Məhkəmə qərarları › İş №e-2-1(112)-9873/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9873/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9873/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MMC-yə və Cavabdeh3 QSC-yə qarşı “cavab məktubunun qanunsuzluğun tanınması və iddiaçıya aidiyyətdə ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MMC-yə və "xxxx" QSC-yə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabının hüquqi nəticə doğuran inzibati akt kimi qanunsuzluğunun tanınması ilə ona münasibətdə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Müraciəti qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş və konkret hüquqi münasibətlə bağlı olmuşdur. Lakin cavabdeh tərəfindən verilmiş cavab hüquqi baxımdan qanunsuz, forma və məzmunca qeyri-qənaətbəxş və Konstitusiyada təsbit olunmuş hüquqlarını məhdudlaşdıran xarakter daşıyır. Cavabdeh orqanın cavabında göstərilmişdir ki, ipoteka predmetinə tətbiq edilən təqib əsasında "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tətbiq edilən təqib zamanı, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində məxsus olan hüququ əldə edir. Odur ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak kimi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavab inzibati akt formasında olsa da, hüquqi əsaslandırmadan məhrumdur, qərəzli və subyektiv yanaşma ilə yazılıb. Cavabın məzmunu və ifadə tərzi vətəndaşa qarşı təzyiq, yönləndirmə və məhkəmə qərarını əvəzləyəcək formada yazılıb. Cavab, bir ictimai orqanın vətəndaşa münasibətdə obyektiv və qanun çərçivəsində cavab verməsi tələblərinə ziddir. Cavabın stilistikası və məzmunu əvvəlcədən üçüncü tərəflərlə razılaşdırılmış və sifarişli xarakter daşıdığı qənaətini doğurur. Cavabdehlər tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2). Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İşin müəyən edilmiş hallarından görünür ki, Cavabdeh3 QSC hazırkı iş üzrə iddiaçıya və digərlərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-59/2019 saylı 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 027L**********06 nömrəli uzunmüddətli kredit müqaviləsinə, xx.xx.2014-cü il tarixli 027R********** nömrəli kredit razılaşmasına və xx.xx.2016-cı il tarixli 027R**********SA nömrəli sazişə xitam verilməsi, 027R********** nömrəli razılaşması üzrə 195.170,3 ABŞ dolları əsas borc, 79.585,81 ABŞ dolları faiz borcu, 4700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 279.456,11 ABŞ dolları borcun; 027KK**********01 nömrəli kredit müqaviləsi üzrə 9999 ABŞ dolları əsas borc, 2057,15 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12.356,15 ABŞ dolları borcun, ümumilikdə cəmi 291.812,26 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, iddiaçıdan və digərlərindən bankın xeyrinə tutulması, tələbin iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi, həmin evin açıq hərrac vasitəsilə satılaraq, əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi; evin hərracda ilkin satış qiymətinin 790.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən iddiaçıya olan borc ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda iddiaçıya verilməsi; hərrac yolu ilə satıldıqdan bir ay sonra iddiaçının oğlunun və X3 həmin evdən çıxarılaraq evin alıcıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9742/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən “cavabdehlərdən 79.585,81 ABŞ dolları faiz borcu, 4700 ABŞ dolları cərimə borcunun tutulması” hissəsində dəyişdirilmiş, iddiaçıdan, X1, X2, X4, "xxxx" MMCdən və "xxxx" MMC-dən müştərək qaydada Cavabdeh3 QSC-nin xeyrinə 027R********** nömrəli razılaşma üzrə tutulmalı olan faiz borcunun məbləği 40.056,39 ABŞ dolları, cərimə borcunun məbləği 19.000 ABŞ dolları məbləğində müəyyən edilməsi və həmin məbləğin ödənilməsinin ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-699/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9742/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanmışdır. Eyni zamanda iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22-yə dair Cavabdeh3 ASC-nin adına vahid əmlak kimi verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın 0,0984 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırkı iddiasında iddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22-yə dair Cavabdeh3 ASC-nin adına vahid əmlak kimi verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın 0,0984 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi ilə bağlı cavabdehə müraciətionə cavab olaraq verilmiş imtina məktubunu mübahisələndirir. İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı öz iddia ərizəsində inzibati orqanla yanaşı inzibati orqan olmayan hüquqi şəxsləri də cavabdeh kimi göstərmişdir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia tələbini dəqiqləşdirərək iş üzrə iddia tələbinin bir cavabdeh inzibati orqana yönəldilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Lakin iddiaçı, məhkəmə iclasında iştirak etməməklə yanaşı, məhkəmə tərəfindən göndərilmiş hüquqi yardımın tələblərinə əməl etməmişdir. Göründüyü kimi iddiaçının hazırkı tələblə çatmaq istədiyi məqsədə uyğun verdiyi iddia Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. İddiaçı hazırda tələbi başqa formada qoymaqla məhkəmədə tələbin fərqliliyi ilə bağlı fikir yaratmağa çalışmış, inzibati akt olmayan imtina məktubunu məhkəmədə mübahisələndirmişdir. Məhkəmə iddiaçının mövcud tələbinə münasibətdə bildirir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinə verdiyi cavab məktubu inzibati akt olmadığından, iddiaçı tərəfindən mübahisələndirilə bilməz. Belə ki, iddiaçı imtina aldığı təqdirdə edilən müraciətin məzmununa uyğun olaraq cavabdehin üzərinə müəyyən öhdəlik qoyulması barədə tələblə məhkəməyə müraciət edə bilərdi ki, artıq həmin tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MMC-yə və Cavabdeh3 QSC-yə qarşı “cavab məktubunun qanunsuzluğun tanınması və iddiaçıya aidiyyətdə ləğv olunması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar