Məhkəmə qərarları › İş №e-2-1(114)-106/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-106/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-106/2023 03.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv olunması və İİ dərəcə əlillik təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı xx.xx.1974-cü il tarixdə Qazax rayonun Musaköy kəndində anadan olmuş, hazırda Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayır. N nömrəli hərbi hissənin xx.xx.2011-ci il tarixli, 2349 nömrəli travma haqqında arayışından görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə xidmət etdiyi döyüş mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən öz silahından atəş açılması nəticəsində sol əlin dəlibkeçən güllə yarası xəsarəti almışdır. İddiaçıya ilk olaraq xx.xx.2006-cı il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə, xx.xx.2014-cü tarixdə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə keçirilən müayinə nəticəsində iddiaçıya təkrar olaraq xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Həmin zaman diaqnoz: biləyin və əlin açıq yarası, sol əlin ovuc səthinin dəlib-keçən güllə yaralanması nəticəsində İİ daraq sümüyünün açıq sınığından sonrakı vəziyyət. İİ barmağın proksimal falanqası səviyyəsində toxumada yad cisim. Oynaqların kontrakturası, sol əlin İİ barmağının çapıq vətər mənşəli davamlı kontrakturası, əl əzələlərinin atrofiyası, funksiyanın pozulması ilə. Daimi ağrı sindromu ilə. Əlilliyin müəyyən olunması meyarı: 2.2.İkinci dərəcə əlillik =>Digər: İİ daraq sümüyünün açıq sınığından sonrakı vəziyyət. İİ barmağın proksimal falanqası səviyyəsində yumşaq toxumada yad cisim. Oynaqların kontrakturası. xx.xx.2021-ci il tarixdə Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz: a) Əsas diaqnoz W33 - Yivli tüfəngdən, qırma tüfəngdən va iri çaplı odlu silahdan atəş. Odlu silahla yaradan sonra sol saidi y1/3 və a 1/3-nin arxa səthində çapıq toxumalar. sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəz-də kontrakturası (açma-135o.bükmə- 125o)., saidin tam pronasiya vəz-də qalması, sol əlin ovuc və l - İl daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, İl daraq süm-nün bit-ş sınğı, ll barmağın praksimal fal-da qalpa,al barmaqlarının tam bükülmiüş,hərəkətsiz vəz-ti (xx.xx.2019(XTN=8251/1930) və xx.xx.2021(XTN=8251/8167)tar-də AETTQİ-da). b) Ağırlaşma T92,0 Yuxarı ətrafın açıq yaralanmasının nəticələri. Odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontraktirası (açma 135o, bükmə-125o). saidin tam pronasiya vəziyyətində qalması, sol əlin ovuc və l-ll daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, ll daraq sümüyünün bitişmiş sınığı, ll barmağın proksimal falanqasında qəlpə, əl barmaqlarının tam bükülmuş, hərəkətsiz vəziyyəti yuxarı atrafın və əlin tutma f-nın poz-si. M24.5 Oynaqların kontrakturası Sol dirsək oynağının artrozu,açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası(açma 135o bikma-1250) saidin tam pronasiva vəziyyətinda qalması Sol alin ovuc və l-ll daraq sümükləri arasında və arxa sathində dartıcı çapıq toxumaları,ll daraq sümüyünün bitişmiş sımığall barmağın proksimal falanqasında qəlpə,əl barmaqlarının tam bükülmüş, hərəkətsiz vəziyyəti. Sol al azələlarinin atrofiyası. Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması Sol yuxarı atrafin və alin tutma funksiyasının kəskin pozulması. c) Yanaşı xəstəliklər: T93.0 Aşağı atrafın açıq yaralanmasının nəticələri. Sağ baldırın a l/3-nin iç və tiş səthində naməlum mənşəli bərkimiş çapıq toxumaları,sağ qamış sinirinin neyropatiyası.daimi ağrı sindromu. H52.2 Astiqmatizm Hipermetropikastiqmatizm, VisOD=0,3kletmir, VisOS=0,4kletmir OU- Demodekoz, blefarokonyuktivit, quru göz sindromu, İ dərəcə pteriqium. N11 Xronik tubulointerstisial nefrit Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə. xx.xx.2021-ci il tarixdə keçirilmiş qiymətləndirmə zamanı diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göstərilən hal xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarla rəsmiləşdirilmişdir. Həmin qərarda qeyd olunur ki, adı göstərilən 31 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 16) Qazax rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 459 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sol əlin ovuc səthinin dəlib keçən güllə yaralanması (xx.xx.1994) nəticəsində ikinci daraq sümüyünün qeyri-düzgün bitişmiş sınığı, ikinci barmağın çapıq vətər mənşəli davamlı kontrakturası. funksiyanın cüzi dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini ( xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi və "Sağ baldırın aşağı 1/3-nin yumşaq toxumalarnın naməlum mənşəli bərkimiş çapıq toxumaları, funksiyanın pozulmaması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol əlin dəlib keçən güllə, sağ aşıq-baldır oynağı nahiyyəsində qəlpə yaralanmalarından sonrakı çapıq izləri müşahidə olunmuşdur. Funksional sınaqların aparılmasına maneəçilik törədərək sol əlin birinci barmağını bükülü vəziyyətdə saxlamağa çalışmış, barmaqların açlmasına kəskin müqavimət göstərmiş, simulyasiya izlənilmişdir. Aktiv sürücülük vəsiqəsi qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular izlənilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair dair Əsasnamə"yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-7278/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-1994-cü illər ərzində baş vermiş Birinci Qarabağ müharibəsində iştirak etmiş, 20 iyul 1994-cü il tarixində xidmət etdiyi döyüş mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən odlu silahdan atəş açılması nəticəsində sol əli dəlib keçən güllə yarası nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 06 iyul 2006-cı il tarixli 059963 nömrəli arayışına əsasən, İddiaçı müddətsiz olaraq üçüncü qrup əlillik təyin olunmuşdur. Qazax Rayon Mərkəzi Xəstəxanasının 21 aprel 2011-ci il tarixli 1579 nömrəli çıxarışına əsasən, İddiaçı sol əlin ovuc səthini deşib keçən güllə yarası nəticəsində ikinci daraq sümüyünün açıq sınığı diaqnozu ilə 21 iyul 1994-cü il tarixindən 27 avqust 1994-cü il tarixinə qədər stasionar müalicə almışdır, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə İddiaçı 12 sentyabr 2011-ci il tarixli 2349 nömrəli travma haqqında arayış təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 21 fevral 2012-ci il tarixli, 236517 nömrəli arayışına əsasən, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetirərkən aldığı hərbi travma səbəbilə ikinci qrup əlil kimi müəyyən olunmuş, əlillik müddəti 01 10.2014-cü ilədək, növbəti müayinə tarixi isə 12 sentyabr 2014-cü il tarixi müəyyənləşdirilmişdir. İddiaçı 21 sentyabr 2015-ci il tarixində müayinə olunaraq ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmuş və növbəti müayinə tarixi xx.xx.2016-cı il tarixinə salınmışdır. İddiaçı 21 sentyabr 2016-cı il tarixində təkrar müayinə olunaraq ikinci dərəcəli əlillik müəyyən olunmuş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixinə salınmışdır. İddiaçının təkrar müayinə edilməsi haqqında 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-ci il tarixli sənədi ilə də təsdiq olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 20 senytabr 2019-cu il tarixli 8251/1930 nömrəli və "Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyi" publik hüquqi şəxs Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 20 aprel 2021-ci il tarixli 8251/8167 nömrəli arayışları ilə bir daha təsdiq olunur ki, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetirəkən odlu silahla yaralanmadan sonra səhhətində ciddi problemlər yaranmış, belə ki, arayışda ikinci daraq sümüyünün bitişmiş sınığı, ikinci barmağında qəlpə, əl barmaqlarının tam bükülməz hərəkətsiz vəziyyəti, əlin tutma və hərəkət funksiyasının pozulması və sair kimi diaqnoz qoyularaq iddiaçının əlinin işlək vəziyyətdə olmadığı müəyyən olunmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, İddiaçı hərbi xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarət sol yuxarı ətrafın və əlin tutma funksiyasının kəskin pozulması nəticəsində əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətinin məhdudlaşmasına səbəb olmuşdur. İddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək Qazax Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixinədək Gəncə 230 saylı Hərbi Hospitalda, 26 11.2013-cü il tarixindən xx.xx.2013-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında, xx.xx.2016-cı ildən xx.xx.2016-ci ilə kimi X2 Mərkəzində, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci illərdə X4 adına Milli Oftolmologiya Mərkəzində, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərində ET Travmatologiya və Ortopediya İnstitutunda, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixindədək isə Qazax Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almışdır. "Qazax Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən İddiaçı əlillik müddətinin bitməsi və bu məsələyə yenidən baxılması əsası ilə Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixli göndəriş ünvanlanmışdır. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən İddiaçı odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıq-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası, saidin tam pronasiya vəziyyətində qalması, sol əlin ovuc və l-il daraq sümükləri arasında və arxa səthində dartıcı çaöıq toxumaları, il daraq sümüyünün bitişmiş sınığı diaqnozu qoyularaq əlillik təyin edilməsindən imtina olunmuşdur. İmtina məktubu 28 fevral 2022-ci ildə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını təqdim etmiş və etirazında imtina əsaslarını müdafiə etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmənin 28 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin T435/2022 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Qazax Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş 0236003AAGQ9 saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda qeyd edilən diaqnoz "Odlu silah yaralanmalarından sonra, sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası (açılma-135dər, bükmə-125dər.) saidin tam pronasiya vəziyyətində qalması, sol əlin ovuc və l-İl daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları. İl daraq sümüyünün bitişmiş sınığı." nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarını aid etmək mümkün deyil. 2.Vət. İddiaçı səhhəti ilə əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin ekspertlərinin iştirakı olmadan məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin 1033 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçıda "Qazax rayon Mərkəzi Xəstəxanası" PHŞ-də xx.xx.2022-ci il tarixdə müayinə zamanı "Odlu silah yaralanmasından sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası, sol yuxarı ətrafın və əlin tutma funksiyasının kəskin pozulması. Sağ baldırın aşağı 1/3-nin iç və tış səthində çapıq toxuma. Sağ qamış sinirinin neyropatiyası, daimi ağrı sindromu" müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının əlilliyinin əyani müayinəyə əsasən qiymətləndirilməsi (əlillik dərəcəsi müəyyən olunurmu, müəyyən olunursa hansı meyar olması barədə) məqsədilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdehə müddət təyin edilmişdir. Qərardadının icrası ilə bağlı cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-22432/2023 nömrəli məktubda qeyd edilmişdir ki, yani müayinə olunması barədə xx.xx.2023-cü il tarixli 2-1(114)-106/2023 nömrəli qərardadınıza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildiririk ki, A.Veliyev əlillik vəziyyətinin qiymətiəndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda oimuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyariarına dair Əsasnamə"yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xx.xx.2006-cı il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş, daha sonra xx.xx.2012-ci il tarixdə, xx.xx.2014-cü tarixdə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi, xx.xx.2016-cı il tarixdə xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə keçirilmiş qiymətləndirmə zamanı diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək ona əlillik təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.”... Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.5-ci bəndində əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; ..... 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndində qeyd olunur ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda təqdim etdiyi sənədlərdəki- Forma 88 göndərişindəki xəstəliklər ona əlilliyin təyini əsas deyildir. Belə ki, məhkəmə icraatı zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin iki ekspert rəylərindəki diaqnozlar da əlilliyin təyin olunmasına əsas vermir. İşin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar