Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9722/2024 02.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, X12, X14) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən ona məxsus olan 1 otaqlı mənzildə qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü X8, onun övladları xx.xx.2000-ci il təvəllüdlü X15 və xx.xx.2001-ci il təvəllüdlü X9 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci il tarixdə ÖM 123221 №-li mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda yerləşən 1 otaqlı mənzili əldə etmişdir. Həmin mənzil iddiaçının mülkiyyətindədir və qeyd ediln mənzildə qeydiyyatdadır. Mülkiyyətçi olaraq onun razılığına əsasən mərhum qardaşı X4 həyat yoldaşı X8, onun övladları X15 və X14 ona məxsus olan ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzilə qeydiyyata alınmışlar. Həmin şəxslər qeyd edilən mənzildə heç vaxt yaşamamış və onların qeydiyyatı formal xarakter daşımışdır. Mərhum qardaşı X7 2001-ci ildə vəfat etdikdən sonra onun həyat yoldaşı X8, övladları X12 və X16 qardaşına məxsus olan ünvan 4 ünvanında yerləşən 4 otaqlı evdə qeydiyyatsız yaşamışlar, qeydiyyatları isə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilə olmuşdur. xx.xx.2008-ci il tarixdə ******* saylı vərəsəlik şəhadətnaməsinə əsasən qardaşının həyat yoldaşı X8, onun övladları X15 və X14 mərhum qardaşına məxsus olan ünvan 5 ünvanında yerləşən 4 otaqlı evdən vərəsəlik qaydasında əmlak payı almışlar və onun valideynləri də sağ olarkən həmin mənzil üçün özlərinə məxsus vərəsəlik paylarından Səbinə Əliyevanın anası Solmaz Musayevanın xeyrinə imtina etmişlər və həmin 4 otaqlı mənzil onların tam mülkiyyətinə verilmişdir. Son vaxtlara qədər cavabdehlər həmin mənzildə yaşayırdılar. Qeydiyyatda olanların həmin mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, onların əvəzinə kommunal xərcləri etməli olur. Bundan başqa, onların qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və digər hüquqlarını pozur. Həmin mənzili özgəninkiləşdirmək, onu bağışlamaq, girov qoymaq və digər hərəkətlət etmək istədikdə, onların razılığın alınması üçün əlavə çətinliklər yaradır. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini həll edir. Həmin şəxslərin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onun mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Dəfələrlə onlarla könüllü olaraq onun mənzilindən qeydiyyatdan çıxması barədə onlarla əlaqə yaratmağa çalışsa da, heç bir nəticəyə nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeydiyyatda olanların qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 2-Ə-14961/24 saylı imtina məktubuna əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarmaq üçün inzibati icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ******* №-li arayısa əsasən xx.xx.1978-ci il təvəllüdlü X8, xx.xx.2000-ci il təvəllüdlü X15 və xx.xx.2001-ci il təvəllüdlü X14 ona məxsus olan Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 15/9 a, mənzil 98 ünvanda yerləşən mənzildə qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən səxs yaşayış yeri üzrə qeydiyyatdan həmçinin məhkəmənin qüvvəyə minmiş qərarı əsasında çıxarıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Qeydiyyatda olan hər 3 şəxs isə heç vaxt ona məxsus olan mənzildə yaşamayıblar. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8, X12, X14 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-13-52/2-Ə-14961/24 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X8, X12, X9 ünvan 7 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etmək tövsiyə edilmişdir. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 69/6 saylı xx.xx.2002-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsində yerləşən 15/9 a saylı evin yaşayış sahəsi 15,92 kv. metr olan 1 otaqlı 98-ci mənzilin icarə müqaviləsi İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş ÖM seriyalı 123221 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 15/9a saylı evin 15,92 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 98 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1238 saylı reyestr kitabında 185884 səhifə qedydə alma nömrəsi 30/185884, xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. AN-İ seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Gürcüstan Respublikası Bolnisi rayonu Talaveri kəndində qeydiyyatda olanlar - atası - Əliyev Əhmədəli 1/5 hissə, anası - Əliyeva Yetər 1/5 hissə olmaqla miras əmlakdan pay almışlar . Əmlakın 5/3 hissəsinin digər vərəsələri arvadı- X8, qızı - X12, oğlu - X9 hər birinə 1/5 hissə olmaqla payları açıq saxlanılmışdır. Şəhadətnamə verilən miras əmlakı Bakı şəhəri Tİ və MHQİ-dən 14.02,1996-cı ildə verilmiş 85 saylı reyestr kitabında 12850 səhifə qeydə alma № 30/3900 olan qeydiyyat vəsiqəsinə əsasən miras qoyan şəxsə mənsub olmuş Bakı şəhəri, Q.Qarayev prospekti ev 61 mənzil 60-da yerləşən yaşayış sahəsi 76,03 kv.m. olan 4 otaqdan ibarət şəxsi mənzilin 2/5 hissəsi şəhadətnamə qeydiyyatdan keçməlidir. 57 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 584 saylı xx.xx.2008-ci il tarixli arayışa əsasən X7 həqiqətən Q.Qarayev küçəsi 61 saylı evin 60 saylı mənzilində yaşamışdır. Qeydiyyat vəsiqəsi adına olub, lakin qeydiyyata düşməyib, ölən günə kimi qeydiyyatsız yaşayıb. Qeydiyyatda heç kim yoxdur. Qonşuların aktına əsasən X5, X13, X8 və X1 61 saylı evin 60 saylı mənzil ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2008-ci il) Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.3628 ha torpaq sahəsində yerləşən 61 nömrəli, 9 mərtəbəli binada 76.03 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 60 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X4 3/5 hissə, Əliyev Əhmədəlinin 1/5 hissə, Əliyeva Yetərin 1/5 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 771 nömrəli reyestr kitabının 71994 nömrəli vərəqində Əliyev Əhmədəlinin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” təqdim edilmiş ******* saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8, X12, X14 ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-26824/2024 **********24 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsi 184 saylı fərdi yaşayış evinin bir hissəsi (9/60 hissə) Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2012-ci il tarixli 4Ə-02-580 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan digər şəxslərin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 3-52-13-7/1-239/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanı inzibati ərazi bölgüsünə əsasən Birliyin balansında deyildir. Adıgedən ünvan ünvan 9mmunal Təsərrüfatı Birliyinin 10 saylı Mənzil Kommunal İstismar Sahəsinə aiddir. Azərbaycan Respublikasııınnnın Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-17588/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, X8 xx.xx.2004-cü il tarixdən, X12 xx.xx.2014-cü il tarixdən, X14 xx.xx.2014-cü il tarixdən ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-27958/2024 **********58 saylı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, X8, X12, X9 ünvan 7 ünvanında istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən ünvana dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. 10 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 453 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən B.Nuriyev küçəsi 15/9a saylı evin 98 saylı mənzilində qeydiyyatdadır. X8, X12 və X14 həmin ünvanda qeydiyyatdadırlar, lakin orada yaşamırlar və harada yaşamaları məlum deyil. IV.Məhkəmənin mövqeyi Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçının ailə üzvləri deyillər, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin Qərarda göstərilmişdir ki şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli və X8, X12, X9 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X8, X12, X9 ünvan 11 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-9722/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9722/2024
02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver