Məhkəmə qərarları › İş №e-2-1(112)-9981/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9981/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9981/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X1 adına cavabdeh tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 246,20 kv. ümumi sahəsi olan, 0,0520 ha torpaq sahəsi olan fərdi yaşayış evi onların baba mülkü olmuşdur. O uşaqlıqdan qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Həmin ev mərhum babasından ona miras qalmışdır. Belə ki, babası və nənəsi də sağlıqlarında həmin evi ona miras qoymuşlar. O əvvəllər ailə həyatı qurmuş və həmin dövr ərzində ailəsi ilə birlikdə həmin ünvanda yerləşən evdə yaşamışlar. Ailə qurduqdan sonra keçmiş həyat yoldaşı cehiz əşyalarını da evlərinə gətirmiş, övladının bütün əşyaları daim evlərində olmuşdur. Daha sonradan, ikinci evliliyindən olan oğlu da daim onunla eyni ünvanda yaşamış, nənə və babası ilə ünsiyyətdə olmuşdur. Orada yaşamağı səbəbilə bu illər ərzində dəfələrlə evərini öz hesabına təmir etdirmişdir. Bununla o evin dəyərinin artmasına da səbəb olmuşdur. xx.xx.2024-cü il tarixində yuxarıda qeyd olunan daşınmaz əmlaka dair X1 adına cavabdeh tərəfindən çıxarış verilmişdir. Hesab edir ki, X1 adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarış tam qanunsuz və əsassız olmuşdur. Belə ki, bununla X2 onu haqqı olan mülkdən çıxarmağa və onu əmlakından məhrum etməyə çalışır. Onun başqa evi yoxdur. Həmçinin, uzun illər orada yaşamağı səbəbilə bütün qazancını həmin evə xərcləmişdir (övladlarının gələcəyini düşünərək). Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarış qanunsuz olması səbəbilə ləğv edilməsi zəruridir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehuin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarışın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarışı deyil, həmin çıxarışın verilməsi üçün əsas olmuş dövlət reyestrində qeydin aparılmasına əsas olmuş halları müabisələndirməlidir. Əgər qeydin aparılmasına əsas inzibati aktdırsa, iddiaçı həmin aktın ləğv edilməsi və ya bunun üçün əsaslar mövcud olduğu təqdirdə etibarsız hesab edilməsi ilə bağlı inzibati məhkəmədə həmin inzibati aktı mübahisələndirə bilər. Əgər qeydin aparılması əsas, mülki hüquqi əqddirsə, iddiaçı həmin əqdin əsaslılığı (etibarlılığı) ilə bağlı mülki mühakimə icraatı qaydasında müvafiq rayon (şəhər) məhkəməsində iddia qaldıra bilər. Bundan başqa, iddiaçının mümumiyyətlə hazırkı iddia tələbi ilə bağlı (çıxarışın və ya qeydin ləğv edilməsi) cavabdeh inzibati orqana müraciət etməsi, cavabdehin imtiasının olması da müəyyən edilmir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının iddia tələbi ilə əlaqədar inzibati orqana müraciəti mövcud deyildir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı qeyd edir ki, iddiaçı müvafiq tələblə cavabdeh inzibati orqana müraciət edib, müraciəti təmin olunmadığı halda iddia tələbi ilə məhkəmədə iddia qaldıra bilər. Qeyd edilənlərlə əlaqədar İPM 13-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçının elektron kabinetinə 1.05.2025-cü il tarixli hüquqi yardım məktubu yerləşdirilmiş, lakin iddiaçı məktuba münasibət bildirməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar