Məhkəmə qərarları › İş №e-2-1(114)-1444/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1444/2022

20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1444/2022 20.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdehnə qarşı şəhid və şəhid ailəsi statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1 və X3 Cavabdehnə qarşı xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin X2 ailəsinə şəhid vəsiqəsinin verilməsi istiqamətindəki qanunsuz müdaxiləsinin dayandırılması və X2 şəhid və ailəsinin isə şəhid ailəsi hesab edilməsi üçün müvafiq arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-1(112)-12192/2021 nömrəli qərardadına əsasən iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onların oğulları mərhum kapitan X9 Əliyev adına Ali Hərbi Məktəbini 2010-cu ildə müvəffəqiyyətlə bitirərək, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır. 2010-2019-cu illərdə X8 Korpusunda, 2019-cu ildən isə N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi hissənin xidmət ərazisinə daxil olan təmas xətlərində rabitə əlaqəsinin təmin və bərpa olunmasında zabit kimi iştirak etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində erməni silahlı birləşmələrinin təxribat və hücumlarının qarşısının alınması istiqamətində başladılmış əks-hücum əməliyyatlarında iştirak etmiş və 2 oktyabr tarixində xəstələnərək xəstəxanaya yerləşdirilmişdir. Lakin müalicənin gecikdirilməsi və xəstəliyin ağırlıq dərəcəsinin düzgün qiymətləndirilməməsi Sənan Mansurovun səhhətində ağırlaşmalara səbəb olmuşdur. Ona görə də 7 oktyabr 2020-ci il tarixində Kür qəsəbə xəstəxanasından Mərkəzi Neftçilər xəstəxanasına köçürülmüşdür. Bu xəstəxanada aparılan intensiv müalicə nəticə verməmiş və 6 noyabrda vəfat etmişdir. Ayrıayrı vaxtlarda Müdafiə Nazirliyinə müraciət edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 4.1-ci maddəsinə əsasən Sənan Mansurovun şəhid, ailəsinin isə şəhid ailəsi hesab edilməsi üçün arayış verilməsi xahiş edilmiş, lakin Müdafiə Nazirliyinin sonuncu daxil olan xx.xx.2021-ci il tarixli, 1/M-11376 nömrəli məktubu ilə onların müraciətləri təmin edilməmişdir. İddiaçılar və onların vəkili Nümayəndə əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 11/1760 nömrəli iddia ərizəsinə münasibətdə qeyd edilmişdir ki, mərhum kapitan X4 Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2006-xx.xx.2020-ci illərdə həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Mərkəzi Neftçilər xəstəxanasında « Covid-19 » virusundan vəfat etdiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0183 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuların siyahısından çıxarılmış hesab edilmişdir. Odur ki, qanuni və əsaslı qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : -surəti işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ 130882 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə « Covid-19 » virusundan ölmüşdür. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/M-11376 nömrəli məktubundan görünür ki, mərhum X4 müalicədə olarkən « Covid-19 » virusundan vəfat etdiyinə görə ona « şəhid » statusunun verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0183 nömrəli əmrindən görünür ki, X4 vəfat etdiyi üçün xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuların siyahısından çıxarılmış hesab edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, mərhum kapitan X4 Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət dövründə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Mərkəzi Neftçilər xəstəxanasında « Covid-19 » virusundan vəfat etdiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0183 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuların siyahısından çıxarılmış hesab edilmişdir. İddiaçılar mərhum Sənan Mansurova şəhid, özlərinə isə şəhid ailəsi statusunun verilməsi məqsədilə cavabdehə müraciət etsələr də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: - şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. -Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum X4 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, « Covid-19 » virusundan vəfat etmişdir. Odur ki, işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıların müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və X1 Cavabdehnə qarşı şəhid və şəhid ailəsi statusunun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar