Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1513/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Texnologiya Universitetinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı protokolun dəyişdirilməsi, əmrdə düzəliş edilməsi və məlumatların tələbə-məzun elektron sisteminə daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Texnologoiya Universitetinin Bərpaköçürmə Komissiyasının 14.09.2005-ci il tarixli müvafiq protokolunun dəyişdirilməsi və 244 nömrəli əmrin müvafiq hissəsinin 2-ci abzasının (əlavə ixtisas təhsili ilə bağlı) 5-ci bəndinin ləğv olunmaqla həmin əmrə düzəliş aparılması, onun adının köçürülən tələbələrin siyahısında qeyd olunacaq şəkildə dəyişdirilməsi, daha sonra da müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalına yerləşdirilməsi öhdəliyinin cavabdeh orqan Gəncə Texnologiya Universitetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 1998-ci ildə Gəncə şəhərində yerləşən Gəncə Elm-Təhsil Mərkəzi Aqrar X2 İqtisadiyyat Fakültəsinə qəbul olmuşdur. Həmin təhsil mərkəzində 2002-ci ilə qədər təhsilini davam etdirmişdir. X6-Təhsil Mərkəzi Aqrar Ekologiya İnstitutunda təhsilini 4 il davam etdirdikdən sonra qurum tərəfindən ali təhsil pilləsinin bitirilməsini təsdiq edən sənəd verilməli olduğu halda, Gəncə Aqrar-Ekologiya Universitetinin lisenziyasının ləğv olunması səbəbindən adıçəkilən sənəd təqdim olunmamışdır. Bu vəziyyətlə bağlı müxtəlif aidiyyəti qurumlara müraciət olunduqdan sonra məsələyə baxılmış və Aqrar-Ekoloqiya Universiteti tələbələrinin başqa universitetlərə köçürüləcəyi vəd edilmiş və nəticədə ona da dəqiq olaraq 2004-cü ildə Azərbaycan Texnologiya Universitetinə köçürülmə şəklində təhsilinin davam etdirilməsi ilə bağlı məlumat verilmiş, nəticədə təhsilini Azərbaycan Texnologiya Universitetinin Mühəndis iqtisadiyyatı və İdarəetmə fakültəsində davam etdirərək, 2008-ci ildə həmin fakültədən məzun olmuş və Azərbaycan Texnologiya Universiteti tərəfindən “Mühəndis iqtisadiyyatı və İdarəetmə" ixtisası üzrə ali təhsil bitirmə haqqında B № 114885 diplom verilmişdir. Halhazırda Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyir. Lakin 2022-ci ildə iş yerinin dəyişdirilməsi ilə bağlı olaraq ondan təhsili ilə bağlı müvafiq sənədlər tələb edilmiş və onları əldə etmək üçün Azərbaycan Texnologiya Universitetinə müraciət edərək universitetin arxivindən həmin sənədlərin surətlərini istəmişdir. Sənədləri eldə etdikdən sonra, şəxsi işində olan bəzi sənədlərin həqiqətə uyğun olmadığının şahidi olmuşdur. O, 2002-ci ildə Aqrar-ekologiya Universitetini bitirə bilməmişdir, çünki həmin tarixdə adıçəkilən universitetin lisenziyası ləğv edilmişdir. Buna baxmayaraq, Azərbaycan Texnologiya Universitetində şəxsi işində olan Aqrar-Ekologiya İnstitutunun ail təhsil diplom surəti olmuşdur, ancaq bu sənəd həqiqi deyildir, çünki nə o sənədin əsli heç bir zaman ona təqdim olunmamış,nə də ki onun doğum günü də daxil olmaqla şəxsi işindəki tarixlər və məlumatlar dəqiq deyildir. O, Azərbaycan Texnologiya Universitetində (və ya ATU) təhsilini universitetlərarası köçürmə şəklində davam etdirmişdir. Buna baxmayaraq, Azərbaycan Texnologiya Universitetinin 14 sentyabr 2005-cl il tarixli köçürmə-bərpa komissiyasının rəyində və eyni tarixli 244 saylı əmrində onun təhsilini davam etdirməsinin köçürmə şəklində deyil, ikinci əlavə ixtisas təhsilində davam etməyi ilə bağlı qeyd vardır. Hər iki sənəd 1 il gecikmə ilə hazırlanmışdır, belə ki, 2004-cü il də Gəncə Texnologiya Universitetində təhsilini davam etdirirdi, buna görə də əmr və rəy 14 sentyabr 2005-ci il tarixdə verilmişdir. Heç bir zaman əlavə təhsil üçün müraciət etməmiş və ümumiyyətlə əlavə təhsil almaqla bağlı istəyi də olmamışdır. Azərbaycan Texnologiya Universitetinə 11 aprel 2022-ci il tarixində etdiyi rəsmi müraciətə 20 aprel 2022-ci il tarixidə verilən cavab məktubunda xahişi təmin olunmamış və imtina cavabı verilmişdir. İmtinanın səbəbi kimi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “ Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnaməyə əsasən, Sistemin yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə proqram təminatının yaradılması mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilməsi göstərilmişdir. Başqa bir sözlə Azərbaycan Texnologiya Universiteti, tələbini qanunsuz saymamış, lakin bunu etməyə səlahiyyəti olmadığını bildirmişdir. Bu səbəblə də əmrə düzəliş etməkdən imtinanı aşağıdakı formada qeyd etmişdir. “ Tərəfinizdən aşkar edilmiş qeyri-dəqiqlikliklərin aradan qaldırılması və elektron hökumət portalına yerləşdirilməsi, həmçinin Azərbaycan Texnologiya Universiteti rəhbərliyinin 14.09.2005-ci il tarixli, 244 saylı əmrinin 2-ci abzasının 5-ci bəndinin ləğv olunmaqla həmin əmrə düzəliş aparılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz”. Onun ATU tərəfindən verilmiş əlavə ixtisas təhsilinə qəbula dair əmr səhv məlumatlar ehtiva edən və bu səbəblə qanunsuz inzibati aktdır. Habelə də ATU-nin 20.04.2022-ci il tarixli imtina məktubu qanunsuzdur, çünki "Tələbəməzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnaməyə" görə tələbə barədə məlumatların qeydiyyatı da müvafiq təhsil müəssisənin səlahiyyəti daxilindədir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Texnologiya Universitetinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul edərək, qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarında olan: Azərbaycan Texnologiya Universitetinin Bərpa-köçürmə komissiyasının 14 sentyabr 2005-ci il tarixli, 1 saylı iclas protokolunun məzmunundan görünür ki, Azərbaycan Ekologiya İnstitununun iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə təhsil almış İddiaçı akademik fərqləri verməklə Azərbaycan Texnologiya Universitetinin İİİ kurs, 2333a1ö qrupunda “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə təhsil (əlavə ixtisas təhsili) ala biləcəyi qərara alınmışdır. Azərbaycan Texnologiya Universitetinin 14 sentyabr 2005-ci il tarixli, 244 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Texnologiya Universitetinin Bərpaköçürmə komissiyasının 14 sentyabr 2005-ci il tarixli, 1 saylı iclas protokoluna əsasən Azərbaycan Ekologiya İnstitununun iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə 2001-ci il məzunu İddiaçı Azərbaycan Texnologiya Universitetində “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə əlavə ixtisas təhsili almaq üçün qiyabi təhsil formasına İİİ kurs, 2333a1ö qrupuna qəbul edilmişdir. “Ali Təhsil haqqında” 31.07.2008-ci il tarixli, B 114885 nömrəli diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 18 iyun 2008-ci il tarixli qərarı ilə İddiaçı “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsi “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Texnologiya Universiteti tərəfindən verilmiş “Ali Təhsil haqqında” 31.07.2008-ci il tarixli, B 114885 nömrəli diploma əlavədən görünür ki, həmin sənəddə iddiaçının aldığı ixtisasın səviyyəsi, nail olduğu nəticələr və sair barədə məlumatlar göstərilmişdir. Azərbaycan Texnologiya Universitetinin 10 iyul 2008-ci il tarixli, 127 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə məzun İddiaçı Dövlət Attestasiya Komissiyasının müvafiq qərarlarına əsasən bakalavr ixtisas dərəcəsi və adi diplom verilməklə universitetin tələbləri sırasından xaric edilmişdir. Azərbaycan Texnologiya Universitetinin iddiaçıya ünvanladığı 20 aprel 2022-ci il tarixli, 50-01-262/08 nömrəli məktubunda iddiaçı tərəfindən aşkar edilmiş qeyri-dəqiqlikliklərin aradan qaldırılmasının və elektron hökumət portalına yerləşdirilməsinin, həmçinin Azərbaycan Texnologiya Universiteti rəhbərliyinin 14.09.2005-ci il tarixli, 244 saylı əmrinin 2-ci abzasının 5-ci bəndinin ləğv olunmaqla həmin əmrə düzəliş aparılmasının universitet tərəfindən mümkün olmadığı bildirilmiş və əmrə düzəliş aparılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. - 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 69.1-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. - 69.2-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Qeyd edilən maddi hüquq normalarına görə, inzibati orqanın qəbul etdiyi aktı qiymətləndirərkən ilk olaraq onun inzibati icraat qaydalarına riayət edilib-edilməməsi yoxlanılmalı, başqa sözlə inzibati orqanının şəxsin hüququna müdaxiləsinin qanuni olubolmaması qiymətləndirilməlidir. Belə bir müdaxilə qanuni olduğu halda, inzibati orqan maddi-hüquqi əsaslardan çıxış etməklə inzibati icraatı aparmaq səlahiyyətinə malik olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1998-2002-ci illərdə Gəncə Elm-Təhsil Mərkəzi Aqrar Ekologiya İnstitutunda “Ümumi İqtisadiyyat” fakültəsində təhsil almışdır. X6-Təhsil Mərkəzi Aqrar Ekologiya İnstitutunun lisenziyasının ləğv olunması səbəbindən, ali təhsil pilləsinin bitirilməsini təsdiq edən sənəd verilməmişdir. Azərbaycan Texnologiya Universitetinin 14 sentyabr 2005-ci il tarixli, 244 nömrəli əmri ilə İddiaçı Azərbaycan Texnologiya Universitetinə köçürülmüş, həmin universitetdə “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə məzun olmuş və ona ali təhsili bitirmə haqqında B 114885 nömrəli diplom verilmişdir. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən bərpa-köçürmə əməliyyatları düzgün aparılmadığından, Azərbaycan Texnologiya Universitetinin Bərpa-köçürmə komissiyasının 14 sentyabr 2005-ci il tarixli, 1 saylı iclas protokolunda və eyni tarixli 244 nömrəli əmrində iddiaçının təhsilinin davam etdirməsinin səbəbi “köçürmə” şəklində deyil, “əlavə ixtisas təhsili” kimi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən inzibati icraat çərçivəsində araşdırılma düzgün aparılmamış və nəticədə iddiaçının barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Bundan başqa, cavabdeh orqan 20 aprel 2022-ci il tarixli, 50-01-262/08 nömrəli məktubunda “Tələbə-məzun” dövlət elektron məlumat sistemində əlavə və ya düzəliş edilməsinin universitetin səlahiyyətlərinə aid olmadığı bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun dövlət elektron məlumat sistemi haqqında” Əsasnamənin V bölməsinin: - 15.2.8-ci bəndinə əsasən təhsil müəssisəsi olan istifadəçilər tələbələrin və magistrantları n bir təhsil müəssisəsindən digərinə köçürmələrini, o cümlədən təhsil müəssisəsinə xarici ölkədən köçürülmüş tələbələr haqqında məlumatları mərkəzi serverə daxil edirlər. - 17-ci bəndinə əsasən təhsil müəssisəsi olan istifadəçilər mərkəzi serverdən onlara verilmiş məlumata çıxış statusuna uyğun olaraq öz işçi stansiyasında çalışan operator vasitəsilə yalnız özlərinin tələbələri, magistrantları və məzunları barədə məlumatlara baxa və orada bu Əsasnamənin 15.2-ci bəndinə əsasən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, cavabdeh orqanın “Tələbəməzun” dövlət elektron məlumat sistemində əlavə və ya düzəliş edilməsi səlahiyyəti vardır. Həmçinin, cavabdeh Azərbaycan Texnologiya Universitetinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında ərizə təqdim edərək, iddianı qəbul etdiyini bildirmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Texnologoiya Universitetinin Bərpa-köçürmə Komissiyasının 14.09.2005-ci il tarixli, 1 saylı protokolunun dəyişdirilməsi, 14.09.2005-ci il tarixli, 244 nömrəli əmrin müvafiq hissəsinin 2-ci abzasının (əlavə ixtisas təhsili ilə bağlı) 5-ci bəndinin ləğv olunmaqla həmin əmrə düzəliş aparılması, İddiaçı adının köçürülən tələbələrin siyahısında qeyd olunacaq şəkildə dəyişdirilməsi və müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalına yerləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Texnologiya Universitetinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1513/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1513/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver