Məhkəmə qərarları › İş №e-2-1(112)-9857/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9857/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9857/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının əmək pensiyasından artıq hesablanmış pulun tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərarın ləğvi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı Zəkəriyyə oğlu barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-3451/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərarının ləğv edilməsi, qərarın icrası ilə əlaqədar yaranmış fərq məbləğinin iddiaçıya qaytarılması və əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçıya 23 may 2004-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ təyin edilmişdir. Sonradan müvafiq qərarlarla və yaşayış minimumunun artırılması ilə əlaqədar pensiya artırılmaqla 2024-cü ilə 2292,55 manat təşkil etmişdir. 2024-cü ilin mart ayında isə iddiaçıya təyin edilmiş pensiyanın məbləği azaldılmaqla 1774,61 manat ödənilmişdir. Bununla əlaqədar iddiaçı 18 mart 2024-cü il tarixdə müvafiq quruma müraciət etdikdə, ona indiyədək qanunun tələblərinə zidd olaraq pensiya təyin olunduğu bildirilmişdir. Daha sonra onun qeydiyyatda olduğu ünvan 1 ünvanına cavabdeh tərəfindən məktub göndərilmiş, lakin məktub ona rəsmi qaydada çatdırılmamışdır. İddiaçı pensiya məbləğinin azalması səbəbilə 18 mart 2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etdiyi zaman həmin məktub elektron sistemdən çıxarılmaqla iddiaçıya təqdim edilmişdir. Məktubda qeyd edilmişdir ki, “iddiaçının xx.xx.2017-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28.304,64 manat sığorta kapitalına uyğun əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 28.304,64 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına, 72 aya bölünməklə 6 mart 2024-cü il tarixinə 1774,61 manat əmək pensiyası ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 48.299,76 manat sığorta kapitalı 72 aya bölünərək iddiaçıya 6 mart 2024-cü il tarixinə 2292,55 manat artıq əmək pensiyası ödənilmişdir...”. Cavabdeh iddiaçıya təyin elmiş pensiya məbləği azaldıqdan sonra bu məsələlərin araşdırılması məqsədi ilə iddiaçını cavabdehin ünvanına dəvət etdiyini bildirsə də, cavabdehə bu barədə nə zəng, nə də hər hansı məktub gəlməmişdir. İddiaçı xx.xx.2024cü il tarixdə qeyd olunan İdarəyə getmiş və bu məsələ ilə bağlı pensiyasının azalma səbəbinin izah olunması ilə bağlı ərizə ilə müraciət etmişdir. Məktubda qeyd olunan hallarla bağlı 2004-cü il tarixdə iddiaçıya pensiya inzibati orqanın özünün təşəbbüsü ilə təyin edilmişdir. İddiaçı tərəfindən inzibati orqana təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim edilməmişdir. Müvafiq pensiyanın təyin edilməsi məhz İnzibati orqanın təşəbbüsü ilə müəyyən edilmişdir. İddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən onun pensiyasından tutmalar həyata keçirmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh inzibati orqan iddiaçını pensiyasından tutulmaları həyata keçirdikdən bir müddət sonra, 17 aprel 2024-cü il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının işləməyən əmək pensiyası kateqoriyasına keçməyi ilə əlaqədar, yenidən hesablanmaqla artıq ödənilmiş 15565,88 manat pul vəsaitinin son üç ili üçün dövlət büdcəsinə tutulması üçün yazılı razılığı tələb olunmuşdur. İddiaçının razılığı və hər hansı məhkəmə qərarı olmadan iddiaçının pensiyası qanunsuz şəkildə azaldılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçıya 23 may 2004-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2017-ci il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28304,64 manat sığorta kapitalına uyğun əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının 28304,64 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 393,12 manat (28304,64:72) əmək pensiyasının (547,01 manat) üzərinə əlavə edilərək 940,13 manat (547,01+393,12) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1774,61 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 48299,76 manat sığorta kapitalı 72 aya bölünərək 670,83 manat (48299,76:72) əmək pensiyasının üzərinə əlavə edilməklə 1217,84 manat (670,83+547,01) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2292,55 manat)) ona artıq əmək pensiyası ödənilmişdir. Bununla əlaqədar, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında iddiaçının mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona xx.xx.2024-cü il tarixində məktub göndərilməklə iddiaçının 5 mart 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 15565,88 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdə ərizə ilə Nizami rayon əhalinin sosial müdafiəsi mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2004-cü il tarixli 437 nömrəli qərarından görünür ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən xx.xx.2004-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək 11 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 26863.37 manat pensiya kapitalı var. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Azırbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İddiaçının xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, işdən azad olduğu üçün təqdim etdiyi sənədlərə əsasən pensiyasının üzərinə pensiya sığorta kapitalının hesablanıb ödənilməsinə sərəncam verilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, iddiaçıya xx.xx.2017-ci ildən 919,36 manat məbləğində, xx.xx.2017-ci il tarixindən ömürlük 1217,84 manat məbləğində pensiya verilməsi qərara alınmışdır. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 3451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası işdən çıxmada PSK-nın çox hesablanması ilə əlaqədar yenidən hesablanmış, pensiya məbləği 2292,55 manatdan 1774,61 manata azaldılmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2017-ci il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28304,64 manat sığorta kapitalına uyğun əmək pensiyanın həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 28304,64 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 393,12 manat (28304,64:72) əmək pensiyanızın (547,01 manat) üzərinə əlavə edilərək 940,13 manat (547,01+393,12) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1774,61 manat)) sizə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 48299,76 manat sığorta kapitalı 72 aya bölünərək 670,83 manat (48299,76:72) əmək pensiyasının üzərinə əlavə edilməklə 1217,84 manat (670,83+547,01) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 2292,55 manat)) artıq əmək pensiyası ödənilib. Məktubdan iddiaçıdan son üç il üzrə ona artıq ödənilmiş 15565,88 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. İddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirərək, həmin qərara qədər olan pensiya məbləğinin ödənilməsinin bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının işdən azad olunduğu xx.xx.2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ): - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.8-ci maddəsində göstərilirdi ki, fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır; - 1.0.9-cu maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; - 1.0.10-cu maddəsinə görə isə pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. - maddə 27. Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. - 37.3-cü maddəsinə görə işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. xx.xx.2017-ci il tarixə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.9-cu bəndinə görə həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. 10 may 2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi ilə ƏPQ-də aşağıdakı dəyişikliklər edilmişdir: - 1.0.8-ci maddə aşağıdakı redaksiyada verildi: “1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edildi; - 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edildi və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edildi: - “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.”; - 37.3.1-ci maddənin birinci cümləsindən “baza və” sözləri çıxarıldı, ikinci cümləsinə “keçdikdə” sözündən sonra “, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə” sözləri və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edildi: - “. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir”; - Qanunun 2-ci maddəsi ilə həmin Qanunun 2017-ci il iyulun 1-dən qüvvəyə minməsi təsbit edildi. Eyni zamanda 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidenti Fərmanının 3.3-cü bəndi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının həmin Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şərti çevrilməsini aparılması, 3.4-cü bəndinə əsasən 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının həmin Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qaydada artırılmasını təmin etməsi, 3.5-ci bəndinə görə işləyən əmək pensiyaçılarına ödənilən əmək pensiyalarının məbləğinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenidən hesablanmasını təmin etməsi tapşırıldı. Həmin Fərmanla həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanın 2.9-cu bəndi ləğv edilmişdir. Beləliklə, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni normalara əsasən həmin andan etibarən:

1. sığortaolunanların ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin fərdi hesabın sığorta hissəsində qeydə alınması;

2. sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalının isə 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınması təsbit edildi. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmiş və onun ƏPQ-nin 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması hüququ məhz həmin tarixdən yaranmışdır. Lakin iş materiallarına əlavə edilmiş sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək 26863.37 manat pensiya kapitalı olmuş, cavabdeh həmin kapitalı 72 aya bölərək, əmək pensiyasının məbləğini xx.xx.20177-ci il traixdən xx.xx.2017-ci il tarixədək 919,36 manat, daha sonra isə həmin kapitalı 80% artırılmaqla əldə edilmiş məbləği 72 aya bölərək iddiaçının yaşa görə əmək pensiyasını xx.xx.2017-ci il tarixdən yenidən hesablamış və 1217,84 manat müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının hüququ xx.xx.2017-ci il tarixdə yaranmasına baxmayaraq cavabdeh ona həmin dövrdə qüvvədə olan normanın deyil, xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş normanın tələblərini tətbiq edərək, artıq istifadə etdiyi pensiya kapitalını artırmaqla əmək pensiyasını yenidən hesablamış, bununla da qanunvericiliyin tələbini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablamaqda haqlı olmuşdur. İşdən görünür ki, iddiaçı cavabdehin qərarını mübahisələndirərkən onun tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələlərinə əməl edilmədiyinə, dinlənilmə hüququnun təmin olunmadığına istinad etmişdir. Məhkəmə qeyd edir ki, birincisi, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. İkincisi, işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, vaxtilə ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyası işdənçıxma ilə əlaqədar yenidən hesablanması zamanı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yanlış müəyyən edildiyi aşkar olunub. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 5 mart 2024-cü il tarixinədək Mərkəzi Filialın ünvan 2 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunmuş, göstərilən müddət ərzində mülahizələrin təqdim edilməməsi barəsində müvafiq inzibati aktın qəbul edilməsini istisna etmədiyi bildirilmişdir. Beləliklə, istinad olunanlardan göründüyü kimi iddiaçının əmək peniyasının yenidən hesablanması hüququ xx.xx.2017-ci il tarixdə yarandığından, həmin tarixdən sonra istifadə edilmiş pensiya kapitalının xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş normaların tələblərinə əsasən yenidən hesablanmasına yol verilmədiyindən istifadə olunmuş pensiya kapitalının 80% artırılması, başqa sözlə həmin vaxtadək ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-lə yenidən hesablanaraq pensiya kapitalının ödənilməsi qanunvericiliyin tələbinə ziddir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı qanuni olduğundan və ləğv edilməsi üçün əsas olmadığından, iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar