Məhkəmə qərarları › İş №e-2-1(112)-9713/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9713/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9713/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X3 və X15 “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3 və X15) “mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanı 203878 nömrəli, xx.xx.1983-cü il tarixli orderə, Xətai Rayon İcra Hakimiyyəti başçısının 21 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamdan çıxarışına, Razılıq ərizələrinə və Forma 2 arayışına əsasən xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. X3 iddiaçının keçmiş arvadı, X15 isə iddiaçının qızıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1374/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X4 qarşı nikahın xitam edilməsi tələbinə dair iddia təmin edilmiş, İddiaçı ilə X5 arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 606 nömrə ilə qeydə alınmış nikah pozulması, xx.xx.2014-cü il təvəllüdlü X15 boşanmadan sonra anası X2 yanında qalması, İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, alimentin tutulması müddəti xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixində qanuni qüvvəsini almış və xx.xx.2023-cü il tarixində tərəflər arasında olan nikah akt qeydinin pozulması üçün Xətai Rayon Qeydiyyat Şöbəsinə göndərilmiş, qətnamənin alimentə dair hissəsi isə dərhal icra edilməsi üçün xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 3 ünvanında xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.1988-ci il tarixdən, xx.xx.1982-ci il təvəllüdlü X3 xx.xx.2017-ci il tarixdən, xx.xx.2014-cü il təvəllüdlü X15 xx.xx.2019-cu il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 98 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İ.İsmayılov küçəsi 13 saylı evin 24 №-li mənzilində iddiaçı, X10 (anası), X11 (bacısı), X6 (bacısı), X7 (qardaş oğlu) qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “...“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər hansı birini təqdim etdiyiniz halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər”. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunun əsassız hesab edilməsi, ona məxsus mənzildə, yəni ünvan 4 ünvanında qeydiyyatda olan şəxslərin-X3 və X9 həmin mənzilə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. Keçmiş həyat yoldaşı X3 ilə aralarında olan ailə münasibətləri 2021-ci il tarixdən pozulmuş, sonuncu azyaşlı övladları X12 da özü ilə götürüb daimi yaşamaq üçün atası evinə köçmüşdür. Daha sonra Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarına xitam verilmiş, qətnamə qanuni qüvvəyə minmiş və onlar bir daha geri qayıtmamışlar. Cavabdeh 2021-ci il tarixdən uşağı ilə birlikdə onların evindən birdəfəlik çıxaraq öz valideynlərinin evinə köçmüşdür. Həmin vaxtdan ona məxsus mənzildə yaşamırlar. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və üçüncü şəxslər həmin mənzildə pasport qeydiyyatındadır. Üçüncü şəxslərdən Natəvan Məcnunova iddiaçının keçmiş arvadı, digər üçüncü şəxs isə iddiaçının uşağıdır. İddiaçı ilə üçüncü şəxs N.Məcnunova arasında olan nikah pozulmuşdur. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı ilə üçüncü şəxs N.Məcnunova arasında olan nikah pozulmuşdur. Üçüncü şəxsin həmin mənzildə faktiki olaraq yaşamaması və istifadə hüququnun olmaması işin mübahisələndirilməyən halıdır. Baxılan işdə tərəflər arasında olan nikah pozulduğundan üçüncü şəxs N.Məcnunova iddiaçının artıq ailə üzvü deyil. Məhkəmə vurğulayır ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Belə olan halda üçüncü şəxs N.Məcnunova iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdehin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Ona görə də, iddia tələbi üçüncü şəxslərdən N.Məcnunovanın mübahisəli mənzildən qeydiyyatdan çıxarılması hissədə əsaslı olmaqla təmin edilməlidir. Lakin digər üçüncü şəxsə, yəni iddiaçının uşağına dair hissədə məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Belə ki, üçüncü şəxs X15 iddiaçının ailə üzvü, yəni uşağıdır. Ona görə də, həmin şəxsə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması, yarandığı halda, itirilib-itirilməməsi və ya xitam verilməli olmasına dair məsələlər mülki mühakimə icraatının predmetidir. Məhkəmə üçüncü şəxsin anasının himayəsinə verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğuna qiymət verərək qeyd edir ki, bu hal üçüncü şəxslərin mübahisəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və ya xitamına səbəb olması məsələsi mülki mühakimə icraatı qaydasında araşdırılmalı olması təsir etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (müvafiq icra hakimiyyəti orqanlarının məlumatı, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı, eləcə də əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, üçüncü şəxslərdən X9 mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması məsələsi mülki mühakimə icraatında həllini tapdıqdan sonra iddiaçının hazırkı tələblə yenidən inzibati orqana müraciət etmək, təmin olunmadığı halda isə inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1983/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-70/2024 nömrəli, 2-1(102)-363/2023 nömrəli, 2-1(102)-2307/2023 nömrəli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının nəticə hissəsinin 2-ci bəndinə göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, üçüncü şəxsin qeydiyyatdan çıxarılması onun istifadə hüququna xitam verilməsi ilə ola bilər. Hazırkı mübahisə üzrə işin hallarından üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş olması halı müəyyən edilmir. Bundan əlavə Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan digər qərarında (2-1(102)-1934/2023 nömrəli,) qeyd edilmişdir ki, ... hazırkı işdə iddiaçı 3cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olubolmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər”. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1268/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qeydiyyatdan çıxarılması istənilən şəxsin istifadə hüququnun olub-olmaması ümumi məhkəmədə müəyyən edilməli, əgər istifadə hüququ olmadığı müəyyən edilməklə iddia rədd edilərsə və ya istifadə hüququ itirilərsə onda hazırkı növ iddia təmin edilir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2024/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2871/2023 nömrəli qərarları). Hazırkı işdə iddiaçı evdən qeydiyyatdan çıxarmaq istədiyi şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi və ya istifadə hüququndan məhrum edilmə ilə əlaqədar iddia ilə ümumi məhkəməyə müraciət etmədən inzibati orqana müraciət etmiş və aldığı imtinadan sonra isə inzibati məhkəməyə iddia vermişdir. Bu tip işlərdə nəticə iddianın rədd olunması ilə yekunlaşmalı olduğundan məhkəmələr iddianı rədd etmişlər” İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. X1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. X9 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi hissədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar