Məhkəmə qərarları › İş №e-2-1(112)-9715/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9715/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9715/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 22 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir (2 il, 8 gün). xx.xx.1983-xx.xx.1988-ci illərdə Azərbaycan mühəndis inşaat institutunda Tətbiqi geologiya ixtisası üzrə təhsil almışdır (4 il 10 ay 1 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1979-xx.xx.1980-ci illərdə “Azselstroy” trestində fəhlə işləmişdir (10 ay 7 gün). 6.09.1982-xx.xx.1983-cü illərdə SMU “Bərdəmeliovodostroy”da fəhlə işləmişdir (11 ay 24 gün). xx.xx.1984-xx.xx.1987-ci illərdə 26 Bakı komissarı adına MİK-4 usta kimi işləmişdir (2 il 1 ay 16 gün). xx.xx.1988-xx.xx.1991-ci illərdə Azərbaycanaerogeodeziya istehsalat birliyi SSRİ Nazirlər soveti yanında GKBİ “Azərbaycanaerogeodeziya” 321 saylı OKЭ-yə gənc mütəxəssislərin şəxsi sərəncamı ilə çöl işləri üzrə mühəndis işləmişdir (2 il, 4 ay, 26 gün). xx.xx.1991-xx.xx.2001-ci illərdə Lənbürosunun müdiri işləmişdir (10 il 10 ay) Azərbaycan Respublikası prezidentinin 28 dekabr 1991-ci il tarixli № 525 əmri ilə “Azərbaycanaerogeodeziya” İB Azərbaycan Respublikası Dövlət Geodeziya və xəritəçəkmə Komitəsinə çevrilmişdir. xx.xx.2002-xx.xx.2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Geodeziya və xəritəçəkmə Komitəsi X4 Geodeziya və Kartoqrafiya fondunun rəisi vəzifəsində işləmişdir (9 ay, 11 gün). xx.xx.2002-xx.xx.2003-cü illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xəritəçəkmə şöbəsinin rəisi işləmişdir (10 ay 23 gün). xx.xx.2003-xx.xx.2003-cü illərdə Topoqrafiya, Geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini-xəritəçəkmə sektorunun müdiri işləmişdir (2 ay). xx.xx.2003-xx.xx.2009-cu illərdə Topoqrafiya sektorunun müdiri, topoqrafiya geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini işləmişdir (5 il, 2 ay, 2 gün). xx.xx.2009-xx.xx.2015-ci illərdə Topoqrafiya, geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini- topogeodeziya sektorunun müdiri işləmişdir (6 il 10 ay 29 gün). xx.xx.2015-xx.xx.2015-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının Yerquruluşu, torpaqların monitorinqi və geodeziya şöbəsinin aparıcı məsləhətçisi işləmişdir (4 ay 25 gün). xx.xx.2015-xx.xx.2019-cu illərdə Yeni struktura uyğun olaraq X5 tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin aparıcı məsləhətçisi işləmişdir. (3 il 10 ay 21 gün). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 845 №-li Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti statusunda daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə Yeni struktura uyğun olaraq Xidmətin Aparatının Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin Torpaq münasibətləri, geodeziya və metodiki Təminat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş və hal hazırda orada işləyir. İddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 7 ay 10 gün (xx.xx.1984-xx.xx.1987-ci il və 1988-2001-ci il tarixləri arasındakı dövr ərzində 877 gün çöl işlərində işlədiyiniz dövr (3 il 5 ay 25 gün) dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbi, iddiaçının əsaslandırması və cavabdehin etirazları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2018-ci il tarixdən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 42 il təşkil edir. X1 əldə edilmiş bir sıra arxiv sənədlərindən də görünür ki, o, zərərli peşə sahəsində çöl işlərində fəaliyyət göstərmişdir. Keçmiş SSRİ Nazirlər Sovetinin nəzdində olan Baş Geodeziya və Kartoqrafıya İdarəsinin “Azərbaycanaerogeodeziya" İstehsalat Birliyinin 321 nömrəli X2 mart 1989-cu il tarixli, 28-K nömrəli, iyul 1989-cu il tarixli 69-K nömrəli, aprel 1990-cı il tarixli 24-K nömrəli, mart 1991-ci il tarixli 18-K nömrəli, istehsalat əmrində çöl işlərində işləyən işçi heyətinin siyahısında onun da adı qeyd olunmuşdur. xx.xx.1992-ci il tarixli 3-K nömrəli əmrlə X6 Büro rəhbəri təyin olunmuşdur. xx.xx.2001-ci il tarixədək həmin vəzifədə işləmişdir. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə ümumi iş stajı 15 il 04 ay təşkil edir ki, bunun da 13 il 02 ayı geodeziya-topoqrafiya mühəndisi ixtisasına aiddir. İşlədiyi dövr ərzində Azərbaycan Respublikasının Salyan, Biləsuvar, Cəlilabad, Göytəpə, Masallı, Yardımlı, Lənkəran, Liman, Lerik, Astara və digər rayonları ilə bərabər, Dağıstan MR-da “Sulak Hidro" Elektrik Stansiyasının, Astarxan-İlinkada, Kalmıkiya, Astarxan- Stavropol-Qamışburun 355 kilometrlik qaz kəmərinin çəkilişi ilə əlaqədar topoqrafiya və geodeziya mühəndisi kimi işləmişdir. Eyni zamanda Astarxan, Volqoqrad, Qurev vilayətlərində və Qazaxıstan SSR ərazisində topoqrafıya və geodeziya işlərinin aparılması ilə əlaqədar müxtəlif vaxtlarda işləmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci il tarixli 460 saylı Fərmanına əsasən Dövlət Geodeziya və Kartoqrafıya Komitəsi və Dövlət Torpaq Komitəsi ləğv edilərək onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2001-ci il tarixli 52 nömrəli əmri ilə Lənkəran Geodeziya Bürosu da ləğv edilmiş və Lənkəran Geodeziya Bürosuna aid maliyyə sənədləri, əməkdaşların şəxsi işləri və digər sənədlər saxlanılması üçün həmin dövrdə yaradılmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsinə təhvil verilmişdir. X4 və Bakı Kartoqrafiya Fabrikinin birləşmə yolu ilə yenidən təşkili ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 yanvar 2019-cu il tarixli 4/214-01-09 nömrəli müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 12 fevral 2019-cu il tarixli 29 nömrəli sərəncamı ilə “Geodeziya və Kartoqrafıya" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsini təsdiq etmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 1.3-cü bəndinin tələbinə görə, geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıya-geodeziya, geofizika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçiləri güzəştli yaşa görə pensiyaya çıxa bilərlər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasına çıxmağı ilə əlaqədar “Geodeziya və Kartoqrafıya" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək 1988-2001-ci illərə dair (çöl işlərinə görə) müvafiq arayış verilməsini xahiş etmişdir. Lakin həmin idarə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 281İ-029 nömrəli arayışda çöl iş stajı düzgün göstərilməmişdir. Bu səbəbdən də cavabdeh Filial tərəfindən 16 mart 2022-ci il tarixli **********9 saylı və 22 dekabr 2022-ci il tarixli **********0 saylı məktubları ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 25 gün (xx.xx.1984-xx.xx.1987-ci il tarixləri arasındakı dövr və 1988-2001-ci illər ərzində 877 gün (3 il 5 ay 25 gün) çöl işlərində işlədiyi dövr)) təşkil edir. İddiaçının 1992-ci il tarixdən 2001ci il tarixədək olan iş stajı onun ümumi iş stajı kimi qəbul edilərək sosial sığorta stajına əlavə edilmişdir. İşin mübahisəli tərəfi isə bu stajın yalnız 877 gününün çöl iş stajı kimi müəyyən edilərək güzəştli iş stajına əlavə edilməsi olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən ərizəçiyə verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən iddiaçının həmin müəssisədə çöl iş günlərinin 877 gün təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan güzəştli sosial sığorta stajı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh sonuncu dəfə iddiaçının müraciətini təmin etməkdən xx.xx.2022-ci il tarixli məktubla imtina etmiş, lakin iş materiallarından həmin məktubun iddiaçıya hansı vaxtda təqdim edilməsi barədə məlumat yoxdur. Ona görə də, iddia tələbi qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab edilir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1961-ci ildə doğulmuş, onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İddiaçının hərbi xidmət dövrü və təhsil illəri də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çoxdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının 1988- 2001-ci il tarixləri arasındakı dövr ərzində 877 gün çöl işlərində işləməsinə istinad edərək, onun 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1.3-cü yarımbəndində (Geologiya kəşfiyyat işləri (yerüstü)), ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər nəzərdə tutulmuşdur. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçı xx.xx.1988-xx.xx.1991-ci illərdə Azərbaycanaerogeodeziya istehsalat birliyi SSRİ Nazirlər soveti yanında GKBİ “Azərbaycanaerogeodeziya” 321 saylı X3 çöl işləri üzrə mühəndis, xx.xx.1991-xx.xx.2001-ci illərdə Lənbürosunun müdiri işləmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının çöl işləri üzrə mühəndis vəzifəsinin (Azərbaycanaerogeodeziya istehsalat birliyi) həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.3-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiyageodeziya, geofizika, hidroqrafiya. meşə quruluşu və axtarış işlərində çalışan işçilər) uyğun olduğu və iddiaçının tutduğu vəzifənin adının Lənkəran Geodeziya Bürosunun rəisi olsa da, əslində həmin vəzifədə çöl işləri üzrə ekspedisiyasının rəhbəri vəzifəsi üzrə öhdəliklər nəzərdə tutulduğu bildirilmişdir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya MMC-nin arayışında iddiaçının 1988-2001-ci illərdə cəmi 877 çöl iş günü olduğu qeyd edilir. Göründüyü kimi, iddiaçının xx.xx.1988-xx.xx.2001-ci illər ərzində işlədiyi çöl işləri üzrə mühəndis və Lənkəran Geodeziya Bürosunda rəis peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən peşələrə aid edilir. Burada məhkəmə xüsusi olaraq qeyd edir ki, adıçəkilən qərarda sözügedən məsələ ilə bağlı “saat” anlayışının tətbiq edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etməklə kifayətlənmiş və işçinin həmin fəaliyyət sahəsi üzrə məşğul olan şəxs kimi çalışdığı ümumi dövrü nəzərə alır. Həmin dövr də xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrü əhatə etməklə 13 il 02 ay 24 gün təşkil edir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş). Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1961-cı il təvəllüdlü olmaqla və 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Məhkəmə pensiyanın təyin edilmə və ödənilmə tarixi ilə bağlı qeyd edir ki, Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaranıb. Lakin iddiaçı ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ilkin müraciəti xx.xx.2022-ci il tarixdə olmuşdur. Ona görə də, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən pensiya ödənilməlidir. Məhz bu səbəbdən də iddiaçının iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar