Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9718/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi, 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Xətai RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RİH-nin qanunsuz fəaliyyəti nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədilə yaşayış evinin sökülməsinə görə 69.600 (altmış doqquz min altı yüz) manat, evdəki əşyalara dəymiş zərərə görə 13.945 (on üç min doqquz yüz qırx beş) manat, ümumilikdə 83.545 (səksən üç min beş yüz qırx beş) manat məbləğində maddi ziyanın, habelə 100.000 (bir yüz min) manat məbləğində mənəvi ziyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı və arvadı X2, 1992-ci ildən sonra müxtəlif məskunlaşma yerlərində yaşadıqdan sonra, 2009-cu ildən etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsi 33 ünvanında yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin həyətində qanuni qaydada 6000 AZN ödəyərək fərdi yaşayış evi tikiblər. Bu evin tikintisi üçün istifadə etdikləri bütün vəsait öz şəxsi vəsaitlərindən ibarət olmuşdur. Evin ümumi sahəsi 48 kvadratmetr yaşayış və 12 kvadratmetr köməkçi sahədən ibarətdir. Bu ev onlara məxsusdur və bu ünvanda rəsmi olaraq müvəqqəti məskunlaşdıqları 2009-cu ildən bu günə qədər yaşayırlar. 2009-cu ildən bu günə qədər onlar, həmin ünvanda yaşadıqca, məcburi köçkünlər üçün ödənilən müavinət məbləği ilə kommunal xidmətlər üçün müntəzəm olaraq ödəniş edirlər. Lakin 2017-ci ildə Xətai RİH və ya digər dövlət qurumları tərəfindən evlərinin ətrafında bəzi tikililər sökülmüş, elektrik, qaz və su xətləri qanunsuz şəkildə kəsilmişdir. Bu hərəkətlər nəticəsində evlərində ciddi çətinliklər yaranmışdır. Ərazidəki şəraitin pisləşməsi və səhhətlərində baş verən problemlər səbəbindən bir neçə dəfə övladlarlarının yanında müvəqqəti yaşamağa məcbur olmuşlar. Bu müraciətlərə baxmayaraq, heç bir alternativ yaşayış sahəsi və ya kompensasiya təklifi almadılar. 20 fevral 2025-ci ildə saat 11:44 radələrində, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 33 ünvanında, ona məxsus olan 27 nömrəli yaşayış evinə Xətai RİH başçısının müavini kimi təqdim olunan şəxs və bir qrup tanımadığı şəxslər qanunsuz müdaxilə ediblər. Bu şəxslər, bir qrup adam gətirərək, evlərinin damına çıxmış və ailəsini hədələyərək dərhal evi tərk etmələrini tələb etmişlər. Evin damına çıxan şəxslər, evilərinə traktorun kovşası ilə zərbə endirərək, evi tamamilə dağıtmışlar. Evlərindən heç bir əşya götürmədən, şəxsi əşyaları, dağıntılar altında qalmışdır. Bu hərəkət nəticəsində, evdə olan əşyalar, o cümlədən yataq dəstləri, xalçalar, televizor, soyuducu, noutbuk, printer və digər şəxsi əşyalar dağıdılmışdır. Hadisə ilə əlaqədar video və foto sübutlar mövcuddur. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gəlmişlər, lakin evilərinin tamamilə dağıdılmasına səbəb olan bu qanunsuzluğun qarşısını ala bilməmişlər. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Xətai RİH-nin xx.xx.2025-ci il tarixli, 5-11/2-1156/2025 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları) Cavabdeh Xətai RİH-nin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Bakı “Ağ Şəhər” layihəsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamına əsasən yaşayış və qeyri-yaşayış sahələrinin mövcud bazar qiyməti ilə dəyərlərini müəyyən edərək kompensasiyanın ödənilməsini təmin etmək üçün Xətai RİH-də komissiya yaradılmışdır. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Xətai RİH-də yaradılmış komissiya həmin ərazidə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya tərəfindən araşdırma zamanı ünvan 2 ünvanında yerləşən "xxxx" QSC-nin ərazisində vətəndaş X1 məxsus fərdi yaşayış evi aşkarlanmadığından kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının iddia tələbində qaldırdığı məsələnin hüquqi əsası olmadığından iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İPM-in 39.1-ci maddəsinə görə, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: AA seriyalı 196687 saylı “Məcburi köçkün” vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 1992-ci il tarixdən Laçın rayonundan məcburi köçkün düşmüşdür və məskunlaşdığı rayon Ağcabədi rayonudur. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-36-3/2- 2488/2025 saylı cavab məktubunda bildirilmişdir ki, komitədə olan məlumata əsasən məktubda qeyd edilən vətəndaş- İddiaçı faktiki olaraq ünvan 3 ünvanında məskunlaşmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətləri cavabdeh inzibati orqan tərəfindən cavablandırılmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ... Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. .... 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. ... Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: Maddə 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi. Maddə 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. ... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. ... Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. ... Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur MƏHKƏMƏNİN MÖVQEYİ İddiaçının hüquqi marağı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə yönəlmişdir. İlkin olaraq qeyd edilməlidir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmçinin qeyd edilməlidir ki, “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar). Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə aşağıdakıları qeyd edir: İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı Laçın rayonundan məcburi köçkün olmaqla, rəsmi məskunlaşdığı rayon ünvan 4 ünvanında yerləşən "xxxx" QSC-nin ərazisində inşa edilmiş tikili olmuşdur. Belə olan halda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən iddiaçının qeyd edilən əraziyə mülkiyyət hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” mövcud olmamışdır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından hazırkı növ iddialar üzrə ödənişin ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan ödənişin edilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Həmin müddəa, eləcə də maddi zərərin iddiaçının göstərdiyi məbləğdə ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun mövcud olmaması baxımından isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən məbləğdə zərərin əvəzinin ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmiş, iddiaçı maddi zərərin məbləğində kompensasiyanın ödənilməli olmasını AR İPM-nin 14-cü maddəsi baxımından sübutetmə yükü iddiaçının üzərində olsa da sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-798/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında isə kompensasiyanın ödənilməsinə dair iddia rədd edilərkən qeyd edilmişdir ki, iddia olunan məbləğin iddiaçılara məxsus əmlakın həqiqi dəyərini əks etdirdiyini yalnız ehtimal etmək olar. Lakin məhkəmə qərarı ehtimallara deyil, iddianın əsaslarını təsdiq edən, şübhədən kənar sübutlara əsaslanmalıdır. İddiaçıların iddia etdikləri məbləğin onlara məxsus əmlakın həqiqi dəyərini əks etdirdiyi iş üzrə müəyyən olunmur. Belə ki, yuxarıda qeyd edildiyi kimi maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Mənəvi zərərlə bağlı da yuxarıda adıçəkilən qanunvericilik müddəalarının tələbləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, həmin zərərin vurulduğu sübut edilməlidir ki, iş materiallarında cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində mənəvi zərərə uğramanı təsdiq edən mötəbər sübutlar aşkar edilməmişdir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-9718/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9718/2025
15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver