Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9947/2025 09.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) (üçüncü şəxslər "xxxx" ASC, Maraqlı şəxs1, Maraqlı şəxs2) qarşı “istifadə hüququna dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanılmış, müqavilənin özündə hüququn qeydiyyyatının həyata keçirilməsi üçün müqavilənin cavabdehə göndərilməsi də qeyd edilmişdir. Cavabdehə müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. İddiaçı hesab edir ki, yaşayış sahəsi və 0,01715 ha ölçüdə torpaq sahəsinə istifadə hüququ qeydiyyata alınmalıdır. İddia ərizəsinə etiraz: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı əmlakın dəyərini 78 ay müddətinə ödəməyi öhdəlik kimi götürmüşdür. Lakin öhdəliyin tam icras edilməsi barədə arayış təqdim edilməmişdir. Fərdi yaşayış evinə hüquq qeydiyyata alındıqdan sonra torpaq sahəsinin qeydiyyatına baxıla bilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərardadından görünür ki, ünvan 1 ünvanda yerləşən əmlaka dair məhdudiyyət götürülmüşdür. 29 dekabr 2007-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, fərdi yaşayış evi Nümayəndə2 mülkiyyətində olmuşdur. 01 sentyabr 2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, fərdi yaşayış evi 56,0 kv.m olmaqla mülkiyyət hüququ üzrə, 0,0818 kv.m torpaq sahəsi istifadə hüququ olmaqla “Nikoyl” İKB-nin hüququ qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən adıçəkilən əmlak yuxarıda göstərilən çıxarış üzrə iddiaçıya satılmışdır. Müqavilənin tələbinə əsasən ödənilməmiş məbləğin 78 ay müddətinə, hər ay 750 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. Plan və ölçü sənədində qeyd edilir ki, Nümayəndə2 adına tərtib edilən plan və ölçü sənədində torpaq sahəsinin ölçüsü 171,5 kv.m göstərilmişdir. Hərrac protokolundan görünür ki, Nümayəndə2 mülkiyyətində olmuş əmlak hərraca çıxarılmışdır. İpoteka saxlayan “Nikoyl Bank” İKB-dir. 27 oktyabr 2012-ci il tarixli çıxarışdan görünür ki, fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuş, torpaq sahəsi 0,00818 kv.m kimi göstərilmişdir. Qeydiyyat vəsiqəsindən görünür ki, Zərgərpalan küçəsində 97 saylı evin 2 nömrəli mənzili Maraqlı şəxs1 mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyətinin məktubundan görünür ki, həmin şəxsin ərizəsi əsasında yaşadığı evin pəncərəsi qarşısında qonşu tərəfindən tikinti işlərinin aparılması ilə əlaqədar tədbirlərin görülməsi tələb edilmişdir. 09 oktyabr 2012-ci il tarixli Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda qeyd edilir ki, mübahisəli ərazidə Nümayəndə2 tərəfindən şikayətçi, hazırkı üçüncü şəxsə məxsus pəncərənin yanına qədər olan hissədə quraşdırma işlərinin görülməsinə cəhd edilmiş, işlər dayandırılmışdır. Ona, tikinti quraşdırma işlərinin aparılmasının yolverilməzliyi izah edilmişdir. Yasamal Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, X1 cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı torpaq sahəsində müdaxilə son qoyulması barədə iddiası rədd edilmişdir. Qətnamənin əsaslandırılması onunla əlaqədardır ki, mübahisəli əmlak həmin şəxsin mülkiyyətində olmamış “Nikoyl” İKB-nin mülkiyyətində olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İşin faktiki hallarından və iddia tələbindən görünür ki, hazırkı iddia Zərgərpalan küçəsi, dalan 9, ev 2 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi 0,01715 ha ölçüdə torpaq sahəsinə istifadə hüququnun qeydiyyata alınması ilə əlaqədardır. İddiaçı tərəfindən həmin hüquqların qeydiyyata alınması ilə əlaqədar isə "xxxx" ASC ilə bağlanılmış alqısatqı müqaviləsi çıxış edir. Məhkəmə bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən normaların tələbindən də göründüyü kimi müqavilə, o cümlədən alqı-satqı müqaviləsinin hüquqmüəyyənedici sənəd qismində çıxış etməsi konkret olaraq müəyyən edilməkdədir. İndiki halda da, müqavilə şərtləri tam yerinə yetirildikdən sonra fərdi yaşayış evinə mülkiyyət, torpaq sahəsinə çıxarışda göstərilən ölçüdə olmaqla istifadə hüququnun iddiaçının adına keçməsi üçün hər hansı məhdudiyyət müəyyən edilməkdədir. Lakin, nəzərə alınmalıdır ki, müqavilənin mövcudluğu hüququn tanınmasına münasibətdə müqavilədə nəzərdə tutulmuş şərtlərdən asılı edilə bilər. İstinad edilən müqavilədən də aydın olur ki, alqı-satqı müqaviləsi hissə-hissə icrası nəzərdə tutulan alqısatqı müqaviləsidir və öhdəlik, yəni ödəniş iddiaçı tərəfindən tam həyata keçirilməmişdir. Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən adıçəkilən əmlak yuxarıda göstərilən çıxarış üzrə iddiaçıya satılmışdır. Müqavilənin tələbinə əsasən ödənilməmiş məbləğin 78 ay müddətinə, hər ay 750 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. Həmin ödənişlərin bitmədiyi, davam etdiyi işin mübahisəsiz halıdır. İddiaçı hesab edir ki, həmin ödəniş bitmədən də alınan əmlaka ən azından istifadə hüququ tanınmalıdır. Mülki Məcəllənin: Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbindən də göründüyü kimi hazırkı müqavilə öhdəlik tam icra edildikdən sonra mülkiyyət hüququnun qeydiyyatı üçün əsas ola bilər. Öhdəliklər icra edilənədək, ödəniş müddəti bitənədək həmin alqı-satqı müqaviləsinə istinadla istifadə hüququn qeydiyyata alınmalı olması istisna edilməlidir. Digər halda, müqavilə icra edilməmiş mülkiyyət hüququnun də qeydiyyatının mümkünlüyü ilə istifadə hüququnun mümkünlüyü baxımından hər hansı fərqləndirmə aparılması da qanunvericiliyin tələbinə uyğun olmaz ki, hazırkı halda həmin müqavilə icra edilməmiş hər hansı hüququn, o cümlədən istifadə hüququnun qeydiyyatı istisna edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, həmin müqavilə icra edildikdən sonra fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas ola bilər. Müqavilə icra edilməmiş, həmin alqı-satqı müqaviləsinə istinad edilirsə, əgər onun hissə-hissə icrası nəzərdə tutulmuş müqavilə olmasına əhəmiyyət verilməməsi, nəinki istifadə, hətta mülkiyyət hüququn qeydiyyatının əsası qismində çıxış edir. Halbuki, nə mülkiyyət hüququndan, nə də istifadə hüququndan həmin müqaviləyə istinadla qeydiyyatından söhbət gedə bilməz. Hazırkı halda öhdəlik icra edilmədiyi müddətdə mülkiyyətçi üçüncü şəxsdir və müqavilə icra edilmədiyi halda onun əmlakı geri almaq və digər ödənişləri tələb etmək kimi hüququ mövcuddur ki, göstərilən şərtlə bağlanılmış müqavilə nə mülkiyyət, nə istifadə hüququnun keçidi xarakteri daşımır. Digər tərəfdən iddia torpaq sahəsinə münasibətdə istifadə hüququnun qeydiyyatını tələb edir ki, nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi tam icra edildiyi halda, hər bir halda torpaq sahəsi mülkiyyətdə olmadığınan istifadənin keçidi mümkün olacaqdır. Hazırkı halda isə hissə-hissə icra edilməli olan müqavilənin icra edilməməsi ilə icra edilməsi hüququn keçidi baxımından hər hansı fərqləndirmədən asılı olmur. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin hüquqmüəyyənedici sənədlərdə hansı ölçüdə göstərilməyindən asılı olmayaraq satıcı və alıcıya aid fərdi yaşayış evinin torpaq sahəsi 0,0818 kv.m ölçüdə göstərilmiş, ölçü 0,01715 kv.m göstərilməmişdir ki, hər bir halda iddiaçının aldığı əmlak üzrə satıcıya məxsus çıxarışda ölçü 0,01715 kv.m göstərilmədiyindən istifadə hüququnun həmin ölçüdə olmasından söhbət gedə bilməz. Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən istinad edilən alqı-satqı müqaviləsi öhdəlik icra edildikdən sonra mülkiyyət hüququnun dövlət qeydiyyatına əsas olan sənəd olmaqla, istifadə hüququnun öhdəlik icra edilmədən qeydiyyatı əsası qismində çıxış etməməkdədir. Bu zaman əmlakın faktiki istifadəsi də mülki qanunvericilik normaları baxımından müvafiq hüquqmüəyyənedici sənədə malik olan şəxsin qeydiyyata alınmalı olan istifadə hüququnu ehtiva etməməklə, əmlakın faktiki istifadə vəziyyəti ilə əlaqədardır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-9947/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9947/2025
09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver