Məhkəmə qərarları › İş №e-2-1(114)-154/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-154/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-154/2023 12.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********69224 nömrəli və xx.xx.2022-ci il tarixli, **********69208 nömrəli qərarların ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən və pivə barı kimi fəaliyyət göstərməsi nəzərədə tutulan obyektin açılışı iyun ayının 11-nə təyin edilmişdi. Açılış gününə az müddət qalmış iddiaçı oranı səliqəyə saldırıb, hazır vəziyyətə gətirərək bütün stolları demək olar ki, artıq düzdürmüş, eyni zamanda bir necə gün əvvəl kassa aparatı qoydurmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında iddiaçı obyetdə qeyd edilən işlərlə məşğul olan zaman içəri bir neçə şəxs daxil olmuşdur. İddiaçı onlara hələ təyinatı üzrə fəaliyyət göstərmədiklərini bildirmiş, sonuncular isə müştəri deyil, vergi işçiləri olduqlarını bildirmişdir. İddiaçının əsas fəaliyyəti pivə satışı olduğu halda həmin vaxt pivə aparatlırı hələ qoşdurmamışdır. İddiaçı həmin vaxtlar restoranda işləmək üçün işçi axtarırmış. Vergi işçiləri obyektə gəlməmişdən təxminən yarım saat əvvəl obyektdə işə girmək üçün biri qadın, biri kişi olmaqla 2 nəfər gəlmiş və iddiaçı həmin vaxt onlarla iş rejimi barədə söhbət edirmiş. İddiaçı bunları özlərini yoxlama kimi təqdim edən şəxslərə izah etsə də, onlar akt yazdılar ki, guya o, əmək müqaviləsi olmadan işçi işlədir. Həmin aktla sonradan tanış olarkən iddiaçıya məlum olmuşdur ki, onlar aktda iddiaçının adından yazıblar ki, guya həmin şəxsləri sınaq müddəti ilə işə götürməyini bildirmişdir. Lakin bu yalandır və iddiaçı həmin şəxslərlə əgər iş şərtləri ilə razılaşsalar onlarla müqavilə bağlayacağını bildirmişdir. Amma vergi işçiləri buna baxmayaraq akt tərtib etmişlər. Bundan sonra onlardan biri kassa aparatının arxasına keçib, aparata baxıb nəyə görə kassa aparatı ilə çek vurduğunu soruşmuşdur. Halbuki onlar kassa aparatının başında özləri çek vuraraq bir akt da bununla bağlı tərtib etmişdir. Sözügedən obyektdə video kamera quraşdırılıb və bütün bunlar həmin çəkilişdə əks olunmuşdur. Həmçinin aktdan görsəndiyi kimi yoxlama orda olan şəxslərin birini kassir birini isə ofisant kimi qeyd etmişdir. Belə olan halda ortaya sual çıxır, necə ola bilər ki, əgər obyekt işləyirsə, obyektdə aşbaz, barmen, qab yuyan və sair bu cürə işləri görən işçilər olmasın. Axı 2 nəfər şəxsin bu obyekti işlətməsi ən azından mümkün deyil. Beləiklə iddiaçı 20 iyul 2022-ci il tarixli **********69224 nömrəli qərara görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, həmçinin 20 iyul 2022-ci il tarixli **********69208 nömrəli qərara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə görə əhali ilə pul hesablaşmalarının aparılması qaydlarının pozulmasına görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, hər iki 20 iyul 2022-ci il tarixli **********69224 nömrəli və 20 iyul 2022-ci il tarixli **********69208 nömrəli qərarlar əsasız olduğundan ləğv olunmalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 iyul 2022-ci il tarixli, **********9224 nömrəli və 20 iyul 2022-ci il tarixli, **********9208 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, vergi əməkdaşları xx.xx.2022-ci il tarixdə obyektdə olarkən əsassız olaraq özləri özbaşına kassa əməliyyatı apararaq çek çıxartdılar. Həmin vaxt obyekt fəaliyyətə başlamamışdır, hələ kassa fəaliyyətdə deyildi, 2 gün sonra isə yenidən başqa əməkdaşlar obyektə gələrək obyektin şəklini çəkdilər. Azər həmin gün işə qəbul olmaq üçün obyektə gəlmişdi. Sonra vergi orqanının əməkdaşları Azərə özləri xahiş etdilər ki, barın arxasına keç şəkil çəkək, o da bunların xahişinə əməl etdi. Leyla da həmin gün ofisiant işinə qəbul olmaq üçün gəlmişdi, Azəri xx.xx.2022-ci il tarixdə, Leylanı isə 1 ay sonra işə götürmüş, obyekt isə xx.xx.2022-ci ildə fəaliyyətə başlamışdır. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli **********0818 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarı əsasında həyata keçirilmişdir.Sözügedən qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. Sözügedən operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixli KY221744078 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli **********0818 nömrəli qərar əsasında cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, Ə.Cəmil 99 ünvanda yerləşən "Qızıl qoç" restoranında xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 2 nəfər fiziki şəxsin X5 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edildiyi müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 004655 nömrəli aktla rəsmiləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən aşkar edilmiş 2 nəfər işçi izahat verməkdən, iddiaçı həm izahat verməkdən, həm də aktı imzalamaqdan imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş, lakin iddiaçı həmin aktı da imzalamaqdan imtina etmişdir. Bundan əlavə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində xx.xx.2022-ci il tarixli **********0818 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərar əsasında keçirilmiş operativ vergi nəzarəti əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı aşkar olunmuşdur. Belə ki, İddiaçı məxsus olan, Gəncə şəhəri, Əhməd Cəmil 99 ünvanında yerləşən "Qızıl Qoç" restoranında xx.xx.2022-ci il tarixdə saat 20:15-də müştəriyə göstərilmiş xidmətə və satılmış mallara görə müştəri tərəfindən 14 manat nağd pul vəsaiti ödənilməsinə baxmayaraq, NKA-ya ödənilmiş pul daxil edilmədiyi, ödənilmiş pulun müqabilində müştəriyə NKA-dan çekin təqdim olunmadığı müəyyən olunmuşdur. Uçotdan yayındırılmış məbləğ xx.xx.2022-ci il tarixdə saat saat 20:20-də 1 nömrəli çeklə NKA-ya bərpa edilmişdir. İddiaçı əsaslı səbəb göstərməyərək aktı imzalamadaqdan imtina etmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixdə ona məxsus obyektdə qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən nəzarət-kassa aparatı quraşdırmışdır. Göründüyü kimi operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2022-ci il tarixdən 17 gün əvvəl obyektdə nəzarət-kassa aparatı quraşdırılmış, obyekt isə xx.xx.2022-ci il tarixdən qeydiyyatdan keçirilmişdir. İddiaçı ərizəsində pivə aparatlarının quraşdırılmadığını qeyd etsə də, operativ vergi nəzarəti zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, iddiaçının əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyi X9 pivələrin süzülüb müştəriyə çatdırılması üçün nəzərdə tutulan yerdə əyləşmiş, eyni zamanda onun qarşısında pivə aparatı da mövcud olmuş, həmçinin pivənin süzülərək müştərilərə çatdırılması üçün üçün nəzərdə tutulan stəkanlar yuyularaq vitrinə yığılmışdır. Fotoşəkillərdən də göründüyü kimi fiziki şəxslə vergi ödəyicisi arasında hər hansı söhbət prosesi getmir, həmin fiziki şəxs iddiaçının obyektində işlərin yerinə yetirilməsinə cəlb olunub. Bundan əlavə Məmmədova Leylaya məxsus fotoşəkildə onun qarşısında restoranın gündəlik dövriyyəsini özündə əks etdirən siyahının olduğunu görmək olar. Bu da onu deməyə əsas verir ki, iddiaçının iddiasında göstərdiyinin əksinə olaraq ona məxsus restoran operativ vergi nəzarəti keçirilən zaman fəaliyyət göstərmiş və iddiaçı həmin şəxsləri əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı 2 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlamışdır. Bu onu deməyə əsas verir ki, iddiaçının operativ vergi nəzarəti zamanı iddiaçının iki nəfər işçisi olmuş və hazırda da iki nəfər işçi ilə yuxarıda sadaladıqları işləri görə bilir. Bu da iddiaçının həmin dəlilinin əsassızlığını sübut edir. X1 ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin yay ayında iş axtarmaq üçün “Qızıl qoç” adlı restorana daxil olmuş, həmin vaxt 3 nəfər vergi orqanının əməkdaşı gəlmişdir. Həmin şəxslər onun orada işləyib-işləmədiyi ilə bağlı sual vermiş, o isə orda işləmədiyini, sadəcə iş axtardığını bildirmişdir. Vergi əməkdaşları obyektdə olan gün obyektə əmək fəaliyyəti ilə məşğul olmamışdır, həmin gündən təqribən 20 gün sonra onu işə götürdülər. X2 ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin iyun ayının əvvəlində iddiaçının restoranında işə düzəlmək üçün ora getmişdir. Həmin gün obyekt işləməmiş, sadəcə obyektin iş rejimi ilə tanış olmuş və iddiaçı onu barmen kimi işə götürəcəyini bildirmişdir, eyni zamanda Leyla adlı qadın da həmin gün işə düzəlməyə gəlmişdir. Həmin vaxt obyektə vergi işçiləri gəlmiş, ondan ad, soyadını soruşmuşlar. Sonra isə əməkdaşın biri kassa aparatına çek vurmuşdur. Həmin gündən 3-4 gün sonra iddiaçı onu işə götürmüşdür. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0818 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9208 nömrəli qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsininn 58.7.1-ci maddəsinin tələblərini pozduğuna görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması qərara alınmışdır. -surəti əlavə edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9224 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********0818 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus olduğu iddia olunan “İstixanada” keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2022-ci il tarixli 012744 və 004655 nömrəli aktlar tərtib edilmiş və sözügedən aktlara əsasında İddiaçı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9224 nömrəli qərarı ilə 4000 manat, ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9208 nömrəli qərar ilə 1000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə qeyd olunan qərarları mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. -58.7-ci maddəsinə əsasən Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş yoxlama aparıldığı dövrə aid videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, vergi orqanının əməkdaşı kassa aparatını əlində saxlayaraq aparatın düymələrini işə salır. Vergi orqanının nümayəndəsi isə məhkəmə iclasında bildirmişdir ki, vergi əməkdaşı müştəriyə çek verilmədiyinə görə bərpa çeki vurmuşdur. Eyni zamanda, videogörüntülərdən görünür ki, yoxlama zamanı obyektdə ümumiyyətlə müştəri olmamışdır. Bununla yanaşı vergi orqanı konkret hansı müştəriyə hansı məbləğdə xidmət göstərildiyini (mal satıldığını) təsdiq edən sübut təqdim etməmişdir. Həmçinin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, yoxlama zamanı obyektdə 2 nəfər (1 qadın və 1 kişi) olmuş, iddiaçı həmin şəxslərin sonradan işə qəbul etdiyi Azər Verdiyev və Leyla Məmmədova olduğunu və onların işə qəbul olunmaq üçün obyektə gəldiklərini bildirmişdir. Görüntülərdə həmin şəxslərin işçi kimi fəaliyyət (xidmət) göstərdikləri görünmür, yalnız vergi əməkdaşları ilə söhbət etdiyi görsənir. Vergi orqanı isə həmin şəxslərin obyektdə işçi kimi fəaliyyət göstərməsini təsdiq edən sübut təqdim etməmişdir. Eyni zamanda, görüntülərdə obyektdə müştəri olması da öz təsdiqini tapmır. Bundan əlavə tərtib edilmiş akt və ona əlavələrdən görünür ki, iddiaçı həmin sənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə olması və işləməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Ona görə də hazırki halda cavabdeh orqan iddiaçının əmək müqaviləsi olmadan 2 nəfər şəxsin işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu səbəbdən də məhkəmə mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********9224 nömrəli və xx.xx.2022-ci il tarixli, **********9208 nömrəli qərarları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9224 nömrəli və xx.xx.2022-ci il tarixli, **********9208 nömrəli qərarlar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9224 nömrəli və xx.xx.2022-ci il tarixli, **********9208 nömrəli qərarlar ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar