Məhkəmə qərarları › İş №e-2-1(114)-1320/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1320/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1320/2023 01.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Xocalı rayon Polis şöbəsinə qarşı pasport qeydiyyatına alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Xocalı rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Xankəndi şəhərindən məcburi köçkün düşdüyü üçün onun, arvadı X1, övladları xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X7 ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X5 1979-cu ilin fevralından 1991ci ilin oktyabrına kimi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin X16 Vilayəti və ətrafrayonlar üzrə Xankəndi şəhərində akkreditə olunmuş xüsusi müxbiri vəzifəsində işləmişdir. Atasına ünvan 2 ünvanında xidməti mənzil verilmiş, ailəsi 1980-cı ildə Ağdam şəhərindəki dövlətə aid mənzilimizdən Xankəndinə köçərək Qarabağ hadisələrinin başlandığı dövrə kimi həmin mənzildə yaşamış və pasport qeydiyyatında olmuşdur. İddiaçı ailəsi ilə birlikdə məcburən Xankəndindən Bakıya köçərkən onun 12 yaşı vardı. O vaxtdan ünvan 4 ünvanında AR Avtomobil Nəqliyyatı Nazirliyinə məxsus idarə (vedomstvennıy) mənzildə yaşamış, sonra həmin mənzil atası X2 adına özəlləşdirilmişdir. İndi də atasının adına olan həmin mənzildə yaşayırlar. İddiaçının valideynlərinin, qardaşbacısının və özünün məcburi köçkün statusu vardır. İddiaçı 21 yanvar 2003-cü ildə məcburi köçkün statusu olmayan X6 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2005ci il təvəllüdlü X8 və 25 aprel 2007-ci il təvəllüdlü X12 adlı övladları vardır. Ailəsi ilə atasının mənzilində qeydiyyatdadır. İddiaçının övladları X3 və X7 məcburi köçkün statuslarının tanınması və onlara müvafiq vəsiqələrin verilməsinin təmin edilməsi xahişi ilə elektron poçtla Qaçqınların və X9 Üzrə Dövlət Komitəsinə müraciət etmiş, həmin orqanın göndərdiyi 08.09.22 tarixli 01/4832 №-li cavab məktubunda qeyd olunmuşdur ki, həm onun həm də həyat yoldaşı X1 qeydiyyatı ünvan 5 ünvanında olduğu üçün istəyininin müsbət həlli Komitənin imkanı xaricindədir. Bu cavabı aldıqdan sonra ailə üzvlərinin Xankəndində yaşadıqları ünvana qeydiyyata düşməyi üçün aidiyyəti üzrə Goranboy rayonunda yerləşən Xocalı Rayon Polis İdarəsinə müraciət etsə də, cavabdeh onun müraciəti ilə bağlı müsbət qərar qəbul etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “X1 ünvan 1 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. İddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Xankəndi şəhərindən məcburi köçkün düşmüşdür. -surəti işə əlavə edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Ağdam şəhərində anadan olmuşdur, hazırda ünvan 8 ünvanda qeydiyyatdadır. -surəti işə əlavə edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, hazırda ünvan 8 ünvanında qeydiyyatdadır. -surəti işə əlavə edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, hazırda ünvan 8 ünvanında qeydiyyatdadır. -surəti işə əlavə edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, hazırda ünvan 8 ünvanında qeydiyyatdadır. -Xocalı Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 166-11913-1222 nömrəli məktubunun məzmunundan görünür ki, xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlarına qeydiyyata alınması müvəqqəti məhdudlaşdırıldığı üçün iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Xankəndi şəhərindən məcburi köçkün düşmüşdür və ailə üzvləri ilə birlikdə hazırda ünvan 8 ünvanda qeydiyyatdadır. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvana qeydiyyata alınması ilə bağlı Xocalı rayon Polis şöbəsinə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı məslələr “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -1-ci maddəsinin 2-ci hissəsinə əsasən Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. -2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. -5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. İstinad olunan normaların işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, iddia əsaslı hesab edilə bilməz. Belə ki, işin faktiki hallarına görə iddiaçı Xankəndi şəhərindən məcburi köçkün olmasına baxmayaraq hazırda faktiki olaraq başqa ünvanda yaşayır və həmin yer üzrə qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, bir halda ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi şəxsin dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, hüquq və azadlıqlarının həyata keçirilməsi və digər məqsədlər üçün zəruri şərait yaratmaqdır, bu halda iddiaçının hazırda məskunlaşma olmayan işğaldan azad edilmiş şəhər üzrə qeydiyyata alınması məqsədəmüvafiq deyil. Bundan əlavə yuxarıda qeyd olunan Qanunun tələbinə görə şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alına bilər. İddiaçı isə qeydiyyata düşmək niyyətində olduğu ünvanda faktiki olaraq yaşamır və yaşaması hazırki vəziyyətdə mümkün deyil. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçının müraciəti ilə bağlı imtinası qanuni və əsaslıdır. Belə ki, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Xocalı Rayon Polis şöbəsinə qarşı pasport qeydiyyatına alınma tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar