiyyətinə, habelə digər normativ aktlara uyğun olmadığından ləğv olunmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, ona Mərkəzi Filial tərəfindən 22 fevral 2019cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma zamanı İddiaçı xx.xx.2019-cu il tarixdən dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirdiyi aşkar olunmuşdur. Bununla əlaqədar, iddiaçıya vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraat başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 5 mart 2025-ci il tarixli 3-17-1/2-A-54231/2025 nömrəli məktub göndərilməklə 17 mart 2025ci il tarixədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 14 mart 2025-ci il tarixdə gəlmiş, ona pensiya ilə bağlı qanunvericiliyin tələbləri üzrə bütün məlumatlar ətraflı izah olunaraq tərtib edilmiş akt iddiaçı tərəfindən müvafiq qeydlər edilməklə imzalanmışdır. Bundan sonra, cari ilin mart ayında əmək pensiyası yenidən hesablanaraq pensiyanın (832,85 manat) sığorta hissəsi tam (178,12 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (832,85- 178,12=654,73x50%=327,37 manat) olmaqla ümumilikdə 505,49 (178,12+327,37) manat məbləğində (xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə 415,25 manat, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə 426,26 manat, xx.xx.2020xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə 493,75 manat, xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 502,56 manat) hesablanmışdır. Eyni zamanda, 01.01,2023cü il tarixdən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və müvafiq illər üzrə indeksləşdirilmələr nəzərə alınmaqla iddiaçının əmək pensiyası 766,66 manat məbləğində müəyyən olunmuşdur. Məlumat üçün bildirilir ki, Mərkəzi Filiala 3 mart 2025-ci il tarixdə daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən pensiya məbləği yenidən hesablanaraq 850,32 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, əmək pensiyasının yenidən hesablanması nəticəsində iddiaçıya ümumilikdə 26042,05 manat artıq pul vəsaiti ödənilmişdir. Mərkəzi Filialın 3 aprel 2025-ci il tarixli 3-17-1/2-A-71716/2025 nömrəli məktubu ilə iddiaçıdan həmin vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qədər qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. Eyni zamanda bildirilir ki, 3 aprel 2025-ci il tarixdən işdən azad olmağı ilə əlaqədar İddiaçı əmək pensiyası tam məbləğdə (1301,68 manat) bərpa edilmiş, həmçinin 4 aprel 2025-ci il tarixdən yenidən hesablanaraq ona ödənilməli olan 406,22 manat pul vəsaiti müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1,4-cü, 6.1.6-6.1,9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş 26042,05 manat vəsaitdən ona ödənilməli olan 406,22 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Əvəzləşdirmədən sonra qalan artıq ödəmə məbləği 25635,83 manat təşkil edir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirka edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən ƏPQ-nin 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 626,63 manat olaraq müəyyən edilmişdir. -Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2019-cu il tarixdə pensiya hüququ yaranmış iddiaçının pensiyası 626,63 manat, yenidən hesablanmış pensiya məbləği 697,87 manat təşkil etmişdir. Səbəb: 2-3% ilə əlaqədar pensiyanın yenidən hesablanması. -Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2019-cu il tarixdə pensiya hüququ yaranmış iddiaçının pensiyası 697,87 manat, yenidən hesablanmış pensiya məbləği 832,85 manat təşkil etmişdir. Səbəb: Vəzifə maaşının sonuncu artımı ilə əlaqədar pensiyanın yenidən hesablanması. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçıya 22 fevral 2019-cu il tarixindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə dair sənədlərin araşdırılması zamanı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda dövlət qulluqçusu kimi xx.xx.2019-cu il tarixdən işə başlamış və hazırda çalışdığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının pensiya hüququnun yenidən baxılması ilə əlaqədar inzibati icraatın aparılması məqsədilə iddiaçı dəvət olunmuşdur. -Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2025-ci il tarixli, 3-17-1/3- 3-5675/2025 nömrəli qərarına əsasən xx.xx.2019-cu il tarixdə pensiya hüququ yaranmış iddiaçının pensiyası 1263,15 manat, yenidən hesablanmış pensiya məbləği 850,32 manat təşkil etmişdir. Səbəb: 37.3.2-1 və dövlət qulluğunda işləməsi ilə əlaqədar. -Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2025-ci il tarixli, 3-17-1/3- 3-7869/2025 nömrəli qərarına əsasən xx.xx.2019-cu il tarixdə pensiya hüququ yaranmış iddiaçının pensiyası 850,32 manat, yenidən hesablanmış pensiya məbləği 1301,68 manat təşkil etmişdir. Səbəb: Dövlət qulluğunda işləməsinə xitam verilməsi ilə əlaqədar. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən etibarən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı illərdə iddiaçının pensiya məbləği yenidən hesablanmış, müvafiq artımlar baş verərək onun pensiya məbləği 1263,15 manata çatdırılmışdır. Lakin cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-5675/2025 nömrəli qərarı ilə iddiaçının pensiya məbləği yenidən hesablanmış və 850,32 manatadək azaldılmışdır. Qeyd olunmalıdır ki, baş vermiş bu azalmanın səbəbi olaraq cavabdeh zamanında iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edildiyi halda, onun Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda dövlət qulluqçusu kimi xx.xx.2019-cu il tarixdən əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən olunmuş, bu səbəbdən də pensiyası yenidən hesablanmışdır. İndiki halda iddiaçının dövlət qulluqçusu kimi fəaliyyətinə xitam verilsə də və əmək pensiyasının məbləği yenidən artırılsa da, faktiki olaraq cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə aparılmış hesablama pensiya məbləğinin azalması, həmçinin yenidən hesablanmış pensiya məbləğinə də təsir göstərmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli qərarın ləğv edilməsini və həmin qərarın yaratdığı hüquqi nəticələrin aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi cavabdeh özü tərəfindən adıçəkilən şəxsə xx.xx.2019-cu il tarixdə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 6 ildən sonra, yəni xx.xx.2025-ci il tarixdə yenidən hesablanma barədə qərar qəbul etmişdir. Halbuki, pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh bununla da vətəndaşın etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və onun qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan (★★★) görünür ki, hazırkı qərar məhz adıçəkilən qərarda nəzərdə tutulmuş mövqe də əsas götürülməklə qəbul edilir. Həmin qərarda qeyd olunmuşdur ki: “Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.” Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Məhkəmə, qəbul etdiyi qərarla mübahisələndirilən inzibati aktın ləğv olunmasını əsaslandırmaqla yanaşı, bu ləğvetmənin doğurduğu hüquqi nəticələrin də aradan qaldırıldığını vurğulayır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu maddənin tələblərindən irəli çıxıraq Məhkəmə qeyd edir ki, hazırki iddia ilə mübahisələndirilən inzibati aktın ləğvi özündə - bu akt qəbul etdiyi andan yaradan hüquqi nəticələri aradan qaldırır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 14 mart 2025-ci il tarixli, 3- 17-1/3-3-5675/2025 nömrəli qərarı ləğv edilsin. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 9.5, 9.8, 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunaraq pensiyaya çxdıqdan sonra xx.xx.2019-cu il tarixdən 3 aprel 2025-ci il tarixədək olan dövr ərzində mülki şəxs kimi Respublika Hərbi Prokurorluğunun Maddi texniki təminat şöbəsinin mütəxəssisi (ixtisas dərəcəsi olan fəhlə) vəzifəsində işlədiyi müddətdə qulluq stajına görə əmək pensiyasına əlavələrin həmin dövr üçün tam ödənilməsi, pensiya məbləğin 1263,15 manat olduğu halda, 2025-ci ilin mart və aprel aylarında qulluq stajına görə əmək pensiyasına əlavələrin 50% həcmində ödənilməsi nəticəsində həmin aylar üzrə ona ödənilməmiş cəmi 825,66 manatın, habelə həmin ilin aprel ayında ona ödənilməli olan, lakin razılığı olmadan əvəzləşdirilmiş 406,22 manatın, yəni ümumilikdə 1231,88 manatın İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-9668/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9668/2025
23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver