Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1322/2023 02.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Göygöl şəhər bələdiyyəsi, X11, X7) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar (indiki Göygöl) şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 115 saylı Qərarı ilə Göygöl Bələdiyyəsinin şəhər daxili ərazisində yerləşən torpağından fərdi yaşayış evi tikmək üçün iddiaçıya və digər 6 nəfər rayon sakininə hər birinə 0.06 ha olmaqla həyətyanı torpaq sahəsi ayrılaraq satılıb. Qeyd olunan torpaq sahəsi hazırda ünvan 1 ünvanda yerləşir. İddiaçı qeyd torpaq sahəsində yaşayış evi tikərək 16 ildən artıqdır ki, həmin evdə yaşayır. Torpaq sahəsi 16 ildir fasiləsiz olaraq sahibliyində və istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina olunub. İmtinaya səbəb guya torpaq sahəsini faktiki ölçüsü ilə sənəd üzrə olan ölçü arasında uyğunsuzluq olması, həmçinin torpaq sahəsini başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilir. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş DT və XK-nin Göygöl rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 285 nömrəli rəyindən görünür ki, Göygöl bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə fərdi yaşayış evi məqsədilə İddiaçı satılması nəzərdə tutulan 0.06 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və alqı-satqı predmetidir. -surəti işə əlavə edilmiş Göygöl bələdiyyəsinin, DT və XK-nin Göygöl rayon şöbəsinin əməkdaşları və İddiaçı iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək Göygöl bələdiyyəsinin şəhərdaxili ərazisindən 0,42 ha ayrılaraq 7 nəfər vətəndaşa hər birinə 0,06 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin satılması məqsədə uyğun hesab edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 115 nömrəli Xanlar (Göygöl) bələdiyyəsinin qərarından görünür ki, Xanlar bələdiyyəsinin şəhərdaxili ərazisindən 0,42 ha ayrılaraq 7 nəfər vətəndaşa hər birinə 0,06 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 1348 nömrəli “Torpaqların alqısatqısına dair” aktdan görünür ki, Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 115 nömrəli qərarına əsasən satılmış 0.06 ha torpaq sahəsinə görə İddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 260 manat pul ödənilmişdir. -surəti işə əlavə edilmiş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Göygöl bələdiyyəsinin müvafiq bank hesabına torpaq satışı ilə bağlı 260 manat məbləğində pul köçürülmüşdür. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin iddiaya dair xx.xx.2022-ci il tarixli etiraz dəlillərində iddia olunan torpaq sahəsinin faktiki ölçüsü ilə sənəd üzrə olan ölçü arasında uyğunsuzluq olduğu, həmçinin torpaq sahəsinin xx.xx.2017-ci il tarixli çıxarışla X4 mülkiyyətinə və xx.xx.2018-ci il tarixli çıxarışla X6 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları üst-üstə düşməsi göstərilir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində bildirilir ki: -Göygöl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 115 nömrəli qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi ilə xx.xx.2017-ci il tarixli çıxarışla X4 mülkiyyətinə və xx.xx.2018-ci il tarixli çıxarışla X6 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. -Daxil olmuş iş materialları və arxiv sənədlərində mövcud olan X8 adına qeydə alınmış JN-203B saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamənin, torpaq islahatı əsasında mülkiyyətlərinə həyətyanı torpaq sahələri verilmiş vətəndaşların adlı siyahısında və ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmaması, eyni zamanda Şəhadətnamədə torpaq sahəsinin koordinatları (X,Y) və qonşu torpaq sahələri barədə məlumatlar öz əksini tapmadığından, sualın cavablandırılması mümkün olmamışdır. -Göygöl şəhəri bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 115 nömrəli qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin koordinatları ilə Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı ilə X2 0.06 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. -Daxil olmuş iş materialları və arxiv sənədlərində mövcud olan X8 adına qeydə alınmış JN-203B saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamənin, torpaq islahatı əsasında mülkiyyətlərinə həyətyanı torpaq sahələri verilmiş vətəndaşların adlı siyahısında və ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmaması eyni zamanda, Şəhadətnamədə torpaq sahəsinin koordinatları (X,Y) və qonşu torpaq sahələri barədə məlumatlar öz əksini tapmadığından, sualın cavablandırılması mümkün olmamışdır. -.04.2017-ci il tarixli çıxarışla X4 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları ilə xx.xx.2011-ci il tarixli X1 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. -xx.xx.2018-ci il tarixli çıxarışla X6 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları ilə, X2 0.06 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. -Rəy hazırlanarkən, daxil olmuş iş materiallarında və arxiv snədlərində mövcud olan hüquqi və texniki səndələrə, Göygöl şəhəri bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 115 nömrəli qərarı ilə, İddiaçı satılmış 0.06 ha torpaq sahəsinə dair Xanlar bələdiyyəsi və Xanlar rayon torpaq şöbəsinin mütəxəssisi tərəfindən təsdiq edilmiş, koordinatlar qeyd olunmayan, Xanlar bələdiyyəsinin yerquruluşu planından çıxarış sənədində şərti işarə olunmuş sahəyə və planın miqyasına, Aqrokombinat ərazisində aparılmış torpaq islahatı əsasında mülkiyyətə verilmiş torpaqlara dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaların invettarlaşdırılmasına dair tərtib olunmuş 2009-cu il tarixli yerquruluşu planına və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinad olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Göygöl şəhəri bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 115 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə na 0.06 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alqı-satqı aktı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin faktiki ölçüsü ilə sənəd üzrə olan ölçü arasında uyğunsuzluq olması, həmçinin torpaq sahəsinin digər şəxslərə məxsus sahələri ilə üst-üstə düşməsi göstərilmişdir. Lakin mütəxəsssis rəyi ilə qeyd olunan dəlillərin təsdiqini tapmadığı müəyyən edilmişdir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun: -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. -17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. -23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. -27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Yuxarıda istinad olunan normaların məzmunundan da göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə verilən zaman bələdiyyə torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bundan əlavə, məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Xanlar (Göygöl) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 115 nömrəli qərarı ilə İddiaçı satılmış ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1322/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1322/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver