Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9982/2024 21.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 və Uçotun Təşkili Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, 02061 nömrəli aktın etibarsız hesab edilməsi və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması” haqqında xx.xx.2024-cu il tarixli, **********9361 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-də keçirilmiş X20nin nəticələri haqqında xx.xx.2024-cü il tarixli, 02061 nömrəli akt və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması” haqqında xx.xx.2024-cü il tarixli, **********9361 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 27 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 54 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Qəbul edilən qərar əsassız və qanunsuz olaraq qəbul edildiyindən məhkəmə qaydasında ləğv edilməlidir. Çünki inzibati orqan inzibati icraat üzrə ətraflı araşdırma aparmadan, işin faktiki və həqiqi halını araşdırmadan düzgün olmayan və səhv hüquqi nəticə ilə yekunlaşan inzibati akt qəbul etmişdir. Belə ki, sözügedən 27 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iddiaçı tərəfindən yox, podrat müqavilə əsasında podratçı X10 tərəfindən həyata keçirilib. X10 ilə İddiaçı MMC direktoru X6 ilə arasında “Podrat Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə görə X10 müəyyən işləri görmək şərti ilə bir neçə ay ərzində 500 manat muzdlu şəkildə təşkil etmişdir. AR qanunvericiliyi ilə ödəmə mənbəyindən tutulmalı olan 14% dərəcəsində gəlir vergisi və 25% dərəcəsində məcburi sosial siğorta haqqı üzrə ödənişlər tutulduqdan sonra Podratçıya 45650 manat miqdarında muzd haqqı ödənilmişdir. X4 İddiaçı MMC tərəfindən Gəncə şəhəri, Atatürk prospektində yerləşən köhnə Xalça kombinatında söküntü (demontaj) işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə sifariş vermişdir. İddiaçı MMC ilə arasında olan podrat müqaviləsi əsasında söküntü və s. işlərinin həyata keçirilməsini X10 öz öhdəsinə götürmüşdür. Daha sonra isə günə muzd fəhlələr tapmaqla söküntü işlərini həyata keçirmişdir. Həmin şəxslərlə iddiaçı arasında heç bir əmək münasibətləri olmamışdır. İddiaçının fəaliyyət sahəsi xalçaçılıq olmuşdur. X10 isə söküntü işləri aparmışdır. Qərarda qeyd olunan 27 nəfərdə həmin günə muzd çalışan fəhlələrdən olublar. Söküntü işərinin aparılması üçün həmin söküntü işlərini aparan şəxs ilə podrat deyil əmək müqaviləsi bağlanması kimi bir şərtin iddiaçının üzərinə qoyulması qanunsuz və əsassız olardı. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı MMC-də X20 tədbiri Vergi Məcəlləsinin 50.2.2-ci maddəsində göstərilmiş əsaslara görə (vergi orqanları tərəfindən mənbəyi bəlli məlumatlar) təyin edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********1270 nömrəli “X20nin həyata keçirilməsi haqqında” Qərarına əsasən cəmiyyətin fəaliyyət göstərdiyi Gəncə şəhəri, Atatürk prospekti 135 ünvanında X20 tədbiri keçirilmiş, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən 27 fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları (Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən) aşkar edilərək, xx.xx.2024-cü il tarixli DVX seriyalı 002061 nömrəli aktla rəsmiləşdirilmişdir. Cəmiyyətin səlahiyyətli nümayəndəsi Teymur Həsənov aktı imzalamaqdan imtina etmişdir. Yoxlama materiallarına əsasən 27 nəfər işçilərdən 15 nəfəri izahat vermiş 12 nəfər isə sərbəst akta əsasən izahat verməkdən imtina etmişlər. Cəmiyyətin səlahiyyətli nümayəndəsi Teymur Həsənov da izahat verməkdən imtina etmişdir. Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 58.10-cu maddəsində göstərilən pozuntuya təqvim ili ərzində birinci dəfə yol verildiyi müəyyən olunmuşdur. Tərtib edilmiş akt əsasında Bakı şəhəri X20 və Uçotun Təşkili Baş İdarəsində tərəfindən xx.xx.2024-cü il tarixli **********9361 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 54000 manat məbləğlərində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli formal tərtib olunmuş podrat müqaviləsinin 7.1 -ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədədir. Müqavilənin tarixi ilə qüvvədə olma tarixi arasındakı ziddiyyət də sübut edir ki, bu müqavilə tamamilə formal xarakter daşıyır və məhkəmənin ədalətli qərar qəbul etməsinə mane olmaq üçün hazırlanmışdır. İddiaçı tərəfindən 2024-cü ilin 1-ci rübü üzrə ÖMV bəyannaməsi təqdim edilməmiş və qeyd olunan ödənişlər edilməmişdir. İddiaçının işçilərinin olduğunu qeyd etdiyi X10 xx.xx.2015-ci il tarixindən vergi orqanında uçotdadır. Vergi ödəyicisinin fəaliyyət sahəsi “yağlı bitkilərin və onların toxumlarının becərilməsi” ilə bağlıdır. xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən X2 fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Vergi orqanında uçotda olan fiziki şəxsdən xidmət alındıqda isə ödəmə mənbəyində verginin tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır. X10 tərəfindən İddiaçı MMC-yə xidmət göstərildiyi qeyd olunsa da vergi ödəyicisinin uçot-baza məlumatlarında xidmətə görə təqdim olunmuş elektron-qaimə faktura müəyyən edilməmişdir. Hansı ki, Vergi Məcəlləsinin 71-1.1.3-cü maddəsinin tələblərinə əsasən əgər X10 tərəfindən xidmət göstərilmiş olsa qarşı tərəfə işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura təqdim olunmuş olmalı idi. İddiaçı heç biri həqiqətə uyğun olmayan, ümumi ifadələrdən istifadə etməklə iddiasını əsaslandırmağa çalışmışdır. OVN tədbiri zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********1270 nömrəli “X20nin həyata keçirilməsi haqqında” qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi İddiaçı MMC-də xx.xx.2024-xx.xx.2024 tarixləri arasında X20 həyata keçirilməsi qərara alınmışdır. Yoxlamanın predmeti və hüquqi əsasları: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi haqqında tərtib edilmiş DVX seriyalı, 002061 nömrəli, xx.xx.2024-cü il tarixli aktda göstərilmişdir ki, iddiaçıya məxsus olan Gəncə şəhəri, Atatürk 135 ünvanda yerləşən İddiaçı MMC-də X20 həyata keçirilərkən müəyyən olundu ki, işlərin görülməsi və xidmətlərin göstərilməsinə cəlb olunmuş 27 nəfər fiziki şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətləri) yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin şəxslər (X11, X17, X18, X28, X5, X24, X3, X7, X12, X19, X13, X14, X10, X22, X15) verdikləri xx.xx.2024-cü il tarixli izahatlarında göstərmişlər ki, onlar işə qəbul olunmaq üçün iddiaçının rəhbərliyinə müraciət etmiş, xx.xx.2024-cü il tarixdən İddiaçı MMC-də gündəlik nəğd qaydada 20-25 manat müqabilində həftədə 5 gün saat 09:00-dan 18:00-dək olmaqla əmək müqaviləsi olmadan fəhlə işləməyə başlamışlar. Müəssisənin rəhbəri kimi Oran Ağayevi tanıyırlar. Onlarla əmək müqaviləsi bağlanmamışdır. İşə davamiyyətə Musayev Murad adlı şəxs tərəfindən nəzarət edildiyini bildirmişlər. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********9363 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 27 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 54000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 54000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-417/2024 nömrəli qərarına əsasən İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-561/2024 nömrəli qərarı ilə X1 şikayəti təmin edilmiş, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Gəncə -Daşkəsən regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarının ləğv edilməsi, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı (Sifarişçi) ilə X10 (Podratçı) arasında bağlanmış 02 saylı, 01 mart 2024-cü il tarixli Podrat müqaviləsinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı İddiaçı MMC-nin fabrikin ətrafında və daxilində (xidmətlər, işlər) görməyə öhdəsinə götürür, Sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş, işdən görünür ki, qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 50.1-ci maddəsinə əsasən X20 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələri X20nin əhatə etdiyi məsələləri özündə əks etdirir. Məcəllənin 50.1.3-cü maddəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7-ci maddəsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi X20 tədbirlərinin əhatə etdiyi məsələlər sırasına aid edilmişdir. Vergi Məcəlləsində həmçinin göstərilmişdir ki, X20nin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda (50.2.). X20 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X20 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X20nin müddəti və X20ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir (50.3.). X20 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X20ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir (50.4.). X20nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X20 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49-cu maddələrinin müddəaları tətbiq edilir (50.6.). Göründüyü kimi iddiaçıya məxsus olan obyektdə cavabdeh tərəfindən müvafiq qərar qəbul edilməklə X20 tədbiri həyata keçirilmişdir. Həmin tədbir nəticəsində əmək müqaviləsi bağlanmadan 27 nəfər şəxsin işin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bununla bağlı iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması” haqqında xx.xx.2024-cu il tarixli, **********9361 nömrəli Qərar qəbul edilmiş və 27 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 54000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Vergi Məcəlləsinin 58.10-cu maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli X20 tədbiri zamanı iddiaçı tərəfindən 27 nəfər şəxsin əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bu səbəbdən hər bir işçi üzrə 2000 manat olmaqla, iddiaçıya cəmi 54000 manat maliyyə sanksiyası hesablanmışdır. İddia ərizəsinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı ilə qərarda göstərilən şəxslər arasında əmək münasibətləri olmamış, həmin şəxslər podrat müqaviləsinə əsasən güzəmuzd fəhlə kimi iddiaçının təsərrüfat subyektində söküntü işlərinin aparılması üçün cəlb edilmişlər. Bununla bağlı öncə qeyd edilməlidir ki, iddiaçının təsərrüfat subyektində əmək fəaliyyəti ilə məşğul olan şəxslər vergi orqanına verdikləri izahatlarında onlar işə qəbul olunmaq üçün iddiaçının rəhbərliyinə müraciət etdiklərini, xx.xx.2024-cü il tarixdən İddiaçı MMC-də gündəlik nəğd qaydada 20-25 manat müqabilində həftədə 5 gün saat 09:00-dan 18:00-dək olmaqla əmək müqaviləsi olmadan fəhlə işləməyə başladıqlarını, müəssisənin rəhbəri kimi Oran Ağayevi tanıdıqlarını, onlarla əmək müqaviləsi bağlanmadığını, işə davamiyyətə Musayev Murad adlı şəxs tərəfindən nəzarət edildiyini bildirmişlər. Qeyd edilənlər, o cümlədən müəssisədə fəhlə kimi çalışan şəxslərin müəssisə rəhbərliyi tərəfindən əməyə cəlb edilmələri, müəssisənin rəhbər şəxsini tanımaları, müəssisənin rəhbərliyinə müraciət edərək işə qəbul olunmaları onların məhz əmək münasibətlərinə cəlb edildiyini təsdiq edir. Eyni zamanda podrat müqaviləsi X10 ilə bağlansa da, cavabdehin verdiyi məlumata əsasən X10 tərəfindən İddiaçı MMC-yə xidmət göstərilən xidmətə görə vergi ödəyicisinin uçot-baza məlumatlarında təqdim olunmuş elektron-qaimə faktura müəyyən edilmədiyi bildirilmişdir. İddiaçı isə məhkəmə iclaslarında təmsil edilməmiş və cavabdehin dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinin məzmununda cavabdeh tərəfinən qəbul edilmiş qərar mübahisələndirilsə də, iddia ərizəsi formal əsaslara söykənmiş və qərarların əsassızlığının nədən ibarət olması iddia ərizəsinin məzmunu ilə müəyyən edilmir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar əsaslı və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 və Uçotun Təşkili Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 02061 nömrəli aktın etibarsız hesab edilməsi və xx.xx.2024-cu il tarixli, **********9361 nömrəli Qərarın ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-9982/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9982/2024
21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver