Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9712/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağlar massivində yerləşən “477” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, İdarənin arxivində mövcud olan 477 saylı bağ sahəsinin icarəyə verilməsinə dair İddiaçı adına xx.xx.1996-cı il tarixli, 4914 nömrəli müqavilə (hər iki nüsxəsi) səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi arxiv cizgisindən kənarda, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin 07 may 1996-cı il tarixli 590 nömrəli qərarı ilə ona ayrılmış Vişnyovka-2 qəsəbəsində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 477 saylı bağ sahəsinin plan və ölçüsünün tərtib edilməsi və həmin bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət reyestrində qeydə alınaraq, bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 07 may 1996-cı il tarixli 590 nömrəli qərarı ilə Vişnyovka-2 qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 477 saylı bağ sahəsi onun icarəsinə verilmişdir. Vişnyovka-2 qəsəbəsində yerləşən 477 saylı bağ sahəsinin ilkin olaraq ərazisi 0,25 hektar olmaqla onun ərinə məxsus olmuş, uzun illər həmin bağ sahəsi onların istifadəsində olmuş, lakin Bakı şəhəri İcra Hakimiyyətinin 07 may 1996-cı il tarixli 590 nömrəli qərarı ilə həmin bağ sahəsi hər biri 0,12 hektar olmaqla iki hissəyə bölünmüş, ərinin adına olan bağ sahəsi 477a saylı bağ kimi, onun adına olan bağ sahəsi isə 477 saylı bağ kimi nömrələnmiş, həmin bağ sahəsinə dair onunla 29 may 1996-cı il tarixli 4914 saylı müqavilə bağlanmışdır. Həmin tarixdən bağ sahəsi onun istifadəsində olmuş, heç bir pretenziya olmadan o, həmin bağ sahəsindən istifadə etmişdir. Qeyd edilən bağa dair onda olan müqavilə itdiyinə görə o, həmin bağ sahəsinə dair müqavilənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin 07 fevral 2023-cü il tarixli məktubu ilə müqavilənin arxivdə olan nüsxəsində səlahiyyətli qurumun imza və möhürünün olmaması əsası ilə müqavilənin surətinin ona verilməsindən imtina edilmişdir. Cavabdehin həmin məktubundan da görünür ki, qeyd edilən bağ sahəsi ona Bakı şəhəri İcra Hakimiyyətinin 07 may 1996-cı il tarixli 590 nömrəli qərarı ilə ayrılmışdır. Yəni həmin bağın ona ayrılması barədə müvafiq icra hakimiyyətinin qərarı olduğuna görə, qərar əsas götürülərək qeyd edilən bağ sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ tanınmalıdır. Belə ki, qeyd edilən bağ sahəsi 50 ilə yaxın müddətdir ki, onun qanuni istifadəsindədir və həmin bağ sahəsi ona Bakı şəhəri İcra Hakimiyyətinin 07 may 1996-cı il tarixli 590 nömrəli qərarı ilə ayrılmışdır. Bundan əlavə, ona məxsus bağ sahəsi yaşayış zonasında yerləşir və həmin yaşayış zonasının elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik transformatorlarına sonradan elektrik xətti çəkilmişdir. Həmin xətt sonradan çəkilmiş, xətt çəkilərkən qeyd edilən bağ sahəsi onun istifadəsində olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Bağ sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1987-ci il tarixli 4914 saylı müqavilədən görünür ki, Vişnyovka-2 bağ massivində yerləşən 0,25 ha sahəsi olan 477 saylı bağ sahəsi X2 icarəsinə verilmiş, müqavilənin müddəti xx.xx.1990-ci il tarixədək müəyyən edilmişdir. - X10 tərəfindən Bakı şəhər bağlar təsərrüfatının inkişafı və istismarı birliyinə ünvanlanmış ərizədən görünür ki, o, Birliyə müraciət edərək göstərmişdir ki, 4914 nömrəli müqaviləyə əsasən Vişnyovka-2 qəsəbəsinin 477 nömrəli bağ sahəsinin sahibi X5 ilə birlikdə 20 ildən artıqdır ki, bağa qulluq edir, həmim hasarı da, evi də birlikdə köməkləşib tikmişlər. Buna görə də, o, 477 nömrəli bağın ev hissəsinin onun adına keçirilməsini xahiş etmişdir. - Bağ sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1989-cu il tarixli 26538 saylı müqavilədən görünür ki, Vişnyovka-2 bağ massivində yerləşən 0,12 ha sahəsi olan 477a saylı bağ sahəsi X6 icarəsinə verilmiş, müqavilənin müddəti xx.xx.1999-cu il tarixədək müəyyən edilmişdir. - Bağ sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1989-cu il tarixli 4914 saylı müqavilədən isə görünür ki, Vişnyovka-2 bağ massivində yerləşən 0,12 ha sahəsi olan 477 saylı bağ sahəsi X3 icarəsinə verilmiş, müqavilənin müddəti xx.xx.1999-cu il tarixədək müəyyən edilmişdir. -İddiaçı tərəfindən Bakı şəhər bağlar təsərrüfatı idarəsinə ünvanlanmış xx.xx.1996-cı il tarixli ərizədən görünür ki, o, İdarəyə müraciət edərək göstərmişdir ki, onun Vişnyovka-2 ünvanında 477 nömrəli evsiz bağı vardır. X1 adınadır. İddiaçı xahiş etmişdir ki, həmin bağ onun və ailə üzvlərinin yazılı razılığı ilə onun adına keçirilsin. - Bakı şəhər İcra Hakimiyyətinin “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” xx.xx.1996-cı il tarixli 590 saylı sərəncamından görünür ki, 2-ci Vişnyovkadakı 477 nömrəli bağın İddiaçı adına keçirilməsi qərara alınmışdır. - Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış 4914 saylı, 29 may 1996-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1996-cı il tarixli Sərəncamının 590 nömrəli protokolu əsasında Vişnyovka İİ qəsəbəsində 0,12 ha bağ sahəsi İddiaçı icarəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.2006-ci ilədək müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında Bakı şəhəri, Vişnyovka İİ bağ massivində yerləşən “477” saylı bağa baxış keçirilmiş, bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki 0,1278 ha (78 kv.metr artıq) olduğu müəyyən edilmişdir. Bağ sahəsi 477a saylı bağ ilə bir hasar daxilində yerləşir, ara sərhəd şərtidir. Bağ sahəsində İ – qaraj, İİ – hovuz, İİİ – kölgəlik, İV, V, Vİ – tövlə var. Bağ sahəsinin şərq tərəfindən yüksək gərginlikli elektrik xətti keçir – 6 kV. İddiaçı hazırda istifadəsindəki 477 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamını və icarə müqaviləsini təqdim etmişdir. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən:
1. İdarənin arxivində mövcud olan 477 saylı bağ sahəsinin icarəyə verilməsinə dair İddiaçı adına xx.xx.1996-cı il tarixli, 4914 nömrəli müqavilənin (hər iki nüsxəsi) səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməməsinə;
2. elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsinin arxiv cizgisindən kənarda, bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır və hesab edir ki, formal əsaslar olmaqla iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün əsas təşkil edə bilməz. Belə ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 477 saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna, yəni cavabdehə təhvil verilmiş müqavilə mövcud olmuşdur. Həmin müqavilənin səlahiyyətli şəxsin imza və möhürü ilə təsdiq edilməməsi isə iddiaçının məsuliyyət sferasına aid olan hal olmamışdır. Belə ki, iddiaçı istifadəsində olan 477 saylı bağ sahəsinin ona ayrılması üçün Bakı şəhər bağlar təsərrüfatı idarəsinə ərizə ilə müraciət etmiş, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 590 saylı sərəncamı ilə onun ərizəsi təmin edilərək 2-ci Vişnyovkadakı 477 nömrəli bağın iddiaçının adına keçirilməsi qərara alınmışdır . Qanunun 8.0.7-ci maddəsində bağ sahələrinə münasibətdə icarə müqaviləsi, sərəncam və orderin hər üçünün eyni anda deyil, bu sənədlərdən yalnız birinin təqdim edilməsi hüququn qeydə alınması üçün əsas kimi nəzərdə tutulmuşdur. İddiaçının ikinci dəlilinə gəldikdə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi arxiv cizgisinin bir hissəsinə uyğun gəlir. Sahənin bir hissəsi arxiv cizgisindən kənara düşür. Kənara düşən hissə cizgidə qeyd olunmayıb. Həmçinin sözügedən ərazi sxematik xəritəyə əsasən bağlararası yola düşür. Bundan əlavə torpaq sahəsinin 312 kv.m hissəsi elektrik xəttinin mühafizə zolağındadır. Torpaq sahəsi iddiaçının mülkiyyətində olan 477a saylı bağ evi ilə ümumi hasar daxilində yerləşir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarında sxematik xəritəyə və arxiv cizgisinə əsasən cizgidən kənara düşən sahənin bir hissəsi bağlararası yola, bir hissəsi isə “boşluq” kimi qeyd olunan sahəyə düşür. Həmin sahənin böyük hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. Lakin işə əlavə edilmiş ortofoto xəritəsindən çıxarışdan görünür ki, iddiaçının istifadəsində olan bağ sahəsinin bir tərəfi yol, üç tərəfi isə qonşu bağ sahəsi ilə əhatə olunmuşdur və həmin ərazidə bağlararası yol mövcud deyil. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən:
6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.
7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağlar massivində yerləşən 0,12 ha sahəsi olan “477” saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova