Məhkəmə qərarları › İş №e-2-1(112)-9812/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9812/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9812/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, üçüncü şəxs X4, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X10 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 26/32 saylı evin 21 nömrəli mənzili, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 saylı evin 71 nömrəli mənzili və Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 100a saylı evin 42 nömrəli mənzillərinə dair X1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X6 ilə atası X15 xx.xx.1992-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. 1992-ci ilin dekabr ayından Rusiya Federasiyasının Moskva şəhərinə köçmüş və 2007-ci ilədək orada yaşamışdırlar. 1999-cu il Moskvada ev növbəsi ilə əlaqədar əlavə mənzil sahəsi almaq üçün valideynlərinin rəsmi nikahlarının ləğv olunması məsləhət görülmüş və bu səbəblə xx.xx.1999-cu il tarixdə Moskva VVAQ-ın Dmitrovski qeydiyyat şöbəsində nikahları formal olaraq pozulmuşdur. Buna baxmayaraq, daim ailə münasibətlərində olmuşdurlar. Hətta bu zaman ərzində qardaşı xx.xx.2002-ci il təvəllüdlü X17 dünyaya gəlmişdir. Daşınmaz əmlakla bağlı əqdlərin bağlanması və hüquqların dövlət qeydiyyatı üzrə Moskva şəhər komitəsindən xx.xx.2000-ci ildə 77-01/13- 196/2000-1661.2-2 nömrə üzrə aparılmış qeydiyyata əsasən Moskva şəhəri, Klyazminskaya küçəsi, bina 11, korpus 2, mənzil 114 ünvanının 1/3 hissəsinə dair anamın adıma, Daşınmaz əmlakla bağlı əqdlərin bağlanması və hüquqların dövlət qeydiyyatı üzrə Moskva şəhər komitəsindən xx.xx.2000-ci ildə 77- 01/13-196/2000-1661.2-1 nömrə üzrə aparılmış qeydiyyata əsasən Moskva şəhəri, Klyazminskaya küçəsi, bina 11, korpus 2, mənzil 114 ünvanının 1/3 hissəsinə dair X11 adına, Daşınaz əmlakla bağlı əqdlərin bağlanması və hüquqların dövlət qeydiyyatı üzrə Moskva şəhər komitəsindən xx.xx.2000ci ildə 77-01/13-196/2000-1661.2-3 nömrə üzrə aparılmış qeydiyyata əsasən Moskva şəhəri, Klyazminskaya küçəsi, bina 11, korpus 2, mənzil 114 ünvanının 1/3 hissəsinə dair onun adına mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Həmin mənzillər tərəflərindən 2007ci ildə təqribən həmin vaxta olan məzənnə ilə 208.000 ABŞ dollarına satılmışdır. Bundan sonra Bakı şəhərinə köçərək qarşılıqlı razılaşmaya əsasən mərhum atası Qalib Əsədullayevin adına Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 26/32 saylı evin 21 nömrəli mənzilini, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 saylı evin 71 nömrəli mənzilini, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 100a saylı evin 42 nömrəli mənzilini almışdırlar. Mənzillər Qalib Əsədullayevin adına rəsmiləşdirilmiş və onun adına dövlət reyestrindən çıxarışlar verilmişdir. xx.xx.2013-cü ildə Qalib Əsədullayev qəflətən ölmüş və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən formal olsa da anası rəsmi boşandığı üçün miras əmlakda payçı ola bilməmiş, onların isə payları alınmışdır. Həmin əmlaklar uzun illər ailəsinin istifadəsində və sahibliyində olmuşdur. Eyni zamanda həmin dövr ərzində mənzilləri dəfələrlə təmir edərək hazırkı gündə dəyərinin artmasına səbəb olmağını nəzərə alaraq həmin kütlədən onun miras payı ayrılmalı və ona qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, X10 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bundan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı işdə iştirak edən şəxsin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və cavabdehin nümayəndəsi gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmiş, iddiaçı ərizə təqdim edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırkı iddia tələbi ilə iddiaçı mübahisə predmeti mənzillərə dair X1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələb edir. İş materialları ilə müəyyən edilir ki, eyni cavabdehə qarşı eyni tələblə bağlı X6, yəni hazırkı iddiaçının anası tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 6871/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddia ərizəsindəki bəzi ifadələrin iddiaçı ilə uyğunsuzluğundan da aydın olur ki, iddiaçı anasının daha əvvəl verdiyi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçının anasının hüquqlarının müdafiəsi üçün öz adından iddia irəli sürməyə dair subyektiv hüququ yoxdur. X1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinin şəxsi olaraq onun hansı pozulmuş hüquqlarının bərpa edilməsinə əsas olacağı iddia ərizəsində əsaslandırılmamışdır. İddia ərizəsi ilə müəyyən edilir ki, iddiaçı atasının ölümündən sonra vərəsəlik qaydasında bölünmüş daşınmaz əmlaklar mübahisələndirilir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin valideyni birinci növbədə vərəsə hesab olunur. X7 iddiaçının atasının valideyni olmaqla onun miras əmlakda payı müəyyən edilmişdir. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2013-cü il tarixli, 2(004)-6606/2013 nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsi, ev 26/32, 21 nömrəli mənzilə, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, ev 73, 71 saylı mənzilə və Bakı şəhəri, Yasamal rayonu, Şalıbazi küçəsi, ev 100 a, 42 nömrəli mənzilə dair X2 1/2 hisədə mülkiyyət hüququ tanınmış, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-350/2015 nömrəli Qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6606/2013 saylı iş üzrə 18 oktyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icrada dönüş edilməsi barədə ərizəyə dair xx.xx.2018-ci il tarixli, 2(103)-350/2015 nömrəli Qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6006/2013 saylı iş üzrə 18 oktyabr 2013-cü il tarixli qətnaməsinin icrasında dönüş edilmiş və ünvan 1 ünvanında yerləşən 21 saylı; Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2anında yerləşən 71 saylı və ünvan 3 yerləşən 42 saylı mənzillərə dair həmin qətnamənin icrası qaydasında edilmiş qeydlər ləğv edilməklə qətnamənin icrasına qədərki qeydlər bərpa edilmişdir. Mübahisələndirilən mənzillərə dair mülkiyyət hüququ ilkin olaraq X3 (2/6 hissə), X8 (1/6 hissə) və X12 (1/6 hissə) adına qeydiyyata alınmış, X9 öldükdən sonra isə X4 (2/6 hissə), X8 (1/6 hissə) və X12 (1/6 hissə) adına qeydiyyata alınmışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər.) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı özünün miras əmlak barədə payının müəyyən edildiyini bildirsə də, X1 payının (adına aparılmış dövlət qeydinin) kimin xeyrinə və niyə mübahisələndirməsi barədə hüquqi marağını aydın ifadə etməmişdir. Lakin hər bir halda, yuxarıda qeyd edilənlərdən aydın olur ki, daşınmaz əmlaka dair dövlət reyestrində qeydiyyatın aparılması mülki məhkəmə icraatının predmeti olmuş məsələlər əsasında həyata keçirilmiş və hazırda iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları başqa məhkəmə prosesində mübahisələndirməsi prosessual tələbləri pozmuş olur. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İPM-in 35.1-ci müddəasının mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X10 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar