Məhkəmə qərarları › İş №e-2-1(112)-997/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-997/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-997/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Binəqədi rayon Binəqədi bələdiyyəsi “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayon bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamı ilə Binəqədi rayonu üzrə 295,73 ha torpaq sahəsinin Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 393 nömrəli Sərəncamı ilə ayrılmış torpağın sahəsinə dəyiliklik edilərək 292,71 ha müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi (bundan sonra – üçüncü şəxs və ya bələdiyyə) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında 8 mkr., Ş.Məmmədova küçəsi, “Oazis” restoranının yaxınlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 120 kv.m. torpaq sahəsinin verilməsinə dair xx.xx.2005-ci il tarixli 253 №li müqavilə bağlanmışdır. İddiaçı tərəfindən Bələdiyyənin N/H ********* saylı hesabına, 034842 nömrəli qəbzlə 3.000.000 AZN manat ödəniş edilmişdir. Bələdiyyənin həmin torpağın iddiaçıya ayrılmasına dair 371 №-li, 30 dekabr 2005-ci il tarixli Qərar qəbul edilmişdir. Bələdiyyə tərəfindən torpaq sahəsinin situasiya planı hazırlanaraq təsdiq edilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2020-ciü il tarixli məktubda bildirmişdir ki, “... təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bundan başqa torpaq sahəsi yaşayış binasının qarşısındakı ümumi istifadədə olan yaşıllıq sahəsidir. Həmçinin elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsinin bələdiyyə sərhədləri daxilində olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin üzərinə 8 mkr., Ş.Məmmədova küçəsi, “Oazis” restoranının yaxınlığında yerləşən 120 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, 11 dekabr 2005-ci ildə Binəqədi rayon Binəqədi Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Binəqədi Rayon Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 371 saylı qərarı ilə Bələdiyyənin inzibati ərazisi olan 8 mkr., Ş Məmmədova küçəsi, “Oazis” restoranının yaxınlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 120 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Binəqədi Bələdiyyəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt bağlanmışdır. İddiaçı tərəfindən Binəqədi Bələdiyyəsinin N/H ********* saylı hesabına, 034842 nömrəli qəbzlə 3.000.000AZN manat ödəniş edilmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün mülkiyyətinə verilən torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. Binəqədi Bələdiyyəsi ilə iddiaçı arasında Binəqədi rayon Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 253 saylı 26 dekabr 2005-ci il tarixli müqavilə bağlanmışdır. Torpaq sahəsi hal-hazırda Binəqədi Rayonunun inzibati ərazisində yerləşir. Torpaq sahəsi hal-hazırda iddiaçının istifadəsindədir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, təqdim olunmuş “Torpaqların alqı-satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 1997ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanına uyğun deyil. Belə ki, “Torpaqların alqısatqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin “Torpaqların alqı-satqısına dair akt”-da istinad edilən qərarın tarixi tam qeyd olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır və göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə, şərti sərhədlərlə göstərilən sahə yaşayış binasının önündə, yolkənarı yaşıllıq cərgəsində, ümumi istifadə üçün nəzərdə tutulan ərazidə yerləşir. Həmçinin təqdim edilən cizgi ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, bələdiyyənin 30 dekabr 2005-ci il tarixli 371 saylı qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri, 8 mkr., Ş.Məmmədova küçəsi, “Oazis” restoranının yaxınlığında yerləşən 120 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, hüquqmüəyyənedici və texniki sənədlərin verilməsinə yönəlmişdir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı aktının keçmiş DTXK tərəfindən təsdiq edilməməsinə, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığına, torpaq sahəsinin yaşayış binasının qarşısındakı ümumi istifadədə olan yaşıllıq sahəsi olduğuna, həmçinin elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsinin bələdiyyə sərhədləri daxilində olması barədə məlumat aşkar edilmədiyinə istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmçinin cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında “Torpaqların alqı-satqısına dair akt”-da istinad edilən qərarın tarixinin tam qeyd olunmadığına, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin dövlət mülkiyyəti torpağı olduğunu, şərti sərhədlərlə göstərilən sahənin yaşayış binasının önündə, yolkənarı yaşıllıq cərgəsində, ümumi istifadə üçün nəzərdə tutulan ərazidə yerləşdiyini, həmçinin təqdim edilən cizgi ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcud olduğunu göstərmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. Həmin sənədlər aşağıdakılardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar... Qeyd edilən normanın dispozitiv şərtlərinin mövcud olması üçün aşağıdakıların olması zəruridir: 1) Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyəyə məxsus olmalıdır; 2) Torpaq sahəsinin ayrılmasına dair akt qanunla müəyyən edilmiş qaydada qəbul edilməlidir. İddia tələbinin və cavabdehin imtinasının əsaslı olub-olmamasının müəyyən edilməsi yuxarıda göstərilən dispozitiv şərtlərin yoxlanılmasından asılıdır. Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyəyə məxsus olması ilə bağlı; Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər Cavabdeh elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olmasını, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair hər hansı məlumatın olmamasını bildirir. Cavabdeh elektron kadastr baza məlumatlarına istinad etdiyinə görə, iddiaçı tərəfindən ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmaması işin mübahisələndirilməyən halıdır. Nə iddiaçı, nədəki üçüncü şəxs bələdiyyə bunun əksini sübut edəcək dəlili məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bakı şəhərində yerləşən Bələdiyyələrə torpaq sahəsinin ayrılmasının tam başa çatdırılmaması, bələdiyyələrə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinə bələdiyyələrin mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması işin mübahisələndirilməyən halları olmaqla, hammıya bəlli olan faktdır və sübuta ehtiyacı yoxdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaqkadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2). Qeyd edilənlərə əsasən bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin bələdiyyənin deyil, dövlətin mülkiyyətində olması işin mübahisələndirilməyən halıdır. Lakin qeyd edilməlidir ki, məsələyə bu cür yanaşma Bakı şəhərində bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin sənədləşdirilməsinin mümkünsüz olmasına gətirib çıxarmaqla yanaşı, vətəndaşların inzibati orqan olan bələdiyyələrin prtaktikasına etimad hüququnun pozulması, həmçinin mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxarmaqla, inzibati orqanların fəaliyyətinin əsas məqsədi olan ictimai marağın pozulması ilə nəticələnə bilər. Belə ki, bələdiyyə torpaqlarının mülkiyyət hüquqlarının reyestrinin aparılmaması, vaxtı ilə bələdiyyələrdən torpaq sahəsi əldə edən vətəndaşların məsuliyyət sferasına aid deyil və onların ziyanın şərh edilməməlidir. Bunun üçün ilk növbədə araşdırılması məsələ ondan ibarət olmalıdır ki, bələdiyyə tərəfindən iddiaçıya ayrılmıış torpaq sahəsi həqiqətən də, Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən üçüncü şəxsə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşirmi? Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamı ilə Binəqədi rayonu üzrə 295,73 ha torpaq sahəsinin üçüncü şəxsə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin hüdudlarını müəyyən etməyə imkan verən və Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş xəritə məhkəməyə və ekspertizaya təqdim edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamında əlavədə torpaq sahələri sahələr üzrə göstərilmiş (İ-X sahələr), hər sahə üzrə ayrılmış torpaq sahəsinin ölçüsü və sahənin konturları müəyyən edilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsi həmin xəritədə Vİİ sahədə yerləşməsi iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 14 mart 2025-ci il tarixli 10/6884 №-li Ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının istifadəsində olan 8-ci mkr., Ş.Məmmədova küçəsi, “Oazis” restoranının yaxınlığında yerləşən 120 kv.metr torpaq sahəsinin sərhədlərinin şərti olduğu (hasara alınmadığı) müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin koordinatları qeyd edilmiş, bildirilmişdir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də ekspertiza tədqiqatına təqdim edilmiş bələdiyyə torpaqlarının xəritəsində torpaq sahəsinin yerləşdiyi ərazinin qara xətlərlə ayrılmış sahənin (kv 3064, kv 3160, kv 3098, kv 3099) hüdudları daxilində yerləşdiyini nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 371 nömrəli Qərarına əsasən ayrılmış 120 kv.m torpaq sahəsinin ayrılan zaman Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 371 nömrəli Qərarına əsasən ayrılmış 120 kv.m torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsinin eni 4 metr, uzunluğu 30 metr olmaqla sahəsi 120 kv.m təşkil edir. Təqdim olunan torpaq sahəsi yol ilə yataqxana binasının arasında yerləşən ərazidə yerləşməklə binadan 8 metr aralıda, yolun kənarından 2 metr aralıda yerləşir. Sahənin orta hissəsi boş ərazidir, kənarlarında müxtəlif ağaclar mövcuddur. İddia olunan (baxış zamanı təqdim olunan) torpaq sahəsinin planlı yerləşməsi, ölçüləri, istinad nöqtələrindən qeyd olunan məsafələri Binəqədi bələdiyyəsi tərəfindən təsdiq edilmiş, 8-ci mkr., Ş.Məmmədova küçəsi, “Oazis” restoranının yaxınlığında, iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün təklif olunan torpaq sahəsinin (120 kv.m) Situasiya Planında qeyd olunanlarla uyğunluq təşkil edir. Göründüyü kimi, bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin hüdudlarında yerləşdiyi müəyyən edilir. Məhkəmə qeyd edir ki, üçüncü şəxsə ayrılmış torpaq sahələrinin kadastr baza məlumatlarına işlənməsə də, məhkəməyə təqdim edilmiş sərəncam, xəritə və ekdpert rəyi ilə ən azından torpaq sahəsinin üçüncü şəxsə ayrılması nəzərdə tutulmuş torpaq sahəinin hüdudları daxilində yerləşməsi müəyyən edilir Lakin məhkəmə qeyd edir ki, torpaq sahəsinin bələdiyyəyə ayrılması nəzərdə tutuilmuş torpaq sahələrində yerləşməsi iddia tələbinin təmin olunması əsas təşkil etmir. Bunun üçün Qanunun yuxarıda istinad olunan normasının (8.0.1) dispozisiyasında qeyd edilmiş 2-ci şərtin, yəni torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada ayrılması zəruridir. 2) Torpaq sahəsinin ayrılmasına dair aktın qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi ilə bağlı: Azərbaycan Respublikasının Qanunvericiliyində bələdiyyə torpaqların ayrılması ilə bağlı bir sıra tələblər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İ və İİ hissə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Maddə 4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Bələdiyyə torpaqları

1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin malqarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir. ... 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. ... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. ... 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri ...

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri ... Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir.

“Yaşıllıqların mühafizəsi haqqında” AR Qanunu 1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur; 1.0.3. yaşıllıqların mühafizəsi – ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlər; 1.0.8. yaşıllıqların məhv edilməsi – bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik); 1.0.12. yaşıllıqların götürülməsi – bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. 6.1. Təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların aşağıdakı növləri vardır: 6.1.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); 6.1.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);[2] 6.1.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). 6.2. Xüsusi təyinatlı yaşıllıqların mühafizəsi bu Qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir. 6.3. Bu Qanunun 6.1-ci maddəsində göstərilən yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydasını, təyinatını və onlardan istifadə qaydasını (rejimini) müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllıqların müfəssəl siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilir.

Maddə 24. Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycna Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

1. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri aşağıdakı kimi təsdiq edilsin: ... 1.2. yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində. Sadalanan normalardan göründüyü kimi: 1) Torpaq sahəsinin ayrılması ilə bağlı ərizə ilə bələdiyyəyə müraciət olunur; 2) Bələdiyyə torpağının mülkiyyətə verilməsi bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda qəbul edilmiş bələdiyyənin qərarına əsasən həyata keçirilir: 3) Torpaq sahəsinin ayrılmasına dair qərar müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9.08.2001-ci il tarixli, 548 № li Fərmanın 2.5-ci maddəsinə əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 4) Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. 5) Qərar qəbul edildikdən sonra torpaq sahəsinin ayrılmasına dair alqı-satqı müqaviləsi bağlanır; 6) Torpaq sahəsinin ayrılmasında dair alqı-satqı aktı torpaq şöbəsinin müdiri tərəfindən imzalanmalıdır. 7) mühafizə zolağında, ümumi istifadədə və yaşıllıqların yerləşdiyi torpaq sahələri fiziki şəxsin xüsusi mülkiyyətinə verilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı işdə torpaq sahəsinin ayrılması ilə bağlı prosedur qaydalarının pozulması, yəni bələdiyyə tərəfindən qərar qəbul edilmədən öncə alqı-satqı müqaviləsinin bağlanması, sonra qərarın qəbul edilməsi, alqı-satqı aktında bələdiyyə qərarına istina edilməməsi, eyni zamanda qəbul edilmiş qərarın X2 göndərilməməsi, torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq qurumdan rəylərin və razılaşmaların alınmaması, alqı-satqı aktının torpaq şöbəsinin müdiri tərəfindən imzalanmaması iddiaçının məsuliyyət sferasına aid olan məsələlər deyil. Belə ki, “...X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Lakin cavabdehin dəlillərindən göründüyü kimi, iddia edilən torpaq sahəsi yaşayış binasınnda 8 metr aralıda, ümumi istifadədə olan yolkənarı yaşıllıq ərazidə yerləşir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş qeyd olunan torpaq sahəsinin ortofoto görüntüsü və ekspert rəyinə əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi yaşayış binasının önündə, yolkənarı yaşıllıq cərgəsində, ümumi istifadə üçün nəzərdə tutulan ərazidə yerləşir. Yuxarıda sadalan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, bələdiyyə mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahələrinin fiziki şəxslərin mülkiyyətində verilməsi imperativ normalarla qadağan edilmişdir. Belə olan halda, bələdiyyə ümumi istifadədə olan torpaq sahəsinin, yaşayış binasının qarşısında olan və yolun mühafizə zolağına düşən, həmçinin ağacların olduğu torpaq sahəsini iddiaçıya ayırmaqda səlahiyyətli olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı ekspert qarşısında həmin torpaq sahəsinin ümumi istifadədə olan, yolkənarı yaşıllıq ərazidə yerləşən torpaq sahəsi olub-olmaması barədə sual qoyulmuş, ekspert rəyində həmin sualı birbaşa cavablandırmaqdan yayınsa da, torpaq sahəsinin ümumi istifadədə olan, yol kənarı ərazi olmasını qəbul etmişdir, hansı ki, bu da həmin ərazinin ümumi istifadədə olan torpaq sahəsi olması barədə nəticəyə gəlmək üçün kifayətdir. Eyni zamanda bu halın müəyyən edilməsi xüsusi bilik tələb etməməklə, iş materiallarında olan ortofoto görüntüsü və yolun fotoşəkilləri ilə müəyyən etmək mümkündür. “İnzibati icraat haqqında” Qanunun 65.1 və 65.1.2-ci maddələrinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız inzibati aktdır. Üçüncü şəxs bələdiyyə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış binasının önündə, yolkənarı yaşıllıq cərgəsində, ümumi istifadə üçün nəzərdə tutulan ərazidəyerləşən torpaq sahəsini fiziki şəxsin mülkiyyətində verməkdə səlahiyyətli olmadığına görə, onun tərəfindən qəbul edilmiş xx.xx.2005-ci il tarixli, 371 nömrəli qərar “İnzibati icraat haqqında” Qanunun 65.1 və 65.1.2-ci maddələrinə əsasən etibarsız inzibati aktdır. İddiaçının nümayəndəsi və vəkili bələdiyyə qərarının mübahisələndirilmdəyini, ləğv edilmədiyini və geri çağırılmadığını bildirərək qüvvədə olduğunu bildirir. Məhkəməm bununla bağlı qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilin istinad etdiyi həmin hal, qanunsuz inzibati akt üçün keçərlidir. Hazırkı işdə isə, təqdim edilən bələdiyyə qərarı ümumi istifadədə olan torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyəti olmadığına görə etoibarsız inzibati aktdır və ttibarsız inzibati aktın isə mübahisələndirilməsinə zərurət yoxdur, çünki etibarsız inibati aktların hüquqi qüvvəsi yoxdur. “İnzibati icraat haqqında” Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayon bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar