Məhkəmə qərarları › İş №e-2-1(114)-1579/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1579/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1579/2021 23.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********024000 nömrəli, 30.04.2021-ci il tarixli qərar ilə İddiaçı 2020-ci il üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 8.715,50 manat vergi haqqı hesablanmış, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 10.423,73 manat olmuşdur. Qərarla razılaşmayan İddiaçı qeyd edilən qərardan yuxarı vergi orqanına şikayət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********062500 nömrəli 02 iyun 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Bundan sonra, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 08.07.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********024000 nömrəli, 30.04.2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı kəndlərdən, rayonlardan, qəsəbələrdən, küçələrdən, məhlələrdən əlvan və qara metal tullantıları toplayıb qara və əlvan metal qəbulu məntəqələrinə təhvil verərək ailəsini dolandırır. Ali təhsili olmadığı üçün qanunvericilikdən anlayışı yoxdur. O, bu metalları “SPRİNG SAN TEX" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN ********) təhvil verdikdə ödənişi alan zaman ona ödəniləcək məbləğdən 2% vergi tuturlar və izah edirlər ki, bu məbləği onun adından ödəmə mənbəyində vergi ödəyirlər və eyni zamanda alış aktına da imza etdirirlər. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun 3.5 və 3.5.2-ci maddələrinin məzmunundan aydın olur ki, “vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntıları nağd qaydada satın alına bilər”. Beləliklə, o, vergi ödəyicisi olmadan əlvan və qara metal qırıntılarını vergi ödəyicisi olan şəxslərə sata bilər. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, vergi ödəyicisi olmadan satdığı malın dəyəri ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinin tələbinə görə “vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur”. Beləliklə, qanuna əsasən vergi ödəyicisi olmadan satdığı metal qırıntılarının satışından əldə etdiyi gəlirindən xərclər çıxılmadan 2 faiz vergi tutulub dövlətə ödənilmişdir. Lakin 05.02.2021-ci il tarixdə vergi orqanı qanunsuz olaraq, iddiaçını öz təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota almış, ona qanunsuz olaraq, vergi öhdəliyi yaradaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.04.2021-ci il tarixli **********024000 nömrəli qərar qəbul edərək, ona əsassız olaraq 2020-ci il üçün 8715,50 manat gəlir vergisi hesablanmışdır. Lakin vergi orqanının bu hərəkətləri tam qanunsuzdur. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 2020-ci ilin fevral ayında 16650,00 kiloqram dəyəri (49264,00 manat), 2020-ci ilin mart ayında 55450,00 kiloqram (ümumi dəyəri 92662,90 manat), 2020-ci ilin aprel ayında 5555,00 kiloqram (ümumi dəyəri 9776,80 manat), 2020-ci ilin may ayında 6946,00 kiloqram (ümumi dəyəri 14586,60 manat) və 2020-ci ilin iyul ayında 978,00 kiloqram (ümumi dəyəri 8019,60 manat) olmaqla 12 sayda malların alış aktı (elektron) ilə ümumilikdə 85579,00 kiloqram (cəmi dəyəri 174309,90 manat) olan müxtəlif növ metal tullantılarının (Qırmızı alminium tullantıları, alminium qırıntıları və tullantıları, sərt alminium qırıntıları və tullantıları, sərt alminium tullantıları, qarışıq alminium qırıntıları) təqdim edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinin tələblərinə müvafiq olaraq ünvanına aidiyyəti xəbərdarlıq bildirişi göndərilməsinə baxmayaraq vergi uçotuna alınma ilə bağlı hər hansı izahat məktubu, təsdiqedici sənəd və sair vergi orqanına təqdim edilməmişdir. Bu səbəbdən fiziki şəxs Vergi Məcəlləsinin 33.3-cü və 33.5-ci maddələrinə uyğun olaraq 05.02.2021-ci il tarixdə vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 174.309,9 manat dəyərində alış aktları əsasında "xxxx" MMC-yə əlvan və qara metal tullantılarını satması, lakin qanunvericiliyə uyğun olaraq vergi orqanında uçota durmaması və 2020-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. 19.04.2021-ci il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********809300 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə hesablanmış cari vergi ödəmələri nəzərə alınmaqla (azaldılmaqla) Vergi Məcəlləsinin 37 və 83-cü maddələrinə əsasən analoji qaydada 2020-ci il üçün 8.715,50 manat gəlir vergisi hesablanmış, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.04.2021-ci il tarixli **********024000 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Sözügedən qərarın ləğv edilməsi üçün iddiaçı tərəfindən yuxarı şikayət instansiyası olan Dövlət Vergi Xidmətinə müraciət edilmiş, inzibati şikayətə baxılmanın nəticəsi olaraq 02.06.2021-ci il tarixli **********062500 nömrəli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Şikayət instansiyası iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edərək 30.04.2021-ci il tarixli **********024000 nömrəli qərarı qüvvədə saxlamışdır. Göründüyü kimi iddiaçı böyük mal partiyaları ilə metal tullantılarını təqdim etmişdir. Toplanmış metal tullantılarının qısa müddətdə yığılması əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan mümkün deyil. Qeyd olunanlar İddiaçı metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirir. İddiaçının 85.579,0 kiloqram çəkidə 174.309,9 manat məbləğində müxtəlif növ qara və əlvan metal tullantısının təqdim etməsi faktı onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərən dəlildir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermişdir. Cavabdehin nümayəndələri əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək məhkəməyə ünvanladıqları etiraz məktubu ilə eyni məzmunda izahat vermişlər. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdehin təqdim etdiyi malların alış aktı barədə barədə məlumatdan görünür ki, İddiaçı tərəfindən "xxxx" (VÖEN **********) MMC-yə 26.02.2020-ci il tarixdə 5750,0 kiloqram (ümumi dəyəri 45885 manat), 06.03.2020-ci il tarixdə 6090,0 kiloqram (ümumi dəyəri 46710,3 manat), 03.07.2020-ci il tarixdə 978,0 kiloqram (ümumi dəyəri 8019,6 manat), 17.03.2020-ci il tarixdə 6790,0 kiloqram (ümumi dəyəri 13647,9 manat), 13.03.2020-ci il tarixdə 11240,0 kiloqram (ümumi dəyəri 22592,4 manat), 15.04.2020-ci il tarixdə 5555,0 kiloqram (ümumi dəyəri 9776,8 manat), 15.05.2020-ci il tarixdə 6946,0 kiloqram (ümumi dəyəri 14586,6 manat), 04.03.2020-ci il tarixdə 10700,0 kiloqram (ümumi dəyəri 3317 manat), 29.02.2020-ci il tarixdə 5800,0 kiloqram (ümumi dəyəri 1798 manat), 28.02.2020-ci il tarixdə 5100,0 kiloqram (ümumi dəyəri 1581 manat), 03.03.2020-ci il tarixdə 6150,0 kiloqram (ümumi dəyəri 1906,5 manat), 19.03.2020-ci il tarixdə 14480,0 kiloqram (ümumi dəyəri 4488,8 manat) olan müxtəlif növ qara və əlvan metal tullantılarının (qarışıq alüminium tullantıları, sərt alüminium qırıntıları, yumşaq alüminium, qara metal tullantıları) təqdim edilmişdir. - Cavabdehin təqdim etdiyi 19.04.2021-ci il tarixli **********809300 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubundan görünür ki, İddiaçı dəmir tullantılarının təqdim edilməsi nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi ilə bağlı 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməsi tələb olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.10.2021-ci il tarixli **********485800 nömrəli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən 01.07.2019-cu il tarixdən 30.09.2021-ci il tarixədək olan dövr üçün ödəmə mənbəyində tutulan vergilər üzrə bəyannamələr vergi orqanına təqdim edilmiş və müvafiq bəyannamələrə əsasən Vergi Məcəlləsinin 101.6-cı maddəsi üzrə vergi ödəyicisi kimi orqanında uçotda olmayan fiziki şəxslərdən 2 faiz dərəcə ilə tutulan vergilər dövlət büdcəsinə ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən "xxxx" MMC-yə 12 sayda, ümumilikdə dəyəri 174309,9 manat olan 85579,0 kiloqram müxtəlif növ qara və əlvan metal tullantıları (qarışıq alüminium tullantıları, sərt alüminium qırıntıları, yumşaq alüminium, qara metal tullantıları) satılmışdır. İnzibati orqan tərəfindən iddiaçının böyük mal partiyaları ilə metal tullantılarını təqdim etməsi, toplanmış metal tullantılarının qısa müddətdə yığılmasının əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan mümkün olmaması, iddiaçının metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirdiyi üçün həmin şəxsin belə gəliri onun sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, müxtəlif növ qara və əlvan metal tullantısının təqdim edilməsi nəticəsində əldə etdiyi 174.309,9 manat məbləğinə görə 8.715,50 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********024000 nömrəli, 30.04.2021-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti **********062500 nömrəli 02 iyun 2021-ci il tarixli qərarında və cavabdeh etiraz məktubunda iddiaçının dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, vergi ödəyicisi böyük mal partiyaları ilə metal tullantılarını təqdim etmiş, toplanmış metal tullantılarının qısa müddətdə əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan fiziki olaraq yığılmasının mümkünlüyünü əsaslandıra bilməmiş, bu da fiziki şəxsin metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirmişdir. Yəni, cavabdehin yeganə dəlili iddiaçı tərəfindən toplanmış metal tullantılarının qısa müddətdə yığılmasının əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan fiziki olaraq mümkünsüzlüyüdür. Məhkəmə hesab edir ki, şəxsin fiziki gücünün mümkünsüzlüyü şərti ilə barəsində əlverişsiz inzibati aktın yəni, məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd edilən normalara əsasən ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. - 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Hazırki iş üzrə cavabdeh orqan ehtimallara əsaslanaraq iddiaçının metal tullantılarının qəbulu (tədarükü) ilə məşğul olmasını əsaslı sübutlarla təsdiq edərək qərar qəbul etməmiş, qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bununla yanaşı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu zamanı mallar nağd qaydada satın alına bilər. Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.10.2021-ci il tarixli **********485800 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən 01.07.2019-cu il tarixdən 30.09.2021-ci il tarixədək olan dövr üçün ödəmə mənbəyində tutulan vergilər üzrə bəyannamələr vergi orqanına təqdim edilmiş və müvafiq bəyannamələrə əsasən Vergi Məcəlləsinin 101.6-cı maddəsi üzrə vergi ödəyicisi kimi orqanında uçotda olmayan fiziki şəxslərdən 2 faiz dərəcə ilə tutulan vergilər dövlət büdcəsinə ödənilmişdir. Göründüyü kimi iddiaçı əlvan və qara metal qırıntılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələrindən, 33-cü maddəsində isə vergi ödəyicilərinin uçotundan bəhs olunur. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır və işdə olan sənədlərdən də məlum olur ki, iddiaçı 2020-ci ilin fevral-iyul aylarında qara və əlvan metal qırıntılarını “SPRİNG SAN TEX" MMC-yə satan zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır və 2020-ci ilin fevral-iyul aylarında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövriliyi ilə bağlı hər hansı bir şərt müəyyən edilməmişdir. Belə olan halda qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsin məsuliyyətə cəlb edilməsi məhkəmə hesab edir ki, əsaslı sayıla bilməz. Beləliklə məhkəmə qeyd edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********024000 nömrəli, 30.04.2021-ci il tarixli qərarla iddiaçı vergi məsuliyyətinə cəlb edildyi dövrdə faktiki olaraq vergi uçotunda qeydiyyatda olmamış və sonuncudan vergi ödəyicisi olmayan fiziki şəxs olaraq Vergi Məcəlləsinin 101.6-cı maddəsinə və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə əsasən əldə etdiyi gəlirlərdən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulmuş və bu əlvan və qara metalların təhvil verildiyi "xxxx" MMC-nin 01.07.2019-cu il tarixdən 30.09.2021-ci il tarixədək olan dövr üzrə vergi orqanına təqdim etdiyi ödəmə mənbəyindən tutulan vergi bəyannamələrində öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********024000 nömrəli, 30.04.2021-ci il tarixli qərar ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar