Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9747/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ev 4, mənzil 6 üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2012-ci il tarixli, 308 saylı sərəncamı ilə ünvan 1 №-li 2 mərtəbəli evin, 2-ci mərtəbəsində 27/6 metr yaşayış sahəsi olan 2 otaqlı 6 № mənzil iddiaçının mərhum atası X3 verilmişdir. 25 avqust 2019-cu il tarixdə atası rəhmətə getmişdir. Bakı şəhəri 33 saylı notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ev 4, m 6-ya dair vərəsə kimi İddiaçı tanınmışdır. Həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün 18 mart 2025-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin həmin tarixdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq bu günə qədər müraciətinə cavab verilməmişdir. Cavabdehin hərəkətsizliyi qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd olunanlar ilə bağlı İdarəyə ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmiş və ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. Bununla əlaqədar qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 308 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusu əsasında 15 may 2025-ci il tarixli məktubu ilə Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının 28 dekabr 2012-ci il tarixli, 308 nömrəli Sərəncamından təsdiq edilmiş arxiv çıxarışı və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının 28 dekabr 2012-ci il tarixli, 308 nömrəli Sərəncamından görünür ki, həmin sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz X6 İttifaqı Respublika Komitəsinin birgə iclasının aşağıda “adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri və mənzil növbəsindən çıxarıldıqları barədə” 06 dekabr, 11 noyabr 2010-cu il tarixli, 12 yanvar, 27 dekabr 2011-ci il, 14 may, 03 iyul və 17 sentyabr 2012-ci il tarixli, 10, 2, 6, 3 və 9 saylı protokol qərarlarının təsdiq edilməsi, iddiaçının atası X3 3 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, oğlu) ünvan 1 ünvanda yerləşən evin, giriş 1, mərtəbə 2, yaşayış sahəsi 27,6 kv.metr olan 2 otaqlı, 6 saylı mənzilinin ayrılması və mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) məhkəmə sorğusuna 13 iyun 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, X4 5 avqust 1986-cı il tarixdən ümumi əsaslarla mənzil uçotuna götürülmüşdür. SOCAR rəhbərliyi və Azərbaycan Neft və X10 Həmkarlar İttifaqının Respublikası Komitəsinin (ANQSİHİRK) xx.xx.2012-ci il tarixli, 6 nömrəli Protokoluna əsasən, İ.Atakişiyev 3 nəfər ailə tərkibi ilə (özü, arvadı X5, oğlu İddiaçı) xx.xx.1986-cı il tarixdə mənzil uçotuna götürülmüş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 4-də yaşayış sahəsi 27,6 kv.m olan 2 otaqlı 6 saylı mənzillə təmin olunmuşdur. Mənzilə hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğu qanunvericiliyin tələblərinə uyğun olaraq Səbail rayon İcra Hakimiyyətinə göndərilmiş və sənədlər hazırda icra hakimiyyəti orqanında olduğu üçün həmin quruma müraciət edilməsi bildirilmişdir. Həmin məktubla SOCAR-ın rəhbərliyinin, Azərbaycan Neft Qaz X6 İttifaqı Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli 6 nömrəli Protokolunun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. AZ-İİ seriyalı, 025560 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 25 avqust 2019-cu il tarixdə ölmüşdür. ünvan 2 ünvanladığı 17 saylı, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri 33 saylı notariat ofisinə xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 4, mənzil 6-ya dair vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair mərhum X2 adına arayış verilməsinə etiraz edilməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.11.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1). Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər (5). Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz (8). Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli 6 nömrəli Protokolundan çıxarışdan, habelə SOCAR-ın məhkəmə sorğusuna cavab məktubundan görünür ki, X4 3 nəfər ailə tərkibi ilə (özü, arvadı X5, oğlu İddiaçı) xx.xx.1986-cı il tarixdə mənzil uçotuna götürülmüşdür. Bu isə o deməkdir ki, X2 və onun ailə üzvlərinin sözügedən mənzilə hüquqları elə həmin tarixdən yaranaraq, Səbail rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2012-ci il tarixli, 308 nömrəli sərəncamı ilə rəsmiləşdirilmişdir. Həmin sənədin mötəbərliyi isə cavabdeh tərəfindən mübahisələndirilmir. Göründüyü kimi, X2 mənzilə dair hüququ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) yaranmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericilikdə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının mənzil üzərində mülkiyyət hüququnun yaranma əsası kimi qeyd edilməsinə baxmayaraq hazırkı mübahisənin mahiyyəti araşdırılarkən X3 mənzilin hansı məqsədlə ayrıldığı müəyyən edilməlidir. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi mənzil Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmaqla, həmin qurumun əməkdaşı kimi X3, yəni iddiaçının atasına ayrılmışdır. Bundan sonra isə mənzilin balanssaxlayıcı kimi Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti müəyyən edilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti həmin mənzilin iddiaçının atasına ayrılmasını təsdiq etmişdir. Yəni, həmin mənzil xüsusi təyinatlı mənzil kimi, xidməti formada və yaxud sosial kirayə müqaviləsinə əsasən iddiaçının atasına ayrılmamışdır. Həmin mənzilin ayrılmasında məqsəd X2 mənzillə təmin edilməsi, dolayısı ilə mənzilin onun və ailəsinin mülkiyyətinə verilməsi olmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır (146.1). Yuxarıda sadalanmış sənədlərdən görünür ki, X2 dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə dair istifadə hüququ 2009-cu il 01 yanvar tarixinədək yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 2019-cu il tarixdə vəfat etmişdir, iddiaçı onun yeganə vərəsəsidir və uzun müddətdir ki mənzildə yaşayır və kommunal xidmətlərdən istifadə edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq hazırda mənzilin adına özəlləşdirilməsi üçün ailə üzvü olaraq iddiaçı müraciət etmişdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. İddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi bildirilmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ev 4, mənzil 6 üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 4, mənzil 6 üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-9747/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9747/2025
04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver