Məhkəmə qərarları › İş №e-2-1(112)-9974/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9974/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9974/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı uşağının adının dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia tələbi ilə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü uşağı X3 adının dəyişdirilərək “Aylin” kimi rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla imtina edərək, imtinanın əsası kimi aşğıdakıları qeyd etmişdir: övladının doğumunun xx.xx.2019-cu il tarixdə 3662 saylı aktla 5 saylı Bakı “ASAN Xidmət Mərkəzi” qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuş, həmçinin müraciətə əlavə edilmiş sənədlər nəzərdən keirilərkən övladının adının dəyişdirilməsi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli İ-98/2-164/2-t/1 saylı sərəncamı ilə imtina verildiyi məlum olmuşdur. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəqdaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Eyni zamanda “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərarın 2.2-ci bəndinə əsasən valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları tərəfindən bu qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Həmçinin bildirilib ki, yetkinlik yaşına çatmayan uşağın adının dəyişdirilməsi qeydiyyat şöbəsinin səlahiyyətinə aid deyil. Göstərilənlərə əsasən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, bu imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 18 yaşına çatmayan uşaqların ad, soyad və ata adının dəyişdirilməsi Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Lakin, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də, soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valdideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Öz rəyində İH adın uşağın mənafeyinə zidd olmadığını qeyd etsə də mənfi rəy vemişdir. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Valideynləri ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn öz soyadını vermək istədikdə bu məsələ digər valideynin rəyi nəzərə alınmaqla və uşağın maraqlarından asılı olaraq həll edilir. Lakin, digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərəbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. İddiaçı qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-1(112)-9974/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin əsl cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi əsl cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli 1/2063 nömrəli məktubla iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Vətəndaş İddiaçı xx.xx.2019-cu il təvəllüdlü övladı X3 adının dəyişdirilərək X1 rəsmiləşdirilməsi barədə ərizə ilə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş və ona RİH-nin xx.xx.2021-ci il tarixli İ-104-164 saylı məktubu ilə cavab verilmişdir. Cavab məktubunda qanunvericiliyin verdiyi hüquqlardan istifadə edərək, məsələyə baxılmış və azyaşlının mənafeyi nəzərə alaraq adının dəyişdirilməsi RİH yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəqdaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Eyni zamanda bildirilər ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə görə inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd edilənləri nəzərə alaraq, qaldırılmış iddianın əsassız hesab edilməklə rədd edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 483-09/75 nömrəli cavab məktubundan görünür ki, qızının adının “Mələk”dən “Aylin”ə dəyişdirilməsi ilə bağlı müraciəti nəzərdən keçirilərkən övladının doğumunun xx.xx.2019-cu il tarixdə 3662 saylı aktla 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Həmçinin, müraciətə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən övladının adının dəyişdirilməsi ilə bağlı Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli İ-98/2-164/2-t/1 saylı sərəncamı ilə imtina verildiyi məlum olmuşdur. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəqdaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Eyni zamanda “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərarın 2.2-ci bəndinə əsasən valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Həmçinin bildirilir ki, yetkinlik yaşına çatmayan uşağın adının dəyişdirilməsi qeydiyyat şöbəsinin səlahiyyətinə aid deyil. Göstərilənlərə əsasən, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli 1/2063 nömrəli məktubu ilə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı Suraxanı rayon İHB-na ərizə ilə müraciət edərək, qızının adının dəyişdirilməsində köməklik göstərilməsini xahiş edərək göstərmişdir ki, xx.xx.2019-cu ildə dünyaya gətirdiyi qızına doğum haqqında şəhadətnaməni ailədə olan məsələlərə görə tək ana olaraq almış, adını Mələk qoymuşdur. Barışıq olduqdan sonra atası və onun ailəsi bu adı qəbul etməyib, uşağa Aylin adını şifahi olaraq qoyublar. Hazırda ayrılmışdır. Qızı isə Aylin adı ilə özünü tanıyır. İstəyir ki, şəhadətnamədə də, Aylin yazılsın. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Komissiyasının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli İ- 104-164 nömrəli məktubdan görünür ki, X3 adında azyaşlının mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc səslənən ad əlamətləri aşkar edilmədiyindən azyaşlının mənafeyi nəzərə alınaraq, adının dəyişdirilməsi RİH yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən məqsədəuyğun hesab edilməmişdir. İşdə olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyun 2019-cu il tarixli 05/70-382 nömrəli akt qeydindən görünür ki, 16 iyun 2019-cu ildə 5 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında X3 doğumu 3662 nömrə ilə qeyd edilmişdir. Döğum tarixi 23 may 2019-cu il, valideynləri: anası İddiaçı, atası X4 – ata haqqında məlumat ananın ərizəsinə əsasən yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X4, milliyyəti azərbaycanlı, anası qrafasında İddiaçı, milliyyəti azərbaycanlı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2019-cu ilin iyun ayının 16 günündə 3662 nömrə ilə qeyd edilmişdir, qeyd edilən yer 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il təvəllüdlüdür. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2021-ci il tarixli İ-104-164 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi, hazırkı mübahisənin predmetini azyaşlı xx.xx.2019-cu il təvəlüdlü X3 adının “Aylin”ə dəyişdirilməsi təşkil edir. Buna səbəb kimi, uşağın 3-4 aylığından adının Aylin kimi çağrılması və uşağın bu ada öyrənməsidir. Cavabdeh inzibati orqanın imtinasının əsasları kimi, X3 adında azyaşlının mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc səslənən ad əlamətləri aşkar edilmədiyindən azyaşlının mənafeyi nəzərə alınaraq adının dəyişdirilməsi məqsədəuyğun hesab edilməməsidir. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıları qeyd edir: “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli qərarında şikayətlə bağlı göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində ad hüququ birbaşa olaraq bir sıra qanunlarda təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 26.1-ci maddəsində müəyyən olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər. Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Konstitusiyada dövlət dilinin statusunun müəyyən edilməsi Azərbaycan dilinin konstitusion dəyərə malik olduğunu göstərir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında göstərildiyi kimi, dövlət dili Azərbaycan Respublikasının rəmzi olaraq, onun müstəqilliyinin əsas əlamətlərindən biridir. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dövlət dilinin statusunun Konstitusiyada təsbiti həm də o deməkdir ki, qanunverici dilin ictimai həyatda istifadəsinə şərait yaratmağa və onu müdafiə vasitələri ilə təmin etməyə borcludur. Qeyd etmək lazımdır ki, ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Qanunun 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır, 13-cü maddəsində isə müəyyən olunur ki, dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli Fərmanının 2.4-cü bəndinə əsasən, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 13.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla) nəzərdə tutulur. Baxılan məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) təcrübəsi də çox əhəmiyyətlidir. Belə ki, Konstitusiyanın həm də məhkəmələrə yönələn 12-ci maddəsinin İİ hissəsində təsbit olunmuş tələbə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X8rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X2rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X5rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64- 69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). “Uşaq hüququları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasında uşaq hüquqularının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüququi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək, qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad etməklə hesab edir ki, hazırki halda iddiaçının xx.xx.2019-cu il təvəllüdlü övladı X3 adının dəyişdirilərək “Aylin” şəklində yazılması onun cinsinə uyğun gəlməyən və ya gülünc ad kimi səslənmədiyindən, eyni zamanda iddiaçının övladının həmin adı almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunmasına zidd olmadığından, uşağın özünü hazırda “Aylin” adı ilə tanımasını və bu ada öyrənməsi halını uşağın mənafeyi baxımından qiymətləndirərək hesab edir ki, iddiaçının tələbi təmin olunmaqla, onun azyaşlı övladının adının “Aylin”-nə dəyişdirilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də, iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 23 may 2019-cu il təvəllüdlü qızı X3 adının “Aylin”-ə dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar