Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9862/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı Zeynalabdın oğlunun iştirakı ilə, İddiaçı Zeynalabdın oğlunun cavabdeh AR Ədliyyə Nazirliyi Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “adın dəyişdirilməsinə dair öhdəlik qoyulması” tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zeynalabdın oğlu cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Konstitutsiyasının 71-ci maddəsinin İ, İİ, V, Vİ bəndlərini, 147-ci maddəsini, 149-cu maddənin Vİİ bəndini rəhbər tutaraq adının dəyişdirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi ilə əvəz edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinə, adının dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Sözügedən qurum tərəfindən, daha öncə adının dəyişdirilməsinə dair, AR Nazirlər Kabinetinin xx.xx.2011-cil tarixli, 79 saylı qərarın 6.3-cü bəndini əsas tutaraq imtina edilmişdir. İddiaçı qeyd etmişdir ki, o, şəxsi istəyi ilə adının dəyişdirilməsi təşəbbüsünü göstərir və bunu hər hansı bir cinayətdən, deportasiyadan və digər öhdəliklərdən yayınmaqdan ötrü etmir. Həmçinin, Qaydaların 6.24-6.28-ci bəndlərində yalnız, müəyyən qaydalar göstərilmişdir ki, bu halların heç biri onun müraciətinə münasibətdə mövcud deyildir. İddiaçı həmçinin bildirmişdir ki, Konstitutsiyanın 114-cü maddəsinə əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır, lakin qanunvericilik orqanı deyil. Konstitutsiyanın 81-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Konstitutsiyaya əsasən, Nazirlər Kabinetinin qərarları, qanunvericilik siteminə daxil olan aktlar olsa da, Konstitusiyasının 147-ci maddələrinə əsasən, Konstitutsiya qanunlarından üstün deyildir. Qeyd olunan nüanslar, qanunvericilik aktları və Konstitutsiya qanunları, bir daha onun göstəricisidir ki, Nazirlər Kabinetinin xx.xx.2011-cil tarixli 79 saylı qərarın 6.3 bəndinin, 6.24-6.28 bəndləri, onun adımın dəyişdirilməsi ilə bağlı, azad və müstəqil seçim hüququmu məhdudlaşdırmış olur ki, bu da, qanunvericilik aktlarına, Konstitutsiya qanunlarına və Azərbaycan Respublikasının tərəfdarçıxdığı beynəlxalq müqavilələrlə ziddiyyət təşkil edir. Buna görə də Yasamal rayon qeydiyyat şöbəsinin, müraciətinin Nazirlər Kabinetinin xx.xx.2011-cil tarixli 79 saylı qərarın 6.3 bəndinin, 6.24-6.28 bəndlərinə əsaslanaraq, imtina etməsi yolverilməzdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edimişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin mümkünlük məsələsinin müzakirə edilməsi üçün hazırlıq iclası təyin edilərək tərəflərə bildiriş göndərilmişdir. Həmçinin iddiaçının elektron məhkəmə informasiya sistemindəki kabinetinə İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq hüquqi yardım məktubu yerləşdirilərək iddianın mümkünsüzlüyünə səbəb ola biləcək hallara münasibət bildirilməsi təklif edilmişdir. Məhkəmə iclasnın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini olduğu kimi müdafiə edərək, bildirdi ki, hazırkı iddianı irəli sürməkdə məqsədi adının dəyişdirilməsindən ibarət olsa da, Bakə İnzibati Məhkəməsində bundan əvvəl baxılmış iddia ərizəsi ilə indiki tələbinin əsası fərqlidir. Ona görə də işə mahiyyəti üzrə baxılıb təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbində iddiaçı adının dəyişdirilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Zeynalabdın oğlu cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı eyni hüquqi marağa yönəlmiş və eyni qaydada əsaslandırılmış iddia tələbi ilə bundan əvvəl də Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə ki, İddiaçı Zeynalabdın oğlu xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciətə edərək Azərbaycan Respublikası Konstitutsiyasının 71-ci maddəsinin İ, İİ, V, Vİ bəndlərini, 147-ci maddəsini, 149-cu maddənin Vİİ bəndini rəhbər tutaraq, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən adının dəyişdirilməsinə dair imtinanın qanunazidd olduğunu və məhdudiyyətin aradan qaldırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 5553/2024 nömrəli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 479/2025 xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5553/2024 nömrəli qərarından apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2767/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etsə də, sonradan kassasiya şikayətinin geri götürülməsinə dair ərizə təqdim edərək şikayət üzrə icraata xitam verilməsini xahiş etmişdir. Nəticədə işə baxan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin geri götürülməsinə dair ərizəsini təmin etmiş və kassasiya şikayəti üzrə icraata xitam vermişdir. İPM-in 97.3-cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 98.1-ci maddəsinə əsasən, Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Göründüyü kimi, iddiaçı eyni cavabdeh inzibati orqana qarşı eyni iddia tələbi ilə bundan əvvəl də Bakı İnzibati Məhkəməsinə müraciət edərək adının növbəti dəfə dəyişdirilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətlərini mübahisələndirmiş və bununla bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). İstinad olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı iddiasında ifadə tərzini müəyyən qədər dəyişsə belə, yeni iddia kimi qəbul edilə bilməz. Ona görə ki, hər iki iddia tələbi üzrə iddiaçının hüquqi marağı eyni olmaqla adının növbəti dəfə dəyişdirilməsi ilə bağlı cavabdehin Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin hərəkətlərinin mübahisələndirilməsinə yönəlmişdir. Hansı ki, yuxarıda vurğulandığı kimi, əvvəlki icraatda məhkəmə tərəfindən iddiaçının hüquqi marağı nəzərə alınaraq iddiaya mahiyyəti üzrə hüquqi qiymət verilmiş və həmin məhkəmə aktı qanuni qüvvəsini almışdır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-9862/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9862/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver