Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9859/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Əliyev Oruc İsa oğlu üçüncü şəxs qismində göstərilməklə “sərəncamın və orderin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, üçüncü şəxs Əliyev Oruc İsa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Əliyev Oruc İsa oğlu üçüncü şəxs qismində göstərilməklə “sərəncamın və orderin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən xx.xx.1995-ci il tarixli, 744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncamın Əliyev Oruc İsa oğluna aid olan hissədə və Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №-li koperativinə 12 №-li orderin, torpaq sahəsinin cizgisinin ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 862 saylı qərarı və Bağlar təsərrüfatı idarəsinin 82 saylı orderi əsasında 2005-ci il tarixli JN-26766D (kod 0050003) Şəhadətnamə ilə onun mülkiyyətinə hər iki təşkilat (X1 Komitəsi və Bağlar təsərrüfatı idarəsi) tərəfindən yerində göstərilməklə 5976 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinin sərhədlərini Dövlət Reyestri Xidmətinin Sabunçu rayon Ərazi idarəsinin nümayəndəsi tərəfindən müasir texniki vasitələrlə bir daha yerində göstərilməklə Dövlət Reyestr Xidməti tərəfindən hüquqlarını qoruduğu şəxsə 5976 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq çıxarış verilmişdir (Seriya RX № 0749395). xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi 2-1(82)-129/2017 saylı iş üzrə üçüncü şəxs qismində məhkəmə iclasında iştirak edərkən ona məlum olmuşdur ki, Əliyev Oruc İsa oğlu adlı şəxs Ləhiş bağ massivi ünvanında yerləşən 5931 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə etdiyi müraciətinə imtina cavabı aldığı üçün həmin idarəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)- 20/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı Əliyev Oruc İsa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı “iddiaçının bağ sahəsinə hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan tərəflər yuxarı instansiya məhkəmələrinə şikayət vermədiyindən adıçəkilən qərar qanuni qüvvəyə minmişdir. Əliyev Oruc İsa oğlunun torpaq üzərində istifadə hüququnun bərpa edilməsinə dair iddia ərizəsi ilə bağlı 2019-cu ilin fevralında Sabunçu Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində məhkəmə prosesinə cəlb olunmuş və məhkəmə prosesində məlum olmuşdur ki, iddiaçının bağ sahəsi ilə bağlı məhkəməyə təqdim etdiyi orderinə mütləq əlavə edilməli olan torpaq sahəsinin yerləşdirilməsinə dair sxemi yoxdur. Belə sxemin olmadığı halda orderdə qeyd olunmuş torpaq sahəsini yerində göstərmək qeyri mümkündür. Bütün bu və digər dəlilləri nəzərə alaraq, iddiaçının tələbi Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(008)-931/2019 nömrəli Qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən iddiaçı Əliyev Oruc İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli, 2(103)-8201/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı Əliyev Oruc İsa oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 6290/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. İddia üzrə məhkəmə instansiyaları tərəfindən qəbul olunmuş qərarlardan narazı olan Əliyev Oruc İsa oğlu iddia ərizəsinin məzmununu dəyişərək, “AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona verilmiş Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışının etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını Sabunçu Rayon Məhkəməsindən xahiş etmişdir. Həmin məhkəmə tərəfindən bu iddia 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadla rədd edilmişdir. Qərardaddan narazı qalan Əliyev Oruc İsa oğlu şikayət ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-9186/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsin 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadından Əliyev Oruc İsa oğlu Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etməmişdir. Göründüyü kimi, Əliyev Oruc İsa oğlu ona məxsus 5976 saylı bağ sahəsinə dair dövlət tərəfindən verilmiş mülkiyyət hüququ ilə bağlı müxtəlif məhkəmə instansiyalarına 1995-ci il tarixli, torpaq sahəsinin yerləşdirilməsinə dair sxemi olmayan orderi təqdim etməklə və praktiki olaraq eyni tərəflər arasında, eyni predmet üzrə (İddiaçı verilmiş Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışın ləğvi haqqında) eyni məzmunlu iddialarla müxtəlif məhkəmə instansiyalarına müraciət edərək və öz iddia ərizələrində ona dövlət orqanları tərəfindən verilmiş sənədlərin saxta olmasını əsassız olaraq qeyd edərək, hüquqi baxımdan qanunsuz olan məqsədinə nail olmaq niyyətindədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-285/2023 saylı Qərarı ilə Əliyev Oruc yuxarıda qeyd etdiyi niyyətinə çatmışdır. Bu iddiasının əsasında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən xx.xx.1995-ci il tarixli, 744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncam (Ləhişdəki 5931 №-li bağ 248 №-li BTK tərkibində Əliyev Oruc İsa oğlunun adına keçirilməsi) və Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №-li koperativinə 12 №-li order dayanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4596 nömrəli məktubu ilə göndərilmiş ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi ilə bağlı X1 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planölçüsü verilmiş faktiki sahənin qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəldiyini nəzərə alaraq həmin şəhadətnamə və “Torpaq sahəsinin planı və ölçüsü”-nün bağlar sahəsinin yerləşdiyi sxematik xəritəyə uyğun tərtib edilmədiyi müəyyən edilir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, 5976 saylı bağ sahəsi kimi qeydiyyatdan alınmış torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. 5976 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsindən şimal şərqdə yerləşir. Belə ki, 5976 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən yerləşməsi 57,0 metr şimal-şərqdə yerləşən qeydiyyata alınmayan torpaq sahəsinə uyğun gəlir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 862 saylı qərarı və Bağlar təsərrüfatı idarəsinin 82 saylı orderi əsasında sözügedən əmlak hüquqlarını qoruduğu şəxsin mülkiyyətinə və istifadəsinə verilmişdir. Əliyev Oruc İsa oğlu isə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilən xx.xx.1995-ci il tarixli, 744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncamına (Ləhişdəki 5931 №-li bağ 248 №-li BTK tərkibində Əliyev Oruc İsa oğlunun adına keçirilməsi) və Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №-li koperativinə 12 №-li orderi əsasında əmlaka mülkiyyət hüququ almış, amma mülkiyyətdən heç istifadə etməmişdir, bu zamanadək onun istifadəsində olmuşdur. Əliyev Oruc İsa oğlu 5931 sıra nömrəsi olan torpaq sahəsini qonşulardan soruşa-soruşa müəyyən etmişdir. Mübahisələndirilən qərardan 27 il sonra həmin əmlak Əliyev Orucun “yadına düşüb”. Əks tərəfdə isə İddiaçı artıq 29 ildir ki, sözügedən əmlaka mülkiyyət- sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Göründüyü kimi Əliyev Orucdan 1 il öncə onun sözügedən əmlaka hüquqları yaranıb və qarşı tərəfin əksinə onun hüquqları sadəcə inzibati aktlarda əks olunmayıb, eyni zamanda o öz hüquqlarından, əmlakından istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və Əliyev Oruc İsa oğlunun iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyi və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edi. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.
Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı eyni cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı tərəfindən xx.xx.1995-ci il tarixli Ləhiş bağ massivi ünvanında yerləşən 5931 saylı bağ sahəsinin Əliyev Oruc İsa oğluna ayrılması ilə bağlı 744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncamına (qərarına) əsasən Əliyev Oruc İsa oğluna aid olan hissədə və 12 №-li orderin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-4248/2024 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1348/2025 №-li Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4248/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra iddiaçı tərəfindən sözügedən qərardadı mübahisələndirilərək kassasiya şikayəti verilmişdir ki və hal-hazırda həmin iş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatındadır. Məhkəmə bununla bağlı olaraq qeyd etməyi zəruri hesab edir ki, qərarın qüvvəyə minib-minməməsi hazırkı iddianın mümkün hesab edilib-edilməməsinin araşdırılması üçün zəruri hesab edilmir. Bu konteksdə məhkəmə hesab edir ki, İPM-nin aşağıdakı müddəalarına nəzər yetirilməlidir. İPM-nin: 45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Belə ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Əliyev Oruc İsa oğlu üçüncü şəxs qismində göstərilməklə “sərəncamın və orderin ləğv edilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev