Məhkəmə qərarları › İş №e-2-1(112)-9745/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9745/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9745/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “X2 Limited” şirkəti “torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər X4 İcraiyyə Komitəsinin 21 iyul 1989-cü il tarixli, 6/255 nömrəli qərarı ilə “Qum adası” X5 İdarəsi (DQİİ) və “Günəşli” yoldaşlıq-bağçılıq təsərrüfatına 3.3 ha torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 156 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum Adası” adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2000-ci il tarixli, 01-7/513 № li məktubunu nəzərə alaraq “Qum Adası” adına Neft və Qazçıxarma İdarəsinin kollektiv bağçılıq təsərrüfatının yaradılması üçün 10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış həmin torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma İdarəsi tərəfindən xx.xx.2001ci il tarixli, 11406 №li “İnşaat Pasportu” hazırlanmış və torpaq sahəsinin hüdudlarını müəyyən edən 01/94 nömrəli ayrıc aktı tərtib edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncamına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 251 saylı razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinə, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsi verilmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyətinin xx.xx.2005-ci il 02 saylı iclasında qəbul edilən qərarla İddiaçı (bundan sonra – iddiaçı) cəmiyyətə üzv qəbul edilmiş və ona Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamla Suraxanı rayonun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.metr sahəsi olan 33 saylı bağ sahəsi ayrılmışdır. İddiaçıya Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinin “Bağçının üzvlük kitabçası” verilmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin bağlar sahəsinin eskizindən çıxarış hazırlanmışdır. İddiaçı ona ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan əlavə, 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin arxivində “Qum adası” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi aşkar olunmamışdır”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini, iddiaçının Suraxanı rayonu, Zığ-Hövsan şossesinin yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən XVİİ küçədə yerləşən ona ayrılmış 400 kv.m sahəsi olan 33 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, hazırda qanuni əsaslarla sahiblik və istifadə etdiyi Suraxanı rayonu, Zığ-Hövsan şosesinin yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən XVİİ küçədə yerləşən ona ayrılmış 400 kv.m sahəsi olan 33 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun başqa qaydada daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata aldıra bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqanın məsələyə bu cür yanaşmasının hər-hansı bir hüquqi əsası yoxdur. Belə ki, məsələ cavabdehin əsaslandırdığı kimi deyil. Qeyd olunan bağ sahəsini qanuniəsaslarla əldə etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Əlavə olaraq qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 395 kv.m təşkil edir. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) iddiaya yazılı münasibətini (etiraz) təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, həmin koordinatlarda olan torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanuvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyətinin iclasının xx.xx.2005-ci il 02 saylı qərarı ilə iddiaçı bağçılığıa üzvə qəbul edilmiş və ona sahəsi 400 kv.m olan 33 saylı bağ sahəsi ayrılmışdır. İddiaçıya Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinin “Bağçının üzvlük kitabçası” verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyiyyata alınmasını xahiş edir. Cavabdeh elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsinin “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini, İdarənin arxivində “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxeminin aşkar olunmadığını və İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı torpaq sahəsinin faktiki ölçüsünün 395 kv.m təşkil etdiyini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi hallar, eyni zamanda üçüncü şəxsin etirazı əsassızdır. Belə ki, iddia tələbinin qanuni əsasını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələri təşkil edir. Həmin normalara görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edilmişdir. İddiaçı qeyd edilən sənədlərdən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı məhkəməyə təqdim edir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddia tələbinin rədd olunmasının xahiş edir: 1) Elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir; 2) İdarənin arxivində “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi aşkar olunmamışdır; 3) İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 395 kv.m təşkil edir; Üçüncü şəxs isə torpağın Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqlar olmasını əsas gətirərək iddia tələbinə etiraz edir. Məhkəmə cavabdehin 1-ci dəlili ilə bağlı qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-2201/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş qərar) ifadə edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, “...Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu halda tədqiq etməklə gəlməlidirlər. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənarda yerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır”. Baxılan işdən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Qum Adası” bağçılıq yoldaşlığa torpaq sahəsinin ayrılması dair iki sərəncamı mövcuddur; 1) xx.xx.2001-ci il tarixli, 156 saylı Sərəncamı ilə 10 ha torpaq sahəsi; 2) xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncamı ilə 7.0 ha torpaq sahəsi. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluğundan müəyyən edilir ki, xx.xx.2001-ci il tarixli, 156 saylı Sərəncamı ilə bağçılığa ayrılmış 10 ha torpaq sahəsinin ayrıc aktı mövcud olduğu halda, xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncam ilə ayrılmış 7.0 ha torpaq sahəsinin ayrıc aktı yoxdur. İddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçıya torpaq sahəsi, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 №-li Sərəncamı ilə “Qum Adası” bağçılıq yoldaşlığa ayrılmış 7.0 ha torpaq sahəsindən verilmişdir. Qeyd edilən torpaq sahəsinin ayrıc aktı isə arxiv qovluğunda yoxdur. Belə olan halda, ayrıc aktı olmadığı təqdirdə, iddiaçıya ayrılmış torpaq sahəsinin bağçılığın ayrıc aktından kənarda yerləşməsinə dair imtinası da əsassızdır. Torpaq sahəsinin ayrıc aktında kənarda olmasını müəyyən edilməsi üçün ilk növbədə ayrıc aktı olmalıdır ki, həmin torpaq sahəsinin ayrıc aktının daxilində, yaxud kənarda olub-olmaması müəyyən edilsin. Torpaq sahəsinin ARDNŞ-in istifadəsinə verilmiş ərazilərdə yerləşməsi ilə bağlı, eyni zamanda üçüncü şəxsin etirazı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İlk növbədə qeyd edilməlidir ki, torpaq sahələri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinin əməkdaşlarına ayrılmışdır. İddiaçıya ayrılmış torpaq (bağ) sahəsi məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsi tərəfindən ayrılmışdır. Yəni, iddiaçının bağçılıq üzvlüyünə qəbul edilməsi, ona torpaq sahəsinin ayrılmasını həyata keçirən aidiyyəti İdarə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan İdarə olmuşdur. Odur ki, torpaq sahəsinin ARDNŞ istifadəsinə verilmiş ərazilərdə yerləşməsi əsası ilə, tələbin təmin olunmasından imtina edilməsi əsassızdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1607/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...iş üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti əlavə bağ sahəsinin ayrılmasını təkzib etmir. Bununla belə, cavabdeh də daxil olmaqla adıçəkilən qurumlarda həmin bağçılığa aid sənədlər arxivdə aşkar olunmamışdır. Arxivdə aşkar olunan sənədlər isə natamamdır. Halbuki, sözügedən bağ sahələri məhz Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsindən onun tabeliyində olan müəssisənin işçilərinə bağçılıq məqsədilə əlavə olaraq ayrılmışdır. İddiaçı da Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisənin işçisi olmuşdur və bağ sahəsi də məhz ona verilmişdir. Qeyd edilən hüquqi mövqe kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə uyğundur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1416/2022 nömrəli, 2- 1(102)-2034/2022 nömrəli qərarları) 2007-ci il mayın 22-dək kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin - iddiaçıya Buzovna qəsəbəsində bağ sahəsinin ayrılması barədə H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və bağçılıq birliyi üzvlərinin iclas protokolundan çıxarışın mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır”. Məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair iddiaçının təqdim etdiyi sənədlər mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyəndici sənədlər hesab edilir və iddiaçı həmin torpaq sahəsinə müllkiyyət hüququnun dövlət reyestirinin qeydiyyatı üçün qanuni gözləntiyə sahibdir. “Önəryıldızın Türkiyəyə qarşı» işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları», «mülkiyyət» kimi qiymətləndirilə bilər «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edir ki, “1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa demokratik cəmiyyətin fundamental prinsiplərindən olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib edilməməsi məsələsi yalnız o, halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın”. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının mülkiyyət hüququna müdaxilə isə mütənasib olmalı, müdaxilənin mütənasibliyi sübuta yetirilməli, ARDNŞ həmin ərazidə neft və qaz hasilatı aparılması üçün iddiaçının mülkiyyət hüququna müdaxilənin zəruri olmasını əsaslandırmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, baxılan işdə iddiaçının gözlənilən mülkiyyət hüququ üçüncü şəxsin istifadə hüququndan üstündür. Əgər həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə xüsusi mülkiyyətində olan torpaq sahəsinə görə kompensasiyanın verilməsində isə fərq olacağından fiziki şəxs mülkiyyət hüququ üzrə qanuni gözləntisindən məhrum edilə bilməz Oxşar işlər üzrə (mülkiyyətə müdaxilə nəticəsində kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında eyni hüquqi mövqe sərgilənmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “... hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar”. Torpaq sahəsinin ARDNŞ istifadəsinə verilmiş ərazilərdə olmasının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas olmaması barədə hüquqi mövqe Azərbaycan Resublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(112)-1984/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli, 2-1(112)-2364/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1416/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qərarlarında və 2- 1(102)-1607/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında da ifadə edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq ARDNŞ təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsi hər hansı bir neftqaz boru kəmərinin, işlək və ya ləğv edilmiş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşmir. Cavabdehin 2-ci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, İdarənin arxivində bağçılığın üzvlərini siyahısının və bölgü sxeminin olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Cavabdeh İdarə tərəfindən torpaq sahəsinin yerləşməsini müəyyən edən koordinatlar, həmçini ortofoto görüntüsü təqdim edilmişdir. Bağçılığın arxiv qovluğunda bölgü sxemin olmaması, iddiaçının təqsiri deyil və mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas təşkil etmir. İddiaçı üzvlük kitabçasının, protokoldan çıxarış və torpaq sahəsinin yerləşməsini müəyyən edən cizgi məhkəməyə təqim etmişdir. Həmçinin məhkəmə icraatında olmuş digər analoji iş üzrə məhkəmə tərəfindən ARDNŞ soröu verilmiş və “Qum adası” bağçılığın üzvlərinin siyahısı məhkəməyə təqdim edilmişdir. Həmin siyahıda iddiaçının adı (81-ci sırada) vardır. Ona görə də, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərlilyi şübhə doğurmur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Torpaq sahəsinin faktiki ölçüləri 395 kv.metr olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, torpaq sahəsinin faktiki vəziyyətinə uyğun hüququn qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin olunsun. Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin yaxınlığında XVİİ küçədə yerləşən 395 kv.m sahəsi olan 33 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar