Məhkəmə qərarları › İş №e-2-1(112)-9888/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9888/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9888/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı əsasında Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı əsasında iddiaçıya Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində olmuşdur. Torpaq sahəsi hasar daxilindədir. Qonşularla, kənar şəxslərlə torpaq sahəsinə dair hər hansı bir mübahisəsi mövcud deyil. Həmin qərar əsasında ayrılmış torpaq sahəsinin plan-ölçü sxemi (yerləşmə cizgisi) vaxtilə verilmədiyindən sənədləşmə ilə bağlı cavabdehə sənədləri təqdim edərkən ona ayrılmış torpaq sahəsinin göstərilən torpaq sahəsinə aid olmasını dəqiqləşdirməyin mümkün olmadığı bildirilmiş və sənədlərin qəbulundan imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, formal xarakter daşıyır və onun hüquqlarını pozur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyil. Həmçinin qeyd edilir ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat cavabdehdə yoxdur. Odur ki, imtina əsaslıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı Sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində 1200 kv.metr torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal qərb hissədinə iddiaçının istifadəsində olan torpaq sahəsinin sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 0,12 ha təşkil edir. Torpaq sahəsi 4 tərəfindən mişar daşı ilə hasarlanıb, iki tərəfi yol, iki tərəfi qonşudur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,12 ha təşkil edir. Sahəyə dair sənəd təqdim edilməyib. Torpaq sahəsi 3 hissəyə bölünüb (0,07 ha, 0,03 ha, 0,02 ha). Qeyd olunan 0,07 ha torpaq sahəsi üzərində təsərrüfat otağı inşa olunub. Həmçinin digər 0,03 ha və 0,02 ha torpaq sahələri üzərində birmərtəbəli yaşayış evləri inşa olunmuşdur. Ümumi sahənin və bölünən sahələrin koordinat cədvəli rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi X2 sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Bundan əlavə sahədəki tikilinin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Cavabdeh müxtəlfi sərəncamları əsasında həmin ərazidə ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair verilmiş yerləşmə sxemləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İşdən görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. İşdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Buna əsas kimi isə iddiaçıya ayrılmış torpaq sahəsinin ayrıc aktı, baş planı və ayrılmış sahənin koordinatları barədə məlumatın onda olmadığını bildirilmişdir. Halbuki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına və mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 0,12 ha təşkil edir. Eyni zamanda, həmin mütəxəssis rəyinə torpaq sahəsinə dair koordinat cədvəli rəyə əlavə olunmuşdur. Göründüyü kimi Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamı qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini istisna edən bir hal məhkəmə tərəfindən aşkar edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1993-cü il tarixli, 1050 saylı sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) tərtib edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar