Məhkəmə qərarları › İş №e-2-1(112)-9840/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9840/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9840/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə miras qoyan X4 hüquqlarının keçmiş Bakı şəhəri Oktyabr rayonu ZDS İK-nin (indiki Yasamal RİH) xx.xx.1975-ci il tarixli qərarı ilə hazırkı ünvan 1 ünvanında 3 nəfərdən ibarət ailə tərkibində (iki qardaşı) verilmiş yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrində sağlığında qeydiyyata alınmadığından miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş arayışın (forma 37) verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndə-vəkilinin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Oktyabr rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 6 nömrəli qərarındakı ölçülərə uyğun olaraq ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum bacısı X2 Oktyabr rayonu ZDS İK-nin (indiki Yasamal RİH) xx.xx.1975-ci il tarixli qərarı ilə hazırkı ünvan 3 ünvanında 3 nəfərdən ibarət ailə tərkibində (iki qardaşı- İddiaçı və mərhum qardaşı X11) daimi yaşamaq üçün mənzil verilmişdir.X13 və Nazim Baxşıyev vəfat etdikləri günə qədər həmin ünvanda yaşamışlar. Onların heç biri ailə qurmamışdır. Ata və anaları da vəfat etmişlər. Hazırda ailədən sağ qalan yeganə şəxs İddiaçıdir, və o, həmin mənzildə daimi qeydiyyatdır. Yaşadığı mənzilin vərəsəlik yolu ilə (mirası faktiki istifadəçi kimi qəbul etmə) sənədləşdirmək üçün 7 saylı Bakı “Asan Xidmət”in notarial ofisinə müraciət etmişdir. Lakin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamın əlavə ediləməsinin zəruriliyi vurğulanmışdır. Odur ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə miras qoyan X4 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş arayışın (forma 37) verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini müvafiq hesab edir. Ona görə ki, cavabdeh orqan bilərəkdən və heç bir əsası olmadan nümayəndəsi olduğu şəxsin işinin həlli barədə hərəkətsizlik edir. İddiaçı həmçinin hesab edir ki, cavabdeh imtinanı qanuni formada əsaslandıra bilməsə də, nümayəndəsi onun hüquqlarını bu kimi hərəkət və hərəkətsizliyi ilə kobud şəkildə pozur. Belə olan təqdirdə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********39 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar nəzərinizə çatdırılır ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 11 saylı evin, 4 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsinə (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) dair iddiaçıya cavab məktubu göndərilmişdir. İdarə qeyd olunan məsələ ilə bağlı inzibati aktın qəbulundan imtina etməmiş və ya hər hansı hərəkətsizlik nümayiş etdirməmişdir. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 nömrəli Fərmanının 5-ci bəndində Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi qeyd olunmuşdur. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.7.1-5.7.4-cü bəndlərinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, torpaq sahəsinin planının və ölçüsünün verilməsi, daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi, daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi, daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi, torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi, yerquruluşu planının verilməsi, daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, ünvan reyestri məlumat bazasından arayışların verilməsi, ünvan xəritələrindən çıxarışların verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı hazırkı tələbi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, arzuladığı məqsədə nail ola bilmədiyindən tərəflər arasında inzibati mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Oktyabr rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 6 №-li Qərarının tərcümə və təsdiq edilmiş surətindən görünür ki, əsas kirayənişin X8 həyat yoldaşının Engels küçəsi 13-də yaşadığı ünvana köçməsi ilə əlaqədar olaraq yuxarıda göstərilmiş ünvanda yerləşən 2 otaqlı, sahəsi 34.2 kv.m olan mənzilin yaşayış kirayə müqaviləsinin onun qızı X9 ilə yenidən bağlanması qərara alınmışdır. -7 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd edilir ki, L.Baxşıyeva öldüyü xx.xx.1995-ci il tarixədək subay olmuşdur. -7 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd edilir ki, N.Baxşıyev öldüyü xx.xx.2020-ci il tarixədək subay olmuşdur. -Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 40 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş məktubdan görünür ki, Yasamal rayonu, Q.Məcidov (Bəsti Bağırov) küçəsi 11 saylı bina Yasamal rayonu MKTB-nin balasında 40 saylı MKİS-in xidməti ərazisində yerləşir. Binanın 4-cü mənzili xx.xx.1975-ci ildə sərəncam əsasında atası X7 qızı 1938-ci il təvəllüdlü X4 adına keçmişdir. X9 1995-ci ildə vəfat edən günə qədər subay olmuş və yaşamışdır. Həmin mənzildə aşağıda adları göstərilənlər qeydiyyatdadır və yaşayırlar: 1) İddiaçı – qardaşı, 2) X12 və X14. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri 12 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, X12 ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etməmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən L.Baxşıyevanın doğumu (bu səbəbdən valideynləri və baxcı-qardaşları), nikahı və övladlarının doğumu haqqında məlumat aşkar edilmədi. Həmçinin onun ölümü haqqında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1995-ci il tarixli akt qeydi nəzərdən keçirilərkən xx.xx.1938-ci ildə doğulduğu məlum olmuşdur. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır. -Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 qohumluq əlaqəsində olmasına dair hər hansı məlumat yoxdur. -Bakı şəhəri Yasamal RİH Yasamal MKTB-nin 40 saylı MKİS tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli arayışdan (Forma 2) görünür ki, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 11 nömrəli evin, 2-ci mərtəbəsində, sahəsi 34,2 kv.m olan 2 otaqlı 4 nömrəli mənzildə bütün kommunal şəraiti mövcuddur. Arayış “ASAN xidmət” Mərkəzinə təqdim edillməsi üçün verilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Beləliklə, məıhkəmə tərəfindən müəyyən edildi ki, mübahisəli mənzil Oktyabr rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 6 nömrəli qərarına əsasən kirayəçi X8 həyat yoldaşının başqa ünvana köçməsi ilə əlaqədar olaraq mənzilin yaşayış kirayə müqaviləsi onun qızı X9 ilə bağlanmışdır. Həmin qərarda X4 ailə tərkibi 3 nəfər olmaqla özü və 2 qardaşı göstərilmişdir. İddiaçı istisna olmaqla mənzilin kirayəçisi və orderdə qeyd olunan digər şəxs ölmüşdür. Qeyd olunan mənzil sözügedən qərar əsasında iddiaçının sahibliyi və istifadəsindədir. İddiaçının həmin mənzilin kirayəçisi ilə birlikdə faktiki yaşayan ailə üzvü olması da iş materiallarındakı sənədlərlə məlum olur. Cavabdeh tərəfindən bu qənaətin əksini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzilə dair sənədləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsindəki aktlara uyğun gəlir. Belə ki, iddiaçı yuxarıda qeyd olunan Oktyabr rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 6 nömrəli qərarını və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim etmişdir. Həmin qərarın ləğv edilməsi, etibarsız hesab edilməsi, qüvvədən düşməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin mənzildə faktiki yaşayan iddiaçının ailə üzvlərinin mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ərizələri mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən hazırkı tələb üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunazidd hesab edilməli, iddia təmin edilməli və İddiaçı Oktyabr rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 6 №-li qərarındakı ölçülərə uyğun olaraq ünvan 6 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Oktyabr rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 6 №-li qərarındakı ölçülərə uyğun olaraq ünvan 6 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar