Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1276/2022 23.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçın nümayəndəsi X4 və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Xəlil-Həsənli Firması” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeydin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Şəmkir bələdiyyəsinin xx.xx.2003cü il tarixli 76 saylı qərarı və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsi ilə 50 il müddətinə bələdiyyənin ərazisində yerləşən 0.33 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış və iddiaçıya müvafiq JN-3885 50400002 saylı şəhadətnamə verilmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına çıxarış verilmişdir. İddiaçı cavabdehə müraciət edərək həmin çıxarışın ləğv edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən çıxarış ona məxsus JN-3885 nömrəli şəhadətnamə ilə müəyyən edilmiş sahənin təqribən 0.17 ha hissədə üzərinə işlənmişdir. Həmçinin cavabdeh üçüncü şəxsə eyni əmlakla bağlı eyni nömrəli və tarixli çıxarış vermiş və hər çıxarışda torpaq sahəsinin həcmi fərqli qeyd edilmişdir. Üçüncü şəxsin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən bazar Əmlak Komitəsindən alınmışdır, altındakı sahə də "xxxx" MMC-yə məxsusdur. Üçüncü şəxsin vəkili Vəkil2 iddianı qəbul etməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********22 nömrəli etirazda bildirilmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və 11 saylı Şəmkir Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən məlum olmuşdur ki, Mərkəzi Kolxoz bazarına dair X2 adına Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1998-ci il tarixli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər əsasında əmlak kompleksi kimi müəssisə olmaqla "xxxx" MMC-nin adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu səbəbdən də hesab olunur ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-3885 KOD 50400001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarına və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsinə əsasən bələdiyyənin ərazisində yerləşən 0.33 ha torpaq sahəsi sahibkarlıq məqsədilə 50 il müddətinə “Həbibli” firmasına verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1998-ci il tarixli, 011548 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamədən görünür ki, ünvan 1 ünvanda yerləşən Şəmkir rayon Mərkəzi Kolxoz bazarının əmlakı X3 və qeyrilərinə 161.580000 manata satılmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsi 122 ünvanda 0.16564 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1548.50 kv.m olan əmlak kompleksi daşınmaz əmlakın Dövlət reyestrində "xxxx" MMC-nin adına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində 1.2954 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1548.50 kv.m olan əmlak kompleksi daşınmaz əmlakın Dövlət reyestrində "xxxx" MMC-nin adına qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubunda bildirilir ki, "xxxx" MMC-yə məxsus əmlak kompleksi kimi müəssisəsinin ********** qeydiyyat nömrəli çıxarışında texniki səhv olaraq dövlət mülkiyyətində olan torpaq sahəsi 1.2954 ha göstərilmişdir, düzgün ölçüsü 0.16564 ha-dır, daşınmaz əmlakın Milli Qeydiyyat Sistemində yaranmış texniki səhv aradan qaldırılmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktubundan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş JN-3885 nömrəli şəhadətnamə ilə bazada olan çıxarışın üst-üstə düşdüyü məlum olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Şəmkir rayon Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarına və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsinə əsasən bələdiyyənin ərazisində yerləşən 0.33 ha torpaq sahəsi sahibkarlıq məqsədilə 50 il müddətinə “Həbibli” firmasına verilmiş, bununla bağlı JN-3885 KOD 50400001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə tərtib edilmişdir. Bundan əlavə, xx.xx.1998-ci il tarixli, 011548 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən Şəmkir rayon Mərkəzi Kolxoz bazarının əmlakı X3 və qeyrilərinə satılmışdır. İddiaçı isə üçüncü şəxs Xəlil-Həsənli Firması” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeydin ləğv edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında (xüsusilə xx.xx.2010-cu il tarixli) ifadə etdiyi hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Cavabdeh tərəfindən təqdim edilmiş mübahisələndirilən qeydin aparılmasına əsas olmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ünvan 1 ünvanda yerləşən Şəmkir rayon Mərkəzi Kolxoz bazarının əmlakını X3 və qeyrilərinə satmışdır. Qeyd olunan sənədlər toplusunda həmin şəxslərin istifadəsinə, icarəsinə və yaxud mülkiyyətinə torpaq sahəsi verilməsi barədə hüquqmüəyyənedici sənəd mövcud deyil. Buna baxmayaraq əmlak kompleksi "xxxx" MMC-nin adına qeydə alınarkən MMC-nin istifadəsində dövlət nülkiyyətində olan 0.16564 ha torpaq sahəsi də qeydə alınmışdır. Qeyd olunan sahəyə dair "xxxx" MMC-nin istifadə hüququnun qeydə alınması əsasları barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlardan əlavə, əmlak kompleksinə dair eyni tarixli və eyni qeydiyyat və reyestr nömrəli 2 çıxarış verilmiş, çıxarışların birində əmlak kompleksinin ünvanı kimi “ünvan 4564 ha”, digər çıxarışda isə ünvan kimi “Şəmkir şəhəri, 20 Yanvar küçəsi”, torpaq sahəsinin həcmi “1.2954 ha” göstərilmişdir. Cavabdeh sahənin həcmi ilə bağlı qismən aydınlıq gətirərək, sahənin ölçüsünün 0.16564 ha olmasını bildirmiş, lakin bunun hüququi əsasını təşkil edən sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmlak kompleksi qeydə alınarkən təhriflərə, qanunsuzluqlara yol verildiyindən qeydin yenidən düzgün işlənməsi məqsədilə üçüncü şəxs "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeyd ləğv edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeydin ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1276/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1276/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver