Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-103/2023 28.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil İnqilab oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin barəsində olan xx.xx.2021-ci il tarixli əmrinin ləğv edib, onu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəyə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü ildə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilmişdir. Əvvəlcə başqa hərbi hissələrdə xidmət etsə də, son 1 ay müddətində N saylı hərbi hissəyə göndərilmiş və tərxis olanadək həmin hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi 8 il ərzində bir dəfə də olsun hərbi xidmət üzrə üzərinə qoyulmuş vəzifələrə görə cəza almamış, əksinə bu müddət ərzində həm aprel döyüşlərində, həm də 44 günlük müharibədə iştirak etmiş, medal və digər təltiflərlə təltif edilmişdir. 07 noyabr 2021-ci il tarixdə xidmətdə olarkən ona bildirilmişdir ki, onu təxris ediblər və hərbi komissarlığa getsin. İddiaçı tərxis edilməyinin səbəbini soruşduqda, ona korpus komandirinin əmri olduğu və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin E bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) xidmətdən azad olunması bildirilmişdir. O, əmrin surətini tələb etsə də, əmrin surəti ona verilməmişdir. Bundan sonra iddiaçı Şəmkir Hərbi prokurorluğuna müraciət etmiş və prokurorluqda araşdırma aparılmışdır. Ona müraciətinə baxılarkən intizam pozuntusu ilə əlaqədar keçirilmiş şərəf məhkəməsi zamanı və hərbi hissənin vəzifəli şəxslərinin qanun pozuntusuna yol vermələri qənaətinə gəlindiyi və bununla əlaqədar qanun pozuntusuna yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb olunması və onun hərbi xidmətə bərpa olunması məsələsinə baxılması üçün X3 xx.xx.2021-ci il tarixdə təqdimat göndərilməsi barədə məlumat verilmişdir. Bundan sonra iddiaçı cavabdeh təşkilata müraciət edəndə ona narahat olmaması, prokurorluğun təqdimatına baxılacağı və onun işə bərpa ediləcəyi bildirilmişdir. Lakin bu günədək ona hərbi hissədən heç bir məlumat verilməmiş və o işinə bərpa edilməmişdir. Halbuki prokurorluq tərəfindən aparılan araşdırma zamanı onun günahsız olmağı tam sübuta yetirilmişdir. Bu günədək N saylı hərbi hissəsnin komandirinin əmri verilmədiyi üçün həmin əmrin surətini iddiasına əlavə etməmişdir. Hesab edir ki, əmrin heç bir hüquqi əsası yoxdur, o heç vaxt öz xidməti işinə xələl gətirən hərəkət etməmişdir. Belə olan halda barəsində heç bir hüquqi əsası olmayan dəlillərə istinad etməklə işdən azad edilməyi qanunsuzdur. İddiaçının vəkili Vəkil İnqilab oğlu xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia qaldırmaq üçün qanunla müəyyən edilən, buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, e-2-1(114)-2005/2022 nömrəli qərardad ilə ərizə təmin olunmuş, iddia qaldırmaq üçün qanunla müəyyən edilən, buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının vəkili Vəkil İnqilab oğlu xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr təqdim etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş qərardadlar ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin N əç nömrəli N noyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə iddianın dəqiqləşdirilməsinə dair ərizələr inzibati məhkəmə icraatına qəbul edilmişidr. İddiaçı və vəkili Vəkil İnqilab oğlu iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, tələbin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində N saylı hərbi hissəyə yeni təyin olunduğu zaman, hərbi qulluqçu İddiaçı içkili vəziyyətdə mülki şəxslə mübahisə etdiyini gördüyünü və rəhbərliyə bu barədə məruzə etdiyini bildirmiş və əlavə olaraq heç bir komissiyanın üzvü olmadığını və şərəf məhkəməsində iştirak etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində İddiaçı şərəf məhkəməsində iştirak etdiyini, şərəf məhkəməsində İddiaçı içkili vəziyyətdə mülki şəxslə mübahisə etməsi, hərbi hissəni özbaşına tərk etmə və hərbi qulluqkeçmə haqqında əsasnaməyə əsasən hərbi qulluqçuya yaraşmayan etik davranış qaydalarının müzakirə edildiyini bildirmiş və əlavə olaraq şərəf məhkəməsində İddiaçı ehtiyata buraxılmasını təklif etmədiyini, Şəmkir Hərbi Prokurorluğunda izahat verdiyini və həmin izahatda şərəf məhkəməsində verdiyi izahatının təhrif olunduğunu bildirdiyini qeyd etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 3280 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı, 13 avqust 2014-cü il tarixdə SHXÇDX-nin Ağstafa rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin 4-cü tabor, 11-ci bölük, 2-ci taqımda sürücü vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin 4-cü tabor, 11-ci bölük komandiri kapitan Adəm Rüstəmov həmin hərbi hissənin 4-cü tabor komandirinə yazdığı raportdan görünür ki, 4-cü tabor, 11-ci bölük, 2-ci taqımda sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 43-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq xidmət yerini özbaşına tərk edib taborun yaxınlığında yerləşən kafelərin birində spirtli içki qəbul etdiyi üçün şərəf məhkəməsində dindirilməsinə sərəncam verməyini xahiş etmişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmağa çalışsa da qismən nail olur. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini, xidməti yerini özbaşına tərk edərək spirtli içki qəbul etdiyini, Nizamnamələrin tələblərini kobud şəkildə pozduğunu nəzərə alaraq N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi mayor Vüsal Quliyevin vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqda qərar qəbul edilmişdir. Cavabdeh komandirinin N əç nömrəli N noyabr 2021-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Cavabdeh komandirinin N əç nömrəli N noyabr 2021-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qanunidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Şəmkir Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli, HP-21/6090 nömrəli məktubundan görünür ki, hərbi hissədə keçirilmiş şərəf məhkəməsi zamanı, həmçinin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma ilə bağlı hərbi hissənin vəzifəli şəxslərinin qanun pozuntusuna yol vermələri qənaətinə gəlinmiş və qanun pozuntusuna yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb olunması və iddiaçının hərbi xidmətə bərpa olunması məsələsinə baxılması üçün X2 xx.xx.2021-ci il tarixdə təqdimat göndərilmişdir. - N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli N əç nömrəli əmrindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. -işə əlavə edilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2725 nömrəli sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. -işə əlavə edilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 077t nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət Baş idarəsinin xx.xx.2021-ci il tarixli, 1/N-20138 nömrəli məktubundan görünür ki, İddiaçı “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. -işə əlavə edilmiş “4-cü tabor 11-ci bölük 2-ci taqımın sürücüsü vəzifəsində xidmət müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı hərəkət və davranışı haqqında” aktdan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə xidmət yerini özbaşına tərk etməsi və taborun yaxınlığında yerləşən kafelərin birində spirtli içki qəbul etməsi barədə akt tərtib edilmiş və həmin aktı Elgün Əliyev, İltifat Ağayev, Adəm Rüstəmov və Şəhriyar Hüseynov tərəfindən imzalanmışdır. -işə əlavə edilmiş N nömrəli hərbi hissənin mahhxhq-ların şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli, 30 nömrəli protokolunun çıxışlar hissəsindən görünür ki, Hərbi hissənin 4-cü taborunun komandiri mayor Elgün Əliyev öz çıxışında iddiaçının xidmətini mənfi cəhətdən xarekterizə etmiş və ona tapşırılan işlərin öhdəsindən gəlməkdə çətinlik çəkdiyini, spirtli içkiyə meyilli olmasını, xidməti yerini dəfələrlə özbaşına tərk etdiyini və bunun da şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərərək pis nümunə olduğunu bildirərək iddiaçının Azərbaycan Ordusundan ehtiyata buraxılmasını təklif etmiş, 4-cü taborun 11-ci bölüyünün 1-ci taqım komandiri leytenant Natiq Quliyev də çıxışında iddiaçının xidmət etdiyi müddət ərzində xidməti vəzifələrinin yerinə yetirməsinə laqeyd yanaşdığını, manqa komandiri kimi xidmətini zəif təşkil etdiyini, xidməti yerini dəfələrlə özbaşına tərk etdiyini qeyd edərək iddiaçının Azərbaycan Ordusundan ehtiyata buraxılmasını təklif etmiş, bundan başqa 11-ci bölük komandiri kapitan Adəm Rüstəmov çıxışında iddiaçının dəfələrlə sıra düzülüşlərinə gecikdiyinə, xidməti yerini özbaşına tərk etdiyinə, intizamsızlıqlara yol verdiyinə, xidmətdə nöqsanlara yol verdiyinə və spirtli içkiyə meyili olduğuna görə onunla tərbiyəvi söhbətlər aparıldığını, lakin hərbi qulluqçunun heç bir nəticə çıxarmadığını qeyd edərək iddiaçının Azərbaycan Ordusundan ehtiyata buraxılmasını təklif etmiş, sonda isə iddiaçı məhkəmədə ona qarşı deyilən iradlardan razı olduğunu və xidmətini davam etdirməsinə köməklik göstərilməsini xahiş etdiyi qeyd edilmişdir. -işə əlavə edilmiş N nömrəli hərbi hissənin mahhxhq-ların şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli, 30 nömrəli qərarından görünür ki, şərəf məhkəməsinə təqdim olunan mahhxhq əsgər İddiaçı xx.xx.2021-ci il tarixində hərbi hissənin ərazisini özbaşına tərk edib taborun yaxınlığında yerləşən kafedə sirtli içki qəbul etməsi, bununla da şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərərək pis nümunə olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin 30 may 2015-ci il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların şərəf məhkəmələri haqqında əsasnamənin” 5.2.6 maddəsini rəhbər tutaraq ona xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılma barədə yuxarı komandanlıq qarşısında vəsətət qaldırılması qərara alınmışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 52 nömrəli əmrinin məzmunundan görünür ki, kobud intizam pozuntusuna yol vermiş hərbi qulluqçular mayor X7, mayor X9 və baş leytenant X8 xidməti və icra intizamını kobud şəkildə pozduqları üçün intizam məsuliyyətinə cəlb olunmuşlar. -işə əlavə edilmiş Şəmkir Hərbi Prokurorluğu tərəfindən təqdim edilmiş mayor Elgün Əliyev, kapitan İltifat Ağayev, kapitan Adəm Rüstəmov və leytenant Natiq Quliyevin izahatlarının təsdiq edilmiş surətləri. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N əç nömrəli N noyabr 2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı isə hesab edir ki, cavabdeh orqan tərəfindən onun barəsində heç bir hüquqi əsası olmayan dəlillərə istinad etməklə onun işdən azad edilməsi qanunsuzdur. Bu səbəbdən də hazırda qeyd olunan əmri mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, həmçinin iş materiallarına əlavə edilmiş izahatlarla bir daha təsdiq olunur ki, şərəf məhkəməsinin sədri mayor Rəşad Əliyev və katibi baş leytenant Füzuli Cəfərov tərəfindən şərəf məhkəməsində iştirak etmiş hərbi qulluqçuların çıxışlarının qısa məzmunu və təklifləri protokolda düzgün qeyd olunmamış, əsgər İddiaçı tərəfindən törədilməyən əməllər təhrif olunmuş şəkildə göstərilmişdir. Belə ki, Şəmkir Hərbi Prokurorluğunda aparılmış araşdırma zamanı mayor Elgün Əliyev, kapitan İltifat Ağayev, kapitan Adəm Rüstəmov, leytenant Natiq Quliyev verdikləri izahatlarında iddiaçının N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə hər hansı intizam pozuntusuna yol vermədiyini, intizam məsuliyyətinə cəlb olunmadığını, həmçinin şərəf məhkəməsində dediklərinin iclas protokolunda düzgün qeyd olunmadığını bildirmişlər. Belə ki, sözügedən faktla bağlı Şəmkir Hərbi Prokurorluq tərəfindən X2 xx.xx.2021-ci il tarixdə təqdimat göndərilmiş və həmin təqdimat əsasında N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 52 nömrəli əmri kobud intizam pozuntusuna yol vermiş hərbi qulluqçular mayor X7, mayor X9 və baş leytenant X8 xidməti və icra intizamını kobud şəkildə pozduqları üçün intizam məsuliyyətinə cəlb olunmuşlar. Həmin təqdimatda bir daha şərəf məhkəməsinin iclas protokolunda çıxışların məzmunun təhrif edilməsi öz təsdiqini tapmışdır. Cavabdeh məhkəməyə iddiaçının əvvəllər hər hansı intizam pozuntusuna yol verməsi ilə bağlı sübut təqdim etməmiş, həmçinin bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bundan başqa “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Məhkəmə araşdırması zamanı bir daha müəyyən olunmuşdur ki, keçirilmiş şərəf məhkəməsində iştirakçıların çıxışları təhrif olunmuş, iştirakçılar tərəfindən verilmiş təkliflər fərqli olmuşdur. Qeyd edilən fakt prokurorluq orqanı tərəfindən aparılmış araşdırma nəticəsində də öz təsdiqini tapmış, bununla əlaqədar prokurorluq tərəfindən X2 təqdimat göndərilərək müvafiq şəxslərin cəzalandırılması qeyd edilmiş və iddiaçının işə bərpa olunması məsələsinə yenidən baxılması məqsədə müvafiq hesab edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh komandirinin xx.xx.2021-ci il tarixli N əç nömrəli əmri ləğv edilməli, iddiaçı işə bərpa olunmaqla ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdeh komandirinin xx.xx.2021-ci il tarixli N əç nömrəli əmri ləğv edilsin. İddiaçı tutduğu vəzifəyə bərpa olunmaqla ona məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-103/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-103/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver