Məhkəmə qərarları › İş №e-2-1(114)-1372/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1372/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1372/2022 14.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, üçüncü şəxs X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X5) pasport qeydiyyatına alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X4 ünvan 1 ünvana pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı üçüncü şəxslə xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2005-ci il tarixdə Elmidar və xx.xx.2008-ci il tarixdə Nicat adlı iki övladı anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 2235/2021 saylı qətnaməsi ilə nikah pozulmuş, X8 və X10 iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı və övladı X10 yaşadıqları ünvan 1 ünvanda qeydiyyatdadır, X8 isə iddiaçı ilə yaşamasına baxmayaraq Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti, Vəkil küçəsi 4 ünvanda yerləşən Xətai Rayon Polis idarəsinin inzibati binasında qeydiyyatdadır. İddiaçı oğlunun ünvan 1 ünvana qeydiyyata alınması üçün Cavabdehnə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, üçüncü şəxs X5 ilə boşanmışdır, lakin sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanında yaşayır və pasport qeydiyyatındadır. 2016-2017-ci illərdə keçmiş əri Cahangirlə Bakı şəhərində yaşamış, övladları Elmidarın Bakı şəhərində məktəbə getməsi üçün polis şöbəsinin inzibati binasına qeydiyyata saldırmışlar, 2019-cu ilin mart ayında ailəlikcə Gəncə şəhərinə köçmüşlər. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmişdir. Üçüncü şəxsin nümayəndəsi X9 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, həqiqətən də iddiaçı Cahangir Xəlilovun mülkiyyətində olan mənzildə yaşayır və qeydiyyatdadır, Cahangir Xəlilov özü də sözügedən mənzildə qeydiyyatdadır. Buna baxmayaraq nəvəsinin həmin mənzilə qeydiyyata düşməsinə etiraz edir. Ona görə ki, hazırda Gəncə şəhər Nizami Rayon Məhkəməsində iddiaçının həmin mənzildən çıxarılması barədə işə baxılır. İddiaçı uşağı həmin mənzilə qeydiyyata saldırmaqda məqsədi mənzilin satılmasına mane olmaqdır. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 2235/2020 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, X5 ilə X6 arasında xx.xx.2005-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 07 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X7 X6 nın himayəsində saxlanması və.s qət edilmişdir. -surəti işə əlavə edilmiş AZ-İ 386375 nömrəli xx.xx.2022-ci il tarixli « Nikahın pozulması haqqında » şəhadətnamədən görünür ki, X5 ilə X6 arasında olan nikah Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2235/2020 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, arvada « Mansırova » soyadı verilmişdir. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı, X5, X1 şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 50, mənzil 24 ünvanda qeydiyyatdadır. -Cavabdeh xx.xx.2022-ci il tarixli 120-10147M-3222 nömrəli məktubunun məzmunundan görünür ki, X4 ünvan 1 ünvanına qeydiyyata alınmasından imtina edilmişdir. - surəti işə əlavə edilmiş Seriya AZE 12157730 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti, Vəkil küçəsi, 4, İnzibati binada pasport qeydiyyatındadır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı üçüncü şəxs X5 ilə birgə nikahından anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X4 üçüncü şəxsə məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə qeydiyyata alınması üçün Cavabdehnə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilərək, həmin şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mülkə dair çıxarış və ev sahibinin razılığı ilə qeydiyyata alına biləcəyini bildirilmişdir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinin 4-cü bəndinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. -5-ci maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. -5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. -5-ci maddəsinin 3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qeyd olunmalıdır ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Hazırki işin faktiki halları ilə müəyyən olunur ki, ünvan 1 X2 adına qeydiyyata alınmışdır. Sözügedən mənzildə həmin şəxsin özü, iddiaçı və onların birgə nikahından anadan olmuş X10 qeydiyyatdadır. Lakin onların birgə nikahından olan digər övladları xx.xx.2005-ci il təvəllüdlü X8 həmin ünvanda qeydiyyatda deyil. Qanunvericiliyin tələbinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən edilir. Məhkəmənin müvafiq qətnaməsinə əsasən X8 anasının himayəsinə verilmişdir və hazırki halda onlar sözügedən mənzildə yaşayırlar. Həmçinin həmin mənzilin mülkiyyətçisi də onun digər valideyni (atası) olmaqla həmin mənzildə qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, hazırki halda iddiaçı və üçüncü şəxsin X4 valideynləri olaraq sözügedən mənzildə yaşamaları və qeydiyyatda olmaları qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən sonuncunun da həmin mənzilə pasport qeydiyyatına alınmasına üçün əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X4 ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar