Məhkəmə qərarları › İş №e-2-1(114)-1509/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1509/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1509/2021 23.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 08.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 30.04.2021-ci il tarixli, **********046800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı kəndlərdən, qəsəbələrdən, küçələrdən, məhlələrdən əlvan və qara metal tullantıları toplayıb metal qəbulu məntəqələrinə təhvil verərək ailəsini dolandırır. Ali təhsili olmadığı üçün qanunvericilikdən anlayışı yoxdur. O, bu metalları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verdikdə ödənişi alan zaman ona ödəniləcək məbləğdən 2% vergi tuturlar və izah edirlər ki, bu məbləği onun adından ödəmə mənbəyində vergi ödəyirlər və eyni zamanda alış aktına da imza etdirirlər. Qanuna əsasən vergi ödəyicisi olmadan satdığı metal qırıntılarının satışından əldə etdiyi gəlirindən xərclər çıxılmadan 2 faiz vergi tutulub dövlətə ödənilmişdir. Lakin 05.02.2021-ci il tarixdə vergi orqanı qanunsuz olaraq iddiaçını öz təşəbbüsu ilə vergi ödəyicisi kimi uçota almış, ona qanunsuz olaraq vergi öhdəliyi yaradaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.04.2021-ci il tarixli, **********046800 nömrəli qərar qəbul edərək, ona əsassız olaraq 2020-ci il üçün 8877,40 manat gəlir vergisi hesablamışdır. İddiaçı hesab edir ki, vergi orqanının hərəkətləri qanunsuz olmuşdur. İddiaçının vəkili vəkili Nümayəndə iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 17.04.2020-ci il tarixdə 54960 kiloqram (ümumi dəyəri 100564,8 manat), 30.04.2020-ci il tarixdə 6977 kiloqram (ümumi dəyəri 56513,7 manat), 13.05.2020-ci il tarixdə 29450 kiloqram (ümumi dəyəri 9129,5 manat), 15.05.2020-ci il tarixdə 5400 kiloqram (ümumi dəyəri 11340,0 manat) olmaqla 5 sayda malların alış aktı ilə ümumilikdə 96787 kiloqram (cəmi dəyəri 177548,0 manat) olan müxtəlif növ qara və əlvan metal tullantılarının (qarışıq alüminium tullantıları, sərt alüminium qırıntıları, yumşaq alüminium, qara metal tullantıları) təqdim edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinin tələblərinə müvafiq olaraq ünvanına aidiyyəti xəbərdarlıq bildirişi göndərilməsinə baxmayaraq vergi uçotuna alınma ilə bağlı hər hansı izahat məktubu, təsdiqedici sənəd və sair vergi orqanına təqdim edilməmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 33.3-cü və 33.5-ci maddələrinə uyğun olaraq 05.02.2021ci il tarixdə vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 177548,0 manat dəyərində alış aktları əsasında "xxxx" MMC-nin əlvan və qara metal tullantılarını satması, lakin qanunvericiliyə uyğun olaraq vergi orqanında uçota durmaması və 2020-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. 19.04.2021-ci il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə hesablanmış cari vergi ödəmələri nəzərə alınmaqla (azaldılmaqla) Vergi Məcəlləsinin 37 və 83-cü maddələrinə əsasən analoji qaydada 2020-ci il üçün 8877,40 manat gəlir vergisi hesablanmış, 30.04.2021-ci il tarixli, **********046800 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Sözügedən qərarın ləğv edilməsi üçün iddiaçı tərəfindən yuxarı şikayət instansiyası olan Dövlət Vergi Xidmətinə müraciət edilmiş, inzibati şikayətə baxılmanın nəticəsi olaraq 02.06.2021-ci il tarixli **********054200 nömrəli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Şikayət instansiyası iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edərək 30.04.2021-ci il tarixli, **********046800 nömrəli qərarı qüvvədə saxlamışdır. Nə işin inzibati araşdırması zamanı, nə də iddia ərizəsində iddiaçı tərəfindən fiziki olaraq həmin məmulatların özü tərəfindən toplanmasını təsdiq edəcək tutarlı dəlil təqdim edilməmişdir. Əksinə işin faktiki hallarına əsasən qeyd olunur ki, iddiaçı tərəfindən 96787 kiloqram çəkidə metal tullantılarının toplanması mümkün deyil, o sahibkarlıq fəaliyyəti məqsədləri çərçivəsində fəaliyyət göstərmişdir. Göründüyü kimi iddiaçı böyük mal partiyaları ilə metal tullantılarını təqdim etmişdir. Toplanmış metal tullantılarının qısa müddətdə yığılması əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan mümkün deyil. Qeyd olunanlar iddiaçının metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirir. İddiaçının 96787 kiloqram çəkidə 177548,0 manat məbləğində müxtəlif növ qara və əlvan metal tullantısının təqdim etməsi faktı onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərən dəlildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 19.04.2020-ci il tarixli **********011500 nömrəli məktubundan görünür ki, İddiaçı dəmir tullantılarının təqdim edilməsi nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi ilə bağlı 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməsi tələb olunmuşdur. -Alış aktı barədə barədə məlumatdan görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə 17.04.2020-ci il tarixdə 54960 kiloqram (ümumi dəyəri 100564,8 manat), 30.04.2020-ci il tarixdə 6977 kiloqram (ümumi dəyəri 56513,7 manat), 13.05.2020-ci il tarixdə 29450 kiloqram (ümumi dəyəri 9129,5 manat), 15.05.2020-ci il tarixdə 5400 kiloqram (ümumi dəyəri 11340,0 manat) olan müxtəlif növ qara və əlvan metal tullantılarının təqdim edilmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.04.2021-ci il tarixli, **********046800 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə 8877,40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********054200 nömrəli 02.06.2021-ci il tarixli qərarından görünür ki, fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə 31.03.2021-ci və 31.05.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.04.2021-ci il tarixli, **********046800 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 6 sayda, ümumilikdə dəyəri 177548,0 manat olan 96787 kiloqram müxtəlif növ qara və əlvan metal tullantıları satılmışdır. İnzibati orqan tərəfindən iddiaçının böyük mal partiyaları ilə metal tullantılarını təqdim etməsi, toplanmış metal tullantılarının qısa müddətdə yığılmasının əlavə resurslar olmadan mümkün olmaması, iddiaçının metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirdiyi üçün həmin şəxsin belə gəliri onun sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, metal tullantısının təqdim edilməsi nəticəsində əldə etdiyi 177548,0 manat məbləğə görə 8877,40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 30.04.2021-ci il tarixli, **********046800 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 02.06.2021-ci il tarixli qərarında və cavabdehin etirazında iddiaçının gətirmiş olduğu dəlillərə münasibət bildirilərək qeyd edilmişdir ki, vergi ödəyicisi böyük mal partiyaları ilə metal tullantılarını təqdim etmiş, toplanmış metal tullantılarının qısa müddətdə yığılmasını əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan fiziki olaraq yığılmasının mümkünlüyünü əsaslandıra bilməmiş, bu da fiziki şəxsin metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirilmişdir. Yəni, cavabdehin yeganə dəlili iddiaçı tərəfindən toplanmış metal tullantılarının qısa müddətdə yığılmasını əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan fiziki olaraq mümkünlüyünün əsaslandılırılmamasıdır. Məhkəmə hesab edir ki, şəxsin fiziki gücünün və ya digər resurslarının olmaması, bu səbəbdən hər-hansı fəaliyyətinin mümkünsüzlüyü ehtimalı ilə barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh orqan ehtimallara əsaslanaraq iddiaçının metal tullantılarının qəbulu (tədarükü) ilə məşğul olması əsası ilə qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. -33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Göründüyü kimi iddiaçı 2020-ci ilin yanvar-fevral aylarında qara və əlvan metal qırıntılarını "xxxx" MMC-yə satan zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu zamanı mallar nağd qaydada satın alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Məhkəmə qeyd edir ki, iddiaçı əlvan və qara metal qırıntılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Bununla yanaşı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövriliyi ilə bağlı hər hansı bir şərt qeyd edilməmişdir. Belə olan halda qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsin məsuliyyətə cəlb edilməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Buna baxmayaraq iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının metal qırıntılarını böyük partiya şəklində təhvil verməsini əsas gətirərək cavabdehin əsaslandırdığı dəlillər tamamilə ehtimallara əsaslanır. Cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübut edən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı iş üzrə mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.04.2021-ci il tarixli, **********046800 nömrəli qərarla iddiaçını vergi məsuliyyətinə cəlb etdiyi dövrdə faktiki olaraq iddiaçı vergi uçotunda qeydiyyatda olmamışdır. İddiaçıdan vergi ödəyicisi olmayan fiziki şəxs olaraq Vergi Məcəlləsinin 101.6-cı maddəsinə və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə əsasən əldə etdiyi gəlirlərdən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulmuş və bu iddiaçının əlvan və qara metalları təhvil verdiyi "xxxx" MMC-nin vergi orqanına təqdim etdiyi ödəmə mənbəyindən tutulan vergi bəyannaməsində öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.04.2021-ci il tarixli, **********046800 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.04.2021-ci il tarixli, **********046800 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar