Məhkəmə qərarları › İş №e-2-1(114)-1179/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1179/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1179/2022 20.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (Göygöl rayonu Toğanalı Bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (Göygöl rayonu Toğanalı Bələdiyyəsi) qarşı Göygöl rayonu Toğanalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona verilmiş, hazırda sahibliyində və istifadəsində olmaqla Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı iddiasını işdə olan mütəxəssis rəyinə uyğun olaraq 0.926 ha (9 sot 26 kv.m) hissədə təmin edilməsini xahiş etmiş və məhkəmənin 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə bələdiyyənin kənd daxili ərazisindəki torpağından fərdi yaşayış evi tikmək üçün ona 0.12 ha həyətyanı torpaq sahəsi ayrılıb və satılmışdır. O, torpaq sahəsini alqı-satqı etdikdən sonra orada yaşayış evi tikmişdir və 15 ildir orada ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış evinə kommunal sayğaclar quraşdırılıb və bütün kommunalardan istifadə edir. Torpaq sahəsi 15 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadədədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, aidiyyəti üzrə çıxarışın verilməsi üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 20 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, aparılmış araşdırma zamanı, ərizəyə torpaq sahəsinə dair plan və ölçü sənədinin əlavə edilmədiyi, həmçinin, ərizənizə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” aktının Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmamışdır. Lakin, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin Kadastr məlumat bazasına əsasən, kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Göygöl rayonu Toğanalı Bələdiyyəsinə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Göygöl rayonu Toğanalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli bildirişinin surəti, “Torpaqların alqı-satqısına dair” xx.xx.2008-ci il tarixli, 1448 nömrəli aktının surəti, Göygöl rayonu Toğanalı Bələdiyyəsinin yerquruluşu planından çıxarışın surəti, Göygöl Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli aktının surəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin 759 nömrəli arayışının surəti, Xanlar rayonu Toğanalı Bələdiyyəsinin ərazisindən həyətyanı torpaq sahəsi alan vətəndaşların siyahısının surəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 3162 nömrəli rəyinin surəti, Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 16 nömrəli məktubu təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0,12 ha torpaq sahəsi Göygöl rayonu Toğanalı Bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə Göygöl rayonu Toğanalı Bələdiyyəsinin kənd daxili ərazisindəki torpağından fərdi yaşayış evi tikmək üçün iddiaçıya verilmişdir və hazırda torpaq sahəsi onun istifadəsindədir. Çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. İş materiallarında olan: xx.xx.2008-ci il tarixdə 1448 nömrə ilə qeydə alınmış “Torpaqların alqı-satqısına dair” aktın və Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 12 nömrəli qərarının surətlərindən görünür ki, Göygöl rayonu Toğanalı Bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsi İddiaçı satılmışdır. İnzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməsini, qeyd olunan torpaq sahəsinin Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı ərazisində yerləşməsi ilə əsaslandırmışdır. "xxxx" MMC 3 saylı Gəncə Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tutulmuş Göygöl rayonu Toğanalı kəndində yerləşən 0.12 ha torpaq sahəsi, Toğanalı kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aiddir. Ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, yuxarıda qeyd olunan , 0.12 ha ( 1200.0 kv.m) torpaq sahəsinin 0.1033 ha (10 sot 33 kv.m) hissəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsi, 0.0167 ha (1 sot 67 kv.m) hissəsi isə yol üçün nəzərdə tutulmuş sahədir. İddiaçı satılması nəzərdə tutulmuş Göygöl rayonu Toğanalı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları ilə, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları tam hissədə üst-üstə düşmür. Belə ki, mülki iş materiallarına əlavə edilmiş planda qeyd olunmuş koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsinin 0.926 ha ( 9 sot 26 kv.m) hissəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı satılması nəzərdə tutulmuş Göygöl rayonu Toğanalı kəndində yerləşən 0.12 ha torpaq sahəsi və yaxud onun hər hansı bir hissəsi üzərində hüquq müəyyənedici sənəd qeydə alınmamışdır. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan' istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1. maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Göygöl rayonu Toğanalı Bələdiyyəsindən xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı əsasında alınmış Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0.926 ha (9 sot 26 kv.m) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göygöl rayonu Toğanalı Bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə satılmış, Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0.926 ha (9 sot 26 kv.m) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar