Məhkəmə qərarları › İş №e-2-1(112)-9711/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9711/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9711/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi, "torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə "torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 16 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1945 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci keçid, bina 11, mənzil 144-də yaşayan vət. İddiaçı 7-ci mikrorayon, 3126-cı məhəllədə əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv.metr torpaq sahəsi ayrılmışdır. Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin cizgi planı tərtib edilərək iddiaçıya təqdim edilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi su xəttinin mühafizə zonasında yerləşir. Yaranmış zərurətlə əlaqədar "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, qeyd olunan ərazidən "xxxx" ASC-yə məxsus diametri 1200 mm və diametri 1400 mm olan magistral su kəmərləri keçir. Bundan başqa, təqdim olunmuş yerləşmə cizgisi müvafiq icra hakimiyyəti orqanın möhürü ilə təsdiqlənməmiş və cizgidə müvafiq icra hakimiyyəti orqanının qərarına istinad olunmamışdır. Odur ki, yaranmış zərurətlə əlaqədar olaraq yerləşmə cizgisinin həqiqiliyinə münasibət bildirilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixli sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq daxil olmuş Binəqədi Rayon İcra Hakimiyyətinin 5- 10/2-630/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi ilə əlaqədar sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 1945 saylı,xx.xx.2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 7-ci mikrorayon 3126-cı məhəllədə ayrılmış 600 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının tərəfimzdən ünvanlanmış müraciət ərizəsinə cavab olaraq daxil edilmiş 5 oktyabr 2023-cü il tarixli, 3-48-2F/2-S-07079/20203 saylı cavab məktubuna əsasən, 1 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə əsasən bildirilir ki, vətəndaş İddiaçı barəsində Binəqədi rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 1945 saylı sərəncamı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin sərəncamın və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş ksero surətləri (03 (üç) vərəqdən ibarət) müvafiq orqana göndərilməsi əks olunmuşdur. Sözügedən mülkiyyət hüquqlarının qeydiyyata alınması hüququnun yaranması üçün əsas olmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 1945 saylı, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 821 saylı sərəncamı əsas götürərək, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə ev 11, mənzil 144-də yaşayan vətəndaş İddiaçı 7-ci mikrarayon 3126-cı məhəllədə əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılması qeyd olunmuşdur. "xxxx" QSC-nin İnfrastruktur departamentinə müvəkkili tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizə ilə bağlı qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, 3126-cı məhəllədə yerləşən fərdi yaşayış evi ilə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi yer dəmir yolunun Keşlə-Biləcəri mənzili 9 km pk 8-də yolun kilometr artımı istiqamətinin sol tərəfində təhkim zolağından kənarda yerləşir. xx.xx.2023-cü il tarixli 13-16/1-S-90xx-xx/2023 nömrəli müvəkkili tərəfindən ünvanlanmış müraciət ərizəsinə, Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli,13-16-07/01-8/1/2-S-90xx-xx/13084/2023 saylı cavab məktubuna əsasən, Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-yə məxsus diametri 1200 mm və diametri 1400 mm olan magistral su kəmərləri keçir. Sözügedən fakta münasibətdə, "xxxx" ASC tərəfindən də vurğulanmış bir xüsusatı qeyd edir ki, Azərbaycan Respublikasının “Su təchizatıvə tullantı suları haqqında” qanunun 70-ci maddəsinə əsasən, su təchizatıvə kanalizasiya sistemlərindən 5 (beş) metr məsafə saxlanılmaqla tikinti-quraşdırma işləri aparılmalıdır. Yəni sözügedən maddənin məzmunundan da aydın olur ki, qanunverici cəmi 5 metr məsafə üçün məhdudiyyət müəyyən etmişdir. 5 metr məsafəni “istinad etməklə” vətəndaşın qanuni mülkiyyət hüquqlarının pozulması üçün əsas ola bilməz. Belə ki, sözügedən ərazidə kifayət qədər fərdi yaşayış üçün əmlaklar mövcuddur. Bu isə özlüyündə onun konstitusion və inzibati bərabərlik hüququnun pozulması kimi hesab edilməlidir. İşin faktiki hallarından da göründüyü kimi, cavabdeh tərəfindən imtina üçün “əsas” olmuş bütün hallar, işin faktiki halları və digər inzibati orqanların sərəncam və cavab məktubları ilə təkzib edilir. Cavabdehin imtinası tamamilə əsassızdır və formal mülahizələrə əsaslanır. Bu səbəbdən də hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, 3126-cı məhəllə ünvanında yerləşən torpaq səhəsi üzrə hüquqlarının (mülkiyyət) daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması cavabdehə həvalə edilməsi zərurəti yaranmışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü 670 kv.m, yaşayış sahəsinin ölçüsü isə 6.2 kv.m artıqdır. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin bir hissəsi dəmiryolu xəttinin mühafizə zolağında yerləşir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə dair etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıya Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1945 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə 7-ci mikrorayon, 3126-cı məhəllədə əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv.metr torpaq sahəsi ayrılmışdır. Qeyd olunan sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biridir. Eyni zamanda torpaq sahəsinin cizgi planı tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Cavabdeh iddiaçıya torpaq sahəsinin ayrılmasını mübahisələndirmir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən aşağıdakı əsaslara istinad edir: 1) Təqdim olunmuş yerləşmə cizgisi müvafiq icra hakimiyyəti orqanın möhürü ilə təsdiqlənməmiş və cizgidə müvafiq icra hakimiyyəti orqanının qərarına istinad olunmamışdır; 2) Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi su xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan ərazidən "xxxx" ASC-yə məxsus diametri 1200 mm və diametri 1400 mm olan magistral su kəmərləri keçir; 3) Torpaq sahəsinin faktiki ölçüsü 670 kv.m, yaşayış sahəsinin ölçüsü isə 6.2 kv.m artıqdır. 4) Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin bir hissəsi dəmiryolu xəttinin mühafizə zolağında yerləşir. Məhkəmə cavabdehin imtinasını əsası kimi istinad etdiyi dəlilləri əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Cavabdehin imtinasının əsası kimi istinad edilən 1-ci halla bağlı məhkəmə qeyd edir ki, təqdim olunmuş yerləşmə cizgisinin müvafiq icra hakimiyyəti orqanın möhürü ilə təsdiqlənməməsi və cizgidə müvafiq icra hakimiyyəti orqanının qərarına istinad olunmaması iddiaçının məsuliyyət sferasına deyil və onun mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyil. Torpaq sahəsinin yerləşməsini müəyən etməyə imkan verən yerləşmə cizgisi texniki sənəd olmaqla torpaq ayıran qurum tərəfindən tərtib edilir və iddiaçı həmin sənədin tərtibatı zamanı yol verilmiş qüsurlara görə cavabdeh deyildir. Məhkəmə tərəfədindən Dövlət Arixinvə sorğu verilmiş və cavab olaraq məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, həmin yerləşmə cizgisi torpaq ayrılmasına dair Sərəncama əlavə edilmişdir. Digər tərəfdən torpaq sahəsini faktiki vəziyyətə uyğun qeydə almaq cavabdeh idarənin vəzifəsidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” qanunun 70-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya sistemlərindən 5 (beş) metr məsafə saxlanılmaqla tikinti-quraşdırma işləri aparılmalıdır. Normanın məzmunundan görünür ki, qanunverici cəmi 5 metr məsafə saxlamaqla tikinti quraşdırma işlərinin aparılmasını tənzimləyir. Hazırkı iddia tələbində isə iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə aınmasını tələb edir. Qeyd edilən norma torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına imtina üçün əsas deyildir. Bundan başqa məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024cü il tarixli məktubla təqdim edilmiş sənədlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X1 adına, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi X3 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə eyni faktiki və hüquqi əsaslara söykənən oxşar işlərdə mülkiyyət hüquqlarına dair çıxarışlar vermiş, nəticədə iddiaçıya münasibətdə bərabərlik və etimad prinsiplərinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Mübahisəli torpaq sahəsinə hüququn dövlət reyestrində qeydə alınarkən mövcud vəziyyətə uyğun olaraq hüquqmüəyyənedici və texniki sənədlərin tərtib edilməsi cavabdehin vəzifəsi olmaqla, göstərilən hal iddiaçının müraciətini təmin etməkdən imtina üçün əsas deyildir. Məhkəmə 3-cü halla bağlı qeyd edir ki, iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 1945 saylı,xx.xx.2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 7-ci mikrorayon 3126-cı məhəllədə ayrılmış 600 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Yəni iddiaçı faktiki istifadəsində olan 70 kv.metr artıq torpaq sahəsi ilə bağlı hər hansı bir tələbi mövcud deyildir. 4-cü halla bağlı məhkəmə qeyd edir ki, cavabdehin bu dəlili də əsassızdır. Çünki "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi yer dəmir yolunun Keşlə-Biləcəri 9 km pk-8də yolun kilometr artım istiqamətinin solı tərəfində təhkim zolağından kənara düşür. Göründüyü kimi cavabdehin imtinası formal mülahizələrə əsaslanmaqla, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından əsassız imtinaya yönəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir: Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 1945 saylı,xx.xx.2000-ci il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 7-ci mikrorayon 3126-cı məhəllədə ayrılmış 600 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar