Məhkəmə qərarları › İş №e-2-1(112)-9948/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9948/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9948/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna və Bakı Hərbi prokuroru Fərid Şükürova qarşı “Bakı Hərbi Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun iddiaçının 2023-2025-ci illərdə ünvanladığı şikayətlərə verdiyi cavabların qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna və Bakı Hərbi prokuroru Fərid Şükürova qarşı “cavabdehlər tərəfindən qəbul edilmiş qərarların qanunsuz hesab edilməsi və ləğv olunması, qanunauyğun araşdırılmaqla əsaslandırılmış qərarın qəbul edilməsi, şikayətlərində qeyd olunan hüquq pozmalar və törədilmiş cinayətin əlamətlərinin mövcud olmasını nəzərə alıb CM-nin və CPM-nin tələb edilməsi öhdəliyinin qoyulması və vətəndaş müraciətlərinə baxılması qanununun tələblərinə uyğun araşdırılmadığından müraciətə yenidən baxılması barədə cavabdehlərin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Bakı Hərbi Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun iddiaçının 2023-2025-ci illərdə ünvanladığı şikayətlərə verdiyi cavabların qanunsuz hesab edilməsi”ni xahiş etmişdir. Məhkəmənin 14 iyul 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır. İddia ərizəsində göstərilmişdir ki, bir neçə vaxtdır ki, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin komandiri B.Abdullayevin qanunsuz, cinayət xarakterli hərəkətlər etməsi, şikayətə yeni faktlar əlavə etsə də Azərbaycan Respublikası Baş Prokuroruna və yuxarı təşkilatlara etdiyi Bakı Hərbi Prokurorluğunun Respublika Hərbi Prokurorluğunun qanunsuz olaraq hərəkətləri (hərəkətsizlikləri) barədə şikayətlərinə mahiyyəti üzrə baxılmamış, vicdansızcasına mövcud qanunvericiliyinin tələblərinə məhəl belə qoymadan cinayət hərəkətlər edən Hərbi hissə komandirinə bu əməlləri törətməsinin şərait yaradaraq "Vətəndaş müraciətlərinə baxılması“ Qanunun 7.13-cü maddəsinin CPMnin 320.1 maddəsinin, ƏQM-nin 5-ci və 10-cu bəndinin, CM-nin 113-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin tələblərinin və Prokurorluq haqqında qanunun tələblərini kobud surətdə pozaraq dövlətin qanunlarına vəzifələrindən sui-istifadə edərək, vəzifə mövqelərindən arxayıncasına istifadə edərək vətəndaşın qanunla müəyyən olunmuş hüquqlarının pozulmasına şərait yaradaraq göstərdiyi qanunsuzluqları törətmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (...) 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

5.2. Bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir.

İddiaçının iddia tələbi cavabdehlər Bakı Hərbi Prokurorluğu və Respublika Hərbi Prokurorluğuna qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “ İnzibati orqanların təsnifatı”na əsasən prokurorluq orqanları bu siyahıya daxil deyildir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddiaçının iddiası cinayət məsuliyyəti (təqibi) ilə bağlı yaranmış hüquq münasibətlərindən irəli gələn mübahisənin həllinə yönəldilmişdir; bu mübahisənin həlli inzibati məhkəmə icraatında mümkün deyildir. İddiaçı bundan sonra iddia tələbini dəyişdirmiş, Bakı Hərbi Prokurorluğu və Respublika Hərbi Prokurorluğunun iddiaçının 2023-2025-ci illərdə ünvanladığı şikayətlərə verdiyi cavabların qanunsuz hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.İddiaçı iddia tələbinin əsası kimi “Vətəndaşların müraciətinə baxılması haqqında” qanunun müddəalarına istinad eymişdir. Halbuki yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən, “Vətəndaşların müraciətinə baxılması haqqında” Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. İddiaçının hüquqi marağı - hərbi orqanının hərəkətsizliyinin qanunsuz hesab edilərək yeni faktlar üzrə araşdırılması apararaq nəticə üzrə qərar qəbul edilməsindən ibarətdir; və bu məsələ cinayət təqibi ilə bağlı olduğu üçün cinayət-prosessual fəaliyyətinə aiddir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinə inzibati məhkəmə icraatında baxılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət etmiş, müraciəti cavablandırılmışdır. Lakin iddiaçı ona təqdim edilmiş cavabın mahiyyəti ilə razılaşmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan olsa da belə iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Hazırki mübahisə ilə bağlı hüquq isə cinayət məsuliyyəti (təqibi) məsələlərinə dair işlər üzrə fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar