Məhkəmə qərarları › İş №e-2-1(112)-9873/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9873/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9873/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon Şöbəsinə qarşı “müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon Şöbəsinə qarşı “müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməyi və onun dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyini cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1993-cü ildə anadan olub. ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. Səhəti ilə bağlı hərbi xidmətə yararsızdır. Belə ki, “onurğa sütununun bel-oma hissəsində əyrilik-skolyoz (kobb bucağı 25.0 dərəcə” vardır. Buna baxmayarağ yoxlanış zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon şöbəsində onun sənədlərinə baxmayaraq hərbi xidmətə yararlı kimi qeyd ediblər. Səhhətində olan problemlərin həqiqiliyini və təqdim edilən sənədin mötəbərliyini sübuta yetirilməsi üçün iddiaçı DTX-nin Hərbi Tibb Baş İdarəsində tibbi müayinəsindən xx.xx.2022-ci il tarixində keçmişdir. Ona “onurğa sütununun bel-oma hissəsində əyrilik-skolyoz kobb bucağı 25.0 dərəcə” diaqnozu təyin edilmişdir. Lakin ona Çağırış vərəqəsi gələrək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həqiqi hərbi xədmətə xx.xx.2022-ci il çağırılmışdır. Azərbaycan Respublikası Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 23.0.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar dinc dövrdə hərbi xidmətdən azad edilirlər. Göründüyü kimi cavabdehə iddiaçı tərəfindən bütün lazımı tibbi və digər sənədlər təqdim edilməklə müvafiq ərizə ilə müraciət etsə də, qanuni tələbi icra edilməmişdir. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialar (müəyyən etmə və ya tanınma haqqında iddia) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi 781 saylı ekspert rəyi ilə razı olmadığını, iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Səbail rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin xx.xx.2022-ci il tarixli hərbi xidmətə çağırış vərəqəsinin surəti; - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail İdarəsinin 33 saylı Şəhər Poliklinikasına tibbi müayinə üçün göndəriş vərəqəsi; - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli müayinə arayışı; - K/54 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasınn ekspert rəyi; - xx.xx.2022-ci il tarixli, 1a/17 nömrəli Arayış; - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli müayinə arayışı; - məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2022-ci il tarixli məktubu və ekspert rəyi; - məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2022-ci il tarixli məktubu və ekspert rəyi;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı səhhəti ilə əlaqədar müayinə olunması üçün Hərbi Həkim-Komissiyasında tibbi müayinədən keçirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi- Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 1a/17 Arayışından görünür ki, iddiaçı tibbi şəhadətləndirilmə vaxtı "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər Cədvəlinin 10ç, 66ç maddəsinin İ qrafasına və ƏTC-ya əsasən hərbi xidmətə yararlı hesab edilmiş və Səbail rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin xx.xx.2022-ci il tarixli hərbi xidmətə çağırış vərəqəsi göndərilərək hərbi xidmətə çağırılmışdır. İddiaçı məhkəməyə müraciət edərək, onun müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməyi və dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyini cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli həkim müayinəsinin nəticəsindən görünür ki, "onurğa sütununun bel-oma hissəsində əyrilikskolyoz (kobb bucağı 25.0 dərəcə)” diaqnozu verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli həkim müayinəsinin nəticəsindən görünür ki lomber vertebra səviyyəsində konkav səthləri sola baxan (kobb bucağı 26 dərəcə) skoliotik deformasiya izləndiyinə dair diaqnozu verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə kapitanı Pərvin Şabanovun xx.xx.2021-ci il tarixli qərarı əsasında İddiaçı MN “MTE və PA Mərkəz”ində, məhkəmə-tibbi ekspert komissiyası tərəfindən müayinədən keçirilmiş və bu haqda K\54 saylı ekspert rəyi tərtib edilmişdir. Rəyin təsviri hissəsində göstərilmişdir:

1. 2011 və 2020-ci illərdə aparılan müayinələr zamanı İddiaçı təyin olunmuş “onurğanın aşağı döş, yuxarı bel tipli ikinci dərəcəli soltərəfli skoliozu” diaqnozu qismən düzgün olsa da, xəstəliyin mərhələsi düzgün təyin edilməmişdir, belə ki, həmin vaxt təyin olunmuş diaqnoz hal-hazırda “onurğa sütununun döş nahiyəsinin təsbit olunmuş birinci mərhələ (7°) skoliozu” formasında mövcuddur, yəni həmin dövrlərdə İddiaçı bu diaqnozlu xəstəliklərlə həqiqi hərbi xidmətə yararlı olmuşdur. 2014 və 2017-ci illərə dair tibbi qeydiyyat yoxdur.

2. İddiaçı hal-hazırda “aşıq-qayıqvari oynaqların osteoartrozu olmayan hər iki ayağın birinci dərəcəli boylama yastıayaqlılığı, sol daban sümüyünün kistası, onurğa sütununun döş nahiyəsinin təsbit olunmuş birinci mərhələ (7°) skoliozu” diaqnozlu xəstəliklər vardır və o, bu diaqnozlu xəstəliklərlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin 10ç, 66ç maddələrinin 1 qr. əsasən A-3 təyinatla hərbi xidmətə yararlıdır. İddiaçı hal-hazırda həmçinin “hər iki gözün mürəkkəb miopik astiqmatizmi, sağda M1,0D və M0,50D; solda M0,50D və M1,50D nəticəsində görmə itiliyinin sağ gözdə 0,6-ya qədər azalması k/ilə 1,0; sol gözün görmə itiliyinin 0,3-ə qədər azalması korreksiya ilə 1,0 olmaqla” diaqnozlu xəstəlik vardır və bu xəstəlik onun hərbi xidmətə yararlıq kateqoriyasını dəyişmir.

3. İddiaçı 2011 və 2020-ci illərdə müayinə olunması zamanı qüvvədə olan müvafiq tibbi təlimatların və digər normativ aktların tələbləri pozulmamışdır, lakin xəstəliyin mərhələsi və skoliozun dərəcəsi düzgün təyin edilmədiyindən, şəhadətləndirilmə zamanı hərbi xidmətə yararsız hesab edilmişdir, belə ki, “onurğanın aşağı döş, yuxarı bel tipli ikinci dərəcəli soltərəfli skoliozu” diaqnozu təyin olunmuş çağırışçılar “Xəstəliklər cədvəli”nin 66c maddəsinin İ qrafası və ƏTC-nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “dinc dövrdə hərbi ximətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. İş materiallarına əsasən məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, e-2-1(112)- 9873/2022 saylı qərardadı ilə iş üzrə iddiaçının hərbi xidmətə yararlı olub-olmasının müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 ekspertlərinə həvalə edilmiş və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı xəstəlik diaqnozu müəyyən edilsin.

2. İddiaçı onurğa sütununda əyrilik-skolioz mövcuddurmu? Mövcuddursa dərəcəsi (mərhələsi) müəyyən edilsin. Həmin xəstəliklə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi xidmətə yararsızdırmı?

3. İddiaçı hal-hazırda hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan hər hansı digər xəstəliklər mövcuddurmu?

4. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin səlahiyyətinə (sərəncamına) buraxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE VƏ PAB” PHŞ tərəfindən verilmiş T 312/2022 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Vətəndaş İddiaçı “onurğanın aşağı döş, yuxarı bel hissəsinin birinci dərəcəli (10%-ə qədər) soltərəfli skoliozu, hər iki gözün mürəkkəb miopik astiqma-tizmi, hər iki ayağın birinci dərəcəli boylama yastıayaqlılığı, sol daban sümü-yünün kistası” müəyyən edilir. Qeyd edilən xəstəliklərlə bağlı onun hərbi xidmətə yararlı olubolmamasınını təyini Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aid olduğu qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında DTX hospitalnın xx.xx.2022-ci il tarixli diaoqnuzu iddiaçının nümaəyəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və həmin diaqnoz da koob 25 dərəcə müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) ekspert rəyi ilə razı olmadığını bildirir və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Hərbi- Tibb Baş İdarəsi tərəindən verimiş DTX hospitalnın xx.xx.2022-ci il tarixli diaoqnuzunu məhkəməyə təqdim edilmiş və həmin diaqnoz da lomber vertebra səviyyəsində konkav səthləri sola baxan (kobb bucağı 26 dərəcə) skoliotik deformasiya izləndiyi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, işin obyektiv araşıdırılması ilə əlaqədar təkrar ekspert rəyinə ehtiyac olduğundan iş üzrə müvafiq quruma - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nə rəyin verilməsi həvalə olunmalıdır. İş üzrə təkrar ekspertizanın keçirilməsi ilə bağlı olaraq məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, e-2-1(112)-9873/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 ekspertlərinə həvalə edilmiş və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı onurğa sütununda əyrilik-skolioz dərəcəsi (mərhələsi) xüsusi tibbitexniki avadanlıqlardan istifadə edilməklə müəyyən edilsin.

2. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin səlahiyyətinə (sərəncamına) buraxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 tərəfindən verilmiş 781 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş İddiaçı “onurğanın aşağı döş, yuxarı bel hissəsinin ikincili dərəcəli (24%) soltərəfli skoliozu müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 19 avqust 2020-ci il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnaməmin 1.3-cü bəndinə əsasən Məhkəmə-tibbi ekspertiza Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliklərinin məhkəmə-tibbi ekspertiza müəssisələrində aparılır. Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaya təşkilati və metodik rəhbərlik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 tərəfindən təmin edilir. Həmin Əsasnamənin 2.1-ci bəndinə əsasən məhkəmə-tibbi ekspertiza Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. (İ,İİ bənd) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: -2.0.5-ci maddəsinə əsasən hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. - 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. -12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; -13.1-ci maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. -13.2-ci maddəsinə əsasən çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq) iştirak etməlidirlər. -14.1-cü maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. - 14.3-cü maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. - 15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.1-1. Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir. - 15.2-ci maddəsinə əsasən tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında -18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; - 18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. - 20.1-ci maddəsinə əsasən tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. - 20.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. - 20.3-cü maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar - 23.0-cü maddəsinə əsasən dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər: .... - 23.0.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: - 1.2-ci bəndinə əsasən Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. - 1.5-ci bəndinə əsasən Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. - 1.9-cu bəndinə əsasən vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; - 2.1-ci bəndinə əsasən İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. - 2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər - 2.5-ci bəndinə əsasən İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. - 2.6-cı bəndinə əsasən İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A — hərbi xidmətə yararlıdır; B — sıradankənar hərbi xidmətə yararlıdır; C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç — hərbi xidmətə müvəqqəti yararsızdır; D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. - 5.1-ci bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə əsasən Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. - 8.3-cü maddəsinə əsasən «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: «A» — hərbi xidmətə yararlıdır; «B» — sıradankənar hərbi xidmətə yararlıdır; «C» — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; «Ç» — hərbi xidmətə müvəqqəti yararsızdır; «D» — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; Göründüyü kimi, hərbi-həkim ekspertizasının keçirilməsinin məqsədi eyni zamanda sülh və müharibə dövrlərində Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və müvafiq orqanlarda xidmətə yararlılıq kateqoriyasını müəyyən etməkdən ibarətdir. Əsasnamə ilə müəyyən edilmişdir ki, vətədaşların şəhadətləndirilməsi cavabdeh tərəfindən həyata keçirilməklə, şəhadətləndirmədən əvvəl vətəndaşlar diaqnostik müayinələrdən keçməlidir. Bu müayinələr yalnız xidmətə yararlı vətəndaşların çağırılması və aparılması məqsədini daşıyır ki, qaydalarda, təlimatlarda və ya hər hansı normativ xarakterli aktlarda olan boşluqlar cavabdeh şöbənin qanunsuz əməllərinə haqq qazandıra bilməz və hərbi xidmətə yararsız vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Yuxarıda qeyd edilən Əsasnaməyə əsasən, ilk dəfə hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir ki, Xidmətin yerli idarə, şöbə və bölmələrinin göndərişlərinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçməlidir. Göründüyü kimi, iddiaçıya “onurğanın aşağı döş, yuxarı bel hissəsinin ikincili dərəcəli (24%) soltərəfli skoliozu diaqnozu müəyyən edilmişdir. Həmin diaqnoza əsasən iddiaçı "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər Cədvəlinin “66c” maddəsinin “İ" qrafasına uyğundur ki, həmin kateqoriya vətəndaşın dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsini müəyyən edir.

Maddə Xəstəliklərin adı, funksiyaların pozulma Hərbi xidmətə yararlılıq dərəcəsi kateqoriyası İ qrafa İİ qrafa İİİ qrafa 66 Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): a) funksiyaların mühüm dərəcədə D D D pozulması ilə b) funksiyaların mülayim dərəcədə C C C pozulması ilə c) funksiyaların cüzi dərəcədə pozulması C C B ilə ç) funksiyaların pozulması olmayan A- 3 A A obyektiv əlamətlər olduqda ÜH, DP, XQ-də FƏRDİ; HDQdə YS

«a» bəndinə aşağıdakılar aiddir: tez-tez (ildə 3 dəfə və daha çox) kəskinləşmələrlə infeksion spondilit; travmatik spondilopatiya (Kümmel xəstəliyi); mühüm dərəcədə ifadə olunmuş daimi ağrı sindromu və onurğanın qeyri-sabitliyi ilə müşayiət olunan İİİ — İV dərəcəli (fəqərə cisminin köndələn diametrinin yarısından çoxunun yerdəyişməsi) spondilolistez; qeyri-sabitliklə müşayiət olunan onurğanın boyun hissəsinin deformasiyaedici spondilyozu; yan amiotrofik skleroz sindromu, sfinkterlərin funksiyasının pozulması ilə dərin paravə tetraparezlə müşayiət olunan, eləcə də davamlı klinik effekti olmayan uzunmüddətli (ildə 3 aydan az olmayaraq) stasionar müalicədən sonra poliomielitik, kaudal, damar, kompression, mühüm dərəcədə ifadə olunmuş ağrı sindromu və statodinamik pozulmalarla müşayiət olunan onurğanın döş və bel hissələrinin deformasiyaedici spondilyozu; döş qəfəsinin kəskin deformasiyası (qabırğa donqarı və digər) və restriktiv tipli İİİ dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan, rentgenoloji təsdiq edilmiş fəqərə cisimlərinin pazabənzər deformasiyaları və onların onurğanın daha çox əyilmiş yerlərində (kifozlar, İV mərhələ skoliozlar və digər) rotasiyası ilə onurğanın təsbit olunmuş əyrilikləri. «b» bəndinə aşağıdakılar aiddir: döş qəfəsinin orta dərəcədə deformasiyası və restriktiv tipli İİ dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan onurğanın osteoxondropatiyaları (kifozlar, İİİ mərhələ struktur və qeyri-struktur skoliozlar); nadir kəskinləşmələrlə müşayiət olunan infeksion spondilit; fəqərələrarası oynaqlar nahiyəsində çoxsaylı massiv dimdiyəoxşar artımlarla yayılmış deformasiyaedici spondilyoz və fəqərələrarası osteoxondroz, ağrı sindromu ilə; ağrı sindromu ilə müşayiət olunan İ və İİ dərəcəli spondilolistez (fəqərə cisminin köndələn diametrinin müvafiq olaraq 1/4 və 1/2 hissəsi qədər yerdəyişməsi); «Xəstəliklər cədvəli»nin İ və İİ qrafaları üzrə şəhadətləndirilənlər üçün fəqərələrarası diskin çıxarılmasından sonrakı hallar. Funksiyaların mülayim dərəcədə pozulması üçün ətrafların əzələlərinin zəifliyi, onların tez yorulması, funksiyanın kompensasiyası olmadan ayrı-ayrı əzələ qruplarının parezi, eləcə də çanaq sfinkterlərinin zəifliyi xarakterikdir. «c» bəndinə aşağıdakılar aiddir: fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri (İİ mərhələ skolioz, fəqərə cisminin ön səthinin hündürlüyünün 2 dəfə və daha çox azalması, 3 və daha çox fəqərənin pazabənzər deformasiyası ilə müşayiət olunan osteoxondropatik kifoz və s.); kliniki və rentgenoloji müayinələrlə aşkar edilmiş ağır fiziki yük zamanı ağrı sindromu və deformasiyaların aydın anatomik əlamətləri olan məhdud deformasiyaedici spondilyoz (3 və daha çox fəqərə cisminin zədələnməsi) və fəqərələrarası osteoxondroz (3 və daha çox fəqərələrarası diskin zədələnməsi); müalicədən sonra funksiyanın cüzi dərəcədə pozulması və ağrı sindromu ilə müşayiət olunan hemilaminektomiya, yaxud laminektomiya cərrahiyyə əməliyyatlarının nəticələri. Funksiyaların cüzi dərəcədə pozulması üçün bir nevromer zonasında həssaslığın natamam itməsi ilə təzahür edən hərəki və hissi pozulmalar, vətər refleksinin itməsi və ya zəifləməsi, ətrafların ayrı-ayrı əzələlərinin gücünün zəifləməsi (funksiyalarının ümumi kompensasiyası olduqda) səciyyəvidir. Spondilyoz anatomik cəhətdən qapayıcı səfhələrin bütün dairəsini əhatə edən dimdiyəbənzər artımlarla və fəqərə cisminin deformasiyası ilə təzahür edir. Xondrozun kliniki təzahürünün əlamətləri onurğanın zədələnmiş hissəsinin statik funksiyasının pozulması — boyun (bel) lordozunun düzəlməsi və ya kifoz əmələ gəlməsi, fizioloji lordoz əvəzinə lokal lordoz və kifozun müştərək olmasıdır. Fəqərələrarası xondrozun rentgenoloji simptomları bunlardır: onurğanın formasının pozulması (statik funksiyanın pozulması); fəqərələrarası diskin hündürlüyünün azalması; fibroz halqanın ön hissəsində və ya pulpoz nüvədə əhəng duzlarının çökməsi; fəqərə cisimlərinin standart rentgenoqrafiya ilə təyin edilən yerdəyişməsi (ön, arxa, yan); seqmentdə hərəkətlilik patologiyası (dinamik funksiyanın pozulması); fəqərə cisimlərinin bütün səthlərinin dəqiq konturlarının saxlanması, onlarda destruktiv dəyişikliklərin olmaması. Fəqərələrarası osteoxondroz zamanı sadalanan əlamətlərə disk müstəvisində əmələ gələn və fəqərə cisminin meydançasını davam etdirən kənar artımlar, eləcə də rentgenoqramlarda aşkar edilən strukturu aydın təsvir olunan subxondral osteoskleroz da əlavə olunur. Fiziki yük zamanı ağrı sindromunun olması şəhadətləndirilənin tibbi sənədlərində əks olunmuş tibbi yardım üçün dəfələrlə edilmiş müraciətlərlə təsdiq olunmalıdır. Məhdud deformasiyaedici spondilyozun və fəqərələrarası osteoxondrozun yalnız sadalanan kliniki və rentgenoloji əlamətlərinin məcmusu bu maddənin «c» bəndinin tətbiqi üçün əsas verir. Skoliozun mərhələsi rentgenoqramlar üzrə rentgenoloq tərəfindən skolioz bucaqlarının V.D. Çaklinin müəyyən etdiyi üsulla ölçülməsi əsasında təyin edilir. Deformasiyanın ölçüsündən asılı olaraq skoliozların 4 mərhələsi ayırd edilir: İ mərhələ gövdənin azacıq asimmetriyası, tinli çıxıntıları birləşdirən xəttin bir qədər əyilməsi, uzanmış vəziyyətdə əyriliyin düzəlməməsi, əyrilik qövsünün qabarıq tərəfində kiçik əzələ yastığının olması, fəqərələrin torsiyaya (fırlanmaya) meyilli olması və əyilmə bucağının 10 dərəcə və ondan kiçik olması ilə xarakterizə olunur. İİ mərhələ gövdənin daha ifadə olunmuş asimmetriyası, onun bir qədər yana əyilməsi, əyrilik qövsünün qabarıq tərəfində əzələ yastığının aydın təyin edilməsi, fəqərələrin torsiyası və kiçik pazabənzər deformasiyası, əyilmə bucağının 11 — 25 dərəcə arasında olması ilə xarakterizə olunur. İİİ mərhələ döş qəfəsinin deformasiyası, arxadan əyrilik qövsünün qabarıq tərəfində arxa qabırğa donqarının, öndən əyrilik qövsünün basıq tərəfində az ifadə olunmuş ön qabırğa donqarının təyin edilməsi, onurğanın bel hissəsində — lordoz, fəqərə və disklərin ifadə olunmuş torsiyası və pazabənzər deformasiyası, əyilmə bucağının 26 — 50 dərəcə arasında olması ilə xarakterizə olunur. İV mərhələ onurğanın və döş qəfəsinin kobud, təsbit olunmuş deformasiyası, düz proyeksiyada çəkilmiş rentgenoqramda fəqərələrin yan proyeksiyada görünməsi və əyilmə bucağının 50 dərəcədən böyük olması ilə xarakterizə olunur. Başın yuxarı dartılması zamanı və ya uzanmış vəziyyətdə düzələn, önə əyilmə zamanı təsbit olunmuş rotasiya aşkar edilməyən onurğanın yana (əksər hallarda sola) sadə (qeyri-struktur) əyriliyi olan qamət skoliozu (uzanmış vəziyyətdə ön-arxa istiqamətdə çəkilmiş onurğanın rentgenoqramında əyriliyin düzəlməsi) həqiqi struktur skoliozu kimi qiymətləndirilməməlidir. Yeniyetmə dövründə rentgenoqramda fəqərə cisimlərinin rotasion yerdəyişməsi əlamətləri olmayan onurğa sütununun təsbit olunmamış yana doğru azacıq əyriliyi (5 — 8 dərəcə) təyin oluna bilər ki, bu da hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur. «ç» bəndinə aşağıdakılar aiddir: onurğanın əyrilikləri (İ mərhələ skolioz), o cümlədən osteoxondropatik kifoz (xəstəliyin son mərhələsi); funksiyaların pozulması olmadan deformasiyaedici spondilyozun və fəqərələrarası osteoxondrozun təcrid olunmuş təzahürləri. Simptomsuz keçən fəqərələrarası osteoxondroz (Şmorli yırtığı) bu maddənin tətbiqi üçün əsas deyil, hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur. Onurğanın patoloji dəyişikliklərinin xarakteri çoxoxlu, yük altında və funksional rentgenoloji müayinələr və digər müayinələrlə təsdiq edilməlidir. Normada, başı önə əyərkən Vİİ boyun fəqərəsinin tinli çıxıntısı ilə ənsə sümüyünün qabarı arasındakı məsafə 3 — 4 sm artır, başı arxaya əyərkən isə 8 — 10 sm azalır. Vİİ boyun və İ oma fəqərələrinin tinli çıxıntıları arasındakı məsafə önə əyilmə zamanı adi duruşla müqayisədə 5 — 7 sm artır, arxaya əyildikdə isə 5 — 6 sm azalır. Onurğanın bel və döş hissələrində yanlara doğru hərəkətlər (əyilmələr) şaquli xətdən 25 — 30 dərəcə hədlərində mümkündür. İPM-in 14.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddaçı İddiaçı xəstəlik diaqnozu“onurğanın aşağı döş, yuxarı bel hissəsinin ikincili dərəcəli (24%) soltərəfli skoliozu müəyyən edildiyindən və həmin diaqnoza əsasən iddiaçı "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər Cədvəlinin “66c” maddəsinin “İ" qrafasına uyğun olduğundan həmin kateqoriya vətəndaşın dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edildiyindən xx.xx.1993-cü il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməyi və onun dinc dövrdə hərbi xidmətə çağırılmaması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon Şöbəsinə həvalə edilməsinə dair iddia tələbi təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməyi və onun dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon Şöbəsinə həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar