Məhkəmə qərarları › İş №e-2-1(114)-1477/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-1477/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-1477/2024 29.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyasına qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyasının 13 sentyabr 2021-ci il tarixli qərarının hərbi xidmətə yararlılıq kateqoriyasına aid hissədə dəyişdirilərək barəsində “həm dinc dövrdə, həm müharibə dövründə yararsızdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 01.04.2010-cu il tarixli AO ******* nömrəli hərbi biletdə İddiaçı xx.xx.2020-ci il tarixdə Şuşa şəhərində “Hərbi əməliyyatlar nəticəsində odlu silah, partlayış və qəlpə yarası” səbəbindən yaralanması barədə qeyd edilmişdir.

2. Xəstəlik haqqında xx.xx.2021-ci il tarixli 2211 saylı şəhadətnaməyə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyası tərəfindən şəhadətnamələndirilmiş və Hərbi Həkim Komissiyasının qərarı ilə “Partlayış travması (xx.xx.2020). Posttravmatik stress pozuntusu. Sol dizaltı nahiyyənin dəlib keçən odlu silah qəlpə yaralanmasına görə yaraların birincili cərrahi işlənməsi, yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı. Sol budun aşağı 1/3-nin yumşaq toxumalarının yad ismi (metal qəlpə) XBT: Y36.2, F43.1, S81.7, L90.5, M79.5” diaqnozlu travmasının səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyən edilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir.

3. N saylı hərbi hissənin travma haqqında arayışında İddiaçı “Partlayış travması, Sol aşağı ətrafın olu silah yaralanması, Sol dizaltında yad cisim qəlpə (xx.xx.2020)” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir.

4. Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Xəstənin ambulator, stasionar tibbi kartasından Çıxarışından görünür ki, Səfərov X3 travması, Posttravmatik stress pozuntusu F43.1” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar müalicədə olmuşdur.

5. Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) 073794 nömrəli Çıxarışından görünür ki, İddiaçı “F43.1 İfadə olunmuş uzungedişli posttravmatik stress pozuntusu” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ambulator müalicədə olmuşdur.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 6238 nömrəli tibbi rəyində diaqnoz “Posttravmatik stress pozuntusu, uzunmüddətli depressiv əlamətlər F43.1. Fəlakətdən sonra yaranan şəxsiyyət dəyişikliyi istisna olunmur” kimi qeyd edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması (qəlpə). Sol bud nahiyyəsinin yad cismləri (qəlpə). Sol diz oynağın arxa səthinin çapıq toxuması. Sol diz oynağının miogen konrtakturası (bükmə 90 dərəcə, açma 75 dərəcə). Daimi ağrı. Yerişin mülayim pozulması. Sol qamış sümüyünün neyropatiyası” kimi müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 1674 nömrəli tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) şəxsiyyət dəyişikliyi F62.0 depressiv əlamətlərlə və itnihar cəhdləri ilə” kimi qeyd edilmişdir.

9. Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) 093081 nömrəli Çıxarışından görünür ki, İddiaçı “F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə və intihar cəhdləri ilə” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambulator müalicədə olmuşdur.

10. Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 18-1-36/3-1064/2023 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdə Sol aşağı ətrafın odlu silah yaralanması. Sol dizaltında yad cism, qəlpə, “Brotravma” diaqnozu ilə Füzuli MDM-nə daxil olmuşdur.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 123 nömrəli arxiv arayışına əsasən İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2010-cu il tarixli 80 №-li əmrilə Bərdə RHK-dan gəlmiş hesab edilərək "əsgər" hərbi rütbəsi verilməklə 02 aprel 2010-cu il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 1-ci tədris bölüyünün 2-ci taqım 4-cü manqasında atıcı vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2010-cu il tarixli 64 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2010-cu il tarixli 119 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün 16 may 2010-cu il tarixdən N saylı hərbi hissəyə getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2010-cu il tarixli 122 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2010-cu il tarixli 126 №-li əmrilə xüsusi təyinatlı dəstənin 2-ci həmlə qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2011-ci il tarixli 29 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli 248 №-li əmrilə "Hərbi xidmətikeçmə haqqında" Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq müddətdən artıq xidmət etmək haqqında öhdəlik vermiş hesab edilərək "kiçik çavuş" hərbi rütbəsi verilməklə müddətdən artıq həqiqi hərbi xidmətə keçirilərək xüsusi təyinatlı dəstənin atəş təminatı qrupunda 2-ci AQS-17 qumbaraatan komandiri vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2013cü il tarixli 1 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli 19 №-li əmrilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 45-ci maddəsinə müvafiq olaraq növbəti "çavuş" hərbi rütbəsi verilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 55 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 204 №-li əmrilə xüsusi təyinatlı dəstənin atəş təminatı qrupunda 2-ci AQS-17 qumbaraatan komandiri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstədə atəş təminatı qrupunun AQS-17 yarımqrupunda heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 55 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 207 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçirilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 55 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 200 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək xüsusi təyinatlı dəstədə atəş təminatı qrupunun AQS-17 yarımqrupunda qumbaraatan komandiri vəzifəsinə təyin edilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2017-ci il tarixli 86 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli 242 №-li əmrilə xüsusi təyinatlı dəstədə atəş təminatı qrupunun AQS-17 yarımqrupunda qumbaraatan komandiri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstədə atəş təminatı qrupunun AQS- 17 yarımqrupunda qumbaraatan komandiri vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 44 №-li əmrilə N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə atəş təminatı qrupunun AQS-17 qumbaraatan yarımqrupunda qumbaraatan komandiri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstədə atəş təminatı qrupunun dəzgahlı qumbaraatan yarımqrupunda qumbaraatan komandiri vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2021-ci il tarixli 91 №-li əmrilə N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə atəş təminatı qrupunun dəzgahlı qumbaraatan yarımqrupunda qumbaraatan komandiri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstənin atəş təminatı qrupunun dəzgahlı qumbaraatan yarımqrupunun komandiri vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2021-ci il tarixli 109 №-li əmrilə növbəti "baş çavuş" hərbi rütbəsi verilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2021-ci il tarixli 165 №-li əmrilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) müvafiq olaraq N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunun dəzgahlı qumbaraatan yarımqrupunun komandiri vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə göndərilmişdir. 16 sentyabr 2021-ci il tarixə xidmət illəri - təqvimlə 11 il 05 ay 15 gün, güzəştlə - 00 il 01 27 gün, ümumi - 11 il 07 ay 11 gün təşkil edir. Qeyd: N saylı hərbi hissə komandirinin 2017-ci ildən sonrakı dövrü əhatə edən əmrləri arxivə təhvil verilmədiyi üçün hissə üzrə hər hansı məlumatın verilməsi mümkün deyildir. II. Məhkəmədə icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, AR DİN DQ HHK-sı tərəfindən təqdim edilən 2211 saylı 13 sentyabr 2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə qeyd edilən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” bəndinin “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qeydi ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu ildə əsgər olaraq hərbi xidmətə başlamışdır. xx.xx.2011-ci il tarixdən etibarən müqavilə üzrə müddətdən artıq xidmətə başlamışdır. Cənab Ali Baş X6 rəhbərliyi ilə vətənin işğalda olan torpaqların azadlığı uğrunda başladılmış 44 günlük X2, Koroğlu postu, Kəlbəcər, Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd və Şuşa döyüşlərində iştirak edib döyüşərək cənab Ali Baş Komandan tərəfindən 8 medalla təltif edilmişdir. xx.xx.2020-ci il tarixdə mədəniyyət paytaxtı olan, əcdadları Pənahəli xanın saldığı qədim Şuşa şəhərinin azadlığı üçün girdiyi döyüşlərdə ağır yaralanaraq müalicəyə göndərilmişdir. Təəssüf ki, səhhətinin ağır dərəcəli narahatlıq doğuran vəziyyəti ilə bağlı xx.xx.2021-ci il tarixdə işdən azad edilmişdir. İşdən azad edilərkən barəsində «Hərbi xidmətkeçmə haqqında» əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) tətbiq edilmişdir. Bu maddənin tətbiqi üçünsə AR DİN DQ HHK-sı tərəfindən təqdim edilmiş 2211 saylı 13 sentyabr 2021-ci il tarixli xəstəlik haqqında şəhədətnamədə qeyd edilən “Hərbi-həkim ekspertizası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral 59 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin xəstəliklər cədvəlinin 17 b İİ qrafasına və həmin cədvəlin “C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” bəndi əsas alınmışdır. Ancaq o, işindən kənarlaşdırılarkən artıq onun tutduğu vəzifəyə cavab vermədiyi, xəstəliyinin buna imkan vermədiyi izah edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Barəsində təqdim edilən xəstəlik şəhadətnaməsində aparılmış qeydlər nə onu işində saxlaya bilmiş, nə də bu gün ona əlilliyin müəyyən edilməsinə imkan vermir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyası ilə əvəz edilmişdir.

16. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyasının 13 sentyabr 2021-ci il tarixli qərarının hərbi xidmətə yararlılıq kateqoriyasına aid hissədə dəyişdirilərək barəsində “həm dinc dövrdə, həm müharibə dövründə yararsızdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər

17. İşin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş smsxəbərdarlıq ona çatdırılmışdır.

18. İddiaçı və cavabdehin nüməyəndəsi məhkəmə iclasına gəlmişlər.

19. İddiaçı məhkəmə iclasında müddətin bərpasına dair ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, hazırki iddianı qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Xəstəliyi və psixiatrik müalicələrdə olması, həmçinin özünə intihar cəhdi etməsi ilə bağlı vaxtında iddia qaldıra bilməmişdir. Göstərilənlərə əsasən iddia müddətinin bərpa edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

21. İddiaçı məhkəmə iclasında müddətin bərpasına dair ərizəni müdafiə edərək, müddətin bərpa olunmasını və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

22. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında müddətin bərpasına dair ərizənin təmin olunmamasını və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

23. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.

24. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

25. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

26. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

27. İşin müəyyən edilmiş hallarına görə, Xəstəlik haqqında xx.xx.2021-ci il tarixli 2211 saylı şəhadətnaməyə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyası tərəfindən şəhadətnamələndirilmiş və Hərbi Həkim Komissiyasının qərarı ilə “Partlayış travması (xx.xx.2020). Posttravmatik stress pozuntusu. Sol dizaltı nahiyyənin dəlib keçən odlu silah qəlpə yaralanmasına görə yaraların birincili cərrahi işlənməsi, yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı. Sol budun aşağı 1/3-nin yumşaq toxumalarının yad ismi (metal qəlpə) XBT: Y36.2, F43.1, S81.7, L90.5, M79.5” diaqnozlu travmasının səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyən edilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir.

28. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək, bu barədə xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyasının 13 sentyabr 2021-ci il tarixli qərarının hərbi xidmətə yararlılıq kateqoriyasına aid hissədə dəyişdirilməsini xahiş edir.

29. Bu halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.

30. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

31. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

32. İddiaçının sözügedən qərardan 2021-ci ildən məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

33. Belə ki, İddiaçı müddətin bərpasına dair ərizəsində hazırki iddianı qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyünü qəbul etmiş və xəstəliyi, psixiatrik müalicələrdə olması, həmçinin özünə intihar cəhdi etməsi ilə bağlı vaxtında iddia qaldıra bilmədiyini qeyd etmişdir.

34. Məhkəmə tərəfindən iddiaçıya mübahisələndirdiyi qərardan məlumatlı olduğu vaxtdan sonrakı müalicələri barədə tibbi sənədləri, yəni şəhadətnaməni əldə etdikdən sonra onun iddia qaldırmasına maneə törətmiş və ya məhdudiyyət yaratmış halları təsdiq edən sənədlər təqdim etmək təklif olunmuş, lakin iddiaçı xəstəliyi ilə bağlı onda olan bütün sənədləri iddia ərizəsinə əlavə etdiyini bildirmişdir.

35. Məhkəmə iddiaçının dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.

36. Lakin hazırkı işdə iddiaçının gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir. Belə ki, xx.xx.2021-ci il tarixli şəhadətnamədən şəhadətləndirildiyi vaxtdan məlumatlı olmasını nəzərə alaraq, həmin vaxtdan 30 gün müddətində iddia qaldırmalı olduğu halda, bunu etməmiş və həmin tarixdən etibarən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsasları məhkəməyə təqdim etməmişdir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

38. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

39. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

40. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

41. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

43. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

44. Göründüyü kimi, iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.

45. Buna görə də, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyasının 13 sentyabr 2021-ci il tarixli qərarının hərbi xidmətə yararlılıq kateqoriyasına aid hissədə dəyişdirilərək barəsində “həm dinc dövrdə, həm müharibə dövründə yararsızdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır.

Nəticəvi hissə:

46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar