Məhkəmə qərarları › İş №e-2-1(114)-145/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-145/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-145/2023 31.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********159528 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin vergi ödəyicisi olaraq fəaliyyəti aralarında bağlanmış 02 avqust 2010-cu il və 01 sentyabr 2010-cu il tarixli "Əmlakın etibarlı idarəetməyə verilməsi haqqında Müqavilə"-lərə əsasən özünün 100% payla təsisçisi "xxxx" MMC-nin mülkiyyətində olan obyektlərin, yəni Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən "xxxx"-nin, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Tikinti materiallarının satışı bazarı"-nın və Bərdə rayonu Alpout kəndi ərazisində yerləşən "İri və xırdabuynuzlu mal bazarı"-nın etibarlı idarə edilməsindən ibarətdir. Belə ki, "xxxx" və "Tikinti materiallarının satışı bazarı"-nda yerləşən ticarət obyektləri İddiaçı MMC tərəfindən öz fəaliyyətlərini həyata keçirmək məqsədi ilə ayrı-ayrı sahibkarların icarə əsasında istifadəsinə verilmiş və "İri və xırdabuynuzlu mal bazarı"-nda isə həftədə bir dəfə olmaqla heyvandarların öz iri və xırdabuynuzlu mal-qaralarının onlar tərəfindən satışı təşkil edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 28 dekabr 2021-ci il tarixli, **********153044 saylı qərarına əsasən həmin idarənin əməkdaşları tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlamasını həyata keçirilmişdir. Yoxlamanın gedişində ticarət obyektlərinin aylıq icarə haqlarının və göstərilmiş digər xidmətlərin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilməsi qərara alınmışdır. Qeyd edilən ekspertizanı "xxxx" MMC qiymətləndirmə şirkətinin qiymətləndiricisi və mütəxəssisi X3 tərəfindən həyata keçirilərək 18 may 2022-ci il tarixli, MB 15-0152 saylı "Ekspert rəyi" tərtib edilmişdir. Həmin "Ekspert rəyi" tikilərək möhürlənməmiş və ya hər səhifəsi imzalanaraq möhürlənməmişdir. Ekspert öz araşdırmalarını qeyri-obyektiv metodlardan istifadə etməklə həyata keçirmişdir. Belə ki, real dövriyyəni müşahidə aparmaq metodundan istifadə edərək dəqiq nəticələr əldə edə biləcəyi təqdirdə, ekspert absurd riyazi hesablama metoddan istifadə etmişdir. Bunun yalnız bir cavabı var: Ekspert özünün 18 may 2022-ci il tarixli, MB 15-0152 saylı "Ekspert rəyi"-ni yalnız "Sifarişçisi" 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərəzli mövqeyini sübuta yetirmək üçün tərtib etmişdir. Həmin vergi yoxlamasının nəticəsi olaraq 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 19 may 2022-ci il tarixli **********1523386 nömrəli "Səyyar vergi yoxlaması Aktı” tərtib edilmişdir. Həmin aktın 4-cü səhifəsində göstərildiyi kimi - "Ekspert tərəfindən xx.xx.2022-ci il tarixli, MB 15-0152 nömrəli Rəy təqdim edilmişdir. Təqdim edilmiş rəyə əsasən vergi ödəyicisinin bazarlar üzrə aylıq dövriyyəsi müəyyən edilmişdir." Bununla da 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə yanlış olaraq əlavə vergilər hesablanmışdır. 30 iyun 2022-ci il tarixində cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi qeyd edilən "Səyyar vergi yoxlaması aktı"-nın əsasında özünün **********159528 saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar"-ını qəbul etmişdir, mübahisələndirilən "Mənfəət vergisi" üzrə 336 834,76 manat, ƏDV üzrə 388 345,43 manat olmaqla cəmi 725 085,59 (yeddi yüz iyirmi beş min səksən beş.59) manat vergilər, (nə üçünsə qərarda adi riyazi hesablama düzgün aparılmayaraq 725 615,16 manat kimi göstərilmişdir) və onlara hesablanmış 362 807,63 (üç yüz altmış iki min səkkiz yüz yeddi.63) maliyyə sanksiyası olmaqla ümumilkidə 1 088 422,79 (bir milyon səksən səkkiz min dörd yüz iyirmi iki.79) manat həcmində vergilər və maliyyə sanksiyaları səhv olaraq "xxxx" MMC-yə hesablanmış və onun "Şəxsi hesab vərəqəsi"-nə işlənilmişdir. İddiaçı hesab edirik ki, cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması qanunazidd həyata keçirilmiş, "Səyyar vergi yoxlaması aktı" qanunların tələbləri və işin faktiki halları nəzərə alınmadan qərəzli tərtib edilmişdir və onun əsasında cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar" qanuna ziddir və məhkəmə qaydasında ləğv edilməlidir. Əvvəla qeyd edilir ki, cavabdeh vergi orqanı tərəfindən "xxxx" MMC-də həyata keçirilən səyyar vergi yoxlamasının xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində olmaqla 4 dəfə dayandırılması və o qədər də başlanılması barədə qərarlar qəbul etmişdir. "Səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə Qərar"-dan başqa digər Qərarlar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13. maddəsinin tələblərini pozaraq cavabdeh vergi orqanı tərəfindən Reyestrdə qeydiyyata alınmamışdır. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların isə hüquqi nəticəsi yoxdur. Yuxarıda qeyd olunan xüsusatlardan başqa cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş 19 may 2022-ci il tarixli "Səyyar vergi yoxlaması Aktı”nın vergilərə aid hissələrinə ayrı-ayrılıqda münasibət bildirilməlidir. Belə ki, cavabdeh vergi orqanı "Mənfəət vergisi"-ni hesablayarkən "xxxx" MMC-nin 18 may 2022-ci il tarixli, MB 15-0152 saylı "Ekspert rəyi"-nə istinad etmiş və yekun olaraq müəssisəyə 2018-ci il üzrə "Mənfəət vergisi" növündə 69 532,16 manat həcmində, 2019-cu il üzrə "Mənfəət vergisi növündə 188 563,24 manat həcmində 2020-ci il üzrə "Mənfəət vergisi" növündə 97 671,14 manat həcmində vergi məbləği hesablamışdır. Beləliklə də səyyar vergi yoxlaması ilə "xxxx" MMC-nin 2018, 2019 və 2020-ci illər üzrə "Mənfəət vergisi" növündə 355 766,52 manat həcmində vergi məbləğlərinin azaldılması müəyyən edilmişdir. Yuxarıda qeyd etdildiyi kimi müəssisəyə səhv olaraq hesablanmış vergi məbləğlərinə səbəb gəlirlərin "xxxx" MMC tərəfindən tərtib edilmiş 18 may 2022-ci il tarixli, MB 15-0152 saylı "Ekspert rəyi"-nə istinad edilərək müəyyən edilməsi və xərclərin isə heç bir əsası olmadan azaldılması olmuşdur. Həmçinin əlavə dəyər vergisi üzrə yekun olaraq həmin dövr üzrə 405 383,97 manat həcmində əsassız ƏDV hesablamışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, özündə rüallığı əks etdirməyən "xxxx" MMC-nin 18 may 2022-ci il tarixli, MB 15-0152 saylı "Ekspert rəyi"-nə əsaslanaraq cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən səhv olaraq tərtib edilmiş 19 may 2022-ci il tarixli "Səyyar vergi yoxlaması Aktı” əsasında cavabdeh tərəfindən qəbul edilmiş 30 iyun 2022-ci il tarixli, **********159528 sayl "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçının vəkilinin ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2022-ci il tarixli, **********159528 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın mənfəət vergisi üzrə 18450,91 manat həcmində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması və ona hesablanmış maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin nümayəndəsinin iddiaçıya məxsus obyektlərin sayının iş üzrə "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyində az göstərilməsinin ekspert rəinə aidiyyatı yoxdur, çünki 2021-ci ildə həmin bazarın bir hissəsi yandığına görə obyektlərin sayında fərq ola bilər. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisi şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi fəailiyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəailiyyət dövrü əhatə edilmişdir. Səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən icarəyə verilmiş ticarət və xidmət obyektlərinin qiymətlərinin mövcud bazar qiymətlərindən dəfələrlə aşağı (30 manatı) göstərildiyi müəyyən edildiyindən Vergi Məcəlləsinin 14-cü və 44-cü maddələrinə əsasən icarəyə verilmiş ticarət obyektlərinin real icarə haqları üzrə bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ekspertiza təyin edilmiş və ekspert qarşısında "daşınmaz əmlakın aylıq icarə haqqının və göstərilmiş digər xidmətlərin bazar qiymətinin müəyyən edilməsi" sualı qoyulmuşdur. Keçirilmiş ekspertiza üzrə 18 may 2022- ci il tarixli MB 15-0152 nömrəli ekspert rəyi verilmişdir. Beləliklə də, keçirilmiş səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi tərəfindən mənfəət vergisinin 2018-ci ildə 69532,16 manat, 2019-cu ildə 188563,32 manat, 2020-ci ildə isə 78739,39 manat olmaqla ümumilikdə 336834,90 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamələrdə göstərilən məbləğinin bəyannamələrdə göstərilməli olan məbləğinə nisbətən 336834,90 manat azaldılmasına görə vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 168417,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyünü yoxlayarkən kənarlaşma aşkar olunmuşdur. Yoxlama zamanı vergi ödəyisinin ƏDV-yə cəlb edilən dövriyyəsinin müəyyən edilməsi məqsədi ilə yoxlamaya xx.xx.2022-ci il tarixli qərarla ekspert dəvət edilmişdir. Ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MB 15-0152 saylı rəyə əsasən 2018-ci ilin yoxlanılan dövrü üzrə ƏDV məqsədləri üçün dövriyyəsinin 157030,02 manat, ƏDV-nin isə 28265,4 manat (157030,02*18%) azaldılması, 2019-ci il üzrə ƏDV məqsədləri üçün dövriyyənin 905652,12 manat, ƏDV-nin isə 163017,38 manat (905652,12*18%) azaldılması, 2020-ci ildə ƏDV-yə cəlb edilən dövriyyənin 361455,28 manat, ƏDV-nin isə 65061,95 manat (361455,28*18%) azaldılması, 2021-ci ilin yoxlanılan dövrü üzrə ƏDV məqsədləri üçün dövriyyənin 733337,2 manat, ƏDV-nin isə 132000,7 manat (733337,2*18%) azaldılması müəyyən olunmuşdur. Beləliklə də, yoxlama zamanı ekspert rəyinə əsasən "xxxx" MMCnin ümumilikdə "Mal bazarı" üzrə 1672494,7 manat, "Tikinti materialları" bazarı üzrə 252595,3 manat, "Mərkəzi Bazar" üzrə isə 1510607,98 manat olmaqla ümumi ƏDV-yə cəlb olunmalı dövriyyəsi (ƏDV-siz) 3435697,98 manat olmuşdur. Vergi ödəyicisi tərərfindən isə yoxlanılan dövr üzrə ümumilikdə "Mal bazarı" üzrə 627921,00 manat, "Tikinti materialları" bazarı üzrə 219714,00 manat, "Mərkəzi Bazar" üzrə isə 335929,58 manat olmaqla ümumi ƏDV-yə cəlb olunmalı dövriyyə 1183564,58 manat göstərilmişdir. Nəticədə yoxlama zamanı vergi ödəyicisi tərəfindən vergi tutulan dövriyyənin ümumilikdə 2157474,62 manat, ƏDV-nin isə 388345,43 manat (2157474,62*18%) azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamələrdə göstərilən məbləğinin bəyannamələrdə göstərilməli olan məbləğinə nisbətən 388345,43 manat azaldılmasına görə vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 194172,72 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən verilmiş "Müzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbarı tibbi sığorta haqları" bəyannamələrinin (hesabatlarının) yoxlanması zamanı kənarlaşmalar aşkar olunmuşdur. Belə ki, vergi ödəyicisi tərərfindən 2020-ci ilin 1-ci rübü üzrə 35805,19 manat əmək haqqı göstərilməsinə baxmayaraq Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin bildiriş baza məlumatlarına əsasən rüb üzrə əmək haqqı fondu 37478,0 manat olmuşdur. Nəticədə əmək haqqı fondunun 1672,81 manat azaldılması hesabına məcburi dövlət sosial sığorta haqlarının 434,88 manat azaldılması müəyyən edilmişdir. VM-nin 58.1 maddəsinə əsasən vergi ödəyicisinə azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 217,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd olunanlara uyğun olaraq "xxxx" MMC-də keçirilmiş səyyar vergi yoxlaması nəticəsinə əsasən büdcəyə hesablanmalı olan vergilərin ümumulikdə 550042,49 manat (mənfəət vergisi 336834,79 manat, əlavə dəyər vergisi 388345,43 manat) məcburi dövlət sosial sığorta haqlarının isə 434,88 manat azaldılması müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması zamanı vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ümumilikdə 725615,16 manat müəyyən edilərək həmin məbləğdə vergilərin hesablanması təmin edilmişdir. Azaldılmış vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 362590,14 manat, məcburi dövlət sosial sığorta haqlarına görə isə 217,44 manat olmaqla, ümumilikdə 362807,60 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Həmçinin iş üzrə "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi ilə razı deyilik. Belə ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyində obyektlərin sayı 387 göstərilməsinə baxmayaraq "xxxx" MMC-nin rəyində say 355 göstərilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********159528 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, İddiaçı MMC azaldılmış vergilər üzrə 725615,23 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 362807,63 manat vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2339 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, **********153386 nömrəli səyyar vergi yoxlamasının əhatə rtdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yalnız dövlət büdcəsinə az hesablanmış 55153,32 manat məbləğində mənfəət vergisi müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəailiyyət dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, vergi orqanının xx.xx.2022-ci il tarixli **********159528 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən gəlirlərinin azaldılması nəticəsində iddiaçı azaldılmış vergilər üzrə 725615,23 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 362807,63 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********159528 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması zamanı icarəyə verilmiş ticarət obyektlərinin real icarə haqları üzrə bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********153575 nömrəli qərarı ilə ekspertiza təyin edilmiş və ekspert qarşısında "daşınmaz əmlakın aylıq icarə haqqının və göstərilmiş digər xidmətlərin bazar qiymətinin müəyyən edilməsi" sualı qoyulmuşdur. Keçirilmiş ekspertiza üzrə 18 may 2022-ci il tarixli MB 15-0152 nömrəli ekspert rəyi verilmişdir və mübahisələndirilən qərar qəbul edilərkən sözügedən ekspert rəyinə istinad etmişdir. İddiaçı isə qeyd olunan ekspert rəyində qeyd olunanların həqiqəti əks etdirmədiyini iddia edərək sözügedən qərarı mübahisələndirmişdir. Məhkəmə tərəfindən qeyd olunanların araşdırılması məqsədilə iş üzrə ekspertizalar təyin edilmiş və ekspertizaların aparılması "xxxx" MMC-yə və Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyində qoyulmuş suallara aşağıdakı şəkildə cavab verilmişdir: -"xxxx" MMC tərəfindən Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən Ticarət Mərkəzində müxtəlif fiziki və hüqüqi şəxslərin icarəsinə verilmiş obyektlər üzrə 1(bir) aylıq icarə haqqı 10 769 (on min yeddi yüz altmış doqquz) manat təşkil edir (Sual 1). -"xxxx" MMC tərəfindən Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Tikinti materiallarının satışı bazarı"nda müxtəlif fiziki və hüqüqi şəxslərin icarəsinə verilmiş obyektlər üzrə 1(bir) aylıq icarə haqqı 4 493 (dörd min dörd yüz doxsan üç) manat təşkil edir (Sual 2). -Bərdə rayonu, Alpout kəndi ərazisində yerləşən "İri və xırdabuynuzlu mal bazarı"nda müşahidə aparmaq metodu ilə "xxxx" MMC-nin 1 (bir) aylıq xidmət haqqı 24 840 (iyirmi dörd min səkkiz yüz qırx) manat təşkil edir (Sual 3). Eyni zamanda, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyində qoyulmuş suallara aşağıdakı şəkildə cavab verilmişdir: -Ekspert qarşısında qoyulmuş birinci suala cavab olaraq bildirilir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyi nəzərə alınmaqla "xxxx" MMC-nin 2018-ci il üzrə gəlirinin 481.224,00 manat, 2019-cu il üzrə gəlirinin 481.224,00 manat, 2020-ci il üzrə gəlirinin isə 322.560,00 manat olması müəyyən olunur. -Ekspert qarşısında qoyulmuş ikinci suala cavab olaraq bildirilir ki, "xxxx" MMC tərəfindən 2018-ci il üzrə 6493,60 manat, 2019-cu il üzrə 18696,69 manat, 2020-ci il üzrə 2119,40 manat mənfəət vergisinin hesablanması və dövlət büdcəsinə həmin illər üzrə ümumilikdə 48648,26 manat mənfəət vergisi üzrə ödəniş aparılması müəyyən olunur. -Ekspert qarşısında qoyulmuş üçüncü suala cavab olaraq bildirilir ki, birinci və ikinci sualda göstərilənlər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən 2018, 2019 və 2020-ci illər üzrə dövlət büdcəsinə 21.338,57 manat (6493,60 + 18696,69 + 2119,40 -48648,26) məbləğində mənfəət vergisinə dair artıq ödəməsi müəvyən olunur. -Ekspert qarşısında qoyulmuş dördüncü suala cavab olaraq bildirilir ki, "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli rəyi və təqdim edilmiş sənədlər nəzərə alınmaqla "xxxx" MMC üzrə dövlət büdcəsinə hesablanmış mənfəət vergisinin məbləği 2018-ci il üzrə 41.144,45 manat, 2019-cu il üzrə 46.430,80 manat, 2020-ci il üzrə isə 16.226,33 manat mənfəət vergisi müəyyən olunur. -Ekspert qarşısında qoyulmuş beşinci suala cavab olaraq bildirilir ki, bir-dördüncü sualda göstərilənlər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən 2018-ci il üzrə 34650,85 manat (41144,45 - 6493,60), 2019-cu il üzrə 27734,11 manat (46430,80 - 18696,69), 2020-ci il üzrə 14106,93 manat (16226,33 - 2119,40) məbləğində mənfəət vergisi üzrə əlavə hesablanma müəyyən olunur. Qeyd edilir ki, hazırki tədqiqatla son nəticədə dövlət büdcəsinə 21 338,57 manat artıq ödəniş hissəsinə) nəzərə alınmaqla müəssisə tərəfindən 2018-2019-2020-ci illər üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış mənfəət vergisinin cəmi məbləği 55153,32 manat (34650,85 + 27734,11 + 14106,93 - 21338,57) müəyyən olunur. -Ekspert qarşısında qoyulmuş altıncı suala cavab olaraq bildirilir ki, "xxxx" MMC tərəfindən 2018-ci ilin noyabr-dekabr ayları üzrə 12313,98 manat, 2019-cu il üzrə 80458,92 manat, 2020-ci il üzrə 50856,50 manat və 2021-ci ilin yanvar - oktyabr ayları üzrə 64035,31 manat əlavə dəyər vergisi hesablanması və dövlət büdcəsinə həmin dövrlər üzrə ümumilikdə 244367,12 manat ƏDV məbləğinin ödənilməsi müəyyən olunur. -Ekspert qarşısında qoyulmuş yeddinci suala cavab olaraq bildirilir ki, "xxxx" MMC tərəfindən 2018-ci ilin noyabr ayından 2021-ci ilin noyabr ayınadək hesablanmış və ödənilmiş ƏDV məbləğləri nəzərə alınmaqla həmin illər üzrə dövlət büdcəsinə 36.702,41 manat (12313,98 + 80458,92 + 50856,50 + 64035,31 - 244367,12) məbləğində ƏDV-nə dair artıq ödəmə müəyyən olunur. -Ekspert qarşısında qoyulmuş səkkizinci suala cavab olaraq bildirilir ki, "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli rəyi və təqdim edilmiş digər sənədlər nəzərə alınmaqla "xxxx" MMC üzrə dövlət büdcəsinə hesablanmış ƏDV-nin məbləğinin 2018-ci ilin noyabr-dekabr ayları üzrə 14436,72 manat, 2019-cu il üzrə 86620,32 manat, 2020-ci il üzrə 58060,80 manat və 2021-ci ilin yanvar - oktyabr ayları üzrə 72183,60 manat, ümumilikdə 231301,44 manat olması müəyyən olunur. -Ekspert qarşısında qoyulmuş doqquzuncu suala cavab olaraq bildirilir ki, altısəkkizinci sualda göstərilənlər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən 2018-ci ilin noyabr-dekabr ayları üzrə 2122,74 manat (14436,72 - 12313,98), 2019-cu il üzrə 6161,40 manat (86620,32 - 80458,92), 2020-ci il üzrə 7204,30 manat (58060,80 - 50856,50), 2021ci ilin yanvar - oktyabr ayları üzrə 8148,29 manat (72183,60 - 64035,31) məbləğində ƏDV üzrə əlavə hesablanma müəyyən olunur. Qeyd edilir ki, hazırki tədqiqatla 36702,41 manat artıq ödəniş (bax yeddinci sualın tədqiqi hissəsinə) nəzərə alınmaqla müəssisə tərəfindən 2018-ci ilin noyabr ayından 2021-ci ilin noyabr ayınadək olan dövrə dair aparılmış əməliyyatlara görə son nəticədə dövlət büdcəsinə az hesablanmış ƏDV-nin məbləği müəyyən olunmur, o cümlədən: (2122,74 + 6161,40 + 7204,30 + 8148,29 - 36702,41). -Beləliklə, bütün yuxarıda göstərilənlər nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixli **********153386 saylı Səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə (sualda soruşulan vergilərlə bağlı) yalnız dövlət büdcəsinə az hesablanmış 55153,32 manat məbləğində mənfəət vergisi müəyyən olundu. İstinad olunan Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən də görünür ki, iddiaçı tərəfindən az hesablanmış mənfəət vergisinin cəmi məbləği 55153,32 manat təşkil edir. Eyni zamanda, sözügedən rəydə 36702,41 manat məbləğində ƏDV-yə dair artıq ödəmə müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən artıq ödənilmiş ƏDV-nin az hesablanmış mənfəət vergisinə çıxılması mümkündür. Belə olan halda az hesablanmış 55153,32 manat məbləğində mənfəət vergisindən artıq ödənilmiş 36702,41 manat məbləğində ƏDV çıxıldıqda yekunda 18450,91 manat məbləğində az hesablanmış mənfəət vergisi, eləcə də həmin məbləğə hesablanmış 9225,45 manat məbləğində maliyyə sanksiyası qalmış olur. Bundan əlavə, “Səyyar vergi yoxlaması aktı”ndan və mübahisələndirilən qərardan görünür ki, vergi ödəyicisinin "Müzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbarı tibbi sığorta haqları" bəyannamələrinin yoxlanması zamanı vergi ödəyicisi tərərfindən 2020-ci ilin 1-ci rübü üzrə 35805,19 manat əmək haqqı göstərilməsinə baxmayaraq Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin bildiriş baza məlumatlarına əsasən rüb üzrə əmək haqqı fondu 37478,0 manat olmuşdur. Nəticədə əmək haqqı fondunun 1672,81 manat azaldılması hesabına məcburi dövlət sosial sığorta haqlarının 434,88 manat azaldılması müəyyən edilmiş və azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 217,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar qismən (18450,91 manat məbləğində az hesablanmış mənfəət vergisi, həmin məbləğə hesablanmış 9225,45 manat məbləğində maliyyə sanksiyası, habelə müzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbarı tibbi sığorta haqları üzrə 434,88 manat, həmin məbləğə hesablanmış 217,44 manat maliyyə sanksiyası istisna olmaqla) əsassız olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanının “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********159528 nömrəli qərarı qismən, yəni mənfəət vergisi üzrə 18450,91 manat borc və ona hesablanmış 9225,45 manat məbləğində maliyyə sanksiyası hissəsi, həmçinin müzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbarı tibbi sığorta haqları üzrə 434,88 manat borc və həmin məbləğə hesablanmış 217,44 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 200 (iki yüz) manat dəyərində məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********159528 nömrəli qərarı qismən, yəni mənfəət vergisi üzrə 18450,91 manat əsas borc və ona hesablanmış 9225,45 manat məbləğində maliyyə sanksiyası, müzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbarı tibbi sığorta haqları üzrə 434,88 manat əsas borc və həmin məbləğə hesablanmış 217,44 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. xx.xx.2023-cü il tarixli, 9/2339 nömrəli ekspert rəyi üzrə 200 (iki yüz) manat ekspertiza xərci cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar