Məhkəmə qərarları › İş №e-2-1(112)-9807/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9807/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9807/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, iddiaçının cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin olunması, ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsi və yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən, xx.xx.2023-cü il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizəyə təqdim edərək iddia tələbində “birdəfəlik” ödənilmə hissəsinin nəzərə alınmaması xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2021ci il tarixə kimi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə əmək fəaliyyəti göstərmiş, xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üşün cavabdehə müraciət etmişdir. Lakin ona yaşa görə əmək pensiyası yox, yaşa görə müavinət təyin edilmişdir. Ona göndərilən 03 avqust 2023-cü il tarixli məktubda səbəb kimi pensiya kapitalının yığım hissəsində minimum pensiya kapitalından az məbləğ olması və sığorta stajının 25 (iyirmi beş) ildən az olması göstərilmişdir. Bu zaman onun xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Avtobazasında işləməyinin (əmək kitabçasında işdənçıxma zamanı vurulan möhürdə qeydlər latın qrafikalı əlifba ilə qeyd olunsa da, yazılar rus dilində yazılıb) nəzərə alınmalı olmamaması qeyd edilmişdir. İddiaçı bildirir ki, əmək kitabçası eyni təşkilatda xx.xx.1993-cü il tarixdən, xx.xx.1996-cı il tarixə kimi olan dövr eyni cür doldurulmuş və eyni möhürlə təsdiq olunmuş olsa da həmin dövrü sığorta stajı kimi qəbul etmişlər, lakin xx.xx.1996-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan sığorta stajını qəbul etmirlər. Cavabdeh 02 aprel 2024-cü il tarixli məktubda iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixinədək X1 və xx.xx.1996-cı tarixindən xx.xx.2000-ci il tarixinədək Səhiyyə Nazirliyinin Avtobazasında olan əmək fəaliyyəti dövrlərini də şübhəli hesab edərək əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı bildirir ki, o, X1 xx.xx.1986-cı ildən xx.xx.1996-cı ilə kimi yox, xx.xx.1993-cü ilə kimi işləmiş, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi isə Səhiyyə Nazirliyinin avtobazasında işləmişdir. Ola bilər ki, pensiya kapitalının yığım hissəsində obyektiv səbəblərdən əmək pensiyası təyin edilməsi üçün lazım olan minimum pensiya kapitalından az məbləğ toplansın, lakin 25 il sığorta stajının tamam olmaması ilə bağlı cavadehin qənaətini bölüşmür və cavabdehin müxtəlif bəhanələr gətirərək ona əmək pensiyası təyin etməkdən imtina etməsini, müxtəlif bəhanələrlə yayınmasını (hərəkətsizliyini) qanunsuz hesab edir. Belə ki, o, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 illik sığorta stajına malikdir və bu faktı əmək kitabçası təsdiq edir. Odur ki, iddiaçı hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin olunması və əmək pensiyası hüququnun yarandığı gündən- xx.xx.2023-cü il tarixdən ödənilməmiş əmək pensiyası məbləğinin ona ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin iddiaya münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023 tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və aşağıdakı məzmunda cavab verilmişdir: “Təqdim etdiyiniz əmək kitabçanızın və digər sənədlərin surətlərinə, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət) 21 il 7 ay təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 7 ay sığorta stajınıza uyğun olaraq 18137,30 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 1710,08 manat olmaqla, ümumilikdə 19847,38 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1996-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydasi pozulduğu üçün (işdənçixma zamani vurulan möhürdə qeydlər latin qrafikali əlifba ilə qeyd olunsa da, yazilar rus dilində yazilib) sözügedən dövrlərin siğorta stajiniza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayib. Eyni zamanda bildiririk ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər.” -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.1979-cu il tarixdən doldurulmağa başlamış ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Füzüli rayon “Kommunizm” üzümçülük sovxozunda fəhlə işinə qəbul edilmiş, xx.xx.1976-cı ildə hərbi xidmətə göndərildiyinə görə işdən azad edilmiş, xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən xx.xx.1986-cı il tarixədək “Kommunizm” üzümçülük sovxozunda fəhlə, sürücü, xx.xx.1986-cı ildən xx.xx.1993-cü il tarixədək X2 çilingər, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Səhiyyə Nazirliyinin Avtobazasinda müxtəlif işlərdə, xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də qəlibçi, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək f/ş M.Nəbiyevə məxsus (VÖEN **********) işdə qəlibçi işində işləmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçı hüququ yarandığı xx.xx.2023-cü il tarixdən (65 yaş) yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiya təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) və pensiya kapitalı tələb olunan həddən (40320 manat) azdır. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaçıya 21 il, 7 ay əmək stajı hesablamış və onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Səhiyyə Nazirliyinin Avtobazasında olan əmək fəaliyyəti dövrünü nəzərə almamışdır. Cavabdeh bu qənaətini əmək kitabçasının doldurulması qaydalarının pozulması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin imtinasının qanunazidd olduğunu hesab edir və gəldiyi nəticə ilə bağlı aşağıdakıları bildirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2023 - 30 iyun 2024-cü illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və qanunla tələb olunan pensiya kapitalının toplamaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İş materiallarından da iddiaçının xx.xx.2023-cü il tarixdə qanunla tələb olunan pensiya yaşına çatdığı görünür. Həmçinin iddiaçı fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığını qəbul edir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Bununla əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarinin təyin edilməsi, hesablanmasi, yenidən hesablanmasi, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Göstərilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı xx.xx.2023-cü il tarixə tələb olunan 25 ildən də artıq ümumi iş stajını toplamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh iddiaçının mübahisəli dövrdə işlədiyi müəssisənin mövcudluğu ilə bağlı mübahisə açmamışdır. Belə ki, cavabdeh iddiaçının eyni müəssisədə işlədiyi xx.xx.1993cü ildən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrünü staja daxil etdiyi halda, xx.xx.1996-cı ildən xx.xx.2000-ci il tarixədək iş dövrünü nəzərə almamışdır. Halbuki, nəzərə alınmalıdır ki, iddiaçının mübahisəli dövrdə AR Səhiyyə Nazirliyinin Avtobazasında işlədiyi barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqləmişdir. Məhkəmə cavabdehin imtina dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Bu mənada məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı tutarlı dəlil təqdim edilmədiyi qənətinə gələrək iddiaçının əmək kitabçasındakı qeydləri mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, mübahisəli dövr iddiaçının ümumi əmək stajına daxil edilməlidir. Beləliklə, iddiaçının əmək kitabçasında qeydiyyat aparılmış xx.xx.1996-xx.xx.2000ci illər üzrə nəzərə alınmayan 3 il, 8 ay, 23 gün və cavabdeh tərəfindən mübahisələndirilməyən 21 il 7 sosial sığorta stajına daxil edildikdə iddiaçıya qanunla tələb olunan 25 ildən artıq sığorta stajı yığmağa kifayət edir (21 il 7 ay + 3 il 8 ay 23 gün= 25 il 3 ay, 23 gün). Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı 65 yaşının tamam olduğu 15 iyul 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi:

İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 15 iyul 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar