Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1031/2022 29.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (Göygöl şəhər Bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 10 saylı qərarı ilə Göygöl Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün ona 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi hazırda ünvan 2 ünvanında yerləşir. Torpaq sahəsi 10 ilə yaxındır fasiləsiz olaraq onların sahibliyində və istifadələrindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, aidiyyəti üzrə çıxarışın verilməsi üçün DƏDRXnin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 29 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, vətəndaş İddiaçı Göygöl Bələdiyyəsinin 12 oktyabr 2012-ci il tarixli, 10 saylı qərarı ilə Göygöl Bələdiyyəsinin perspektiv inkişaf fondu torpağından İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. Həmin qərar əsasında İddiaçı ilə Göygöl şəhər Bələdiyyəsi arasında xx.xx.2012-ci il tarixdə “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsinə dair sənədlər bələdiyyə tərəfindən qanunauyğun şəkildə ayrılmadığı, bələdiyyənin qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı və torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı sənəd təqdim edilmədiyi üçün sənədin icrasından imtina edilmişdir. Göygöl Bələdiyyəsi qeyd olunan torpaq sahəsi üzərində sərəncam vermək hüququnu təsdiq edən sənəd olmadan torpaq sahəsini İddiaçı bilavasitə satmışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxslər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 nömrəli və xx.xx.2020-ci il tarixli, **********84 nömrəli məktublarının surətləri, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** nömrəli çıxarışın surəti, Göygöl Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 10 nömrəli qərarının surəti, Göygöl şəhər ərazisinin sxematik planından çıxarışın surəti, Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaqdan istifadə hüququna dair aktın surəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin xx.xx.2012-ci il tarixli, 65 nömrəli rəyinin surəti, Göygöl Bələdiyyəsinin yerquruluşu planından çıxarışın surəti, “Torpaqların alqı-satqısına dair” xx.xx.2012-ci il tarixli, 582 nömrəli aktın surəti, 147 nömrəli arayışın surəti, xx.xx.2012-ci il tarixli surəti və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** nömrəli çıxarışın surəti təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Göygöl şəhər Bələdiyyəsinin 12 oktyabr 2012-cu il tarixli, 10 saylı qərarı ilə Göygöl şəhər Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün iddiaçıya verilmişdir və hazırda torpaq sahəsi onun istifadəsindədir. Çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. İş materiallarında olan: xx.xx.2012-ci il tarixdə 582 nömrə ilə qeydə alınmış “Torpaqların alqı-satqısına dair” aktın və Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 10 nömrəli qərarından çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Göygöl şəhər Bələdiyyəsi ərazisindən 0,06 ha torpaq sahəsi İddiaçı satılmışdır. İnzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməsini bələdiyyənin qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması və həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı təyinatlı örüş ərazisində yerləşməsi ilə əsaslandırmışdır. "xxxx" MMC 3 saylı Gəncə Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Göygöl Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 10 nömrəli qərarı, sözügedən 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyətini və koordinatlarını (X-Y) əks etdirən hər hansı rəsmi sənəd, daxil olmuş məktuba qoşma edilməmişdir. Odur ki, tərəflərindən aparılan araşdırma zamanı, iddiaçının ərazidə təqdim etdiyi mübahisəli torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə əsaslanmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının ərazidə təqdim etdiyi mübahisəli 0.06 ha torpaq sahəsi, Göygöl şəhəri (Aqrokombinat) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, bələdiyyə mülkiyyətinə aiddir. Yuxarıda qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aiddir. Həmin torpaq sahəsi üzərində hüquq müəyyənedici sənəd qeydə alınmamışdır. Birinci sualın cavabında qeyd olunan hallar səbəbindən 3-cü sualın cavablandırılması mümkün deyildir. İddiaçının ərazidə faktiki olaraq təqdim etdiyi mübahisəli 0.06 ha torpaq sahəsinin koordinatları, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən hər hansı vətəndaşın adına qeydə alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Bundan başqa, iş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsinin yerləşdiyi yaxın ərazidə qonşuluğunda olan ünvanı ünvan 4 X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan' istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülkii Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1. maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə bununla əlaqədar olaraq qeyd edir ki, alqı-satqı bağlandığı zaman qüvvədə olmuş «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanunun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Lakin, 28 oktyabr 2008-ci il tarixli, 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilərək, yeni redaksiyada həmin maddədə qeyd olunmuşdur ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları uzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi bələdiyyə ilə iddiaçı arasında torpağa dair alqı-satqı müqaviləsi bağlanarkən qüvvədə olmuş qanunvericilik normasına əsasən torpaqlar üzərində mülkiyyət hüququnun yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi təsbit olunsa da, sonradan yəni 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin normaya dəyişiklik edilərək, fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpağın" ayrılması üçün açıq torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi istisna olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin 8-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın alqı-satqı bağlanarkən qüvvədə olmuş «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanunun 9.1-ci maddəsinə istinad etməklə bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməli olması ilə bağlı imtinası əsassız olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi üzrə satılma barədə qərar, torpaq sahəsinin müvafiq sahəseçmə aktı, DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, alqı-satqı aktı təqdim olunmuşdır. Bu vəziyyətdə cavabdeh orqan tərəfindən imtina əsassız olmuşdur. Hansı ki, göstərilən sənədlər mübahisəli torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas vermişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Göygöl Bələdiyyəsindən xx.xx.2012-ci il tarixli, 10 nömrəli qərarı əsasında alınmış ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1031/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1031/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver